Görkəmli filosof alim

Akademik Heydər Hüseynov – 100

 

XX əsr Azərbaycan mədəniyyətinin yetirdiyi ən böyük simalardan biri-42 yaşında faciəli surətdə dünyasını dəyişmiş akademik Heydər Hüseynovdur.

Heydər Hacı Nəcəf oğlu Hüseynov 1908-ci il aprel ayının 3-də İrəvanın Təpəbaşı məhəlləsində anadan olmuşdur. Onlar əsil-nəsillikcə bu torpaqdan idi. Böyük filosofun atası Hacı Nəcəf Kərbəlayı Hacı Hüseyn oğlu da 1867-ci ildə İrəvan şəhərində dünyaya göz açmışdı. Onun həyat yoldaşı Məşədi Gülsüm xanım çox ağıllı, mərifətli, geniş dünyagörüşə malik qadın idi. O, həyat yoldaşı Hacı Nəcəflə bir sıra Şərq ölkələrində, xüsusilə dini mərkəzlərdə olmuşdu. Bu dövrdə İrəvan özünün qaynar çağlarını keçirirdi. Şəhərdə Mirzə Hüseyn Ağa, Fars Abbas adı ilə tanınan Abbas Məmmədzadə kimi alimlər, İ.Muğanlinski, C.Məmmədzadə, H.Nərimanbəyov kimi pedaqoqlar, Mir Abbas və Mir Bağır Mirbabayev qardaşları, Mirzə Cabbar bəy Qazıyev, Ağa xan Erivanski, Mir Cəfər Mir Bağır oğlu, İsmayıl bəy Şəfibəyov kimi elmin, mədəniyyətin qədrini bilən işıqlı dövlət xadimləri yaşayırdı.

Hacı Nəcəfin Hacı Ələsgər adlı yeganə qardaşı da İrəvanda Təpəbaşı məhəlləsində özünə ocaq qurmuşdu. İkimərtəbəli evləri vardı.

Hacı Nəcəf çox erkən 1909-cu ildə vəfat edir və ailənin bütün ağırlığı Gülsüm xanımın üstünə düşür.

1918-ci ilə qədər bu ailə İrəvanda yaşayır. Ermənilərin milli ixtilaf törətməsi nəticəsində ailənin böyük oğlu Yusif öldürüldükdən sonra, ailəliklə bir il Batumi və Stavropolda qalıb, nəhayət 1920-ci ildə Bakıya köçürlər. O, Bakıda 18 nömrəli məktəbdə təhsilini davam etdirir. 1931-ci ildə Azərbaycan Ensiklopediyası Nəşriyyatı Komitəsində elmi işçi (1936), orda elmi katib (1937) işləyir. 1938-ci ildə H.Hüseynov Ensiklopediya və Lüğətlər İnstitutunun direktoru təyin edilir. Onun "M.F.Axundovun fəlsəfi görüşləri" kitabı çapdan çıxır.

1939-cu il alim üçün daha uğurlu olur. O, həmin ildə Tbilisi Dövlət Universitetinin Elmi Şurasında M.F.Axundovun fəlsəfi irsinə həsr etdiyi dissertasiyanı müdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsini alır. "Dialektik materializm", "Dialektika və metafizika", "Rusca-Azərbaycanca lüğət" kitabları nəşr olunur. Həm də dialektik və tarixi materializm kafedrasının dosenti seçilir.

H.Hüseynov 1940-cı ildə "Şərəf nişanı" ordeninə layiq görülür. SSRİ EA Azərbaycan Filialının sədr müavini, 1944-cü ildən isə sədri olur. Həmin ildə fəlsəfə elmləri doktoru elmi adını alan görkəmli filosof, bir il sonra Azərbaycan EA Akademiyasının ilk həqiqi üzvlərindən biri idi. Bu illərdə məhsuldar alimin "Axundovun fəlsəfi baxışları" (1942), "Vətənpərvər şair Səməd Vurğun" (1942), "Azərbaycan ziyalıları Vətən müharibəsi günlərində" (1944), "Ədəbi qeydlər" (1945) və digər kitabları nəşr edilir. O, həm də "Müxtəsər Azərbaycan ədəbiyyatı" tarixinin (l-ll c, 1943-44) redaktorlarından biri idi.

