Azərbaycan qloballaşma dövründə

 

Akademik Ramiz Mehdiyevin cəmiyyətimizin ictimai-siyasi prespektivinə dair futuroloji baxışlarının bəzi aspektləri haqqında düşüncələri

 

Keçən əsrin son on ili dünya kapitalist sisteminin sosialist düşərgəsi üzərində qələbəsi fonunda "postbəşəri gələcəyə", "tarixin sonuna" şahidlik etdi. Sovetlər Birliyinin dağılmasından sonrakı dövrü istər demokratik qloballaşma, istərsə də kapitalizmin qloballaşması kimi qəbul etməyimizdən asılı olmayaraq, mübaliğəsiz şəkildə qloballaşmaya bəşəri qayıdış dövrü kimi dəyərləndirmək olar. Tarix boyu qloballaşmanın, ümumbəşəri inteqrasiyanın müxtəlif nümunələri bu və ya digər şəkildə özünü göstərmişdir. Dünya dinlərinin, sivilizasiyaların mövcudluğu qloballaşmanın müxtəlif zamanlarda bəşəri meyil olmasının sübutudur. Ayn-ayrı fikir adamlarının, o cümlədən orta əsr Azərbaycan mütəfəkkirləri Nizami Gəncəvi yaradıcılığında dünyəviliyə çağırış, Əvhədi Marağayinin "Cami-cəm " əsərində Cəmşidin camı belə meyillərin ədəbi nümunələri kimi dəyərləndirilə bilər. Hər bir tarixi dövrdə gündəliyə gələn qloballaşma meyli bu və ya digər şəkildə metropoliya niyyətini və siyasətini daxili mahiyyətində heç də az gizlətmir. Dünya kapitalist sistemi öz rəqibinin süqutundan sonra alternativsizlik şəraitində bütün məkanlarda "metastaz " ömrünü yaşamağa başladı. Belə bir şərait bir çox analitiklərin səhv və sadəlövh proqnozlarını tirajlamasına səbəb oldu. Onlar yenə də dialektikanı müəyyən zaman kəsiyində qapayan Hegel, marksistlər kimi "finalizm " nəzəriyyəsinin təəssübkeşi kimi çıxış edir, tarixin sonunun yetişdiyi qənaətinə gəlirdilər. 1989-cu il ABŞ politoloqu və təcrübəli sabiq dövlət adamı Frensis Fukuyama "Tarixin sonu " əsərində "liberalizmi sosializmin süqutundan sonra alternativsiz bəşəri ideologiya" kimi dəyərləndirdi. Çox keçmədən isə F.Fukuyama "Tarix yenidənmi başlayır?!", "ABŞ modelinin süqutu" adlı əsərlərini yazaraq, müasir dünyanın qeyri-sabit, qeyri-müəyyən reallığında adekvat inkişaf modeli axtarışını fövqəlvəzifə sayır.

Dünya dövlətlərinin inkişafı üçün adekvat model böhranı yaşadığı bir vaxtda Azərbaycan dövlətçiliyinin xilaskarı, ulu öndər Heydər Əliyev siyasi məktəbinin layiqli nümayəndəsi, görkəmli dövlət xadimi, xarizmatik siyasətçi, nəzəriyyə ilə təcrübəni peşəkarlıqla əlaqələndirən praktik filosof, akademik R.Mehdiyev belə qənaətə gəlir ki, istər dünyada, istərsə də Azərbaycanda postsosialist dövrdə baş verən proseslərin düzgün qiymətləndirilməsi üçün onların "sürət" simvolu formatında təhlili obyektiv reallığı dərk etməyə imkan verir. Dəyişən reallığın adekvat dərk edilməsi üçün zəruri olan yeni metodik novasiya - yaşanılan və gələcək "zamanın simvolu" rakursundan baş verənləri təhliletmə modelini təklif edən akademik "sürət", "dinamika" əsri olan XXI əsri belə səciyyələndirir: " əgər XX əsrdə böyük dövlətlər kiçik dövlətləri udurdusa, XXI əsrdə "sürətli" dövlətlər asta templi dövlətləri həzm edəcəkdir".

