Qocaman Akademiyanın cavanlığı

 

Ölkəmizin texniki ali təhsil müəsisələrinin flaqmanı olan Azərbaycan Dövlət Neft Akademiyası 90 illik yubileyinə hazırlaşır. Bu münasibətlə ali məktəbin rektoru akademik Siyavuş Qarayev əməkdaşımıza onun tarixindən və XXI əsrdə qarşısında duran yeni vəzifələr barədə söhbət açır.

ADNA-nın tarixi 14 noyabr 1920-ci ildə "Bakıda Politexnik İnstitutunun yaradılması haqqında" qəbul olunmuş dekretdən başlayır. Bununla bağlı, yeni ali təhsil müəssisəsinə Bakı texniki məktəbinin binası, kitabxanası, təhsil avadanlığı, Rusiya texniki cəmiyyətinin Bakı bölməsinin kimya laboratoriyası verildi. Ali təhsil məktəbimizin birinci professorları və dosentləri o zamanlar Bakıda işləyən mühəndislər və Rusiyadan Azərbaycana göndərilmiş peşəkar müəllimlərdən ibarət oldu. ADNA-da ilk əvvəl neft-mədən, elektromexanika, mühəndis-inşaat, iqtisadiyyat və kənd təsərrüfatı fakültələri yaradıldı. 1929-cu ildən başlayaraq SSRİ iqtisadiyyatının sənayeləşdirilmə dövründə yaranmış çətinliklərə baxmayaraq, bizim ali təhsil müəssisəmiz qısa müddətdə neft sənayesi, inşaat sənayesi və nəqliyyat üçün mütəxəssislərin hazırlanması üzrə əsas rol oynadı və bununla da xalq təsərrüfatını Azərbaycanın milli mühəndis kadrları ilə təmin etdi.

1920-1969-cu illər ərzində bizim institutumuzun nailiyyətləri haqqında danışaraq qeyd etmək olar ki, o, Azərbaycanda yeni ali təhsil müəssisələrinin yaranmasında ana rolunu oynadı. Belə ki, kənd təsərrüfatı fakültəsi-1929-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun, inşaat fakültəsi-1930-cu ildə Azərbaycan İnşaat İnstitutunun, nəqliyyat, mexanika və inşaat-memarlıq fakültələri - 1952-ci ildə Azərbaycan Politexnik İnstitutunun, Sumqayıt filialı-1992-ci ildə Sumqayıt Sənaye İnstitutunun yaranmasında baza rolunu oynadılar.

ADNA-nın inkişafı və onun əldə etdiyi nailiyyətlər xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Bizim ali təhsil ocağımıza Heydər Əliyev çox hörmət və qayğı ilə yanaşırdı. Axı ali təhsilinin iki ilini o, 1939-1941-ci illərdə bizim institutumuzda alıb. Öz xatirələrində Heydər Əliyev deyirdi: "O illər burada aldığım təhsil, tərbiyə, nizam-intizam, bilik mənim gələcək həyatımda, sonrakı dövrümdə çox böyük rol oynamışdır".

Ulu öndərimizin bilavasitə göstərişi ilə hökumətin 1969-1986-cı illərdə təhsil müəssisəmizin maddi-texniki bazasının möhkəmləndirilməsinə yönəlmiş qərarları əsasında 6 mərtəbəli yeni tədris korpusunun, mehmanxana tipli iki 9 mərtəbəli yataqxana binasının, yeni idman kompleksinin tikilib istifadəyə verilməsi ümummilli liderimizin bu təhsil ocağının inkişafı ilə bağlı əvəzsiz qayğılarına canlı misaldır.

1980-ci illərin axırlarında ali məktəbimizdə 15 min, o cümlədən dünyanın 65 ölkəsindən tələbə təhsil alır, qabaqcıl kimya texnologiyaları, idarəetmənin intellektual sistemləri, texnoloji proseslərin avtomatlaşdırılması və bir neçə ayrı-ayrı sahələr üzrə elmi-tədqiqat işləri aparılırdı.