Bu dövr H.Hüseynov yaradıcılığının ən yüksək zirvəsi M.Mirbabayev və Ə.Orucovla birlikdə tərtib etdiyi o zamana qədər keçmiş SSRİ-də ən möhtəşəm lüğət 4 cildlik "Rusca-Azərbaycanca tam lüğət" (1940-46) kitabıdır. Hələ lüğətin 4-cü cildi çapdan çıxmamış 1943-cü ildə akademik İ.M.Meşşaninov onu "rus milli lüğətləri içərisində ən böyüyü" adlandırır və Azərbaycan alimlərinin əməyini yüksək qiymətləndirir.

1948-ci ildə “Rusca-Azərbaycanca lüğətin”in müəllifləri akademik H.Hüseynov, Akademiyanın Dil İnstitutunun direktoru M.Mirbabayev, institutun lüğət və terminologiya şöbəsinin müdiri Ə.Orucov Stalin mükafatına layiq görülürlər.

1948-ci il may ayının 31-də Akademiyanın iclas salonunda mükafatların verilməsi münasibətilə mitinq keçirilir. Mitinqi giriş sözü ilə açan Akademiyanın prezidenti Y.Məmmədəliyev Stalin mükafatını Azərbaycan elminə verilən qiymət kimi dəyərləndirir. Bir sıra alimlər-iqtisadçı H.Dadaşov, tarixçi V.Leviatov, Nizami adına Ədəbiyyat İnstitutunun o zamankı direktoru M. Arif laureatları təbrik edirlər. Laureatlar adından akademik H.Hüseynov cavab nitqi söyləyir. Azərbaycan EA-nın o vaxtkı akademik-katibi Ə.Yaqubov və filologiya elmləri doktoru M.Şirəliyev isə "Bakinski raboçi" qəzetinin 1 iyun 1948-ci il tarixli nömrəsində "Azərbaycan filoloqlarının qiymətli işi" adlı məqaləsində laureatları təbrik etməklə yanaşı, həm də lüğətin nə qədər böyük zəhmətlə başa gəldiyindən söhbət açır. Məqalədən aydın olur ki, 250 çap vərəqinə yaxın, 100 min sözdən ibarət olan bu fundamental iş 1937-ci ildən başlanılmış, 1946-cı ildə sona çatdırılmışdır. Mükafatın alınması münasibətilə müxtəlif yerlərdən və elm adamlarından teleqramlar alınmışdı. Onlardan birini xüsusilə qeyd etmək yerinə düşər: "Bakı, Azərbaycan SSR Elmlər Akademiyası, H.Hüseynova. - Sizi elmi işinizin yüksək qiymət-ləndirilməsi münasibətilə təbrik edirəm, sizə yeni-yeni müvəffəqiyyətlər arzulayıram.

SSRİ Elmlər Akademiyasının prezidenti, akademik VAVİLOV".

Bu təbrik H.Hüseynovun elm aləmindəki nüfuzunu təsdiq edirdi. Əlbəttə, 40-cı illərdə Azərbaycanda bu qədər gənc ikən belə tutarlı mövqe qazanmaq heç də asan iş deyildi. Çünki həmin dövrdə respublikanın elm və mədəni aləmində M.Topçubaşov, Y.Məmmədəliyev, Ü.Hacıbəyov, Səməd Vurğun kimi dünya şöhrətli şəxslər fəaliyyət göstərirdilər. Şübhəsiz ki, H.Hüseynov son dərəcə fitri istedadı və hədsiz zəhmətkeşliyi sayəsində bu məşhur korifeylərin arasında özünə yer tapmışdır. Bu yorulmaz alim uzun illər dörd böyük vəzifə aparmışdı. O, həm Azərbaycan SSR EA-nın vitse-prezidenti, həm akademiyanın ictimai elmlər şöbəsinin müdiri, həm ADU-nun fəlsəfə kafedrasının müdiri, həm də Azərbaycan Partiya Tarixi İnstitutunun direktoru və bununla yanaşı, Azərbaycan SSR Ali Sovetinin və Bakı şəhər Zəhmətkeş Deputatları Sovetinin deputatı idi. H.Hüseynov 1946-cı ildə "Nizaminin ictimai görüşləri", 1950-ci ildə "Görkəmli Azərbaycan alimi A.Bakıxanov" və "Azərbaycanda XIX əsr ictimai və fəlsəfi fikir tarixindən" kitablarını nəşr etdirir.

