Biz Avropa Şurası ilə Azərbaycan arasında
mövcud olan əməkdaşlıqdan razıyıq
Bakıda Avropa
Şurasının təşəbbüsü ilə
keçirilmiş "Mədəniyyətlərarası dialoq
Avropa və onun qonşu regionlarında davamlı
inkişafın və sülhün əsasıdır"
mövzusunda konfransın ölkəmizin imicinin yüksəlməsində
böyük əhəmiyyəti oldu. Konfransın məhz
Bakıda baş tutması o demək idi ki, Azərbaycan dini
tolerantlıq, milli və etnik tolerantlıq baxımından
böyük nailiyyətlər qazanmış, dünya və
Avropa dövlətləri arasında nümunə kimi
tanınmışdır. Ölkəmizdə dinindən, milli
mənsubiyyətindən, irqindən asılı olmayaraq
bütün xalqların nümayəndələri mehriban
dostluq və qardaşlıq şəraitində
yaşayırlar.
Konfransın Bakıda
keçirilməsinin bizim üçün önəmli
hallarından biri də orada Avropa Şurasının
üzvü olan, Avropa Mədəniyyət Konvensiyasını
imzalamış dövlətlərin, Avropanın qonşu
regionlarını təmsil edən 10 ölkənin, Ərəb
Dövlətləri Liqası ölkələrinin Elm, Mədəniyyət
və Təhsil Təşkilatının yüksək vəzifəli
şəxslərinin, müxtəlif fondların və QHT-lərin
təmsilçilərinin, 16 nazirin, 18 nazir müavininin, 10
nüfuzlu beynəlxalq təşkilatın nümayədələrinin,
ümumilikdə isə 250 nəfərdən çox nümayəndənin
iştirak etməsi idi.
Konfransda
çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev
bildirdi ki, "...Azərbaycan səkkiz ilə yaxındır
ki, Avropa Şurasının üzvüdür.
Bu dövr ərzində
ölkəmizdə gedən siyasi və iqtisadi islahatlar. Avropa
Şurası qarşısında götürdüyü
öhdəliklərin yerinə yetirilməsi nəticəsində
Azərbaycan demokratik inkişaf baxımından çox
sürətlə irəli getmişdir. Ölkədə aparılan
siyasi və iqtisadi islahatlar, qanunun aliliyinin bərqərar
olunması, Azərbaycanda mütərəqqi təcrübənin
tətbiq edilməsi - bütün bunlar son illər ərzində
baş vermiş mühüm hadisələrdir. Biz Avropa
Şurası ilə Azərbaycan arasında mövcud olan əməkdaşlıqdan
çox razıyıq. Əminəm ki, bu əməkdaşlıq
gələcəkdə uğurla davam etdiriləcək və
bizə əlavə imkanlar yaradacaqdır".
Azərbaycanın
dünya və Avropa ölkələri arasında dini, milli və
etnik tolerantlıq baxımından nümunəyə
çevrilməsinin əsasları var. Xüsusi qeyd edilməlidir
ki, son illər dövlətimizin rəhbəri İlham Əliyev
ölkəmizdə mədəniyyət və turizm sahələrinin
inkişafı və dünya miqyasında təbliği
üçün yüzdən çox sərəncam və fərman
verib. Son dörd il ərzində bu istiqamətdə 71 beynəlxalq
saziş və konvensiya imzalanıb. Fərəh hissi ilə
deməliyik ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri, millət vəkili
Mehriban xanım Əliyeva maddi-mənəvi və mədəni
irsimizin qorunması və dünyada təbliğ olunması
sahəsində təqdirəlayiq fəaliyyət göstərir.
Dövlətimizin rəhbərinin
və Heydər Əliyev Fondunun apardıqları məqsədyönlü
fəaliyyətin nəticəsidir ki, Azərbaycan mədəniyyəti
dünya mədəniyyətinin, habelə onun tərkib hissəsi
olan İslam mədəniyyətinin
daşıyıcılarından biri olduğuna görə
Bakı şəhəri 2009-cu il üçün
"İslam mədəniyyətinin paytaxtı" elan
edilmişdir. Ona görə də Avropa Şurasının
üzvü olan dövlətlərin mədəniyyət nazirlərinin
Bakı konfransı nəinki Azərbaycanın və Qərbin,
eyni zamanda Şərqin mədəni həyatında çox
mühüm hadisə sayılır. Konfransda belə bir fikir də
vurğulandı ki, Azərbaycanın yürütdüyü
siyasətdə mədəniyyətlərarası dialoq
böyük önəm kəsb edir və ölkə
başçısının təşəbbüsü və
rəhbərliyi altında həyata keçirilən tədbirlər
həm ölkəmizin daxilində, həm beynəlxalq aləmdə
dialoqun səmərəli inkişafına böyük töhfələr
vermişdir. Məhz bu konfrans müxtəlif xalqlar və
dövlətlər arasında dialoqu daha da möhkəmləndirməyə
və daha da inkişaf etdirməyə yönəldilmiş fəaliyyətin
uğurlu nəticəsidir. Bununla bərabər ölkəmizin
tarixi, coğrafi vəziyyəti və müxtəlif
nüfuzlu beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq
etməsi bizim imkanlarımızı xeyli dərəcədə
artırır.
Tədbir
iştirakçılarına iqtisadi və siyasi sahələrdə
qazanılan uğurlar barədə geniş məlumat verən
Prezident İlham Əliyev bildirdi ki, "Azərbaycan xalqı
rahat yaşayır, təhlükəsiz, sülh şəraitində
yaşayır. Azərbaycanda vətəndaş cəmiyyətinin
formalaşması və möhkəmlənməsi istiqamətində
çox önəmli addımlar atılmışdır.
Ölkəmizdə əsas inkişaf istiqamətləri ilə
əlaqədar fikir ayrılıqları yoxdur, əksinə,
bizim cəmiyyətimiz ümumxalq amalları ətrafında
birləşibdir: Azərbaycançılıq fəlsəfəsi,
müasirlik, öz tarixi köklərimizə, ənənələrimizə
bağlılıq. Eyni zamanda, Azərbaycan dünyəvi
dövlətdir. Azərbaycanda bütün dinlərin nümayəndələrinə
çox böyük hörmət vardır. Yəni bizim
ölkəmizi bu gün ictimai-siyasi baxımdan şərtləndirən
amillər bunlardır".
Konfransın
keçirildiyi "Gülüstan" sarayının foyesində
təşkil olunmuş sərgidə ölkəmizin qədim
və zəngin mədəniyyəti barədə kifayət qədər
dolğun təsəvvür formalaşdıran eksponatlar iştirakçılarda
ölkəmizə olan marağın xeyli artmasına səbəb
oldu. Xüsusilə ümummilli liderimiz Heydər Əliyevin və
Prezident İlham Əliyevin mədəniyyət və incəsənət
sahələrinə göstərdikləri diqqət və
qayğını əks etdirən fotoşəkillər
qonaqlarda böyük maraq doğurdu.
İlyasov V.
Respublika.-
2008.- 14 dekabr.- S.1-2.