Qeyd edim ki, keçmiş ittifaqın və dünya iqtisadiyyatının neft-qaz sektorunun inkişafında ADNA-nın töhfəsi yalnız yüksək peşəkar kadrların hazırlanmasından ibarət olmayıb. Təkcə yada salmaq kifayətdir ki, bu ali məktəbdə dünyada ilk dəfə olaraq turbin qazıması, maili qazımanın nəzəri və praktiki əsasları, quyuların dərinlik nasos və kompressor üsulları ilə istismarı, neft vermənin artırılması üçün quyuya qazın vurulması, qaz-kondensat yataqlarının işlənməsi, qeyri-nyuton xassəli neft yataqlarının işlənməsi, karbohidrogenlərin oksidləşdirici dehidrogenləşməsi, doymamış karbohidrogenlərin parsial oksidləşməsi prosesləri üçün yeni katalizatorların seçilməsi, neft avadanlıqları üçün effektiv korroziya inhibitorlarının yaradılması, nüvə-maqnit karotajın müxtəlif yataqlarda tətbiqi və s. işlər görülmüşdür.

1994-cü ildə ümummilli liderimiz Heydər Əliyevin memarı olduğu Azərbaycanın neft strategiyasının həyata keçirilməsi ilə bizim ölkəmizdə 30-dan çox tanınmış beynəlxalq neft şirkəti fəaliyyətə başladı. İri regional neft-qaz layihələri Azəri-Çıraq-Günəşli, Şah Dəniz, neft boru layihəsi Bakı-Tbilisi-Ceyhan, həmçinin Cənubi Qafqaz boru kəməri Azərbaycanı XXI əsrə Xəzər regionunun və Cənubi Qafqazın ən dinamik inkişaf edən ölkəsi kimi çıxarmışdır. Bu irihəcmli layihələri həyata keçirmək üçün bizim ali məktəbin mütəxəssisləri də cəlb olunmuşlar. Məzunlarımızın dünyanın tanınmış neft şirkətlərində uğurlu fəaliyyətləri və təcrübi işləri Azərbaycan Dövlət Neft Akademiyası tərəfindən yüksək səviyyədə, dövrün tələbinə uyğun mütəxəssis hazırlığına canlı sübutdur.

1993-cü ildən başlayaraq ADNA-da həm bakalavr, həm də magistr hazırlayırıq. Bu yeni Qərb standartlarına uyğunlaşmış tədris sisteminin üstünlüyü ondadır kı, ADNA konkret lokal elm və istehsalat sahələrində işləmək üçün istiqamətləndirilmiş mütəxəssislər hazırlayır. Buna görə mühəndislik tədris müddəti azalsa da, bu pillədə təhsil alan mütəxəssislər bu və ya digər istehsalat sahəsində işləmək üçün yetəri qədər bilik əldə edirlər, nəticədə ölkənin iqtisadiyyatı müəyyən vəsait qənaət etmiş olur. Magistraturada təhsil almaq ADNA-nı bitirdikdən sonra müəllimlik fəaliyyəti ilə məşğul olmaq, elmi araşdırmalar aparmaq bu və ya digər strukturlarda yüksək inzibati vəzifə tutmağa imkan verir.

ADNA-da mütəxəssis hazırlığında 100-ə qədər elmlər doktoru, professor və 400-dən artıq elmlər namizədi, dosentin fəaliyyətini özündə cəmləyən 53 kafedra, 10 fakültə iştirak edir.

Azərbaycanın XXI əsrdə sosial-iqtisadi inkişafını hazırda dəqiq və ölçülmüş şəkildə Prezident İlham Əliyevin başçılığı ilə həyata keçirilən neft strategiyası təyin edir. Ölkəmizin dünya birliyinə inteqrasiyası ADNA-nı da zamanın növbəti tələblərinə cavab verməyə sövq edir.