1950-ci il 12 mart tarixli "Ədəbiyyat" qəzetində 1949-cu il Ədəbiyyat və incəsənət üzrə Stalin mükafatı laureatını alanların siyahısı verilmişdir. Onların arasında akademik Heydər Hüseynovun da adı vardır-"Azərbaycanda XIX əsr ictimai və fəlsəfi fikir tarixindən" əsərinə görə. Qəzetin həmin nömrəsində bildirilir ki, Stalin mükafatı verilməsi münasibətilə Azərbaycan Yazıçılar İttifaqında mitinq keçirilmişdir. Mitinqi açan Əli Vəliyev deyir:-S.Rüstəmin, Hüseyn Mehdinin, H.Hüseynovun gözəl əsərlərinə Stalin mükafatı verilməsi bizi sevindirir.

Rəsul Rzanın çıxışından: -Qələm yoldaşlarımızdan üç nəfər ən yaxşı əsərləri üçün yüksək mükafata layiq görülmüşdür. Bu şərəfli adı onlar ağır və yuxusuz yaradıcılıq gecələri sayəsində əldə etmişlər.

Mitinqdə Mir Cəlal, C.Məmmədov söz alaraq laureatları təbrik etmişdir. S.Rüstəm cavab nitqi söyləmişdir. Ancaq "əsas" mitinq hələ sonra olacaqdı...

Xatırlatmaq yerinə düşər ki, bu əsər nəşr olunan kimi onun haqqında məqalələr yazıldı. Bu barədə tədqiqatçı filosof Şükufə Mirzəyeva yazmışdı: "Heydər Hüseynovun bu əsəri istər respublikamızın, istərsə də Moskvanın mətbuat səhifələrində müzakirə edildi. Tənqidçi L.N.KIimoviç "Literaturnaya qazeta"nın səhifələrində öz resenziyası ilə çıxış etdi, professor A.O.Makovelski və məşhur ədəbiyyatşünas Məmməd Arif Dadaşzadə müəllifin bu kitabına dərin məzmunlu bir resenziya yazıb dərc etdirdilər, xalqımızın böyük və istedadlı şairi Səməd Vurğun Heydər Hüseynovun bu əsərinin meydana çıxmasını dərin bir səmimiyyət və iftixarla təbrik etdi, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, məşhur türkoloq N.K.Dmitriyev müəllifin bu əsərinə yüksək qiymət verdi. (Şükufə Mirzəyeva. Heydər Hüseynov. Bakı -1957, səh. 18).

Bu sanballı əsərin əsas üstün cəhətlərindən biri və diqqəti tez cəlb etmə səbəbi onun rus dilində yazılması idi.

H.Hüseynov bu böyük əsərində Azərbaycan xalqının beş görkəmli simasının- A.A.Bakıxanovun, M.Ş.Vazehin, M.Kazımbəyin, M.F.Axundovun və H.B.Zərdabinin yaradıcılığını tədqiqata cəlb etmişdir. (Qaydar Quseynov. İz istorii obşestvennoy i filosofskiy mısli v Azerbaydjane XIX v. Akad. A.O.Makovelskiy).

Azərbaycan müstəqillik qazanana qədər tədqiqatda XIX əsrdən üzübəri xalqımızın yetirdiyi böyük adamların hamısı haqqında qorxu hissindənmi, xal qazanmaq naminəmi, mərkəzin təsirindənmi, nədənsə bir "aforizm" hökm sürürdü: "Rus ədəbiyyatı, mədəniyyəti, inqilabı olmasaydı, Bakıxanov, Axundov, Zərdabi, Məmmədquluzadə, Sabir, Səməd Vurğun yetişə bilməzdi".

Sual oluna bilər: Bəs Xətib Təbrizi, Nizami Gəncəvi, Nəsimi, Füzuli kimi dahilər necə yetişmişdir?

Akademik H.Hüseynov "Azərbaycanda XIX əsr ictimai və fəlsəfi fikir tarixindən" əsərində tədqiqat obyekti kimi götürdüyü mütəfəkkirlərin yaradıcılığına rus demokrat yazıçılarının təsirini açıqlamağa çalışır.

