Xatirələrdə yaşayan ömur

 

Neçə illərdir bu yerlərə bələdçiliyim var. Kür boyunca düzülmüş kəndlərin - Ağacanlı, Xilə, Meyniman, Talış, Kolanı, Abdulian kəndlərinin öz halal ruzisini torpaqdan, əkin-biçindən çıxaran sadə, sözün əsl mənasında zəhmətkeş adamları elmə-biliyə də dərin maraq göstərir, müəllimə, məktəbə xüsusi məhəbbət bəsləyirlər. Bu kəndlərdə yeri gələndə ən çox müəllimlərdən misal gətirilir, hamıdan artıq müəllimin fikrinə istinad olunur. Onlardan biri uzun illər Sabirabad rayonunun Kolanı və Talış kəndlərində məktəb direktoru işləmiş Məşədi İmanqulu Həsənovun xatirəsi xüsusilə əziz tutulur, məclislərdə, yığıncaqlarda adı çəkiləndə hamı ehtiramla "Allah qəni-qəni rəhmət eləsin"- deyir. 8 yaşında ikən atası ilə Xorasan vilayətinə gedən İmanqulunu həmyerliləri hörmət əlaməti olaraq "Məşədi" çağırır və bu söz bütün ömür boyu onun adı ilə qoşa çəkilir. İmanqulu müəllim zəngin pedaqoji təcrübəyə malik olub. Onun iş metodu, zamanın nəbzi ilə ayaqlaşan, yeniliyə, müasirliyə söykənən müəllimlik fəaliyyəti adi kənd-əyalət çərçivəsindən çıxıb respublika miqyasında tanınıb. Psixologiya elmləri doktoru, professor Əbdül Əlizadənin Məşədi İmanqulu müəllim haqqında dediklərini yazıya əlavə etmək, fikrimizcə, kifayətdir.

- Məşədi İmanqulu müəllim məktəbin sadəcə olaraq direktoru deyil, həm də birinci psixoloqu, pedaqoqu və metodisti idi. O, həmişə müəllimlərlə ünsiyyətdə olur, onların iş təcrübəsini psixoloji və pedaqoji ölçülərlə məharətlə təhlil edir, qızların təhsil almasına xüsusi qayğı göstərirdi. Məşədi İmanqulu müəllim əsl ziyalı, el ağsaqqalı idi.

  Meyniman kənd orta məktəbinin dil-ədəbiyyat müəllimi Qara Əhmədov deyir:

- Məşədi İmanqulu müəllimin əsl azərbaycanlı kişi, əsl ziyalı olduğunu sübut edən saysız-hesabsız epizodlar var. Rayon miqyasında keçirilən mötəbər tədbirlərdə hamını narahat edən nöqsanlardan cəsarətlə söz açarmış, adamların səhvini üzlərinə deyər, tərifə layiq olanlardan xoş sözünü əsirgəməzdi. İmanqulu müəllimin böyük oğlu Asif Həsənov deyir ki, atam məktəb direktoru işlədiyi illərdə şagirdlərin pambıq yığımına aparılmasına imkan vermədi:

- 1974-cü ildə Sabirabad rayonunun Talış kəndinə direktor təyin olundu. Həmin vaxta qədər bu kənddə hətta 8 illik təhsil alan qıza təsadüf olunmurdu. Çox keçmədi ki, Talışda orta ixtisas və ali təhsil alan qızların sayı artdı.

İkinci Dünya müharibəsi başlayanda Məşədi İmanqulu müəllim orduya qardaşı Ağasənlə birlikdə gedir. Döyüşlərin birində yaralanıb ordudan tərxis olunur. Qardaşı Ağasəndən "qara kağız" gəlir. Müharibədən sonra nə qədər soraqlaşsa da, qardaşının məzarını tapa bilmir. Günlərin birində Ukraynanın Zaporojye vilayətindən bir qrup məktəblinin imzası ilə məktub alır. Məktubda Ağasənin məzarının həmin vilayətdəki Qulyaypolsk rayonu, Novozlotopol kəndində olduğu göstərilirdi. Məşədi İmanqulu müəllimə sanki dünyanı bağışlayırlar. Təcrübəli, ağsaqqal pedaqoq qardaş məzarının tapılması ilə yanaşı, qardaş bir xalqla yeni dostluq körpüsünün bünövrəsinin qoyulduğunu görüb sevinir. Məşədi İmanqulu müəllim Ukraynaya məktub yazır. Bir azdan Ukraynadan Sabirabada qonaqlar gəlir. İki qardaş respublikanın vətəndaşları arasında dostluq əlaqələri yaranır və bu əlaqələr uzun müddət kəsilmir.

Masamın üstündə onlarca məktub var. Bu məktubları Məşədi İmanqulu müəllimin iş yoldaşları, keçmiş şagirdləri yazıb, əziz, unudulmaz insan haqqında öz xatirələrini, fikirlərini bölüşüblər.

 

Hüseynov T.

 

Respublika.- 2008.- 5 dekabr.- S.6.