Cəmiyyət əlilləri
sevindirdi
Dünya müsəlmanlarının
mənəvi birlik rəmzi olan müqəddəs Qurban
bayramı münasibətilə ölkəmizin hər yerində
geniş tədbirlər keçirildi. Bu tədbirlərdən
biri də Xətai rayonunda yerləşən "Səadət"
şadlıq sarayında Pənah Əlilləri Müdafiəsi
Cəmiyyəti tərəfindən təşkil olunmuşdur.
Bayram tədbirində
çıxış edən cəmiyyətin sədri Gülbəniz
Bayramova ilk öncə bütün əlilləri bu əlamətdar
gün münasibətilə təbrik etdi. Bildirdi ki, Pənah Əlilləri
Müdafiəsi Cəmiyyəti 1998-ci ildən fəaliyyət
göstərir. Cəmiyyətin fəaliyyətinin əsas məqsədi
əlillərin məişət və sosial problemlərinin həlli,
onların sağlamlığının qorunması, həyat
səviyyəsinin yaxşılaşdırılması istiqamətində
işlər görməkdir. Fəaliyyətə
başladığımız vaxtdan bəri əlil olan
insanlara maddi və mənəvi yardımlarımızla
yanaşı, onların digər problemlərinin həllində,
iş yerləri ilə təmin olunmalarında, müalicələrinin
vaxtlı-vaxtında aparılmasında öz köməkliklərimizi
göstərmişik. Hər il ölkəmizdə qeyd olunan
bütün bayramlarda əlillərimizə bayram süfrələri
açmış, onlara yardımlarımızı
paylamışıq.
Hazırda cəmiyyətimizin
9873 nəfər əlil üzvü vardır. Bunlardan 1000 nəfəri
regionlardan olan əlillərdir. Həmçinin cəmiyyətə
üzv olmaq istəyənlərin sayı ilbəil artır.
Biləsuvardan,
İmişlidən, Oğuz, Saatlı rayonlarından müraciət
edənlər var. Onu da qeyd edim ki, üzvlərimizdən 450 nəfəri
yataq xəstələridir ki, onların içərisində
I qrup əlillər, əmək qabiliyyətini itirmişlər
də çoxdur.
Gülbəniz xanım
çıxışında onu da bildirdi ki, Pənah Əlilləri
Müdafiəsi Cəmiyyəti 3 dekabr Beynəlxalq Əlillər
Günü münasibətilə Opera və Balet Teatrında
daha çox regiondan olan 4 minə yaxın əlillər
üçün xeyriyyə konserti də təşkil
etmişdir.
Bugünkü bayram tədbiri
isə həmin konsertdən yığılan vəsait
hesabına həyata keçirilir. Burada iştirak edən 300 nəfər
əlilə bayram süfrəsi ilə yanaşı ərzaq
yardımları da paylanacaqdır.
G.Bayramova
çıxışının sonunda ölkə
başçısına, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, millət vəkili Mehriban xanım Əliyevaya daima əlillərə,
aztəminatlı ailələrə, kimsəsiz uşaqlara
göstərdikləri diqqət və qayğıya görə
öz dərin minnətdarlığını bildirdi. Daha
sonra cəmiyyətin fəaliyyətində öz maddi və mənəvi
köməkliklərini əsirgəməyən Azərbaycan
Dövlət Neft Şirkətinin neft və qaz sənayesi
işçiləri Həmkarlar İttifaqının rəhbərliyinə,
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə,
Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sədrinə və
bütün xeyirxah insanlara öz təşəkkürünü
bildirdi.
Xətai Rayon İcra
Hakimiyyətinin, Xətai Rayon YAP-ın, Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndələrinin
iştirak etdikləri bu tədbirdə həmçinin, xalq
artisti Canəli Əkbərov, Yusif Mustafayev, Əlikram Bayramov,
aşıq Telli Borçalı və başqaları
maraqlı ifaları ilə əlilləri sevindirdilər.
Hüseynova G.
Respublika.- 2008.- 11 dekabr.- S.11.