Göyçədə erməni fitnəkarlığı
Tarixi mənbələr
göstərir ki, qədim oğuz yurdu olan ulu Göyçədə
heç vaxt bədnam erməni iblisləri yaşamayıb.
"Miatsum", "Dənizdən-dənizə",
"Böyük Ermənistan" yaratmaq xülyasında olan,
ayrı-ayrı dövrlərdə Türkiyədən,
İrandan köçərək özlərini
"yazıq" millət kimi qələmə verib,
Göyçə mahalında yurd-yuva salan daşnaklar
zaman-zaman azərbaycanlılara xəyanət toru
hazırlamışlar. 1948-53-cü illərdə Mikoyanın
dəstəyi ilə Basarkeçərdəki
soydaşlarımızın çoxu "könüllü
köçürmə" siyasəti altında ata-baba
yurdlarından sıxışdırılıb
çıxarılmış, ən nəhayət, 1988-ci ilin
noyabr, dekabr aylarında ermənilərin terror dalğası azərbaycanlıları
əzəli torpaqlarından ayrılmağa məcbur
etmişdir. Xalqımıza qarşı hazırlanan bu xəyanətə,
kimlər imza atmamışlar?
Mixail Qorbaçov
başda olmaqla Şahnazaryan, Zori Balayan, Silva Kapitukyan, Sero
Xandzanyan, Viktor Hambartsumyan, Andrey Saxarov kimi ermənipərəst
satqınlar və başqaları.
1969-cu ilədək
Basarkeçər adlanan və sonralar Vardenisə çevrilən
rayonda Ermənistanın digər bölgələri ilə
müqayisədə azərbaycanlılar daha çox
yaşayırdı. Onların sayı 30 mini keçmişdi.
Ümumiyyətlə,
Göyçənin Basarkeçər adlanan ərazisində həmişə
əhalinin sayına görə rayon partiya komitəsinin birinci
katibi, prokuror, qəzet redaktoru, komsomol komitəsinin birinci
katibi azərbaycanlı olmuşdur. Uzun illər rayon partiya
komitəsinin birinci katibi SSRİ Ali Sovetinin deputatı Yunis
Rzayev və Talıb Musayev olmuşdu. Həmin dövrlərdə
ermənilər qorxudan səs çıxarmamış və
çirkin əməllərini həyata keçirə bilməmişlər.
Həm də həmin dövrdə Göyçədə
xalqın arxasında Qəşəm Aslanov, Tapdıq Əmiraslanov
kimi qeyrətli, xalqa dəstək
verən ziyalılar dururdu.
1966-cı ilin
payızında Basarkeçərdəki azərbaycanlılara
ağır zərbə vuruldu. Bir bazar günü rayon partiya
komitəsinin plenumu keçirildi, uzun illər birinci katib
işləyən Yunis Rzayevi xüsusi tapşırıqla
rayona birinci katib təyin edilən Rafael Qriqoryan əvəz
etdi. Az müddətdə fəal, ali partiya təhsili
almış azərbaycanlı kadrların, demək olar ki,
çoxu ləkələnərək sıxışdırılıb
işdən çıxarıldı. İş o həddə
yetişdi ki, qeyri-qanuni olaraq Dədə Ələsgərin kəndi
olan Ağkilsəyə, Daşkəndə sovxoz direktorları
erməni təyin edildi. Xalqın bu ədalətsizliyi,
özbaşınalığı necə
qarşıladığı məlumdur.
Vurğulamaq
lazımdır ki, milli öndərimiz Heydər Əliyev Azərbaycana
rəhbərlik etdiyi illərdə, xüsusilə onun Moskvada
rəhbər vəzifə tutduğu dövrdə ermənilər
yenə də "susdular", əl-qol atmağa nail
olmadılar.
Tarix 1988-ci ildə XX əsrin
sonlarına yaxın yenə də təkrar olundu. Erməni
daşnakları uydurma Qarabağ problemini ortaya atmaqla Ermənistanda
yaşayan 250 mindən çox azərbaycanlını işgəncə,
xəyanət nəticəsində doğma ata-baba
yurdlarından min bir işgəncə ilə qovmağa müvəffəq
oldular və illər boyu hazırladıqları mənfur niyyətlərini
həyata keçirdilər...
Xəyanət torunun
müəllifi Viktor Hambartsumyan idi
Əslən
Basarkeçərdə dünyaya göz açan, atası
Hamazasp kişi ilə Azərbaycan kəndlərində
kök, turp satan, bir qismət çörək
üçün min bir dil çıxaran Viktor ali təhsildən
sonra İrəvan şəhərində yaşayırdı.