İstənilən sivilizasiyanın, ictimai-iqtisadi quruluşun uğursuz sonluğu həmin cəmiyyətlərdə estafeti keçid dövrünə qədər ilk növbədə qeyri-müəyyənliyə verir. Məlum həqiqətdir ki, həmin cəmiyyətlərə fərqli istiqamətlərdən müxtəlif təbiətli çağırışlar gəlir. Bu cəmiyyətlərin sözü gedən tarixi şəraitdəki vəziyyətlərini böyük fikir adamı A.Toynbinin "çağırışa cavab" formatı ilə başa düşmək çətin deyildir. Məhz belə bir tarixi mərhələ həmin cəmiyyətlərin intellektual elitasını ayıq olmağa, ictimai çaşqınlığı aradan qaldırmağa, "çağırışa cavab" verərkən, adekvat strategiya müəyyənləşdirməyi tələb edir. Bu intellektual azlıq yaşadığı cəmiyyətə postsosialist dövrdə çağırışın iki istiqamətdən gəldiyinin fərqində olmalıdır: 1. Rəqibi üzərində qələbə qazanmış kapitalist Qərb Şərqə "humanitar müdaxilə" pərdəsi altında yürüş edir və onu modern metropoliya zolağına daxil olmağa məcbur edir. 2. Ümumbəşəri meyil olan demosun hakimiyyətinə, açıq, vətəndaş cəmiyyətinə, hüquqi dövlətə nail olmaq. Nə qədər arzuedilməz olsa da, müasir dövrdə birinci istiqamət güclüdür və həqiqi demokratik dalğa qarşısında heç də zəif bənd kimi çıxış etmir. Buna görə də mövcud reallıq cəmiyyəti siyasi sayıqlığa, Avropadan, Qərb dünyasından ünvanına gələn "tənqidlərin əsl mahiyyətini dərk etməyə dəvət edir. Keçid dövrünün siyasi-fəlsəfi təhlili, qloballaşma, modernləşdirmə prosesinin tədqiqi sahəsində diqqətçəkən uğur sahibi akademik R.Mehdiyevin son illərdəki əsərləri Azərbaycan sosiumuna və bütövlükdə tranzit dövrü cəmiyyətlərinə yol göstəricisi, reallıqları adekvat dərketmə vasitəsi kimi böyük əhəmiyyət kəsb edir. Onun "XXI əsrdə milli dövlətçilik", "Azərbaycan - qloballaşma dövrünün tələbləri", "Demokratiya yolunda: irs haqqında düşüncələr", "Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti", "Yeni siyasət: inkişafa doğru", "Modernləşmə xətti yenə də gündəlikdədir" və s. əsərləri postsosialist dövrdə qlobal dəyişikliklərin mahiyyət və istiqamətlərinin təhlilinə, milli demokratik tranzit və onun qarşılaşdığı problemlərin elmi tədqiqinə, habelə Azərbaycan cəmiyyətinin ictimai-siyasi perspektivlərinin futuroloji mənzərəsini yaratmağa yönəlmiş çox ciddi elmi araşdırmalardır. Uzun illər idarəetmə təcrübəsi, apardığı tədqiqatlar akademiki XXI əsrdə bəşəriyyətin inkişaf strategiyasını məhz qloballaşmanın müəyyən etməsi qənaətinə gətirir. O, tarixi-müqayisəli təhlil metodu işığında belə bir cəsarətli fikir söyləyir ki, dünya tarixində bəşəriyyət bütün dünya məkanının sabit və təhlükəsiz inkişafını təmin etməli olan ümumi siyasi və iqtisadi məkan yaradılmasına könüllü surətdə cəhd etmək üçün ümumi məqsədə çatmağa hələ heç vaxt indiki kimi yönəlməmişdir. Təməlini XIX əsrdən götürən və hazırda davam edən bu inteqrasiya prosesinin tarixi analoqu olmadığı qənaətinə gələn filosof həmin prosesin müsbət və mənfi cəhətlərinə ölçülüb-biçilməklə, kompleks şəkildə yanaşmanın zəruriliyini vurğulayır. Belə ki, o, Azərbaycan sosiumuna xitabən cəmiyyətimizə ünvanlanan tənqidin harada real nöqsanlara əsaslandığını, harada geosiyasi, geoiqtisadi təzyiq xarakterli olduğunu anlamağın zəruriliyini qeyd edir. "Demokratiya monosentrik siyasi ideyaları qəbul etmir" qənaətinə gələn akademik R.Mehdiyev qloballaşma, qərbləşmə çağırışına ölkəmizin cavabı necə olmalıdır sualına cavab verərkən analoji müqayisə prizmasından yanaşaraq, Yaponiya intellektuallarının modernləşmə konsepsiyasının kökləndiyi "Qərb texnologiyaları, yapon ruhu" fəlsəfəsinin təqdir olunmasını məqsədəuyğun sayır. Filosofun fikrincə, demokratik transformasiya ilə Qərbin geosiyasi təsiri arasında hədd qoymaq lazımdır. Çünki demokratiya təkcə nümayəndəliyin, xalq hakimiyyətinin bir forması deyil, onu həyata keçirənlərin ideya vəzifələrini də nəzərə almaq lazımdır. XXI əsrdə demokratiya ən qısa müddətdə nəinki rejimin dəyişilməsinə, hətta gərginliklər poliqonu yaratmağa qadir ola bilər (İraq, Əfqanıstan, Kosovo və.s.). O, haqlı olaraq bildirir ki, ölkəmizdə 1993-cü ildən sonra başlayan modernləşmə ideologiyası daha çox qloballaşma şəraitində ölkənin strateji inkişaf konsepsiyası missiyasını yerinə yetirirdi. 1996-cı ildən etibarən isə modernləşmənin milli ideologiyasının əsasları möhkəmləndi, bu da öz növbəsində iki əsr ərzində məruz qaldığımız "müstəmləkə şüuru" kompleksinin tədricən aradan çıxmasına təkan verməkdədir. Akademik R.Mehdiyev xüsusi olaraq vurğulayır ki, yeni minillikdə Azərbaycan dövlətçiliyinin inkişaf fəlsəfəsini üç determinantın - milli ideya, şəxsiyyət amili, milli məqsədyönlülüyün dəstəklənməsi - təsir dairəsində nəzərdən keçirmək lazımdır. O, əsas ideoloji paradiqmaların təşəkkülü tarixinə nəzər salaraq, milli ideya məkanında ehkam və dəyərlərin konvergensiyasının mümkünlüyünü nəzərdən keçirərək belə qənaətə gəlir ki, onlardan hər biri ümummilli lider Heydər Əliyevin siyasətinin nailiyyətlərindəndir. Akademik hesab edir ki, sosial proseslərin ən güclü katalizatoru olan milli ideya ictimai şüurun milli elmi araşdırmalar hüdudundan kənarda qalmış sahəsidir. Hərçənd, Azərbaycanın ictimai fikir tarixinə dərindən bələd olan ümummilli lider Heydər Əliyev ölkəmizin ən ağır "olum, ya ölüm" dilemması qarşısında qaldığı bir tarixi dönəmdə birləşdirici amil kimi azərbaycançılığı milli ideya olaraq ortaya qoydu və onun alternativsizliyini praktik şəkildə sübuta yetirdi. Bununla da Heydər Əliyev liberalizmin ideoloqu Con Stüart Milin " dövlətin ləyaqəti nəticə etibarilə onu yaradan şəxsiyyətlərin ləyaqətindən asılıdır" fikrini öz praktik fəaliyyəti ilə gerçəkləşdirdi. Əslində, bu konsepsiyanın irəli sürülməsi planetartəfəkkürlü Heydər Əliyevin həm də modernləşmə çağırışına "qərb texnologiyaları - yapon ruhu" aforizmi baxımından yanaşması, milli özünəməxsusluğumuzu qloballaşmanın mənfi fəsadlarından qorumaq addımı idi. Çünki istər həmin dövrdə, istərsə də indi məlum səbəblərə görə, qloballaşmadan daha çox siyasi-ideoloji, geosiyasi maraqlar üstünlük təşkil edir. Halbuki, Amerikanın tanınmış tranzitoloqu V.Bansın təbirincə desək, "postkommunizim demokratiyaya keçiddən daha böyük birşeydir. Bu, siyasəti, iqtisadiyyatı və ictimai həyatı əhatə edən sosiomədəni transformasiya, inqilabdır". Akademik R.Mehdiyev ümumdünya təcrübəsindən və ayrı-ayrı konsepsiyaların təhlilindən çıxış edərək belə bir qənaətə gəlir ki, ölkədə demokratikləşmənin, onun ardınca isə liberallaşmanın ilkin şərtləri aşağıdakı formada gerçəkləşə bilər: iqtisadi modernləş + mərhələli demokratikləşmə = vətəndaş cəmiyyətinin başlanğıcı. O qeyd edir ki, bütövlükdə vətəndaş cəmiyyəti iqtisadiyyatın modernləşməsi, ictimai həyatın demokratikləşməsi, milli məkanın sistemli liberallaşması gerçəkləşdikcə formalaşacaqdır.