Ancaq kitabın əvvəlində qədim dövrlərdən başlayaraq, XIX əsrə qədər Azərbaycan ədəbiyyat və mədəniyyətinə nəzər salan müəllif əsaslı surətdə təsdiq edir ki, bu böyük şəxsiyyətlər Bakıxanov da, Mirzə Şəfi də, Mirzə Kazım bəy də, Axundov da, Zərdabi də hər şeydən öncə Şərq mədəniyyətinin ayrılmaz hissəsi, Azərbaycan mədəniyyəti zəminində - milli mədəniyyət zəminində yetişmişlər. Mirzə Kazımbəyin dediyi kimi, Avropa Şərqə o qədər təsir edə bilməz, ən başlıca, ot öz kökü üzərində inkişaf etməlidir.

H.Hüseynov V əsrdə yaşamış məzdəkilərin ictimai-fəlsəfi fikirlərindən, VII-IX əsrlərdə yaşayıb-yaratmış Hafiz Əziz oğlu, Əbdül Əziz Həsən oğlu, Məkki Əhməd oğlu, Abdulla Əbdülməlik oğlundan, XI əsrfilosofu "Metafizika", "Gözəllik və xoşbəxtlik", "Musiqi haqqında" əsərlərin müəllifi Bəhmənyardan söhbət açaraq, nəhayət XII əsr Azərbaycan ədəbiyyatı və incəsənəti üzərində dayanır.

Müəllif göstərir ki, bu dövrdə Azərbaycan xalqı "şairlər müəllimi" Əbül Üla, şair Xaqani, şairə Məhsəti xanım, Nizami Gəncəvi, astronom alim Əbdül Həsən Şirvani kimi böyük simalar yetirmiş, Bakıda Qız qalası inşa edilmiş, Əcəmi Naxçıvani Naxçıvanda Atabəy türbəsini yaratmışdır. Sonrakı dövrlərdə isə, XIII əsrdə Mahmud Şəbüstəri, XIV əsrdə Fəzilüllah Nəimi, İmadəddin Nəsimi, XIV əsrin sonu, XV əsrin əvvəli musiqişünas Əbül Qadir Marağai, XVI əsrdə Şah İsmayıl Xətai kimi sənətkarlar Azərbaycan ədəbiyyatının, elminin və mədəniyyətinin sütunlarını təşkil edirlər.

XIX əsr Azərbaycan fəlsəfi fikri müəyyən təsirlər olmasına baxmayaraq, əsasən bu kök üzərində inkişaf etmişdi.

Gərgin zəhmətin nəticəsilə yanaşı, bu əsər həm də H.Hüseynovun parlaq istedadının təzahürü idi.

Əsərdə Bakıxanovun, Mirzə Şəfinin, Mirzə Kazımbəyin, Axundov və Zərdabinin fəlsəfi və maarifçilik baxışları təhlil olunmuşdur.

H.Hüseynov Mirzə Şəfinin XIX əsrin 70-ci illərindən sonra rus dilində nəşr olunmuş əsərlərini fəlsəfi baxımdan təhlil etməyə çalışmışdır.

Kimdir Mirzə Kazım bəy? H.Hüseynovun əsərini oxuduqca Mirzə Kazım bəyin böyüklüyü insanı heyrətə gətirir.

Professor Senkovski ilə rus şərqşünaslığının əsasını qoymuş, Sədinin "Gülüstan"ını ruscaya, "Dərbəndnamə"ni ingiliscəyə, öz yazdığı “Azərbaycan dilinin sərf-nəhvi"ni alman dilinə tərcümə etmiş, İ.N.Berezin, V.F.Dittel, N.A.İvanov, K.K.Foyqt kimi rus şərqşünaslarının yetişməsində xüsusi rolu olan Mirzə Kazım bəyin ayrı-ayrı dövrlərdə, müxtəlif məcmuələrdə nəşr olunmuş əsərləri ciddi axtarışlar nəticəsində üzə çıxarılıb tədqiq edilmişdir. Akademik H.Hüseynov Mirzə Kazım bəyin əsərlərini ayrı-ayrılıqda götürüb, onların üzərində ətraflı dayanıb, təhlil süzgəcindən keçirib öz münasibətini bildirmişdi. Məsələn Firdovsi yaradıcılığı üzrə farsların mifologiyası, bab və babilər və yaxud Şamil hərəkatı müridizm cərəyanı ilə bağlı fikirləri. Mirzə Kazım bəyin atası Qasım kişi Sibirə sürgün olunmuşdu. Ancaq Kazana çatarkən Kazım bəyin ciddi xəstələnməsi, təsadüfən bu ailəyə "uzadılan xeyirxah əllər" Sibir sürgününü Kazanla əvəz edir. Kazan isə Mirzə Kazım bəyin elmi inkişafına, tanınmasına və bir sıra qüvvətli əsərləri yaratmasına imkan verir.

