Görkəmli ictimai xadim və mətbuat fədaisi
Rəşid
İsmayıl oğlu Mahmudov 1929-cu il noyabrın 6-da
İsmayıllı rayonunun Mican kəndində ziyalı ailəsində
dünyaya göz açmışdır. Bütün
şüurlu ömrünü qələmi ilə xeyirxah
işlərdən, cəmiyyətimizi işıqlı
sabahlara səsləyən gözəl əməllərdən
yazaraq insanları doğru yola yönəltməyə
çalışmışdır. Həmişə
yaxşılıq edər və buna çox sevinərdi.
İşıqlı insan idi.
Rəşid müəllim
əsl fədai, qəzet fədaisi, kitab fədaisi, millət fədaisi
idi. Öz işində özünə qarşı hədsiz
dərəcədə tələbkar idi. "Kommunist" qəzetində
buraxıcı işlədiyim vaxtlarda axşam saat 19-20 radələrində
mətbəəyə gələr gündüz oxuyub redaktə
etdiyi materialları səhifədə təkrar oxuyar, bir
çox hallarda gecə saat 01-ə qədər mətbəədə
qalar, qəzetin çapa imzalanmasını gözləyərdi.
Bir dəfə səhərə yaxın qəzeti verib getdikdən
sonra evə çatan kimi telefon zəng çaldı. Rəşid
müəllim idi. Ay xatakar, hara baxmısız, qəzetdə
ciddi səhv gedib, mətbəəyə zəng vurub
çapını dayandırmışam, tez uşaqlara xəbər
elə, indi dalınca maşın göndərirəm, mən
özüm də gəlirəm. Səhər saat 5 idi.
Heç kəsin qəlbinə dəymədən səhifədəki
materialı dəyişdik, özü bir daha oxuduqdan sonra
çapa verdik, siqnal nüsxəyə baxdıqdan sonra biz dincəlməyə,
Rəşid müəllim isə evlərinə deyil,
birbaşa işə getdi. işçilərə, xüsusən
mətbəədə işləyənlərə
qarşı son dərəcə qayğıkeş idi.
Təqaüdə
çıxdıqdan sonra arabir bir yerdə havaya
çıxar, Filarmoniyanın bağında yerləşən
"Vahid" poeziya evinin qarşısında yerləşən
fəvvarənin yanında oturub suyun
şırıltısına qulaq asardıq.
Gəlişindən xəbər
tutan təqaüddə olan keçmiş partiya işçiləri,
şairlər, sənət adamları onun başına
yığışardı. Tarixdən, fəlsəfədən,
şeirdən sənətdən və quruculuq işlərindən
danışardılar. Kimsə nədənsə
narazılıq etmək istəyəndə Rəşid müəllim
böyük ustalıqla söhbətin məcrasını dəyişər,
müəllimlərindən gözəl xatirələr
danışmaqla hamının diqqətini özünə cəlb
edərdi. Heydər Hüseynovdan, Əli Sultanlıdan, Feyzulla
Qasımzadədən, Mikayıl Rəfilidən, Məmməd
Cəfərdən, şövqlə danışar, uzun
müddət çalışdığı
"Kommunist" (indiki "Xalq") qəzetində redaktor
işləmiş Rza Quliyev, Əli Vəliyev, Xasay Vəzirov və
Ağababa Rzayevin iş metodu, redaktə və rəhbərlik
etmək qabiliyyəti, alicənablıqları və
qayğıkeşliklərindən söhbət
açardı.
Yerı gəlmişkən
onun vəzifədən uzaqlaşdırılması ilə
bağlı bu günə qədər heç yerdə qeyd
olunmayan və yazılmayan məsələni diqqətinizə
çatdırmağı özümə borc bilirəm.
Sağlığında bunu mənə icazə verməmişdi.
Ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar
Respublikası Ali Sovetinin sədri və Milli Məclisin
deputatı kimi iştirak etdiyi sessiyada günün birinci
yarısı hökumət üzvlərinin siyahısı
Milli Məclis üzvlərinə paylanır. Rəşid
müəllimin adı da siyahıda olur. Fasilə zamanı tək-tək
deputatlar Heydər Əliyevə yaxınlaşırlar. Rəşid
müəllim böyük hörmət və məhəbbət
bəslədiyi və həmişə özünü ona
borclu hesab etdiyi Heydər Əliyevə yaxınlaşaraq
çox səmimi görüşüb hal-əhval tutur.
Mən bilirdim ki, Heydər
Əliyevlə görüşməyim elə belə
ötüb keçməyəcək. Ancaq mən onunla
görüşməyə bilməzdim.
Fasilədən sonra
hökumət üzvlərinin yeni siyahısı paylanır və
Rəşid İsmayıl oğlu Mahmudovun adı bu
siyahıda olmur.
Azərbaycanın mənafeyindən
söhbət gedəndə Rəşid müəllim heç
nədən, heç bir cəzadan qorxub çəkinməyib.
"Kommunist" qəzetində işlədiyi 1980-ci illərin
sonlarında SSRİ hökumətinin mərkəzi mətbu
orqanları olan "Oqonyok" jurnalı,
"İzvestiya", "Komsomolskaya pravda" və
"Selskaya jizn", "Trud" qəzetləri öz səhifələrində
Dağlıq Qarabağı Ermənistan ərazisi kimi göstərirdilər.
Belə bir dövrdə
Rəşid müəllim yazıçı-tərcüməçi-publisist
Zeydulla Ağayevin "Aşkarlıq", "Azərinformun",
"Coğrafiyadan 2", "Coğrafiyanı səhv
salanda" redaksiya materialını "Kommunist" qəzetində
dərc etdi. Bu hadisə respublikada böyük əks-səda
doğurub müsbət qarşılansa da mərkəzi
hökumətin və Azərbaycan KP MK-da olan bəzi ermənipərəst
və kölgəsindən qorxan məmurların xoşuna gəlməmişdi.
1990-cı il 20 yanvar faciəsi
zamanı Rəşid müəllim Dövlət Mətbuat
Komitəsinin sədri idi. Respublikada fövqəladə vəziyyət
elan olunmuş, bütün nəşrlərə hərbi
senzura nəzarət edirdi.
Belə bir fövqəladə
vəziyyətdə vəzifəsini, səlahiyyələrini
itirməkdən qorxmadan Rəşid Mahmudov görkəmli xalq
yazıçısı Çingiz Abdullayev, İbrahim
Şükürov, Əjdər Xanbabayev, Vahid Əziz və digər
ziyalıların, nəşriyyat və mətbəələrdə
çalışan fədakar insanların birgə səyi ilə
çox qısa bir zamanda "20 yanvar" kitabını nəşr
edərək SSRİ Ali Sovetinin sessiyasına
çatdırdı. Kitablar deputatlar arasında paylandı,
Moskvada və respublikada yayıldı.
Rəşid müəllim
qurucu idi. Zaqatalada raykomun birinci katibi işlədiyi dövrdə,
indi istirahət mərkəzi olan sənaye əsaslı
"Forel" balıqçılıq təsərrüfatı,
palmet alma bağları, heyvandarlıq kompleksləri
yaratmış, gülçülük sovxozunda zəfəran
əkinini təşkil etmişdi. Burada dərman və
parfümeriya sənayesi üçün, respublikada ilk dəfə
ətirli yağların istehsalına başlanmışdı.
Dövlət mətbuat komitəsində işləyərkən
respublikamızın kitab çapına olan ehtiyaclarını
təmin etmək üçün Zaqafqaziyada ən
böyük ofset-kitab kombinatının tikintisinə
başladı. Kitab çapı üçün lazım olan
ən müasir avadanlıqlar alınıb respublikaya gətirildi.
Təkcə bir aqreqat o vaxtın qiyməti ilə 3,5 milyon
dollar dəyərində idi. Rəşid müəllim sanki
quruluşun dəyişəcəyini hiss edərək bu
işləri daha qısa bir zamanda başa
çatdırmağa çalışırdı.
