Azərbaycan dini Tolerantlıq, milli
və etnik tolerantlıq məsələlərində çox
böyük uğurlara nail olmuşdur
Dövlətimizin
başçısı vurğulayıb ki, ölkəmiz
öz dövlət müstəqilliyini bərpa etdikdən
sonra millətlərarası münasibətlərə, milli və dini
tolerantlığın möhkəmlənməsi işinə
çox böyük diqqət verilmişdir.
Ölkəmizdə bütün
millətlərin və dinlərin nümayəndələri
tam qarşılıqlı anlaşma, milli həmrəylik
şəraitində yaşayırlar. Azərbaycandakı dini
dözümlülük millətlərarası münasibətlərin
gərgin olduğu bir çox ölkələr üçün
nümunədir. Bütün bunlar ümummilli lider Heydər Əliyevin
müəyyənləşdirdiyi və hazırda dövlətimizin
başçısı tərəfindən uğurla davam
etdirilən siyasət sayəsində mümkün olmuşdur.
Azərbaycan dünyada millətlərin, bütün dinlərin
nümayəndələrinin bir ailə kimi
yaşadığı ölkə kimi tanınır.
Çoxmillətli, çoxkonfessiyalı ölkəmizin
nümunə ola biləcək təcrübəsi artıq
dünyanın bir çox ölkələrində öyrənilir
və təqdir edilir. Beynəlxalq təşkilatlarda
diskussiyaların mövzusu olur.
Azərbaycanın paytaxtında,
Bakı şəhərində mədəniyyətlərarası
dialoqun möhkəmlənməsi işinə böyük
töhfə verən konfransın keçirilməsi də bu
fikirlərimizi bir daha təsdiqlədi. Konfransın
böyük və müsbət rolunu vurğulayan dövlətimizin
başçısı İlham Əliyev bildirib ki, son illər
ərzində Azərbaycan dini tolerantlıq, milli və etnik
tolerantlıq məsələlərində çox
böyük uğurlara nail olmuşdur: "Əslində,
bizim ölkəmizdə bütün insanlar müxtəlif
dövrlərdə, ictimai-siyasi quruluşundan asılı
olmayaraq, həmişə bir ailə kimi yaşamışlar.
Burada bütün dinlərin nümayəndələri həmişə
dostluq, qardaşlıq şəraitində
yaşamışlar".
Bu, bizim ölkəmizə xas olan
çox mühüm bir amildir. Bu, ölkəmizdə
sabitliyin, əminamanlığın davamlı olmasına təminat
verən başlıca şərtlərdən biridir və
ölkəmizin uğurla inkişafında çox
mühüm rol oynayır.
Rəsmi Bakı, dövlət buna
böyük önəm verir. Bu gün ölkəmiz
sözün əsl mənasında dostluq, qardaşlıq məkanıdır.
Azərbaycanda bütün xalqlar, dinlərin nümayəndələri
bir ailə kimi yaşayırlar. Ölkəmizdə yaşayan
bütün dinlərin nümayəndələri özlərini
çox azad hiss edir və tam rahatlıqla fəaliyyət
göstərirlər.
Artıq dünya birliyində Azərbaycanı
bu baxımdan nümunə ölkə kimi dəyərləndirirlər.
Son illərdə Bakıda keçirilən çoxsaylı
dialoqlar, konfranslar forumlar dinlərarası münasibətlərin
yaxşılaşmasına, sivilizasiyalararası dialoqun
möhkəmlənməsinə böyük töhfədir.
Ölkəmizdəki dini etiqad azadlığı və
dözümlülüyün mühitini dünya ictimaiyyəti
nüfuzlu beynəlxalq təşkilatlar, görkəmli din
xadimləri dəyərli örnək kimi qiymətləndirirlər
və Azərbaycanın tolerantlıq məkanı kimi
dünyada gedən proseslərdə rolu böyükdür.