Son illərdə ABŞ, Almaniya, Hollandiya, Fransa, İtaliya, Çin, Norveç, Rumıniyanın aparıcı tədris mərkəzləri ilə bir sıra beynəlxalq layihələr reallaşmışdır. Onların arasında 1999-cu ildən Corciya ştatının (ABŞ) Dövlət Universiteti ilə realizə edilmiş bakalavr və magistr hazırlıq layihəsi, həmçinin 2004-cü ildən başlayaraq Zigen (Almaniya) Universiteti ilə birgə bakalavrların yeni texnologiya üzrə hazırlanması daha məşhurdur. Bu tədris layihələri çərçivəsində təhsil ingilis dilində və kredit sistemi əsasında aparılır. Məmnunluqla qeyd edə bilərəm ki, ADNA Azərbaycanın ilk ali təhsil ocağıdır ki, Zigen Universiteti ilə məzunlara birgə diplomların verilməsi razılığına gəlmişdir.

Bundan başqa, 1999-cu ildən başlayaraq Sofiya-Antipolis (Fransa, Nitsa şəhəri) və Genuya (İtaliya) universitetləri ilə birgə "Ətraf mühit və neft sənayesi" üzrə magistr pilləsində mütəxəssis hazırlığı aparırıq. 2004-cü ildən Köln Universiteti və Heyerlen (Hollandiya) Ali Tətbiqi Məktəbi ilə birgə bakalavr hazırlığı, 2008-ci ildən başlayaraq isə "Avtomatlaşdırma və informasiya texnikası" və "Elektroenergetika" ixtisasları üzrə magistr pilləsində mütəxəssis hazırlığı həyata keçirilir. Bu tədris ilindən Köln Universiteti və Varşava Texnologiya Universiteti ilə birlikdə Qərb standartlarına uyğunlaşan tədris planları əsasında "Neft sənayesində energetika menecmenti" ixtisası üzrə magistr hazırlamağa başlamışıq.

Yuxarıda qeyd etdiyim proqramlar çərçivəsində tələbələrimizin ABŞ, Almaniya və Fransanın müvafiq universitetlərində istehsalat təcrübəsi keçməsi və yuxarı kurslarda təhsillərini davam etdirmək üçün razılaşma əldə etmişik. 2009-cu ildən başlayaraq biz ADNA-nın ən yaxşı tələbələrini Norveç Elm və Texnologiya Universitetində magistratura və aspirantura pillələrində təhsillərini davam etdirməyə göndərəcəyik.

ADNA-nın beynəlxalq əlaqələrinin genişləndirilməsi təkcə məzunlarımızın Qərb tədris standartlarına uyğun hazırlanmasında deyil, həmçinin ali məktəbimizin nüfuzunun beynəlxalq aləmdə artması ilə bağlıdır. Bu kontekstdə qeyd etmək lazımdır ki, ADNA-da hazırda 700-ə yaxın əcnəbi tələbə təhsil alır.

Bundan başqa, ADNA-da hər il beynəlxalq və milli şirkətlərin və qurumların onlarca əməkdaşı iki həftədən tutmuş bir il müddətinədək xüsusi kursların təlim proqramları əsasında öz ixtisaslarını artırırlar. Bizim tərəfimizdən onlar üçün bir sıra ixtisaslar üzrə mütəxəssislərin distansiya təliminə, bazar tələbatına uyğun, ixtisaslarının artırılmasına imkan verən metodik, proqram və texniki baza yaradılmışdır.

ADNA-nın kafedraları və elmi-tədqiqat laboratoriyaları tərəfindən Azərbaycan və digər ölkələrin iqtisadiyyatı üçün mühüm olan, 9 istiqaməti özündə birləşdirən 52 mövzu üzərində elmi-tədqiqat işləri aparılır. 2003-2008-ci illərdə bizə 130-dan çox patent verilmiş, 19 sona çatmış elmi işlənmə sənayeyə tətbiq edilmişdir. Təkcə neftin tərkibində suyun miqdarını təyin edən cihazın "Balaxanıneft" və "28 May" neft-qazçıxarma idarələrinin obyektlərində tətbiqi belə analizlərin müddətinin bir qrup laborantın həyata keçirdiyi 10-12 gündən 10-15 dəqiqəyə qədər azaldılması hesabına milyon manata qədər, istehsal edilən neft fraksiyalarının keyfiyyət göstəricilərinin optimal idarə edilməsi üçün yaradılmış öz-özünə sazlanan avtomatik idarəetmə sisteminin Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun neftin ilkin emalı qurğularında tətbiqi isə ildə 300 min manatdan artıq səmərə vermişdir. Eyni zamanda elmi nəticələrin dərhal tədris prosesinə bilavasitə tətbiq edilməsi də təmin olunmuşdur.