Ermənistan Elmlər Akademiyasının prezidenti vəzifəsinədək
yüksələn, türklərin qatı düşməninə
çevrilən, başdan-ayağa daşnak libasına
bürünən Viktorun son illər doğulduğu
Basarkeçərə ayağı dəymirdi.
"Akademik" Viktor
Hambartsumyan dönə-dönə bəyan etmişdir ki, həyatım
boyu Basarkeçər deyilən əraziyə üz
tutmayacağam. O vaxta qədər ki, rayon partiya komitəsinin
birinci katibi erməni kadrla əvəz olunsun. Ən nəhayət,
millətçi, xəyanətkar Viktorun arzusu çin oldu,
1966-cı ildə Yunis Rzayevin yerinə birinci katib erməni
seçildikdən bir gün sonra Viktor Göyçə
mahalına üz tutdu. Məxfi görüşlər
keçirdi, azərbaycanlılara qarşı amansız olmaq
üçün rayon partiya komitəsinin yeni rəhbərinə
öz tövsiyəsini verdi. Özünü daşnak
quldurlara sevdirmək üçün Viktor Hambartsumyanın təkidi
ilə Basarkeçərin adı dəyişdirilərək
Vardenis adlandırıldı. Viktorun ayaqı yamanca
açıldı Basarkeçərə. Hər gələndə
cümləsinin mübtədası, xəbəri türklərə
qarşı amansız olmaq ideyası oldu. Hətta rayon partiya
komitəsinin qərarı ilə nəzərdə tutuldu ki,
raykomun inzibati binasının qarşısındakı parkda əslən
basarkeçərli olan və iki dəfə Sosialist Əməyi
Qəhrəmanı olan akademik Viktor Hambartsumyanın
büstü ucaldılsın. Bu məqsədlə gərgin
işə başlandı, böyük vəsait
ayrıldı. Cəmi bir neçə ay ərzində
büst hazır oldu.
Belə bir xəbər
yayıldı ki, 1988-ci ilin oktyabr ayında büstün təntənəli
açılışı olacaqdır. Bu o çağlar idi
ki, erməni xəyanəti, azərbaycanlılara qarşı
etiraz dalğası get-gedə güclənir, Ermənistan
televiziyasında türklərin
"amansızlığı" barədə bir-birinin ardınca
uydurma filmlər nümayiş etdirilir, xalqı
çaşdır, təbliğat aparılırdı.
Bir payız
günündə akademik Viktor Hambartsumyan öz qaniçən, türk qanına susayan daşnak dəstəsi
ilə Basarkeçərdə peyda oldu. Tələm-tələsik
rayonun əhalisinin 80 faizindən çoxu azərbaycanlı
olan əhalidən bir nəfərinin belə xəbəri
olmadan büstün açılışı oldu. Mərasimdə
yenə də azərbaycanlılara qarşı çirkin
şüarlar səsləndirildi. Bundan sonra Viktorun dəstəsi
və rayonun rəhbərləri Göyçə
gölünün sahilindəki "Azik"in restoranı deyilən
yerə üz tutdu.
Viktor kef məclisində
özünün son məsləhətlərini verdi, qeyd etdi
ki, mən bu günlərdə deputatlarla birlikdə Moskvaya
SSRİ Ali Sovetinin növbəti sessiyasında iştirak etməyə
yollanıram.
Biz Moskvadan qayıdanadək
bütün Ermənistanda, xüsusilə azərbaycanlıların
daha çox kompakt yaşadıqları Basarkeçərdə
bir nəfər olsun türk qalmamalıdır...
Tonqallar sönəndə...
1988-ci ilin noyabr, dekabr
aylarında Göyçənin başını qara buludlar
aldı. Hər yanda azərbaycanlılara qarşı təzyiqlər,
xəyanətlər başlandı. Ermənilər
tütün, taxıl, mal-qara üçün bol yem
ehtiyatı yaradıldıqdan sonra daha da fəallaşdılar.
Ancaq xalq ümidini itirməmişdi.
Azərbaycanlılar
güman edirdilər ki, Moskvaya göndərilən
saysız-hesabsız teleqramlar nəticə verəcək,
Kremldə növbə gözləyən şikayətçilər
Göyçəyə ümidlə qayıdacaqlar. Ancaq nə
fayda...
İmperiya ermənilərin
xeyrinə işləyir, Azərbaycanın haqq səsinə məhəl
qoyan tapılmırdı...
