Rabitə sistemi dinamik inkişaf edir
6 dekabr Rabitə və İnformasiya Texnologiyaları
sahəsi işçilərinin peşə bayramı
günüdür
Son illər Azərbaycan
iqtisadiyyatının inkişaf edən sahələrindən
biri də informasiya-kommunikasiya texnologiyaları sahəsidir.
Davos İqtisadi Forumunun "Texnoloji inkişaf hesabatına əsasən,
hazırda Azərbaycan bu sahədə inkişaf sürətinə
görə MDB məkanında birinci, dünyada isə 127
ölkə arasında 67-ci yeri tutur. “Rabitə və
İnformasiya Texnologiyalarının 2005-2008-ci illərdə
inkişafı üzrə Dövlət Proqramı”'nın
uğurla həyata keçirilməsi informasiya cəmiyyətinin
formalaşmasına və ölkə iqtisadiyyatının
inkişafına səbəb olmuşdur. Bu gün
respublikamızda əhaliyə yüksək səviyyədə
telefon rabitəsi və internet xidmətlərinin göstərilməsi
istiqamətində genişmiqyaslı işlər
görülmüşdür. Qeyd etmək lazımdır ki,
son beş il ərzində bu sektor üzrə gəlirlərin
artımı dünya göstəricilərini 3 dəfə
üstələyərək, illik 30-35 faiz təşkil
etmişdir.
Hazırda ölkənin
ən ucqar məntəqələri də müasir rabitə və
İKT xidmətləri ilə təmin olunmuşdur.
Respublikamızda telefonlaşdırma tam başa
çatdırılmışdır. Son 5 ildə rabitə
xidmətlərinin həcmi 3 dəfə, internet xidmətlərinin
həcmi 12 dəfə, qlobal internet şəbəkəsinə
çıxış tutumunun həcmi 40 dəfə
artmışdır. Artıq ölkə üzrə internet
istifadəçilərinin sayı 1,5 milyonu
ötmüşdür ki, hazırda bu istiqamətdə bir
neçə layihə uğurla həyata keçirilir.
Onu da qeyd edək ki, Azərbaycan
rabitə sisteminin dinamik inkişafında, bu sektorun dünya
rabitə sisteminə uğurla inteqrasiya olunmasında və
müasir dünya standartları səviyyəsinə
çatdırılmasında paytaxtımızda fəaliyyət
göstərən rabitə müəssisələrinin rolu
olduqca böyükdür. Bu müəssisələr öz
işlərini müasir tələblər səviyyəsində
quraraq ölkə əhalisinə keyfiyyətli telefon rabitə
xidməti göstərirlər. Belə müəssisələrdən
biri də son zamanlar öz peşəkar fəaliyyətləri
ilə əhalinin rəğbətini qazanmış Nizami
Telefon Qovşağıdır. 6 dekabr rabitə və
informasiya texnologiyaları sahəsi işçilərinin
peşə bayramı gününü böyük
uğurlarla qeyd edən qovşaq kollektivi, təcrübəli
və peşəkar rabitəçi, rabitə ustası, Nizami Telefon Qovşağının
rəisi Fətulla Seyidovun rəhbərliyi
və öz işinə ciddi münasibəti sayəsində
2008-ci ilin ötən dövrü ərzində böyük
uğurlar qazanaraq peşə bayramlarını yüksək əhval-ruhiyyə
ilə qarşılayırlar. Bütün bunlar barədə
bizimlə söhbətində ətraflı məlumat verən
qovşaq rəisi, rabitə ustası Fətulla Seyidov dedi:
- 6 dekabr rabitə və
informasiya texnologiyaları sahəsi işçilərinin
peşə bayramını yüksək iqtisadi göstəricilərlə
qarşılayan əmək kollektivimiz 2008-ci ilin ötən
dövründə səylə çalışmış,
Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin qovşaq
qarışısında qoyduğu
plan-tapşırıqları uğurla yerinə yetirmişdir.
