Azərbaycan lobbisi formalaşır

 

Bu gün xarici ölkələrdə yaşayan azərbaycanlıların sürətlə təşkilatlanması prosesi müşahidə edilməkdədir. Azərbaycan Respublikası bu prosesə dəstək verir və onu daha da təkmilləşdirməyə, soydaşlarımızın diaspor quruculuğu sahəsində fəaliyyətini koordinasiya etməyə çalışır. Azərbaycan Respublikasının diaspor quruculuğu sahəsindəki dövtət siyasətinin başlıca qayəsi ümummilli lider Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyasının fundamental prinsiplərini həyata keçirməkdən ibarətdir. Dünya azərbaycanlılarının 2001-ci ilin noyabrında Bakıda keçirilən I qurultayından sonra bu strategiyanın həyata keçirilməsi istiqamətində mühüm addımlar atılmış, həmvətənlərimizin təşkilatlanması, azərbaycançılıq ideyalarının gerçəkləşdirilməsi üçün bir çox problemlərin həllinə nail olunmuşdur.

Hazırda dünyanın əksər ölkələrində 300-ə yaxın Azərbaycan icma və birlikləri fəaliyyət göstərir və diasporumuzun təşkilatlanması prosesi bu gün də davam etməkdədir.

İndi harada yaşamasından asılı olmayaraq, bütün soydaşlarımız tarixi Vətənlə sıx əlaqələr qurmağa çalışır, ölkəmizin iqtisadi və siyasi həyatı haqqında həqiqətləri dünya ictimaiyyətinə obyektiv şəkildə çatdırmaqda əllərindən gələni əsirgəmirlər.

Tarixi Vətənimiz Azərbaycanın hüdudlarından kənarda məskunlaşmış milyonlarla soydaşımızın vahid bir amal ətrafında birləşdirilməsi istiqamətində indiyədək əldə olunmuş bütün nailiyyətlər milli öndərimiz Heydər Əliyevin adı və məqsədyönlü fəaliyyəti ilə bağlıdır. Bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, onun müəyyənləşdirdiyi inkişaf strategiyasını uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev diasporumuzun formalaşdırılması sahəsində nailiyyətləri yeni inkişaf mərhələsinə qaldıraraq daim diqqət mərkəzində saxlayır.

Prezident İlham Əliyev soydaşlarımızın tarixi Vətənin ümumi mənafeləri çərçivəsində həmrəyliyinin təmin olunmasına, milli maraqlarımızın qorunmasında diasporun imkanlarından daha səmərəli istifadə edilməsinə istiqamətlənmiş siyasət yeritməkdədir. Ölkə başçısı əksər xarici səfərlərində Azərbaycan diasporunun nümayəndələri ilə görüşür, onları narahat edən problemlərlə maraqlanır və dəyərli tövsiyələrini verir.

Vurğulamaq lazımdır ki, Azərbaycan dövləti dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının hüquqlarını müdafiə etməyi, soydaşlarımızın problem və qayğılarının həllinə yardım göstərməyi özünün prioritet vəzifələrindən biri hesab edir. 2006-cı il martın 16-da Bakıda dünya azərbaycanlılarının II qurultayının keçirilməsi diaspor quruculuğu tarixində yeni bir mərhələnin əsasını qoymuşdur.

Son dövrlərdə Azərbaycan və türk icmaları arasında getdikcə inkişaf etməkdə olan əməkdaşlıq əlaqələri güclü Azərbaycan lobbisinin formalaşdırılması üçün zəmin rolunu oynayacaqdır. Müasir dünyanın reallıqlarına əsaslanaraq tam məsuliyyətlə demək olar ki, hazırkı şəraitdə Azərbaycan və türk diaspor təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi, onlar arasında əməkdaşlığın inkişafı hər iki xalqın maraqlarına xidmət edir.

