Soydaşlarımız vahid ideya ətrafında birləşmişlər
Biz Ukraynanın
paytaxtı qədim Kiyev şəhərində olarkən dəfələrlə
milli diasporumuzun təşəkkül tapmasında
böyük xidmətləri olan, Bakıda doğulub
boya-başa çatan, SSRİ əməkdar
idman ustası, Azərbaycanın və keçmiş
SSRİ-nin əməkdar məşqçisi, sərbəst
güləş üzrə
SSRİ və Avropa birinciliklərində 14 dəfə qalib gəlmiş,
veteranlar arasında dünya
çempionu Oleq Krapivinlə görüşümüz
olmuşdur. O, yaşadığı ölkədə Oleq
bakılı kimi məşhurlaşmışdır. Bu
genişqəlbli insanın ürəyi daim Vətənindədir,
o, həmişə bakılı olması ilə fəxr edir,
yaşadığı ölkədə Azərbaycan həqiqətlərinin
dünya xalqlarına çatdırılmasına maksimum səy
göstərir. Oleq 5 il öncə Kiyev şəhərində
diaspor fəallarının toplantısında ilk geniş
müsahibəni "Respublika" qəzetinə vermiş,
ayrı-ayrı vaxtlarda Azərbaycan televiziyasında Oleq
Krapivinlə bağlı maraqlı süjetlər efirə
getmişdir.
Ukrayna Azərbaycanlıları
Konqresinin həyata keçirdiyi elə bir tədbir olmaz ki,
orada həmyerlimiz Oleqin xidmətləri diqqəti cəlb etməsin.
O, milli diasporumuzun təşəkkül tapmasında həmişə
dəyərli təkliflər irəli sürür, öz
tövsiyələrini verir. Xüsusilə Dağlıq
Qarabağla bağlı söhbət gedəndə heç nədən
çəkinmədən Azərbaycan xalqına qarşı
zaman-zaman xəyanət toru hazırlayan erməni
daşnaklarını, habelə onların havadarlarını tənqid
edir. Vurğulayır ki, Azərbaycan çoxmillətli bir
ölkədir. Bu gün Azərbaycan ərazisinin 20 faizindən
çoxunu mənfur "qonşularımız" olan erməni
terrorçuları işğal altında saxlayır. Zaman Azərbaycanın
xeyrinə işləyir. Şübhəsiz ki, haqq-ədalət
zəfər çalacaq. Heydər Əliyev siyasi kursunun layiqli
davamçısı Prezident İlham Əliyevin titanik səyi
nəticəsində erməni tapdağında olan torpaqlar geri
qaytarılacaqdır.
Milli öndərimiz Heydər
Əliyev ayrı-ayrı vaxtlarda Kiyev şəhərində səfərdə
olarkən Oleq Krapivinlə şəxsən
görüşüb söhbət etmiş, onun Azərbaycan
diasporu ilə bağlı fəaliyyətini yüksək qiymətləndirmişdir.
Oleq ümummilli liderimiz Heydər Əliyevlə
görüşünü həyatının ən gözəl
və yaddaqalan anı hesab edir.
Məlumdur ki, bu gün
dost Ukraynada 500 mindən çox azərbaycanlı
yaşayır. Həmvətənlərimizin daha çox məskunlaşdığı
yer Kiyev şəhəridir. Kiyevdə çoxsaylı azərbaycanlı
alimlər, ziyalılar, mədəniyyət xadimləri,
tanınmış iş adamları vardır. Həmyerlilərimizin
vahid bir ideya ətrafında birləşdirilməsinə ciddi
səy göstərilir, milli diasporumuz monolit qüvvəyə
çevrilir. Qeyd etmək lazımdır ki, hazırda Ukrayna Azərbaycanlıları
Konqresi Kiyev şəhər təşkilatının sədri,
həmyerlimiz - Bakı şəhərində dünyaya
göz açmış, uşaqlıq illəri mavi Xəzərin
nəğməli sahillərində keçmiş, hər an qəlbi
Azərbaycan eşqi ilə döyünən Oleq Krapivindir. O
çalışır ki, Kiyev şəhərindəki
bütün diaspor fəalları təşkilatın ətrafında
sıx birləşsin və mütəşəkkil qüvvəyə
çevrilsin. Həmvətənlərimiz azsaylı
xalqların nümayəndələri arasında öncül
sırada getsin, azərbaycanlıların hüquqları
qorunub saxlanılsın.
UAK-ın Kiyev şəhər
təşkilatının tədbirlər planına uyğun
olaraq yaxınlarda 31 dekabr - Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü ilə bağlı geniş tədbir
keçiriləcək, 20 Yanvar, Xocalı faciəsi və Mart
qırğını ilə bağlı keçiriləcək
anım mərasimlərində videokasetlər, kitab və jurnallar
nümayiş etdiriləcəkdir.
Dünyanın müasir
demokratik inkişaf mərhələsində diasporun əhəmiyyəti
danılmazdır. Bu mənada, Ukrayna Azərbaycanlıları
Konqresi Kiyev şəhər təşkilatının fəaliyyəti
ümidvericidir. Təşkilatın ətrafında sıx birləşmək,
milli birliyə nail olmaq soydaşlarımızın strateji məqsədidir.
Onlar çalışırlar ki, dünya azərbaycanlılarının
Bakıda keçirilmiş II qurultayında qarşıya
qoyulmuş vəzifələr əməli işə
çevrilsin, dövlətimiz dünya birliyində
özünəməxsus yer tutsun.
Aslan Q.
Respublika.-
2008.- 13 dekabr.- S.5.