Türk dünyasının Bəxtiyarı

 

İşində qəlbinin genişliyi boyda Vətən yaşadan ustad Bəxtiyar Vahabzadənin adına ötən ay Türkiyənin Elazığ şəhərində böyük bir prospekt açıldı

 

...Noyabrın 6-da Azərbaycan sevgili və Bəxtiyar Vahabzadə ünvanlı insanlar üçün əsl toy-bayram idi. Buna səbəb də vardı, sözün böyük mənasında böyük səbəbkar da. Türkiyədə xalqımızın ustad şairi Bəxtiyar Vahabzadənin adına böyük bir prospektin tanıtma mərasimi keçirildi...

Ölkə mətbuatında xəbər verildiyi kimi, həmin tarixi gündə Türkiyədə Bəxtiyar Vahabzadənin adı sağlığında əbədiləşdirilmişdi. Bu, tarixi hadisə və həm də tarixin hadisəsi idi. O hadisəsi ki, onun yaradıcılarından biri də ustadımız Bəxtiyar Vahabzadə idi... O Bəxtiyar Vahabzadə ki, təkcə xalqı üçün yaşamayıb, həm də xalqının dərdini yaşayıb, xalqının ürəyində yaşayıb.

Şair xalqının tarixi arzularının reallaşması üçün bu müqəddəs yolda həyatını qurban deyib, həm də bu arzuların qurbanı olub. Sözün hər iki və həm də böyük mənasında...

 

***

Bəli, ötən ay həqiqətən də Türkiyədə əsl poeziya bayramı idi. Bu bayram təkcə türk dünyasının deyil, elə mahiyyətinə görə həm də Azərbaycanın bayramı idi. Qardaş ölkədə türk dünyasının görkəmli şairi Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş Beynəlxalq XVI Xəzər Şeir Axşamı keçirilirdi. Düz 3 gün! Və həmin üç günün bayram ovqatına bir əlamətdar və tərixi hadisə də əlavə olundu: Türkiyənin Elazığ şəhərində ustad Bəxtiyar Vahabzadənin adını əbədiləşdirməyə qərar verilmişdi. Türkiyə hökumətinin razılığı və Türkiyənin Elazığ bələdiyyəsinin qərarı ilə bu şəhərdə ən böyük prospektlərdən birinə ustad Bəxtiyar Vahabzadənin adı verildi.

Bu, Azərbaycan xalqının dəyərli oğluna və Azərbaycan xalqına olan böyük ehtiramın, hörmətin və etimadın, həm də əbədi istəyin canlı nümunəsi, real təsdiqi idi.

Onu da deyim ki, bu tarixi hadisənin sevincini bölüşməyə Azərbaycanın tanınmış ziyalıları-xalq şairi Zəlimxan Yaqub, yazıçı Çingiz Əlioğlu, həmçinin Elxan Qaraxanlı iştirak edirdilər. Bildiyimə görə tədbirə, həmçinin tanınmış muğam ifaçısı, gözəl sənətkarımız Səkinə İsmayılovanın rəhbərliyi ilə muğam üçlüyü də qatılmışdı. Azərbaycanın xalq mahnı və təsnifləri ilə bayram tədbiri daha da rəngarəng və təmtəraqlı, yaddaqalan edilmişdi.

Həmin gün qardaş ölkədə keçirilən XVI Beynəlxalq Xəzər Şeir Axşamı Azərbaycanın görkəmli şairi, mütəfəkkir Bəxtiyar Vahabzadənin türk dünyasına olan dünya boyda sevgilərinin təntənəsi idi...

Qeyd edim ki, belə bayram tədbiri Türkiyədə hər il keçirilir. Ötən il Beynəlxalq Xəzər Şeir Axşamı görkəmli qırğız yazıçısı Çingiz Aytmatova həsr edilmişdi... Bu il isə hamı Bəxtiyar Vahabzadənin poeziya axşamına - şeir gecəsinə gəlmişdi. Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günayın isə tədbirdə iştirakı həm gözlənilməz olmuşdu, həm də əlamətdar bir hadisə. Çünki türkiyəli nazir ilk dəfə idi ki, bu məzmunlu tədbirdə iştirak edirdi. Bu istiqanlı iştirak ustad şair Bəxtiyar Vahabzadə şəxsiyyətinə dərin hörmətin və Azərbaycana istəklərin böyük ifadəsi idi...

 

Türkiyədə Bəxtiyar dünyası

 

...Türkiyədə Bəxtiyar Vahabzadə sonsuz məhəbbətlə sevilir. Bu sevgi həm də ustad Bəxtiyar Vahabzadənin də elə Türkiyəyə olan qarşılıqlı sevgilərindən və istəklərindən doğur. Bəxtiyar Vahabzadə təkcə Türkiyədə sevilməyib. Həm də Türkiyə və Türkiyə sevgiləri ilə sevilib. Şair həyatını "bir sevgili iki ürək, bir ürəkdə iki sevgi" məntiqi ilə ortaya qoyduğu, Türkiyəyə həsr etdiyi şeiriyyətində də ifadə edib. Bu həyat hər birimizə və hər bir türk övladına örnək ola biləcək qədər əzizdir, nümunəvidir. Çünki şair təkcə nurlu şəxsiyyət yox, həm də şəxsiyyətdə nurlu simadır. Onun amalı və bu amalın ifadəsi olan zəngin yaradıcılığı Vətən, torpaq mayalıdır. Bu torpaq Bəxtiyar Vahabzadə ünvanlıdır. O ünvan ki, Azərbaycan deyiləndə Bəxtiyar Vahabzadə yada düşür...

