Bölgədə sülh tam şəkildə bərqərar olunmalıdır

 

         Prezident vurğulayıb ki, Qafqaz regionunda münaqişələrin həlli hər bir ölkə üçün çox önəmlidir

 

Azərbaycanın paytaxtında Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır" mövzusunda keçirilən iki günlük beynəlxalq konfrans yüksək səviyyədə keçdi. Avropa Şurasının üzvü olan dövlətlərin mədəniyyət nazirlərinin Bakı konfransı Azərbaycanın və Qərbin, eyni zamanda Şərqin mədəni həyatında mühüm hadisə kimi yadda qaldı. Bu möhtəşəm tədbirdə beynəlxalq mədəni əməkdaşlığın ən müxtəlif aspektlərinə diqqət yetirilərək bildirildi ki, Avropada və onun qonşu regionlarında davamlı inkişafın və sülhün təmin edilməsində mədəniyyətlərarası münasibətlərin imkanlarının araşdırılması zəruridir. Konfransın işini yüksək qiymətləndirən Azərbaycan Prezidenti İlham Əliyev bildirdi ki, bölgədə sülh tam şəkildə bərqərar olunmalıdır: "Biz çox istəyirik ki, Qafqaz regionunda bütün münaqişələr, nəhayət, öz həllini tapsın, sülh bərqərar olunsun və beləliklə, bölgədə əməkdaşlıq üçün imkanlar açılsın. Bu, hər bir ölkə üçün çox önəmlidir".

Xüsusilə Cənubi Qafqazda baş verən hadisələr bir daha onu göstərir ki, beynəlxalq hüquq normaları tam şəkildə təmin olunmalıdır. Beynəlxalq hüquq normaları pozulduqda, əfsuslar olsun ki, çox ciddi və təhlükəli proseslər baş verir.

Buna xüsusi diqqət çəkən cənab İlham Əliyev bildirib ki, bizim bölgədə ən böyük təhlükə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasıdır. Bu işğalın və hərbi təcavüzün, eyni zamanda Azərbaycanın mədəni irsinə də çox böyük ziyan vurduğunu, işğal olunmuş torpaqlarda hər şeyin dağıdıldığını bəyan edən dövlətimizin başçısı bunu beynəlxalq təşkilatların da təsdiqlədiyini vurğulayıb və qeyd edib ki, 2005-ci ildə ATƏT-in faktaraşdırıcı missiyası Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş bölgələrində monitorinq keçirmiş, bunun əsasında məruzə hazırlanmış və təqdim edilmişdir: "Məruzədə göstərilir ki, orada hər şey dağıdılıb, bir dənə salamat bina qalmamışdır. Bütün binalar, bütün tarixi abidələr Ermənistan tərəfindən dağıdılıbdır. Mədəniyyət ocaqları dağıdılıbdır, bizim muzeylərimizdə nümayiş etdirilmiş bütün eksponatlar oğurlanıb, muzeylər talan edilibdir, əcdadlarımızın qəbirləri, bizim məscidlərimiz dağıdılıbdır. Bütün bunları Ermənistan dövləti edibdir".

Bakı konfransı böyük narahatlıq yaradan bir sıra məsələləri əhatə edib. Bu tədbir Avropa Şurasının coğrafi sərhədləri ilə məhdudlaşmayaraq, qonşu region ölkələrinin nazirlərinin iştirakı ilə təşkil olunub. Belə ki, konfransda Avropa Şurasının üzvü olan, habelə müşahidəçi ölkələrin, Avropa mədəniyyət konvensiyasını imzalamış dövlətlərin, Avropanın qonşu regionlarını təmsil edən 10 ölkənin, habelə Avropa Komissiyasının və YUNESKO-nun, İslam ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESKO), Ərəb Dövlətləri Liqası ölkələrinin Elm Mədəniyyət və Təhsil Təşkilatının (ALEKSO) yüksək rütbəli rəsmiləri, müxtəlif fondların və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, ümumilikdə, 250-dən çox nümayəndə, o cümlədən 16 nazir, 18 nazir müavini, 10 beynəlxalq təşkilatın başçısı iştirak edib.

Bu tədbir müxtəlif xalqlar və dövlətlər arasında dialoqu möhkəmləndirmək və daha da inkişaf etdirmək baxımından çox böyük əhəmiyyətə malik olub. Belə ki, müasir dövrdə sivilizasiyaların arasında dialoq qlobal səviyyədə bəşəriyyətin ən vacib ehtiyaclarından birinə çevrilib.

Dövlətlərin sülhün və dayanıqlı inkişafın əsası hesab olunan mədəniyyətlərarası dialoqa və gələcək fəaliyyətlər üçün birgə mövqedən çıxış etməsinə nümunə olan Bakı konfransında Avropa Şurasının baş katibi Terri Devis bildirib ki, Bakı, Azərbaycan qeyri-adi bir məkandır, bura tarix boyu müxtəlif mədəniyyətlərin qovuşma nöqtəsi, Şərq və Qərb, Şimal və Cənub arasında təbii bir körpü olubdur: "Davamlı mədəniyyətlərarası dialoq cəmiyyətlərimizin içərisində ehtiyac duyduğumuz bir sosial möhürdür. Bu, dözümsüzlüyə, parçalanmaya və zorakılığa qarşı bir müalicə vasitəsidir".

Avropa və qonşu regionların mədəni inteqrasiyasına əsaslanan Bakı konfransı ölkələrarası dialoqun praktik inkişafı, yeni, real və səmərəli fəaliyyət mexanizminin müəyyənləşidirilməsi, müxtəlif sivilizasiyalar arasında mədəniyyətlərarası dialoqun təşviqinə yönələn tədbirlərin həyata keçirilməsi sahəsində böyük imkanların olduğunu təsdiqlədi. Azərbaycanda yaşayan bütün xalqların mədəni və tarixi irsinə çox böyük hörmətlə yanaşıldığını vurğulayan cənab İlham Əliyev əminliyini ifadə edib və bildirib ki, konfransın çox gözəl nəticələri hesabına mədəniyyətlərarası dialoqun möhkəmlənməsi prosesi daha da güclənəcəkdir.

 

Əlizadə Ş.

 

Respublika.- 2008.- 6 dekabr.- S.1-2.