Məcburi sosial sığorta ödəmələri
pensiya məbləğinə təsir edir
Fərdi uçot sisteminin məqsədi hamını
sosial sığorta haqlarını ödəməkdə
maraqlı olmağa dəvət etməkdir
Sığorta-pensiya
sistemlərinin formalaşdırılması və əhalinin
sosial müdafiəsinin bu əsasla qurulması daim ən aktual
məsələlərdən hesab olunub. Bütün dövlətlər
illər boyu bunun ən effektiv metodunu tapmaq istəyiblər. Bu
proses daim təkmilləşdirilib, onun maliyyə
dayaqlarının möhkəmləndirilməsi və hər
bir iştirakçının fəal iştirakının təmin
edilməsinin yolları axtarılıb.
Dünya miqyasında bu
münasibətlərin tam formalaşması son illərə təsadüf
edir. Ötən əsrin 70-ci illərinədək dünyada həmrəylik
sistemi daha çox tətbiq olunurdu. Həmrəylik sisteminə
əsasən, bütün işləyənlər sosial
sığorta haqları ödəyirdilər. Müəyyən
sosial risklərlə üzləşənlər isə həmin
ödəmələr hesabına pensiya və müavinətlər
şəklində ödənişlər alırdılar.
Lakin bu proses hər bir ölkədəki dernoqrafik vəziyyət
imkan verənədək davam etdi. Həmin illərdə Avropa
tədqiqatçılarının apardığı
hesablamalar kifayət qədər ciddi nəticələr ortaya
qoydu. Bu, ən çox qlobal yaşlanma və doğumun tədricən
azalması ilə bağlı idi. İnkişaf etmiş
ölkələrdə həyat səviyyəsindən
asılı olaraq insanların ömrü uzanır. Paralel
olaraq doğum göstəriciləri aşağı düşür.
Biryandan əmək bazarından ayrılan
pensiyaçıların sayı artır, digər tərəfdən
bu insanları maliyyələşdirəcək gənc
işçi qüvvəsinin sayı azalır. Məhz bu nisbət
həmrəylik sisteminin səmərəsizləşib
qüvvəsini itirməsinə səbəb oldu.
Dünyanın pensiya sistemləri çox ciddi maliyyə
problemləri ilə üzləşməyə başladı.
Belə olduğu halda,
sığorta olunanların fərdi uçot sistemi meydana gəldi.
Bu sistemdə hər bir şəxsə fərdi hesab
açılır və təbii ki, hər şəxs öz
sığortalanmasında maraqlı olur. Bir sözlə, hər
bir şəxs ödədiyi sosial sığorta məbləğinə
uyğun pensiya alır. Bizim ölkədə də 2006-cı
ildən bu qabaqcıl dünya təcrübəsinə əsaslanan
sığorta-pensiya sistemi quruldu.
Bəs, məcburi
dövlət sosial sığortasının obyektləri kimlərdir
və sosial sığorta haqları hansı hədlərdə
müəyyənləşdirilib?
DSMF-nin məlumatına
görə Azərbaycanda hazırda əməyin ödənişi
fondundan işə götürən 22 faiz, işçilər
isə onlara çatan əmək haqqının 3 faizi
miqdarında (ümumilikdə 25 faiz) sosial sığorta
haqqı ödəyirlər. Bu, muzdla çalışan
işçilərə aiddir. Sahibkarlıq fəaliyyəti ilə
məşğul olan, kənd təsərrüfatına
yararlı torpaqların pay mülkiyyətçiləri və
digər qruplar üçün sosial sığorta dərəcələri
ayrı-ayrılıqda müəyyən olunub. Məsələn,
Bakı şəhərində ticarət və tikinti sahələrində
sahibkarlıq fəaliyyəti ilə məşğul olan
fiziki şəxslər ölkə üzrə müəyyən
olunmuş minimum əmək haqqının 50 faizi məbləğində
sosial sığorta haqqı ödəyirlər. Göstərilən
kateqoriyadan olan şəxslərin ödədiyi məcburi
sosial sığorta haqları isə Sumqayıt və Gəncədə
bunun 90 faizi, digər şəhər və qəsəbələrdə
60 faizi, kənd yerlərində 50 faizi məbləğindədir.
Bu üsulun tətbiqi həm
dövlətin, həm də əhalinin marağındadır.
Çünki məhz bu sistem etibarlı və uzunmüddətli
stabil sosial müdafiə sisteminin qurulmasına xidmət edir. Əhali
son nəticədə sosial risklərdən daha etibarlı
sığortalanır. Hər bir şəxsə fərdi hesab
açılır, ödənən sosial sığorta
haqları bu hesabda uçota alınır və gələcək
ödənişlər bu uçot məlumatlarına əsasən
gerçəkləşdirilir. Bu gün artıq Azərbaycanda
belə bir sistem qurulub.
Lakin sosial sığorta
haqlarının ödənilməsindən yayınma
halları hələ də var. Yeni sistemin məqsədi isə
hər bir kəsi sosial sığorta haqlarını ödəməkdə
maraqlı olmağa dəvət etməkdir. Yəni inzibati nəzarət
üsulu ictimai nəzarətlə əvəz
olunmalıdır. Bu baxımdan fərdi uçot sistemi əvəzsizdir.
Bütün işləyənlər başa düşməlidirlər
ki, onların bəlli bir hesabı var. İşəgötürən
də, işçi də sosial sığorta haqlarını
vaxtlı-vaxtında ödəsə, həmin hesabda daha
çox məbləğ toplanacaq.
Kamal M.
Respublika.-
2008.- 16 dekabr.- S.3.