Cənab İlham Əliyev bildirib
ki, Azərbaycan öz dövlət müstəqilliyini bərpa
etdikdən sonra millətlərarası münasibətlərə,
milli və dini tolerantlığın möhkəmlənməsi
işinə çox böyük diqqət verilmişdir. Odur
ki, xalqımız təhlükəsizlik, sülh şəraitində
yaşayır. Ölkəmizdə vətəndaş cəmiyyətinin
formalaşması və möhkəmlənməsi istiqamətində
çox önəmli addımlar atılıb. Azərbaycanın
inkişafı istiqamətində fikir ayrılığı
yoxdur, cəmiyyətimiz ümumxalq amalları ətrafında
birləşibdir. Dövlət başçısının bəyan
etdiyi kimi bu Azərbaycançılıq fəlsəfəsi,
müasirlik, öz tarixi köklərimizə, ənənələrimizə
bağlılıqdır: "Eyni zamanda Azərbaycan dünyəvi
dövlətdir. Azərbaycanda bütün dinlərin nümayəndələrinə
çox böyük hörmət vardır. Yəni bizim
ölkəmizi bu gün ictimai-siyasi baxımdan şərtləndirən
amillər bunlardır".
Şərq və Avropa dövlətləri
də bütün sahələrdə olduğu kimi, ölkəmizlə
bu istiqamətdə əlaqələr qurmağa böyük
maraq göstərir. Bunu Roma papasının, Vatikan nümayəndəliklərinin,
Moskvanın və bütün Rusiyanın patriarxının,
Qafqaz müftilərinin Azərbaycana səfərləri də
təsdiqləyir.
Müstəqil Azərbaycan
Respublikasının bütöv bir tarixi mərhələsi
bilavasitə ümummilli lider Heydər Əliyevin adı ilə
bağlıdır. Ulu öndər ictimai-siyasi həyatın
bütün sahələrində, o cümlədən dövlət
- din münasibətlərinin sivil prinsiplərə uyğun
olaraq tənzimlənməsində, dini etiqad və vicdan
azadlığının maneəsiz təminatında, dini-mənəvi,
əxlaqi-etik dəyərlərin cəmiyyətin prioritet
yaşayış normalarına çevrilməsində
müstəsna xidmətlər göstərib. Bu sahədə
ümümmilli liderin özündən sonra böyük siyasi
iş və dövlətçilik təcrübəsi miras
qoyduğunu vurğulamaq lazımdır. Odur ki, milli-mənəvi
dəyərlərin tətbiq olunması, milli ənənələrimizə
qayıdış prosesi ulu öndər Heydər Əliyevin
siyasi hakimiyyətə qayıdışından sonra
başlanmışdır.
Ölkəmizdəki tolerantlıq,
başqa dinlərə xoş münasibət Azərbaycanın
reallıqlarındandır. Bu, ölkəmizdə yaşayan
bütün insanların həyat səviyyəsinə müsbət
təsir göstərir. Bu gün
Azərbaycanda dini abidələrin bərpasına, məscidlərin,
kilsələrin, sineqoqların təmir və tikintisinə
böyük diqqət göstərilir. Bu il Bibiheybət ziyarətgah
kompleksinin əsaslı yenidənqurma və tikinti işlərindən
sonra açılışı, Bakıda katolik kilsəsinin
açılışı və istifadəyə verilməsi
də Azərbaycanda tarixən formalaşmış milli-mənəvi
mədəniyyətin, tolerantlıq ənənələrinin
möhkəmləndiyini təsdiqləyir.
Bu amillərin hər bir ölkənin
inkişafı üçün çox vacib olduğunu
vurğulayan cənab İlham Əliyev bildirib ki, Azərbaycanda
yaşayan bütün xalqların mədəni irsinə,
tarixi irsinə çox böyük hörmətlə
yanaşırıq: "Bakıda və ölkəmizin digər
yerlərində qorunub saxlanılan bütün dinlərin məbədləri,
abidələri və onların bərpası bunun əyani
sübutudur".
Əlizadə
Ş.
Respublika.-
2008.- 11 dekabr.- S.6.