Atatürk Mərkəzində tədbir

 

Bu günlərdə Atatürk Mərkəzində Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, geologiya-minerologiya elmləri doktoru, professor, Azərbaycanın əməkdar elm xadimi, karikaturaçı rəssam Kərim Kərimovun "Hiddət və nifrət" kitabının təqdimat mərasimi keçirilmişdir. Tədbirdə Azərbaycanın tanınmış ziyalıları, alimləri, KİV nümayəndələri və b. qonaqlar iştirak edirdilər.

Kitabının baş redaktoru, Atatürk Mərkəzinin direktoru, professor, Milli Məclisin üzvü, Nizami Cəfərov tədbir iştirakçılarını salamlayaraq dedi:

- Azərbaycanın iqtisadi həyatında güclü proseslər gedir. Ölkə iqtisadiyyatı dinamik sürətlə inkişaf edir. Güclü elmi potensialımız yaranıb. Son dövrlərdə Azərbaycan həqiqətlərinin dünya ədəbiyyatı tarixinə daxil olması xalqımızın qələbəsidir.

Tədbirdə görkəmli alimlərdən akademik Budaq Budaqov, professorlar İmran Cəfərzadə, Fikrət İsmayılov, Azərbaycanın xalq rəssamı Arif Hüseynov, BDU-nun elmi işlər üzrə prorektoru, professor İsmayıl Əliyev, geofizika və geologiya idarəsinin rəisi Vaqif Abdullayev, peşəkar jurnalist Ələsgər Cabbarov, Milli Məclisin üzvlərindən Xanhüseyn Kazımlı, Bəxtiyar Sadıqov, Fazil Qəzənfəroğlu və başqaları çıxış edərək terrorizmin bir bəla olmasını vurğuladılar və türk dünyasına, azərbaycançılığa xidmət edən kitabın təbliğinə görə Atatürk Mərkəzinin rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.

Kitabda yer almış "Təcavüzkarın Qarabağdakı siması", "Soyqırım strategiyası", "Qanlı əllər", "Silah arxasında gizlənən köpək", "Dünya və təhlükələr", "Terroristin müalicəsi" və sair sənət əsərləri tamaşaçını düşündürür, fitnəkarlara, işğalçılıq siyasəti yeridənlərə qarşı nifrət hissi oyadır.

K.Kərimovun çəkdiyi karikaturalar və siyasi plakatlar Bakıda, Moskvada, Sankt-Peterburqda, İstanbulda və bir sıra başqa şəhərlərdə keçirilən 18 fərdi sərgidə nümayiş etdirilmişdir. Həmin əsərlərdə müəllif xalqları ədalətə, sülhə çağırır, ölkələrə təcavüz edən və etmək istəyən qüvvələrin riyakar sifətlərini ifşa edir.

Professor Kərim Məmmədxan oğlu Kərimov zəmanəmizin görkəmli geoloq-geofizik alimlərindən biridir. Onun 50 ilə yaxın davam edən elmi fəaliyyəti nəticəsində Azərbaycanın və bütövlükdə Zaqafqaziyanın neftli-qazlı əyalətlərinin dərinlik quruluşu öyrənilmiş, neft geologiyası və geofizikası sahəsində bir sıra fundamental elmi işləmələr başa çatdırılmışdır. Dərin nəzəri tədqiqatlarla yanaşı, Kərim Kərimov daima elmi-praktiki işlərlə məşğul olur və onun tövsiyələri əsasında bir sıra neft-qaz yataqları açılmışdır.

Azərbaycanın və ümumən Qafqazın geodinamik şəraitinin öyrənilməsində Kərim müəllimin əməyi təqdirəlayiqdir və o bu sahədə ən məhsuldar çalışan alimlərdən biridir. Bu günə qədər K.Kərimovun qələmindən 550-dən artıq elmi əsər, o cümlədən 8 monoqrafiya, 135 geoloji-geofiziki xəritə, 10 atlas, 20 ixtira və xaricdə dərc olunmuş 75 elmi əsər ərsəyə gəlmişdir. Bu əsərlərdən bir çoxunun xaricdə dərc edilməsi K.Kərimovun alim kimi böyük nüfuza malik olmasına dəlalət edir.

Alim-rəssamın son illərdə yaratdığı plakatların əsas mövzusu və məqsədi ermənilərin Azərbaycan Respublikasına və onun sülhsevər xalqına qarşı yeritdikləri qəsbkarlıq və soyqırım siyasətini, Türkiyə və türkdilli dövlətlərə, onların xalqlarına qarşı yönəldilən siyasi fitnələri ifşa etməkdir.

Tədbirin sonunda Kərim Kərimov Atatürk Mərkəzinə təşrif gətirən qonaqlara öz minnətdarlığını bildirdi və həm alim, həm də rəssam kimi yaradıcılığını davam etdirəcəyini vurğuladı.

 

İlyasoğlu R.

 

Respublika.- 2008.- 5 dekabr.- S.5.