Demək lazımdır ki, H.Hüseynov Həsən bəy Zərdabinin "Əkinçi" qəzetində getmiş məqalələrini izləmiş, bəzilərindən daha geniş bəhs etmişdir.

İndi isə "başıbəlalı" "Azərbaycanda XIX əsr ictimai və fəlsəfi fikir tarixindən" əsərinin və onun müəllifinin taleyinə qayıdaq. Çox təəccüblüdür ki, 1950-ci il martın 12-də çıxan "Ədəbiyyat" qəzetində Azərbaycandan Stalin mükafatı alanların hamısının şəkli verilmişdi. S.Rüstəmin, H.Mehdinin, Bülbülün, C.Cahangirovun, L.Kərimovun, N.Axundovun, K.Kazımzadənin, C.Əhmədovun, G.Mustafayevanın, S.Əhədovun. Yalnız Heydər Hüseynovdan başqa. Bəlkə də bu, müəllifin və mükafatın gələcək taleyinin yaxşı olmayacağına bir işarə idi. 1950-ci il iyul ayının 14-15-də Bakı ziyalılarının yığıncağı keçirilir. Mükafatın verildiyi vaxtdan 4 ay keçirdi...

Bu müddət ərzində SSRİ Nazirlər Sovetinin qərarı ilə Stalin mükafatı H.Hüseynovdan geri alınmışdı. Keçən 4 ay ərzində bu böyük alim ülgüc ilə hər iki biləklərində damarlarını (venalarını) kəsmişdi. Təsadüf bu dəfə onu xilas etmişdi... Akademik H.Hüseynovun elmi katibi işləmiş ədəbiyyatşünas İmran Seyidovun söhbətindən:

Bir gün H.Hüseynov tezdən MELİ-yə (Marks-Engels-Lenin institutu) gəlir və direktorun stolunda müavini E.Tokarjevskini görür. O bildirir ki, tezdən zəng edib ona direktorun yerində əyləşməyi tapşırıblar. Son zamanlar işə əsəbi gələn H.Hüseynov oradan Akademiyadakı kabinetinə qayıdıb qapını içəridən bağladı.

Bir azdan katibə gəldi ki, içəridən bir bağırtılı səs gəldi, eşitmədin? Cavab verdim ki, yox. Qapıya yaxınlaşdıq. Kabinetdən xorultunu xatırladan sanki bir kar səs kəsilib qurtarmaqda idi... Xoşbəxtlikdən ehtiyat açar katibədə idi. Cəld qapını açdım. H.Hüseynovun gözləri yumulmuşdu, ancaq hər iki biləyindən qan axırdı... Yanaşı stolun üstündə qana bulaşmış ülgüc vardı. Gözlərini açıb, əli ilə ona toxunmamağı işarə etdi". (İmran Seyidov-Kak eto bılo. "Vışka" qəzeti, 4 mart 1989).

Dəhşətli vəziyyətlərdən biri odur ki, həmin an kabinetə nə qədər adam, o cümlədən Akademiyanın sonrakı prezidenti M.Əliyev də gəlsə, heç kəs cürət edib H.Hüseynova kömək əlini uzada bilmir. Yalnız MK-ya zəng edib, oradan razılıq alınandan sonra yaxınlıqda olan "Leçkomissiya"ya (indiki Urologiya İnstitutuna) götürülüb ona yardım edilir.

1950-ci il 14 iyul. Bakı ziyalılarının yığıncağı...

H.Hüseynovun "Azərbaycanda XIX əsr ictimai və fəlsəfi fikir tarixindən" kitabı respublikada tarix, fəlsəfə sahəsində vəziyyətin əsla yaxşı olmadığını göstərir.

