Hacıqabul: maliyyə sıstemi müasir tələblərə cavab verir

 

Azərbaycanın regionları - kənd və şəhərlərimiz son illərdə sürətlə inkişaf edir.

Respublikanın paytaxtına yaxın olsa da, bir vaxtlar diqqəti bir elə cəlb etməyən Hacıqabul rayonu bu inkişafa parlaq misaldır. Rayon mərkəzi qısa müddət ərzində tanınmaz dərəcədə dəyişilmişdir. Şəhərin mərkəzi prospektində Avropa standartlarına, milli memarlıq üslubumuza uyğun tikilən inzibati binalar cərgələnir. Son iki ildə "Kapital Bank"-ın rayon filialı, əhalının sosial müdafiyə mərkəzi, rayon baytarlıq idarəsi bu prospektə xüsusi yaraşıq verir. Təhsil şöbəsi və Dövlət Sosial Müdafiə Fondunun rayon filialı üçün tikilməkdə olan inzibati binalarda son tamamlama işləri görülür. Hacıqabul Rayonu üzrə maliyyə şöbəsi üçün tikilib istifadəyə verilən inzibati bina xüsusi yaraşığı, estetik gözəlliyi ilə diqqəti cəlb edir. Binanın tikintisində alkapon üzlüklərdən, rəngli şüşələrdən istifadə olunmuş, milli memarlıq elementlərinə üstünlük verilmişdir. Şöbənin rəisi Vüqar İbrahimov yeni inzibati binanın rayon maliyyə işçilərinə böyük hədiyyə olduğunu dedi:

- Dövlət başçımız cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən irimiqyaslı, düşünülmüş iqtisadi islahatlar öz bəhrəsini verir. Respublikada ümümi daxili məhsulun artımı hesabına dövlət büdcəsi ildənilə geniş imkanlara malik olur. Büdcənin tərkibində sosialyönümlü xərclərlə bərabər investisiya qoyuluşu xərcləri də artır. Bu xərclərin hesabına rayon və kəndlərimiz abadlaşır, məişətimiz, iş şəraitimiz yaxşılaşır. Hacıqabul rayonunda maliyyə şöbəsi üçün belə yaraşıqlı, rahat binanın tikintisinə köməklik göstərdiyinə, maliyyə işçilərinə qayğılarını əsirgəmədiyinə görə respublika maliyyə naziri Samir Şərifova, Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarova kollektivimizin dərin təşəkkürünü bildirmək istəyirəm.

Şöbəmizin binası gördüyünüz kimi müasir üslubda tikilib. 2 mərtəbəli, 12 otaqdan ibarətdir. Binada iclas zalı, gözləmə otağı, yeməkxana, mühafizəçi otağı, ayrı-ayrı kabinetlər maliyyə işçilərinin ixtiyarındadır. Otaqlar ən müasir mebel avadanlığı və kompüterlərlə təchiz olunmuşdur. İnternetə və nazirliyin avtomatlaşdırılmış informasiya şəbəkəsinə qoşulmuşuq. Bütün bunlar isə öz fəaliyyətimizi daha da yaxşılaşdırmağa imkan verir. Rayonun 61 min əhalisi var. Yerli və mərkəzi xərclərdən maliyyələşən büdcə təşkilatlarına maliyyə xidməti bizim öhdəmizə düşür. Əmək haqlarında gecikmə yoxdur. Büdcə vəsaitinin xərclənməsində şəffaflığın təmin olunması üçün nəzarəti artırırıq. Bunun nəticəsidir ki, büdcədən maliyyələşən təşkilatlarda ciddi maliyyə pozuntuları aşkar olunmamışdır.

Respublikamızın iqtisadi inkişafını əks etdirən göstəricilər saysız-hesabsızdır. Hacıqabul rayonu da bu inkişafdan kənarda deyil. 2008-ci ildə rayon büdcəsi 7 milyon manat olmuşdur ki, bu da 2003-cü illə müqayisədə 4 dəfə artım deməkdir. Gələn il isə rayon büdcəsi 10 milyon manat təşkil edəcəkdir. İnvestisiya qoyuluşu xərcləri ilə yanaşı sosialyönümlü xərclər də ildən-ilə artır. Büdcə təşkilatlarında çalışan fəhlə və qulluqçuların əmək haqqı indi ehtiyac zənbilinin ödənilməsinə imkan yaradır. Üzümüzə gələn 2009-cu ildən əmək haqqının artımı gözlənilir. Bütün bunların hamısı dövlətimizin öz vətəndaşına qayğısının bariz nümunəsidir. Qayğıya əməli işlə cavab vermək bizim vətəndaşlıq borcumuzdur.

 

Hüseyn T.

 

Respublika.- 2008.- 11 dekabr.- S.6.