Milli təhsilimizin inkişafına əvəzsiz xidmət
Hər bir tarixi mərhələdə
cəmiyyətin tərəqqisi bilavasitə təhsilin
inkişafından, onun əhəmiyyətinin düzgün qiymətləndirilməsindən
asılı olub. Bu gün təhsilin rolu və əhəmiyyəti
qloballaşmanın getdikcə vüsət aldığı,
insan resurslarının, elm və texnologiyanın iqtisadi
inkişafda həlledici amilə çevrildiyi
çağdaş dünyamızda getdikcə artmaqdadır. Elə
bu səbəbdən BMT XXI yüzilliyi "Təhsil əsri"
elan etmişdir. Yüksək intellektə malik insan
kapitalının formalaşmasında, davamlı inkişafa zəmin
yaradan güclü iqtisadiyyatın qurulmasında təhsilin
rolu indi daha aktuallıq kəsb edir. Bu mənada
respublikamızda milli təhsilin inkişafı istiqamətində
həyata keçirilən hərtərəfli layihələrin
uğurlu nəticələrini xüsusi qeyd etmək lazımdır.
Ölkəmizdə digər sahələrlə yanaşı
milli təhsilimizin formalaşdırılması, onun beynəlxalq
səviyyəyə çatdırılması sahəsində
əldə olunan bütün nailiyyətlər məhz ümummilli
liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.
Paytaxtın Yasamal
rayonundakı Arif Hüseynzadə
adına 20 saylı məktəbliseyin direktoru Əkbər
Qocayev bizimlə söhbətində bu və ya digər məsələlərə
aydınlıq gətirərək bildirdi ki, ulu öndərimizin
1999-cu ilin iyun ayında imzaladığı sərəncamla
"Azərbaycan Respublikasının Təhsil Sahəsində
İslahat Proqramı" təsdiq edildi. Bu islahatların
mahiyyətinə uyğun olaraq ölkəmizdə yeni əsrin
yeni təhsil sisteminin yaradılması, təhsilimizin məzmununun
yeniləşdirilməsi, təhsilin maddi-texniki
bazasının möhkəmləndirilməsi, informasiya
texnologiyalarının tətbiqi istiqamətində geniş
layihələrin reallaşdırılması respublikamızda
milli təhsil sisteminin tərəqqisinə güclü təkan
verdi.
Müasir Azərbaycan
tarixinin bütöv bir qərinəsi yaddaşlarda məhz
Heydər Əliyev epoxası kimi qalacaq, həmişə məhəbbət
və ehtiramla, minnətdarlıqla yad olunacaqdır. Siyasi
tariximizə qurucu və xilaskar kimi daxil olmuş ulu öndərimiz
Azərbaycan xalqının taleyində, onun mənəvi-siyasi
və ictimai həyatında misilsiz xidmətlər göstərən
dahi bir şəxsiyyətdir. O, hakimiyyətdə olduğu
bütün dövrlərdə daim ölkəsinin
sabahını, gələcəyini
düşünmüş, əməli fəaliyyətini də
bu prinsiplər əsasında qurmuşdur. Ümummilli liderimiz
öz zəngin təcrübəsi, yüksək intellekti,
milli mədəniyyətimizə və mənəviyyatımıza
dərindən bələd olması sayəsində
ardıcıl olaraq milli tarixi siyasətimizi işləyib
hazırlamış və bütün çətinliklərə
sinə gərərək onu dönmədən həyata
keçirmişdir. Heydər Əliyev həyatının mənasını
yalnız xalqına xidmətdə görmüş,
ömrünü onun xoş, firavan gələcəyinə həsr
etməkdən şərəf duymuşdur. Qismətinə
taleyüklü problemlərin həlli kimi ağır vəzifələri
yerinə yetirmək missiyası düşən insanlar tarixdə
özlərinə əbədiyaşarlıq ömrü
qazanırlar. Tarix bu mənada Heydər Əliyev kimi
böyük şəxsiyyəti zamanın fövqünə
qaldıraraq ona ölməzlik haqqı vermişdir.