Türkiyə və Azərbaycanın milli mənafeləri, dövlət maraqları, tarixin sınaqlarından çıxmış dostluq telləri iki xalqın diasporlarının sıx əməkdaşlığını, taleyüklü məsələlərin həllində birgə fəaliyyətini zərurətə çevirmişdir. Təqdirəlayiq haldır ki, bu gün Azərbaycan və türk diaspor təşkilatları bir çox məsələlərdə ortaq mövqedən çıxış edirlər, bir tərəfin tədbirləri digər tərəfdən dəstəklənir.

Milli birliyin təmin olunması, dünya azərbaycanlılarının vahid milli mənafe ətrafında sıx birləşməsində Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurası məqsədyönlü iş aparır, müxtəlif ölkələrdə məskunlaşmış həmvətənlərimizin bir bayraq altında birləşmiş monolit qüvvəyə çevrilməsinə maksimum səy göstərilir. Qeyd etmək lazımdır ki, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurası dünya azərbaycanlılarının Bakıda keçirilən I qurultayında yaradılmışdır və şuranın 109 üzvü vardır.

Dekabrın 18-də Bakıda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının iclası keçiriləcəkdir. Diaspor ilə İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə təşkil olunan tədbirdə dünya azərbaycanlılarının II qurultayının qətnaməsinə uyğun olaraq qurultaydan sonra keçən dövr ərzində görülmüş işlərlə bağlı müzakirələr aparılacaq, bundan sonrakı mərhələdə qarşıda duran vəzifələr müəyyənləşdiriləcək, tədbir çərçivəsində, Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyasının təbliği, lobbi quruculuğu, soydaşlarımızın yaşadıqları ölkələrdə cəmiyyətə inteqrasiyası, ictimai-siyasi proseslərdə daha fəal iştirakının təmin olunması ilə bağlı bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılacaqdır.

Sənədin hazırlanmasına 20-dək alim cəlb olunmuşdur. Sənədin məqsədi xarici ölkələrdə yaşayan azərbaycanlılar arasında siyasi-iqtisadi, sosial-mənəvi birliyi Azərbaycan dövlətçiliyi və xalqının mənafeyini əks etdirən prinsiplər ətrafında formalaşdıran, diasporumuzun qarşısında duran tarixi vəzifələri özündə əks etdirən, azərbaycançılıq ideologiyasına əsaslanan vahid konsepsiyanın hazırlanmasıdır. Bu sənəd həmçinin həmvətənlərimizin məskunlaşdıqları ölkələrdə əsas hüquq və azadlıqlarının yerli qanunvericilik, xüsusilə beynəlxalq hüquq normaları çərçivəsində təmin edilməsinin prinsip və mexanizmlərini müəyyənləşdirəcək. Azərbaycanlıların ictimai-siyasi fəallığının yüksəldilməsi, cəmiyyətə inteqrasiya prosesində qarşıya çıxan problemlərin aradan qaldırılması, milli-mənəvi dəyərlərin qorunub saxlanılması və təbliği metodologiyasını müəyyən etmək də xartiyanın məqsədləri sırasına daxildir.

Həmrəylik Xartiyası xarici ölkələrdə yaşayan həmvətənlərimizin Azərbaycan dövlətçiliyi və tarixi Vətənin milli maraqları ətrafında daha sıx birliyinə nail olunmasını, diasporumuzun digər xalqların diasporları ilə əməkdaşlıq imkanlarının genişləndirilməsini, gələcəkdə güclü Azərbaycan lobbisinin formalaşdırılması üçün real zəminin hazırlanmasını tənzimləyəcək.

Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyasında xarici ölkələrdəki Azərbaycan diasporunun ayrı-ayrı regionlar üzrə fəaliyyətinin əsas istiqamətləri də əksini tapacaq. Həmçinin azərbaycanlılara qarşı ermənilərin törətdiyi terror və soyqırımı aktları, uydurma, saxta "erməni soyqırımı" iddialarının iflası ilə bağlı xarici ölkələrdə yaşayan soydaşlarımızın üzərinə düşən vəzifələr müəyyənləşdiriləcəkdir.

 

Aslan Q.

 

Respublika.- 2008.- 16 dekabr.- S. 3.