Bir dəfə zəng
vurub dedi ki, Nəbi Xəzri Mərdəkanda xəstə
yatır, şair xalqın danışan dilidir, onu gərək
qoruyasan, gedək ona baş çəkək. Yaxşı olar
ki, çəkiliş də olsun. Geriyə qayıdanda Nəbi
müəllimdən təzə yazdığı poemanın əlyazmasını
alıb mənə verdi və çox qısa bir vaxtda
çap olunmasını tapşırdı.
Kitab nəşr olundu iki
həftə sonra isə Nizami muzeyində Nəbi müəllimlə
çox gözəl və təntənəli bir
görüş və təqdimat oldu. Haqqa qovuşmazdan iki
gün əvvəl zəng vurmuşdu. Noyabrın 1-də mənimlə
məşğul ol, ay Hacı, havaya çıxmaq
üçün darıxmışam. Hər dəfə havaya
çıxmazdan əvvəl saqqalını təraş edər,
yuyunub qüsullanardı.
O gün də belə
olmuşdu, yuyunub-qüsullanmış, haqqa qovuşmuşdu.
Ölümü ilə
bağlı mənimlə dəfələrlə söhbət
etmişdi.
Deyirdi, ay oğul, mən
istəmirəm ki, kimsə mənə görə əziyyət
çəksin, çox istərdim ki, atamın, anamın, qardaşlarımın,
Dilbər balamın yanında basdırılım, ancaq bu
böyük əziyyətdir, camaat buradan İsmayıllıya
gələcək. Lazım deyil, elə buralarda
basdırarsız. Həmişə yanımda Allaha
yalvarardı ki, onu yağışlı, qarlı, küləkli,
soyuq və çox isti havada dünyadan aparmasın ki, camaat əziyyət
çəkər.
Ötən yaz
doğmalarının qəbirlərini ziyarətə
getmişdik. Yerdə qar vardı, qəbir daşlarının
üstündəki qar bərkiyib daşa
dönmüşdü. Rəşid müəllimin gözləri
bir neçə il idi ki, tutulmuşdu. Atasının qəbrinin
yanına apardım, başdaşını qucaqladı:
-"Sənə qurban
olum, ay ata, yatdığın torpağa qurban olum, sən burada
doğmaların əhatəsindəsən, bircə mən
yoxam yanında ay ata". Göz yaşları üzündə
gilələndi. Diz çökdü, əlini sinə
daşının üstünə qoyanda
daşlaşmış qarı üstündən təmizləmək
istədi. Buz qopmurdu. Mən tez qarı təmizləməyə
çalışdım. Dedi ki, dəymə özüm təmizləyəcəyəm.
Dırnaqları ilə qarı sinə daşının
üstündən təmizləyərək qolunun ətəyi
ilə sildi. Atasının, qardaşlarının,
qızının, bacısı oğlu Fəxrəddinin,
babasının qəbrini ziyarət edib onları
oxşadıqdan sonra ata yurduna getməyi arzuladı Mican kəndi
çökəkdə olduğundan hər tərəf qar idi.
Maşından düşən kimi diz üstə çökərək
torpağı öpmək istədi, dodaqları soyuq qara
toxundu. Bu görüş doğrudan da Rəşid müəllimin
ata yurdu ilə son görüşü idi.
Rəşid müəllimi
çox sevdiyi Mican qəbiristanlığında torpağa
tapşırdıq. Günəş qüruba enirdi.
İnsanlar doğulur, yaşayır, yaradır və haqqa
qovuşurlar. Elə insanlar var ki, olumu ilə ölümü
bilinmir. Elə insanlar da var ki, onları unutmaq istəsən də
mümkün olmur. Əməlləri ilə yaşayır. Rəşid
müəllimin həyat fəlsəfəsi təvazökarlıq
və xalqa - insanlara təmənnasız xidmət etmək
olmuşdur. O, həmişə etdiyi
yaxşılığı unutmağa
çalışırdı. Allaha xoş gələn əməllərinə
görə insanların sevgisini qazanmış Rəşid
müəllim onu sevənlərin qəlbində əbədi
yaşayacaqdır.
Fərzullayev
H.M.
Respublika.-
2008.- 11 dekabr.- S.11.