Respublika rəhbərinin fikrincə, kitabdakı "nöqsan" və "qüsurlar" nədən ibarət idi? Fikrə aydınlıq gətirmək üçün məruzədən bəzi parçalara müraciət etmək yerinə düşər. "H.Hüseynovun kitabı Marksizm nöqteyi-nəzərindən yazılmamışdır, burada Azərbaycan ictimai fikir tarixinin işıqlandırılmasında kobud siyasi və nəzəri səhvlər vardır.

H.Hüseynov Azərbaycanın ayrı-ayrı mütəfəkkirlərinin bu və ya digər idealist, mürtəce fikirlərini öz kitabında verərkən bunları marksizm-leninizm nöqteyi-nəzərindən təhlil etmir, onları tənqid etmir, həmin fikirlərə şərik olur, onları təbliğ edir.

Misal üçün, Bakıxanovu götürək. Onun böyük tarixçi olduğu şübhəsizdir... Lakin eyni zamanda qeyd etməmək olmaz ki, Bakıxanov idealistdir, ömrünün axırına qədər mömin müsəlman olaraq qalmışdır. Hüseynov isə materialist kimi qələmə verir. Bakıxanov demokrat deyildir. Hüseynov isə onu feodalizmə və çarizmə qarşı mübariz kimi qələmə verir. Həqiqətdə Bakıxanov bəy və xanların imtiyazlarını müdafiə edirdi.

H.Hüseynov professor Mirzə Kazım bəyi idealizə edərək, onu çarizmin əleyhdarı kimi qələmə verir. Halbuki Kazım bəy qatı monarxist idi.

Müridizmə və Şamil hərəkatına düzgün qiymət vermək üçün bilmək lazımdır ki, müridizm milli cərəyandır, İslamın ən mürtəce və ən qaba təzahürüdür...

Əldə olunan sənədlər göstərir ki, Şamil Türkiyənin Tiflisdəki konsulu Seyid Mühəmməd Əmin bəy vasitəsilə də Türkiyə hökumətilə əlaqə saxlayırmış...

H.Hüseynovun   "Azərbaycanda XIX əsr ictimai və fəlsəfi fikir tarixindən" kitabından irəli sürdüyü baxışlara gəldikdə isə bunları burjua millətçiliyi təzahüründən başqa bir şey hesab etmək olmaz". ("Ədəbiyyat" qəzeti, 1950, 18 iyul).

Zaman keçdi, "marksizm" də, "burjua millətçiliyi" sözü də öz dəyərini itirdi, Bakıxanov, Mirzə Kazım bəy, Şamil isə özlərinin layiqli yerlərini tutdu. Müridizmə gəlincə, tək bir faktı nəzərə çarpdırmaq lazım gəlir ki, Mir Yaqub özünün 1933-cü ildə Parisdə nəşr etdirdiyi "Qafqaz problemi" əsərində müridizmdən danışaraq onu İslamın ən mütərəqqi cərəyanı kimi dəyərləndirir.

Xatırlatmaq yerinə düşər ki, akademik H.Hüseynovun bu kitabına müsbət rəy vermiş və resenziya yazmış Mirzə İbrahimov, M.A.Dadaşzadə, Mehdi Hüseyn də məruzədə "diqqətdən" yayınmamışdı: "Hüseynovun nöqsanlı və zərərli kitabına müsbət qiymət və resenziya vermiş bəzi Azərbaycan yazıçılarının və elmi işçilərinin: Mirzə İbrahimov, M.A.Dadaşzadə və Mehdi Hüseynovun tutduqları mövqe də burjua millətçiliyi təzahürüdür".

Kitabın redaktoru, akademik A.O.Makovelski isə "öz elmi mövqeyindən və vəzifəsindən suiistifadə edərək ictimaiyyətimizdə yanlış fikir oyatmışdır".

Bütün bunlardan sonra məruzəçi mükafatın alınmasında başlıca "günahkar"ın üzərinə qayıdır: "H.Hüseynovun kitabı barəsində SSRİ Sovet Yazıçıları İttifaqının tutduğu mövqeyə də göz yummaq olmaz. SSRİ Sovet Yazıçıları İttifaqı bu kitabın məzmunu və elmi dəyərini aydınlaşdırmadan həmin kitabı Stalin mükafatına təqdim etmişdir. Yeri gəlmişkən demək lazımdır ki, bu kitabın Yazıçılar İttifaqının işinə bilavasitə dəxli yoxdur ("Ədəbiyyat" qəzeti, 18 iyul, 1950).

