Qətiyyət, prinsipiallıq, peşəkarlıq

 

Peşə fəaliyyətimizi ulu öndərin prokrorluq işçilərindən tələb etdiyi bu meyarlar əsasında qurmaq borcumuzdur

 

Prokurorluq işçiləri xalqımızın tərəqqisi naminə milli dövlətçiliyimizə, dövlət başçısının həyata keçirdiyi siyasətə həmişə dəstək verir, qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunması, cinayətkarlıq və hüquq pozuntularına qarşı mübarizənin səmərəliliyinin artırılması üçün zəruri tədbirlər görürlər. "Mən Azərbaycan prokurorluğuna inanıram, güvənirəm və arxalanıram",-deyən ulu öndərin etimadına layiq olmağı biz prokurorluq işçiləri özümüzə daim şərəfli borc saymışıq.

Prokurorluq orqanlarında çalışan müstəntiqin işi öz-özlüyündə çox maraqlıdır. Üstəlik də yaradıcı işdir. Çünki cinayət işləri bir-birinə bənzəmir və onların istintaqı, təhqiqi, araşdırılması ciddi yaradıcılıq axtarışı tələb edir. Müstəntiq hər şeydən əvvəl insanın qəlbini və düşüncəsini oxumağı bacaran psixoloq olmalı, hər kəsə fərdi yanaşmağı bacarmalıdır və bilməlidir ki, onun üzərinə böyük məsuliyyət düşür. Axı hər bir cinayət işinin arxasında insan vardır və hər bir cinayətkar dərk etməlidir ki, törətdiyi əməl cəzasız qalmayacaqdır. Baş vermiş cinayət hadisəsinin bütün təfərrüatını aydınlaşdırmaq müstəntiqin borcudur. Qətiyyət və dözüm isə onun üçün başlıca xüsusiyyətlərdir.

Mühüm işlər üzrə müstəntiq daha böyük məsuliyyət tələb edən bir vəzifədir. Onun araşdırmaları öz miqyasına görə ölkə əhəmiyyətli olmaqla daim geniş ictimai-siyasi rezonans doğurur. Onu fərqləndirən təkcə yüksək peşəkarlığı deyil, həm də qəbul etdiyi qərarların dürüstlüyünə olan inam və etibardır. O, ən mürəkkəb, ən dolaşıq cinayət işlərini məharətlə aça bilir, əsl günahkarı dəqiq müəyyənlənləşdirərək, haqq-ədalətin bərqərar olmasını təmin edir. Ona gördüyü işə görə təkcə mükafatlar verilmir, bəzən də hədə-qorxu gəlir, təzyiq göstərirlər.

Mənə də belə bir hüquqşünas taleyi qismət olub. 1982-ci ildən prokurorluq orqanlarında fəaliyyətə başlayıb, əvvəlcə Naxçıvan MR Prokurorluğunda, sonra Qobustan Rayon və Bakı Şəhər Prokurorluğunda çalışmışam. 2000-ci ilin iyunundan isə Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində, xüsusilə mühüm işlər üzrə böyük müstəntiq vəzifəsində işləyirəm.

Əvvəlcədən qeyd edim ki, ulu öndər Heydər Əliyev hələ 1995-ci ildə müstəqil dövlətçiliyimizin cinayətkar qəsdlərdən qorunmasında göstərdiyim xüsusi xidmətlərə görə məni "Azərbaycan bayrağı" ordeninə layiq görmüş və 21 fevral 2001 -ci ildə bu ali mükafatı şəxsən özü mənə təqdim etmişdir. Xidməti fəaliyyətimi möhtərəm Prezident İlham Əliyev də yüksək qiymətləndirərək, 2004-cü ildə məni "İgidliyə görə" medalı ilə təltif etmişdir.

Ölkəmizdə müstəqil dövlət quruculuğunun ən mühüm dövrü olan 1995-2001-ci illərdə baş vermiş ən ağır cinayət işlərinin istintaqı zamanı mən bütün bilik və bacarığımı icraatımda olan işlərin vaxtında açılmasına sərf edirdim. Həmin dövrdə ulu öndər Heydər Əliyevin nəzarətində olan 6 cinayət işinin istintaqını yüksək peşəkarlıqla aparmağa çalışaraq, əsasən, dövlət əleyhinə yönəldilmiş cinayətkar qəsdlərdən və qəsdən adamöldürmə cinayətlərindən ibarət olan bu işlər üzrə təqsirləndirilən şəxslərin ifşa edilməsinə və ədalət mühakiməsinə verilməsinə nail olmuşam.

2 oktyabr 1994-cü ildə Azərbaycan Respublikasının Baş Prokurorluğuna basqın, Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarənin rəisi Şəmsi Rəhimovun qəsdən öldürülməsi, 1995-ci ildə Sumqayıt Şəhər İdman Komitəsinə iki nəfərin ölümü ilə nəticələnən silahlı basqın, Goranboy rayon sakini Xanlar Tahirovun qətlə yetirilməsi, Mahir Cavadov və digərlərinin dövlətçilik əleyhinə yönəlmiş cinayətkar əməlləri ilə bağlı mürəkkəb cinayət işlərini buna misal göstərmək olar.