Göyçəlilər
ümidlə yaşayır, hər axşam azərbaycanlılar
yaşayan kəndlərdə güclü tonqallar
yanırdı. İnsanlar erməni terrorunun qurbanı olmamaq
üçün bütün gecəni əllərində
bel-külüng və ov tüfəngləri tonqalların ətrafında
başa vururdular. Ancaq xalqa arxa duran tapılmadı, o vaxtlar Azərbaycana
rəhbərlik edən ermənipərəst qüvvələr
tərəfindən göyçəlilərə kömək
əli uzadılmadı.
Heç yandan köməklik
görməyən Basarkeçər azərbaycanlıları
Zod və Nərimanlı kəndlərinin
yaxınlığında yerləşən
"Göykörpü" deyilən yerdə cəm oldular.
Bu insan seli birbaşa rayon mərkəzinə irəliləyirdi.
Beyni qızmış cavanların əllərində dəmir
qırıqları var idi. Əgər bu insanlar Basarkeçərə
çatsaydılar, yəqin ki, son günlər İrəvandan
buraya göndərilən rus əsgərlərinin müqavimətinə
rast gələ bilərdilər. Xoşbəxtlikdən belə
bir məqamda İrəvanda "Sovet Ermənistanı" qəzetinin
redaktoru işləyən, respublika Ali Sovetinin deputatı, mərkəzi
komitənin üzvü Zərbalı Qurbanov qəflətən
həmin əraziyə gəlib çıxdı. Xalq onu
tanıyırdı, ona inanırdı. Zərbalı müəllimin
təkidi ilə qəzəbli insan selinin qarşısı
alındı, səbri tükənmiş insanlar yenidən
"Göykörpü" deyilən yerə
qaytarıldı.
Axşamlar yənan gur
tonqallar erməni quldurlarını kəndlərə girməyə,
öz çirkin əməllərini həyata keçirməyə
imkan vermirdi. Ancaq tale elə gətirdi ki, bir-iki həftənin
içərisində azərbaycanlılar yaşayan kəndlərdəki
tonqallardan əsər-əlamət qalmadı. Kəndlər zülmətə
qərq olmuşdu. Ürəklər dözmürdü bu mənzərəyə.
Hamı aydın hiss edirdi ki, kəndlər boşalır, qədim
oğuz elləri viranə qalır, bu tonqallar bir daha
yanmayacaq...
Şaxtalı günlər, köç karvanları
20 il öncə-1988-ci
ilin noyabr, dekabr aylarında göyçəlilər öz
ata-baba yurdlarını məcburən tərk etdilər.
Köç karvanları
sıldırımlı dağ yolları ilə Kəlbəcər
və Gədəbəy istiqamətində Azərbaycana pənah
apardılar. Köç dövründə insanlar nə
müsibətlərlə üzləşmədilər? Nərimanlı
kəndindən qəfil dünyasını dəyişən
Həsən Elləzovu dəfn etməyə adam
tapılmadı. Yaxşı ki, bir-iki nəfər qalan
varmış kənddə. Qayabaşı deyilən kənddə
Kəlbəcər istiqamətində bir köç
maşını qəzaya uğrayıb dərəyə
yuvarlandı, Koroğlu deyilən zəhmətsevər bir insan
faciəli surətdə dünyasını dəyişdi.
Şişqaya kəndindən piyada yol gedən ana öz
uşağı ilə çovğuna düşdü.
Hətta köç
zamanı azərbaycanlıların maşınlarına yanacaq
verilməsi də qadağan edildi. Bunun isə şübhəsiz
ki, acı nəticələri oldu.
Göyçəlilər
mal-qoyun, kartof, meyvə, ev quşlarını su qiymətinə
düşmənə satdılar. Çoxları isə
qoyun-quzunu tövləyə doldurub, qapını
bağladı və doğma yurdu tərk etdi...
Türk oğulları o
yurda dönəcək...
Minillər boyu tarixin
özünə hökm edən türk xalqının bu
gün buna haqqı yoxdur. Yaddan çıxarmamalıyıq
ki, biz o torpaqları, Dədə Ələsgər,
Aşıq Alı, Xəstə Bayraməli, şair Bəhmən
kimi el sənətkarları yetirmiş Göyçə
mahalını cismən tərk etmişik, ruhən, mənən,
daxilən o torpaqlardayıq.
Bu gün damarlarında
azərbaycanlı, türk qanı axan hər Vətən
övladı, ancaq bir müqəddəs inamla yaşamalıdır
- qoynunda ulularımızın məzarları uyuyan, üzərində
mərhumlarımızın müqəddəs ruhları
dolaşan vahid Azərbaycanımızın bir parçası
olan qədim türk-oğuz torpaqlarına bir gün mütləq
qayıdacağımız inamı ilə!
Aslan Q.
Respublika.- 2008.- 5 dekabr.- S.5.