İ.Seyidov yazır ki, monoqrafiya nəşr olunanda H.Hüseynov onu dostlarına və yaxın adamlarına göndərdi. O cümlədən monoqrafiya SSRİ Yazıçılar İttifaqının o zamankı sədri Aleksandr Fadeyevə göndərilmişdi. Kitab Fadeyevin xoşuna gəlmiş və o da öz təşəbbüsü ilə kitabı Stalin mükafatına təqdim etmişdir.

Kitabın Azərbaycandan deyil, başqa yerdən Stalin mükafatına təqdim edilməsi, görünür, birinci katibə bərk təsir etmişdi. Ancaq digər amillər də az rol oynamırdı. Məsələn, M.C.Bağırov çıxışlarının birində demişdir ki, akademik H.Hüseynov ideologiya üzrə MK-nın hazır katibidir. Bu sözlər o zaman MK-da həmin vəzifəni tutan işçini bərk narahat etmişdi. İndi fürsəti fövtə vermək olmazdı-"H.Hüseynov o qədər "qudurmuş", "azğınlaşmış" ki, heç kimi saymayıb, əsəri başqa yerdən mükafata təqdim etmişdir (Bax. İ.Seyidov. Göstərilən məqaləsi). H.Hüseynovdan danışarkən onun 1989-cu il aprelin 3-də Akademiyada keçirilən 80 illik yubiley sessiyasını da xatırlatmaq yerinə düşər: "Sessiyada akademiklərdən F.Köçərli, bu gün dünyalarını dəyişmiş akademiklər Ə.Sumbatzadə, M.C.Cəfərov, M.Şirəliyev, H.Abdullayev, Akademiyanın müxbir üzvü mərhum A.Zamanov, mərhum professor A.Dadaşzadə, ədəbiyyatşünas İ.Seyidov və alimin qızı Sara Hüseynova çıxış etdilər".

Natiqlərin məruzə və çıxışlarında vətənpərvər alimin yüksək keyfiyyətləri və Azərbaycan elminin inkişafı üçün göstərdiyi xidmətlərdən söhbət açılırdı. "Dörd mühüm vəzifə daşıyan akademik H.Hüseynov üçünün maaşından imtina etmiş, yalnız birinin maaşını alırdı. Son 8 ildə o heç bir məzuniyyətə çıxmamış, fasiləsiz surətdə daim iş başında olmuşdur. Akademiyanın vitse-prezidenti kimi Rusiyanın müxtəlif şəhərlərindən fizika laboratoriyaları üçün avadanlıq gətirtdirirdi. Tamamilə unudulmuş "rus artilleriyasının allahı", məşhur general Əliağa Şıxlinskinin xatirələrini yazıya almaq üçün makinaçı göndərmiş, özü də gəlib ona tez-tez baş çəkərək qayğı göstərmişdir. Jurnalist-yazıçı Ş.Nəzirlinin "Azərbaycan generalları" kitabında bu barədə ətraflı məlumat verilmişdir. Xatırlatmaq lazımdır ki, H.Hüseynovun özü də 1944-45-ci illərdə "Əliağa Şıxlinski" əsərini yazmışdı.

Sessiyadakı bəzi çıxışlara yenidən qayıtmaq lazım gəlir. Tədqiqatçı alim A.Zamanov: "Biz bir neçə yoldaşla H.Hüseynovu 2-ci dəfə Stalin mükafatı alması münasibətilə təbrikə gedəndə, o da öz təşəkkürünü bildirib dedi:-Hələ çox səs-küyə salmayın, görək sonu nə olur".

Son o qədər də çox çəkmədi. 41 yaşında iki dəfə yüksək Stalin mükafatını almış görkəmli filosofun həyatı təhlükə qarşısında qaldı.

Akademiyanın keçmiş prezidenti akademik H.Abdullayevin çıxışından: "Respublikanın keçmiş birinci katibinin qəzəbinə səbəb o idi ki, nə üçün mən dura-dura əsəri Fadeyev, Kraçkovski Stalin mükafatına təqdim etsinlər.