Böyük öndərimizin
həyat amalı bütün varlığı qədər
sevdiyi Azərbaycan xalqına, dövlətçiliyinə,
ölkəmizin siyasi, sosial-iqtisadi, mənəvi
inkişafına xidmət olub. Özünün dönə-dönə
vurğuladığı kimi bütün gücünü və
iradəsini yalnız müdrik və qədirbilən
xalqından alıb. Məhz bu birlik sayəsində Azərbaycan
qısa zaman kəsiyində əsrə bərabər yol
keçərək müasir dünyada özünə layiq
yerini tuta bilibdir. Ötən illər ərzində
xalqımız müstəqil Azərbaycan dövlətinin
qurucusu və memarı Heydər Əliyevin rəhbərliyi
dövründə bəyan etdiyi demokratik, hüquqi və
dünyəvi dövlətini qurub, onun Qərbin ən mütərəqqi
dəyərlərinə söykənən təsisatlarını
yaradıb. Həyatımızın bütün sahələrində
köklü dəyişikliklər baş verib, respublikamız
hərtərəfli və dinamik inkişaf mərhələsinə
qədəm qoyubdur.
Məktəb direktoru
söhbətinə davam edərək bildirdi ki, ümummilli
liderimiz tərəfindən əsası qoyulan təhsil
islahatları ölkə başçısı möhtərəm
İlham Əliyevin rəhbərliyi altında uğurla davam
etdirilir. Təhsil sahəsinin beynəlxalq standartlar səviyyəsində
qurulması dövlət siyasətinin prioritet istiqamətlərindən
biridir. Yeni məktəb binalarının tikilməsi,
mövcud təhsil müəssisələrinin əsaslı təmiri,
onların maddi-texniki təchizatının
yaxşılaşdırılması bu sahəyə daima artan
dövlət qayğısının bariz nümunəsidir. Təhsil
sahəsində perspektivli layihələrin həyata
keçirilməsində Heydər Əliyev Fondunun xidmətləri
daha böyükdür. Dövlət
başçısının sərəncamı ilə əsaslı
təmir olunan Arif Hüseynzadə adına 20 saylı məktəb-lisey
dövlət qayğısına cavab olaraq tədrisin keyfiyyətinin
yüksəldilməsi sahəsində əzmlə
çalışır. Onu da qeyd edim ki, 50 yaşı tamam
olan məktəbimizin özünəməxsus ənənələri
var və bu tədris ilinə də ciddi hazırlıq
görülmüşdür. Artıq bu
hazırlığın bəhrələri özünü
büruzə verir. Məktəbimizdə dövlətçiliyə
sədaqət, hərbi vətənpərvərlik
mövzuları daim geniş təbliğ olunur, dahi şəxsiyyətlərimizin
həyat və fəaliyyəti mütəmadi tədbirlərlə
şagirdlərimizə örnək kimi aşılanır.
"Təhsil millətin
gələcəyidir" deyən ümummilli liderimizin
anım günü ilə əlaqədar məktəbimizdə
silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə
tutulubdur. Onu da xüsusi olaraq qeyd edim ki, məhz ulu öndərə
ehtiram, məktəbin ilboyu fəaliyyətində daima təkrarlanan
vacib tədbir kimi ardıcıl gündəmdə
saxlanılır. Anım günündə bütün siniflərdə
bir dərs onun mənalı həyatına həsr
olunacaqdır. Məktəbimizdə bu günlə
bağlı divar qəzetləri təşkil olunubdur.
Xüsusi guşələr, stendlər məktəbin
görünən yerlərində yaradılıbdır. IX-XI
sinif şagirdləri arasında ən yaxşı inşa
yazısı müsabiqəsi keçirilir. Qaliblər
mükafatlandırılacaqlar. Həmin gün, eyni zamanda
tamamilə yenidən qurulan konfrans zalının
açılışı olacaqdır. Heydər Əliyev
irsinin öyrədilməsi mövzusunda konfrans keçiriləcəkdir.
Şagirdlərimizə ümummilli liderimiz Heydər Əliyev
və akademik Zərifə xanım Əliyevanın
ömür salnaməsi ilə bağlı film nümayiş
etdiriləcəkdir.
Əkbər müəllim
söhbətini yekunlaşdıraraq dedi ki, milli təhsilimizin
qurucusu Heydər Əliyevin gənclərə örnək həyat
və fəaliyyəti gələcəyin dövlət
qurucuları olan şagirdlərimizin həyat mövqeyinin
formalaşmasında əvəzsiz irsdir. Məktəb kollektivi
bu mənada nəzərdə tutulan tədbirlərin yüksək
səviyyədə yerinə yetirilməsi üçün
ciddi hazırlıq görübdür.
Kamal M.
Respublika.-
2008.- 11 dekabr.- S.7.