Onu xüsusi qeyd edim ki, qazandığımız bütün
uğurlara rabitə və informasiya texnologiyaları naziri,
akademik Əli Abbasovun və BTRİB-nin rəisi Beytulla
Hüseynovun kollektivimizə göstərdikləri mütəmadi
diqqət və qayğının sayəsində nail
olmuşuq. Göstərilən bu diqqətə cavab olaraq ildən-ilə
uğurlarımızın sayı artır, ölkə rabitə
müəssisələri arasında öncül mövqeyimizi
qoruyub saxlayırıq. Təsadüfi deyil ki, rabitəçilərin
6 dekabr peşə bayramı günü ilə əlaqədar
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi səviyyəsində
keçirilən ən peşəkar kabel
calayıcısı, ən peşəkar kross işçisi və
montyor adı uğrunda respublika üzrə birliklər
arasında keçirilən, BTRİB-nin və Aztelekom
İB-nin aparıcı mütəxəssislərinin
qoşulduğu yarışda BTRİB birinci yerə layiq
görülmüşdür. Telekommunikasiya üzrə "ən
peşəkar kross işçisi, montyor və kabel lehimləyicisi"
yarışması üzrə 1-ci yerə layiq
görülmüş BTRİB-nin Nizami Telefon
Qovşağının kross işçisi Almaz Muradova və
Xətai Telefon Qovşağının kabel
calayıcısı Elşən Sarıyev RİTN tərəfindən
"Rabitə ustası" fəxri adı ilə təltif
edilmiş və hər iki qalib 500 manat həcmində pulla
mükafatlandırılmışlar.
Telekommunikasiya üzrə
"ən peşəkar kross işcisi, montyor və kabel lehimləyicisi"
müsabiqəsində 2-ci yerə layiq görülmüş
Nizami Telefon Qovşağının xətt montyoru
İsmayıl Hüseynov RİTN "Diplomu" ilə təltif
olunmuş, 300 manat məbləğində pulla
mükafatlandırılmışdır.
Nizami Telefon
Qovşağının kollektivi 2008-ci ilin ötən 9
ayında yüksək iqtisadi göstəricilərə nail
olmuşlar. Hesablanmış tarif gəliri üzrə proqnoz
112,9 faiz yerinə yetirilmişdir. Hesablanmış tarif gəliri
üzrə əhaliyə göstərilən xidmətlər
proqnozuna 115,4 faiz əməl olunmuşdur. Qovşaq üzrə
7122 ədəd telefon çəkilmiş, 286 ədəd SDMA
aparatı satılmış, 908 ədəd ADSL
qoşulmuşdur. Mənfəət proqnozu da 142,4 faiz yerinə
yetirilmişdir. İnvestisiya qoyuluşu planı 100 faiz icra
edilmişdir.
İlin əvvəlindən
qovşaq üzrə montaj edilmiş tutum əhalinin tələbatını
nəzərə alaraq 11520 nömrə
artırılmışdır.
Hazırda
qovşağın montaj edilmiş abunə tutumu 148946 nömrədir
ki, bunlardan 47,7 faizi analoq tipli ATS-lərin, 52,3 faizi elektron tipli
ATS-lərin payına düşür.
Nizami Telefon
Qovşağının kollektivi 2008-ci ili yüksək iqtisadi
göstəricilərlə başa vuracaq, rabitə və
informasiya texnologiyaları naziri Əli Abbasov və Bakı
Telefon Rabitəsi İstehsalat Birliyinin rəisi Beytulla
Hüseynovun bizə göstərdikləri etimada cavab olaraq
daha əzmlə çalışacaq, ölkə
iqtisadiyyatının inkişafına bundan sonra da öz layiqli
töhfəmizi verəcəyik.
Sadıqov Ə.
Respublika.-
2008.- 6 dekabr.- S.2.