Məlumdur ki, ali təhsil müəssisəsinin maddi-texniki bazasının vəziyyəti onun məzunlarının hazırlıq səviyyəsini müəyyənləşdirən əsas amillərdəndir. Son illərdə biz Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, "LUKOİL", BP, "KCA Deutag", "Total", "AMEC", "McDermott", "Statoil", "İtochu", "Schlumberger" və başqa şirkətlərlə sıx əlaqələr yaratmışıq. Biz onlara kafedralarımızın texniki təchizatında, konfransların təşkilində və mətbuat fəaliyyətində bizə göstərdikləri köməyə görə minnətdarıq.

Xüsusilə qeyd etməliyəm ki, 2004-2006-cı illərdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu tərəfindən ADNA-nın binalarında əsaslı təmir işlərinin aparılması, auditoriyaların və laboratoriyaların müasir tədris və elmi-tədqiqat avadanlıqları ilə təchiz edilməsi üzrə irihəcmli işlər görülmüşdür.

Bundan başqa, bizim ölkənin müxtəlif strukturları və həmçinin beynəlxalq şirkətlər və  təşkilatları “LUKOİL”, BP, “Total”, “KCA Deutag”, “Siemens”, ARDNŞ, “Neftqazavtomat” Elmi-Tədqiqat İnstitutu, Heydər Əliyev adına BNEZ və digərləri tədrisdə ən yaxşı göstəricilərə nail olan ADNA-nın tələbələri üçün xüsusi və ya adlı təqaüdlər təsis ediblər.

ARDNŞ və "LUKOİL" prezidentlərinin 15 noyabr 2007-ci tarixdə keçirdikləri görüşündə səsləndirdikləri "Dövlət Neft Akademiyasının bütöv Qafqaz, Orta Asiya və Yaxın Şərq üçün neftçi kadrlar hazırlayan mərkəzə çevrilməsi dövrün tələbidir" fikri mütəxəssis hazırlamağımıza verilən yüksək qiymətin və müasir dövrün tələblərinə cavab verən neftçilərin gələcəkdə də bizim ali məktəbdə hazırlanacağına inamın təzahürüdür. Ümumiyyətlə, şirkətlər mütəxəssis hazırlığı məsələləri ilə daha sıx məşğul olmalıdırlar. Yaxşı neftçini, qazmaçını, kəşfiyyatçını ancaq birlikdə hazırlamaq mümkündür. Müəssisənin ali məktəblə müəyyən olunmuş müqaviləsi olduqda, onda biz birlikdə istehsalat təcrübəsi, tədris planına əlavə fənn və bölmələrin daxil edilməsi, kurs və buraxılış işlərinin mövzularının seçilməsi barədə məsələləri düzgün həll edə bilərik. Digər tərəfdən, əgər şirkətlər həqiqətən mütəxəssis qəbul etmək istəyirlərsə, onlar sabah bu ali məktəbdə kimlər dərs deyəcəklər sualı barədə bu gün düşünməlidirlər.

Avropa və Asiyada ilk neft ali məktəbi kimi yaranmış ADNA hazırda da gözəl ənənələrini davam və inkişaf etdirir. Yüksək peşəkarlıq keyfiyyətlərinə malik professor-müəllim heyəti, Avropa təhsil məkanına inteqrasiya istiqamətində görülən məqsədyönlü işlər, tədris planlarının Qərb standartlarına uyğunlaşdırılması, tədris prosesinə müasir texnologiyaların tətbiq edilməsi ADNA-da yüksək keyfiyyətli mütəxəssis hazırlığına zəmanət verir. 2007-ci ildə Avropa standartlarına cavab verən yüksək səviyyəli və keyfiyyətli tədrisə nail olması ilə əlaqədar ADNA-nın "Avropa keyfiyyəti" medalı ilə tətif olunmasını bu işlərin nəticəsi kimi qiymətləndirmək olar.

 

Respublika.- 2008.- 13 dekabr.- S.6.