Bu işlərin araşdırılması zamanı ciddi sınaqlardan keçmiş, ulu öndərin etimadını şərəflə doğruldaraq, üzərimə düşən məsul və şərəfli vəzifəni layiqincə yerinə yetirməyə səy göstərmişəm. Görkəmli dövlət xadimləri Şəmsi Rəhimovun və Afiyəddin Cəlilovun qətlə yetirilməsi, Fəxrəddin Ağayev və digərlərinin Baş Prokurorluğa silahlı basqın etməsi kimi geniş ictimai-siyasi rezonans doğurmuş cinayət hadisələrinin istintaqı zamanı güclü təzyiqlərə məruz qalmışam, mənə hətta iri məbləğdə - 500 yüz min ABŞ dolları məbləğində pul təklif olunmuş, amma nə hədə-qorxular, nə də rüşvət təklifi dövlətçiliyimizə və öz peşə prinsiplərinə sadiq bir hüquqşünas, istintaqçı kimi mənim obyektiv qərarlar qəbul etməyimin qarşısını ala bilməmişdir. Öz niyyətlərini həyata keçirməyə nail olmayan bədxahlar mənim özümə qarşı cinayət işinin qaldırılmasına cəhd göstərmiş, yalnız ulu öndərin işə qarışmasından sonra bu təqib və təzyiqlərə son qoyulmuşdur.

"Azərbaycan bayrağı" ordeni ilə təltif edildikdən sonra isə həyatıma sui-qəsd olmuş, yenidən heç bir əsas olmadan mənə qarşı cinayət işi qaldırılmış, lakin bu cəhd də puça çıxmışdır.

Cəmiyyətdə narahatlıq doğuran və uzun müddət açılmamış qalan cinayət işlərindən biri -  Goranboy rayonunun Borsunlu kəndinin sakini Xanlar Tahirovun qətlə yetirilməsi üzrə cinayət işinin araşdırılması və qatillərin ifşa edilməsi xidməti fəaliyyətimin ən yaddaqalan məqamlarındandır. Belə ki, 2000-ci ilin avqustunda Gəncə şəhərinə səfəri zamanı ulu öndər Heydər Əliyevə bu cinayət işinin açılmaması ilə bağlı şikayət təqdim olunmuş, dövlət rəhbəri bu şikayəti xüsusi nəzarətə götürmüşdür. Uzun illərdən bəri bağlı qalan bu cinayət işi mənə həvalə edilərkən Goranboy rayonunda keçmiş hərbi hissə komandiri Rasim Əkbərov və digərlərinin dövlətçilik əleyhinə yönəlmiş cinayət əməlləri barədə işin istintaqını aparırdım. Əsl peşəkarlıqla həyata keçirilən istintaq tədbirləri nəticəsində qətli mərhumun qayınları Xaliq və Afiq Yusifovların törətdiyi müəyyən edildi, qətlin aləti olan xüsusi hazırlanmış bıçaq tapılaraq götürüldü və çoxsaylı ekspertizalar təyin edilərək, rəylər alındı. İstintaqın gedişindəki çətinlikləri indi də yaxşı xatırlayıram. Xanlar Tahirovun qətli ailədaxili məsələ olduğundan ciddi problemlərlə üzləşirdik. Təsəvvür edin ki, ailənin bir üzvü dindirilirdi və digər üzvü istintaqa dəvət ediləndə artıq bizdə hansı faktların olduğunu bilir, ona uyğun versiyalar hazırlayıb gəlirdi. Mənə qədər həmin işi dörd və ya beş müstəntiq araşdırmışdı ki, onlardan da biri xüsusilə mühüm işlər üzrə müstəntiq idi. İstintaqın  əvvəlində bir çox izlər silinmiş, mərhumun qohumları kələfin ucunun tapılmaması üçün nə lazımdırsa edirdilər. Buna baxmayaraq, min bir zəhmət hesabına topladığımız təkzibedilməz dəlil və sübutlar nəticəsində cinayətkarlar tam ifşa olundu və haqlı cəzalarını aldılar.

