Biz iqtisadi və sosial inkişaf baxımından çox böyük  uğurlar qazanmışıq

 

Dövlətimizin başçısı bu fikri Türkmənistana səfəri zamanı nümayəndə  heyətlərinin görüşündə xüsusi vurğulamışdır

 

Azərbaycan dövlət müstəqilliyi qazanandan sonra bir sıra dünya ölkələri ilə, o cümlədən Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrlə iqtisadi münasibətləri tənzimləməyə çalışmışdır. Belə ölkələrdən biri də dost Türkmənistandır. Yeni iqtisadi münasibətlərin bərqərar edilməsində son vaxtlarda atılan qarşılıqlı addımlar Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun geniş tərkiblə Azərbaycana səfərə gəlməsi, Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistanda nümayəndə heyəti ilə rəsmi səfərdə olması buna əyani sübutdur.

Keçən ayın 28-də Aşqabadda Azərbaycan rəhbəri İlham Əliyevin Türkmənistan rəhbəri Qurbanqulu Berdiməhəmmədovla görüşü əlaqələrin möhkəmləndirilməsi üçün əsaslı zəmin yaradır.

Hər iki ölkənin nümayəndə heyətlərinin görüşündə ölkəmizin başçısı dost ölkənin rəhbərinə müraciətində bildirdi ki, ölkələrimizin münasibətlərinin tarixi təməli var və bu təməl xalqlarımızın möhkəm dostluq və əməkdaşlığına əsaslanır. Bu barədə geniş fikir söyləyən Azərbaycan Prezidenti bildirdi ki, "İndi Türkmənistan və Azərbaycanın müstəqil inkişafı şəraitində ölkələrimiz və xalqlarımız yüksək dərəcədə mütəşəkkillik, intellektual potensial nümayiş etdirmişlər. Tarixən qısa zaman kəsiyində ölkələrimizdə müstəqillik bərqərar olmuş, dönməz xarakter almışdır. Biz iqtisadi və sosial inkişaf baxımından çox böyük uğurlar qazanmışıq".

Müstəqillik əldə olunandan sonra Türkmənistanda və Azərbaycanda əhalinin həyat səviyyəsi ilbəil yaxşılaşır, işsizlik aradan qaldırılır, yoxsulluğun səviyyəsi aşağı düşür, əmək haqları, pensiya və müavinətlər artırılır, yeni layihələr həyata keçirilir, infrastruktur yeniləşir və digər mühüm işlər görülür. Regionda şəraitə geniş prizmadan baxış, başlıca qüvvələri daxili problemlər, əhalinin dolanışığı və iqtisadi sahənin inkişafı üçün normal şəraitin yaradılması üzərində cəmləşdirilməsi, ölkələrin zəngin təbii sərvətlərindən səmərəli istifadə edilməsi və bütün bu məqsədlərə müvəffəqiyyətlə nail olmaq hər iki dövlət üçün prioritet məsələlərdir.

Yaxşı haldır ki, ölkələrimizdə sabit ictimai-siyasi vəziyyət hökm sürür, hakimiyyətlə xalq arasında birlik vardır və bütün bunlar ölkələrimizin sürətli inkişafına çox müsbət təsir edən amillərdir.

Nümayəndə heyətlərinin görüşündə xüsusi vurğulanmışdır ki, dövlətlərimizin inkişaf yolları barədə ictimai konsepsus var və əlaqələrimizi möhkəmləndirən yalnız müştərək tariximiz və ümumi köklər deyil, eyni zamanda problemlərə yanaşmalarımızın bir çox istiqamətdən ümumiliyi və müstəqillik illəri ərzində əldə etdiyimiz nailiyyətlərdir.

Türkmənistan prezidenti buna əyani bir fakt gətirərək demişdir ki, Azərbaycan bizim ölkənin daimi bitərəfliyinin beynəlxalq hüquqi statusunu birincilər sırasında dəstəkləmiş və 1995-ci ilin dekabr ayında BMT Baş Məclisinin qəbul etdiyi müvafiq qətnamənin müəlliflərindən biri kimi çıxış etmişdir. Azərbaycan Türkmənistanın təşəbbüsü ilə irəli sürülmüş və BMT Baş Məclisi 63-cü sessiyasının gündəliyinə daxil edilmiş "Enerji daşıyıcılarının etibarlı və sabit tranziti və onun iqtisadi inkişafın və beynəlxalq əməkdaşlığın təmin edilməsində rolu" adlı qətnamə layihəsini dəstəkləmiş və layihənin müəlliflərindən biri kimi çıxış etmişdir. Bütün bunlar və digər çoxsaylı bu kimi faktlar ölkələr arasında qarşılıqlı etimad, dostluq və qardaşlıq münasibətləri üçün sarsılmaz əsaslar yaradır. Digər tərəfdən, ölkələrimiz Xəzər dənizi hövzəsində qonşudur və beynəlxalq təhlükəsizlik sisteminin möhkəmləndirilməsində, Xəzərin statusunun dəqiq və qəti şəkildə müəyyənləşdirilməsində həlledici rol oynayırlar.

Bu məsələyə böyük önəm verən Prezident İlham Əliyev bildirmişdir ki, "Bu baxımdan mən əminəm ki, həm indiyə qədər keçirilmiş sammitlər, həm də gələcək zirvə görüşü çox böyük əhəmiyyət kəsb edəcəkdir və biz ümid edirik ki, bu məsələ ən yaxın vaxtlarda qarşılıqlı fayda və qarşılıqlı maraqlar əsasında tənzimlənəcəkdir.

Təcrübə göstərmişdir ki, biz vaxtı çatmış məsələləri çox səmərəli həll edirik. Bu, son vaxtlar müşahidə etdiyimiz kimi, iqtisadi məsələlərin həllinə operativ və sözün həqiqi mənasında, qardaşcasına yanaşmağımızda özünü göstərdi".

Son illərdə ölkələrimizin hərtərəfli uğurlu inkişafı üçün hər cür şərait yaranmışdır. Yəni möhkəm siyasi sistem, sabitlik, zəngin təbii ehtiyatlar, əlverişli coğrafi mövqe və təbii resurslardan bacarıqla istifadə olunması hər iki ölkəyə sürətli və dinamik inkişaf üçün stimul verir. Ölkəmizin rəhbəri Azərbaycanla Türkmənistan arasında bərqərar olmuş münasibətlərin yüksək səviyyəyə çatdığını nəzərə çatdırmışdır. Real məzmun daşıyan dövlətlərarası dialoqun fəallaşması ölkələrimizin və xalqlarımızın dostluq və qardaşlıq əlaqələrinin genişlənməsi üçün yaxşı töhfədir. Aşqabad danışıqlarının yekunlarına əsasən imzalanmış sənədlər paketi əməkdaşlığın beynəlxalq hüquqi əsasının daha da möhkəmlənməsinə kömək edən çox əhəmiyyətli baza olacaqdır. Əməkdaşlığın indiki mərhələsi istər Azərbaycan üçün, istərsə də Türkmənistan üçün gözəl perspektivlər açır.

Tərəflər əminlik ifadə etmişlər ki, gələcəkdə ölkələrimizi daha sıx birləşdirəcək çoxsaylı yeni ideyalar, təşəbbüslər və səmərəli iri iqtisadi layihələr yaranacaq və birgə həyata keçiriləcəkdir, nəticədə həm Azərbaycan xalqı, həm də türkmən xalqı xoşbəxt gələcəyə qovuşacaqlar.

 

İlyasov V.

 

Respublika.- 2008.- 7 dekabr.- S.1.