"Azərbaycanda XIX əsr ictimai və fəlsəfi fikir tarixindən" kitabına Gürcüstan SSR EA-nın prezidenti akademik N.Muxselişvili, tanınmış alimlər N.Dmitriyev, X.Bakradze, Q.Xaçapuridze və digər görkəmli şəxsiyyətlər yüksək qiymət verdikləri halda, Bakıda onu "top atəşinə" tuturdular. Əsər haqqında görkəmli alimlərin fikirləri:

Məşhur şərqşünas akademik İ.Kraçkovski: "Mən sizin bu əsərinizlə daha çox maraqlanıram, mənim bu marağım yalnız əsərinizin əsas mövzusuna görə deyil, həm də ona görədir ki, burada bizim XIX əsr şərqşünaslıq tariximizin bir çox məsələləri qeyd edilmişdir. 16 sentyabr, 1949".

Estoniya SSR Elmlər Akademiyasının prezidenti akademik X.X.Kruus: "Sizin tədqiqatınızla hələ müfəssəl tanış olmadan da mən belə bir qənaətə gəldim ki, bu tədqiqatınızın SSRİ xalqlarının və o cümlədən, eston xalqının ictimai fikir tarixi üçün böyük əhəmiyyəti vardır. 10 sentyabr, 1949".

Bəli, 1950-ci il iyulun 14-də Bakı ziyalılarının yığıncağında kitab "top atəşinə" tutulur. H.Hüseynov da bu iclasda iştirak etmək istəyir, ancaq onu qapıdan buraxmırlar. Göstəriş belə idi. İşi quran adamlar isə zalda H.Hüseynovu axtarırdılar.

Bir cəhəti xüsusi qeyd etmək lazım gəlir. Birinci katibin məruzəsi ətrafında çıxışlar olur. M.Topçubaşovdan başqa bütün natiqlər M.C.Bağırovun ifadəsini işlədərək-"bu zərərli" kitabı tənqid edirlər. Hətta bir az əvvəl-"bir institutun görə bilmədiyi işi H.Hüseynov tək görmüşdür"-deyənlər də. Kitabın rəyçilərindən biri M.Arif isə "türk casusu"-deyə təhqir edilərək kürsüdən yarımçıq düşürülür.

O dövrün bir çox, hətta ən güclü ədibləri belə mətbuat səhifələrində H.Hüseynovun əsəri ilə bağlı "fikirlərini" söyləyirlər. Onların müəyyən hissəsini başa düşmək olardı. Zaman olduqca mürəkkəb, dəhşətli və qorxulu idi. Əgər uzun illər SSRİ EA-nın Azərbaycan filialına başçılıq etmiş, respublikanın ilk akademiklərindən biri, Ali Sovetin deputatı, ilk dəfə Stalin mükafatı laureatı, Akademiyanın vitse-prezidenti H.Hüseynov birdən-birə bu dərəcədə sıxışdırılıb təhqir olunurdusa, digərlərinin həyatdan silinməsi adi bir hal idi. Xatırlatmaq lazımdır ki, bu böyük alim "Şərəf nişanı", "Qırmızı Əmək Bayrağı", digər orden və medallarla da təltif edilmişdi. Ancaq heç nə ona kömək etmirdi və edə bilmədi də.

Yeri gəlmişkən qeyd etmək istərdik ki, Azərbaycan Dövlət Universiteti və Tibb İnstitutunun rektoru, Azərbaycan KP MK-nın katibi, səhiyyə naziri, Dağıstan KP MK-nın birinci katibi, Nazirlər Soveti sədrinin müavini işləmiş Əziz Əliyev kimi görkəmli bir şəxsiyyət də bu dövrlərdə Sabunçudakı Caparidze adına xəstəxanaya sıravi həkim təyin olunmuşdu. Onun bütün keçmiş xidmətləri, sanki unudulmuşdu.

Bir sözlə, necə deyərlər, amansız dövr idi. Araşdırma zamanı mənə aydın oldu ki, həmin vaxt susmaq da asan deyilmiş. Təqib və təhqirlərə dözməyən H.Hüseynov 1950-ci il avqustun 15-də intihar etdi.

 

Zeynalov Ə.

 

Respublika.- 2008.- 16 dekabr.- 4-5.