İstintaq öz-özlüyündə psixoloji gərginlik yaradan prosesdir, ona kənardan yersiz müdaxilə, xüsusən də təzyiqlər olanda iş daha da çətinləşir. Belə vaxtda yalnız dəmir iradə və qətiyyət göstərən müstəntiq öz daxili inamını qoruyub saxlayaraq, haqqın-ədalətin təntənəsinə nail ola bilir. Mənim də xidməti fəaliyyətimdə də belə hadisələr az olmayıb. Bu baxımdan Fəxrəddin Ağayev və digərlərinin Baş Prokurorluğa silahlı basqın etməsi barədə cinayət işinin istintaqını xarakterik saymaq olar. Yadımdadır ki, aralarında hətta generallar da olan bəzi vəzifəli şəxslər əvvəllər yaxın əlaqədə olduqları F.Ağayevi müdafiə etməyə çalışaraq, istintaqa təyziq göstərirdilər. Bu şəxs Xətai rayounun sabiq prokuroru M.Cavadovla yaxın olmuş, sabiq baş nazir Surət Hüseynovun tərəfdarı kimi Füzuli Rayonunun İcra Hakimiyyəti başçısını silahlı yolla vəzifədən kənarlaşdıraraq, öz dayısı Kazım İbişovu həmin vəzifəyə "təyin etmiş", Baş Prokurorluğa basqın zamanı Füzuli rayonundan silahlı dəstə gətirilməsinə cəhd göstərmiş, M.Cavadovun respublika rəhbərliyi qarşısında "şərtlər" qoymasını təşkil etmək məqsədilə tanınmış şəxsləri girov götürmək istəmişdir. Təsəvvür edin ki, belə qatı bir cinayətkarı müdafiə edənlər peyda olmuşdular və onlar müxtəlif maraqlar güdürdülər: kimisi vəzifə, kimisi qisas almaq, kiməsə şərt diktə etmək istəyirdi.

İstər bu işin, istərsə də Ş.Rəhimovun qətlə yetirilməsi və digər ağır cinayətlərlə bağlı işlərin istintaqının obyektiv və dürüst aparılmasında həmin vaxt baş prokurorun birinci müavini işləmiş, hazırda Konstitusiya Məhkəməsinin hakimi olan təcrübəli hüquqşünas, istintaq bilicisi, təvazökar insan İsa Nəcəfovun böyük xidmətləri olmuşdur. Mərhum Afiyəddin Cəlilovun qətlə yetirilməsi üzrə cinayət işinin istintaqında da iştirak edərkən güclü təzyiqlərə məruz qaldım, yalnız qısqanclıq nəticəsində iş məndən alındı, ancaq sonda yenə haqlı çıxdım. Vaxtilə apardığım bəzi işlərə görə bu gün də hədə-qorxulara tuş gəlirəm.

Öz işi, peşəsi ilə haqq-ədalətə xidmət etməli olan müstəntiq bəzən haqsız münasibətlə, biganəliklə üzləşir və belə hallara görə daim təəssüf hissi keçirir. Mən də bəzi hadisələri indi təəssüf hissi ilə xatırlayıram. 2000-ci ildə Gəncə Şəhər Polis idarəsinin sabiq rəisi Natiq Əfəndiyevin, sabiq hərbi hissə komandiri Rasim Əkbərovun və digərlərinin dövlətçilik əleyhinə yönəlmiş cinayətkar qəsdinə dair işin istintaqını apararkən Goranboy və Naftalan şəhərləri arasındakı gölə çoxlu silah-sursatın atıldığını müəyyənləşdirdim. Bu barədə əlaqədar şəxslərə məlumat versəm də mənə şərait yaradılmadı. Sonradan həmin məlumat əsasında Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat qrupu gölün içindəki silah-sursatı çıxarmağa nail oldu. Başqa bir işin istintaqı zamanı isə Bakı şəhərinin Suraxanı rayonu ərazisində radioaktiv maddə olan "qırmızı civə" saxlandığını müəyyənləşdirdim. Bu barədə də rəsmi müraciətim cavabsız qaldı. Nə yaxşı ki, 30-cu polis bölməsinin əməkdaşları vətəndaşlarımızın həyatı üçün ciddi təhlükə mənbəyi olan həmin maddəni aşkar edərək götürdülər, onun törədə biləcəyi fəsadların qarşısını aldılar.

Öz peşə fəaliyyətim dövründə müəyyən çətinliklərlə üzləşsəm də, müstəqil dövlətçiliyimizin və cəmiyyətimizin cinayətkar qəsdlərdən qorunmasında fəal iştirakımdan, xüsusən də, çətin və şərəfli əməyimin ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı möhtərəm Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilməsindən qürur və iftixar hissi keçirirəm.

Bu gün prokurorluq orqanları dövlətçiliyimizin keşiyində ayıq-sayıq dayanaraq qanunçuluğun təmin edilməsində, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasında, cinayətkarlığa qarşı mübarizədə sanballı rol oynayır, əsl peşəkarlıq nümunəsi göstərirlər. Son illər həyata keçirilən islahatlar nəticəsində daha səmərəli işləmək imkanı qazanmış prokurorluq orqanları öz ali vəzifələrini layiqincə yerinə yetirirlər. Mən bundan sonra da şərəfli peşəmin prinsiplərinə və ulu öndərin dövlətçilik ideyalarına sədaqətlə xidmət edəcəyəm.

 

Əliyev Ə.

 

Respublika.- 2008.- 11 dekabr.- S.9.