Sosial müdafiə sistemi müasir standartlara uyğunlaşdırılır

 

Bu sahədə həyata keçirilən islahatların Beynəlxalq təşkilatlar tərəfindən keçid dövrü ölkələri üçün örnək olduğu qeyd edilir

Bir zamanlar dünyada, xüsusilə də keçmiş Sovetlər Birliyinin sosial müdafiə sistemində həmrəylik prinsipi aparıcı sistem idi. Bu sistemə əsasan, cavan qocanı, sağlam əlili, işləyən işləməyəni dolandırırdı. Lakin illər keçdikcə, bu sistem aktuallığını itirdi. Dünyada bazar münasibətlərinə keçidlə bir vaxtda həmrəylik prinsipi də öz qüvvəsini itirməyə başladı. Demoqrafik göstəricilərin dəyişməsi isə bu prosesə təkan verdi. Bu münasibətlərin inkişafı zamanı sığorta-pensiya sistemlərinin formalaşdırılması və əhalinin sosial müdafiəsinin bu əsasla qurulması ən aktual məsələlərdən birinə çevrildi. Nəticədə, dünyanın pensiya sistemləri çox ciddi maliyyə problemləri ilə üzləşməyə və belə bir zamanda da fərdi uçot sistemi formalaşmağa başladı.

Azərbaycan hökuməti fərdi uçot sisteminə keçərkən dünya təcrübələri ilə yaxından tanış oldu. Bu sahədə beynəlxalq təcrübə fərdi uçot sisteminə söykənən sığorta-pensiya sistemi idi. Fərdi uçot əsasında sosial-sığorta münasibətlərini qurarkən vaxtilə Polşa, Rusiya təcrübələrindən yararlanan Azərbaycan artıq sosial müdafiə sistemi islahatının elə mərhələlərini tətbiq edib ki, adı çəkilən ölkələr bizimlə əməkdaşlığın davamında maraqlıdırlar. Dünya Bankı da Azərbaycanın keçid dövrü ölkələri üçün örnək olduğunu vurğulayır.

Dövlət Sosial Müdafiə Fondunun məlumatına görə, artıq Azərbaycanda sığorta-pensiya və sosial yardım sistemlərinin bir-birindən ayrılması, pensiyaların təyini, fərdi uçotun aparılması və sosial sığorta münasibətlərinin vahid icra orqanı tərəfindən həyata keçirilməsi təmin edilib, ölkədə sosial sığorta münasibətlərinə əsaslanan 3 pilləli əmək pensiyaları sistemi fəaliyyətə başlayıb. Bu sistemin başlıca üstünlüyü hər bir vətəndaşın hələ aktiv əmək fəaliyyəti dövründə öz gələcək pensiya məbləğinə təsir edə bilməsidir.

Onu da əlavə edək ki, əmək pensiyaları 3 hissədən baza, sığorta, yığım hissələrindən ibarətdir.

Hazırda ölkəmizdə baza və sığorta hissəsi uğurla tətbiq olunur. Baza hissəsi dövlət tərəfindən mütləq rəqəmlə müəyyən edilir, sığorta hissəsi fərdi hesabda toplanan sosial sığorta kapitalına uyğun hesablanır. Yığım hissəsinin tətbiqi isə qarşıda duran əsas hədəflərdəndir.

Görülən işlərin nəticəsi olaraq, bu gun fərdi uçot sistemində fərdi şəxsi hesabı olan vətəndaşların sayı 1,5 milyon nəfərə çatmaqdadır. Təqdirəlayiq haldır ki, bu siyahıda artıq pensiyaya çıxmaq üzrə olan insanlarla yanaşı, orta nəsil nümayəndələrinin, eləcə də gənclərin sayı da az deyil. Məsələn, təkcə 30 yaşa kimi sığorta olunan vətəndaşların sayı 350 min nəfərdən çoxdur.

Digər sahələrdə olduğu kimi, pensiya islahatlarında da Azərbaycan Avropaya inteqrasiya siyasətini həyata keçirir və bu istiqamətdə artıq mühüm uğurlara imza atıb. Bu baxımdan Dövlət Sosial Müdafiə Fondu yalnız Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın da gələcək pensiya təminatı ilə bağlı məsələləri həll etməkdədir. Və müstəqilliyini yeni qazanmış bir ölkə kimi Azərbaycan bütün strukturlarının fəaliyyətini dünyada mövcud olan standartlara uyğunlaşdırmağı vacib bilir. Çünki məhz bununla pensiya sığorta sistemi müasir standartlara uyğunlaşa, həm ölkə hüdudları çərçivəsində fəaliyyət göstərən vətəndaşlarımızın, həm dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın, həm də Azərbaycanda çalışan əcnəbilərin gələcək pensiya təminatları məsələsi öz həllini tamamilə tapar.

 

Kamal M.

 

Respublika.- 2008.- 14 dekabr.- S.5.