Azərbaycanda gedən siyasi proseslər göstərir ki, dövlət müstəqilliyi əldə olunduqdan sonra demokratik transformasiya milli inkişaf strategiyasının prioritetinə çevrilmişdir. Bir sıra postsovet dövlətlərində analoji tranzit "rəngli" klientalist ssenarilərə çevrildiyi halda, Azərbaycanda demokratik tranzit təkamül yolu ilə inkişaf, suverenlik və özünütəminetmə prinsiplərinə əsaslanır. Demokratiyanın XXI əsrin əsas ideoloji silahına - nəinki mövcud rejimləri dəyişdirməyə, tranzitlər və transformasiyalar doğurmağa, həm də yer kürəsinin istənilən nöqtəsinə hərbi müdaxiləni "legitimləşdirməyə" qadir olan silaha çevrildiyi bir şəraitdə ölkəmizdə demokratiyanın qeyd olunan vəziyyəti ancaq təqdir oluna bilər. İndi Azərbaycan inkişafın elə bir səviyyəsinə gəlib çatmışdır ki, onun sosiumu təcrid olunmuş, avtarkiyaya əsaslanan cəmiyyətin ideoloji konseptlərinə fəal müqavimət göstərmək iqtidarındadır. Ancaq akademik R.Mehdiyev real və virtual dünyanın ideologiyasının necəliyindən asılı olmayaraq, milli fəaliyyət fəlsəfəsinin, dövlətçilik ideyası, milli sosiomədəni obrazın dəyəri və azərbaycanlı “Mən”inin arxetipi kimi azərbaycançılığın həmişə Azərbaycanın yeni nəslinin mənəvi-əxlaqi, sosiomədəni obrazının əsası olmasının həyati zəruriliyini vurğulayır.

Əlbəttə, arzuolunan demokratiyaya çatmaq üçün istər beynəlxalq səviyyədə, istərsə də bu yolu keçmiş tranzit dövlətlərdə hələ çox maneələr aradan qaldırılmalıdır. Bunun üçün isə "azadlıq və demokratiyanın mayakı" olan hər hansı bir dövlətin demokratik dövlətlər zolağının sərhədlərini genişləndirməsi üçün canfəşanlığına ehtiyac qalmır. Yalnız cəmiyyətlərin sağlam dialoqu bu yolda ən uğurlu vasitə ola bilər. Hərçənd, böyükfikir adamı Blez Paskalın təbirincə desək, "gücsüz ədalət köməksiz, ədalətsiz güc isə müstəbiddir". Akademik R.Mehdiyev "demokratik dalğanın" qlobal yürüşündən bəhs edərkən milli özunəməxsusluğun qorunmasına xüsusi diqqət ayırmağı zəruri sayır.

Bütövlükdə, R.Mehdiyevin postsosialist dönəmdə baş verən hadisələrdən bəhs edən əsərlərində əsas məqam Azərbaycan sosiumunu baş verən hadisələrin əsl mahiyyətindən agah etmək, qlobal transformasiya şəraitində milli tranzitin konsepsiyasını təqdim etmək, habelə dövlətlərin qüdrətinin daha çox onların zəka mühitinin formalaşması ilə ölçüldüyü müasir dövrdə ölkəmiz üçün taleyüklü məsələlərin həllində "milli yaradıcı azlıq", gənclik qarşısında duran vəzifələr və məsuliyyət məsələləridir. Reallıq göstərir ki, akademikin əsərləri tranzit dövrünə xas olan ictimai çaşqınlığın aradan qaldırılmasında yaradıcı azlığın səfərbər edilməsinə təsirsiz qalmamışdır. Bunun bariz nümunəsini akademik R.Mehdiyevin dövri mətbuatda dərc olunan hər bir geniş məqaləsinə elmi ictimaiyyətin ciddi reaksiyası, xüsusilə 2008-ci ildə çapdan çıxmış "Yeni siyasət: inkişafa doğru" kitabında onunla həmrəylik nümayiş etdirən elmi ictimaiyyətin, ziyalıların rəylərində görmək çətin deyildir.

İnanırıq ki, dünyamiqyaslı siyasi xadim Heydər Əliyev irsinə yaxından bələd olan akademik R.Mehdiyevin zamanın ruhundan irəli gələn əsərləri ölkəmizdə hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğunda, habelə cəmiyyətimizin ictimai-siyasi perspektivlərinin futuroloji konsepsiyasının yaradılmasında bundan sonra da şərəfli missiyasını yerinə yetirəcəkdir.

 

Şəfiyev Ü.

 

Respublika.- 2008.- 7 dekabr.- S.5.