 

***

...Bəli, faktdır ki, Bəxtiyar Vahabzadə yaradıcılığı elə bir dəryadır, ona baş vuran təkcə bu böyük ustadı qazanmır, həm də ustaddan qazanır... Bəxtiyar Vahabzadə o şair və şəxsiyyətlərdəndir ki, həmişə sözü görünüb, amma özü görünməz olub... İndi bir-iki şeir kitabı çap olunanların özünə "şairəm" deməsini görəndə Bəxtiyar şeiri və yaradıcılığı qarşısında diz çöküb min dəfə səcdə etməyim gəlir...

Düşünürəm ki, Bəxtiyar Vahabzadə olmaq üçün şair olmaq yox, şair olmaq üçün Bəxtiyar Vahabzadə olmaq lazımdır... Çünki bəlkə də Bəxtiyar Vahabzadə kimi şeir də yazmaq olar, şair olmaq da. Amma Bəxtiyar Vahabzadə kimi böyük ürəyə malik olmaq çox çətindir. Bəlkə də mümkünsüzdür... Ustadımız isə Azərbaycan şeiriyyətində mümkünsüzü mümkünlü edib, nəinki mümkünlünü mümkünlü...

Bəxtiyar Vahabzadə heç vaxt xalqın adından danışmayıb, amma həmişə xalqın adına danışıb - qəlbi xalqın dərdi ilə döyünüb, ürəyi xalqın dərdində döyünüb.

Şair təkcə şairlikdə nəhəng deyil, həm də nəhənglikdə elə böyük də şairdir. Onun "Mən şair Bəxtiyaram, amma dərdi başından aşan Azərbaycanın bəxtiyar şairi deyiləm!" - fəlsəfəsində necə də böyük məna yatır. 

 

***

...Şairin təxminən 14 il əvvəl yazdığı "Mən türkəm" şeiri nəinki illər dəyişdikcə məzmununu dəyişib, əksinə, illər keçdikcə daha da məzmunlaşıb. Bu şeirin hər sətrindən Azərbaycan və Türkiyə görünür.

 

MƏN TÜRKƏM

 

Sən bizi aldatdın illərdən bəri,

Mən çərxi-fələkdən dərs götürmüşəm.

Özgə anasından süd əmənləri,

Özgə qulluğunda duran görmüşəm.

 

Bəsdir dözdüyümüz ölümdən betər, 

Köhnə bazardakı köhnə nırxa.

Milləti yüz yerə caladın, yetər,

Yüz arxın suyunu qatma bir arxa.

 

Əslimi, nəslimi tanıyıram mən,

Qarışıq deyiləm, özümdən hürkəm.

Sən kimsən, sən nəsən, özün bilərsən.

Mən ilk qaynağımdan türk oğlu türkəm!

 

Sübutdur, dəlildir, ağlın qibləsi,

Dəyişə bilərsən ağlımı ancaq.

Canım çıxanadək qəlbimin səsi,

"Türkəm "—gerçəyini pıçıldayacaq.

 

Noyabr, 1995

 

***

 

Bəxtinə Vətən daşı olmaq haqqı düşən şair

 

...Bəxtiyar Vahabzadə türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin ən yaxın dostu, məsləkdaşı idi. 1991-ci ildə parlamentdə Heydər Əliyevin əleyhdarlarının yersiz səs-küyünə, ədalətsiz davranışına qarşı da elə həmin yüksək tribunadan səsini qaldıran və sözünü deyən məhz Bəxtiyar Vahabzadə idi. Hansı ki, uzun illər bəzi siyasi qüvvələr məhz həmin ədalətsizliyə qarşı çıxmış Bəxtiyar Vahabzadəni "top atəşinə" tutdular. Amma tarix ustad və uzaqgörən şairin haqq olduğunu sonrakı illərdə - Azərbaycanın ağır siyasi durumunda xalqın Heydər Əliyevi Naxçıvandan Bakıya dəvətindən sonra bir daha sübut etmiş oldu...

 

***

...Ustad şairin yaradıcılığı ilə onun internet saytı vasitəsilə bir daha yaxından tanış olmaq imkanımız var. Şairin internet saytında Azərbaycan Yazıçılar Birliyinin təqdimatı yer alıb. Həmin təqdimat-tanıtmada deyilir: "Azərbaycan ədəbiyyatının, bütövlükdə XX əsr poetik fikrinin görkəmli nümayəndəsi xalq şairi Bəxtiyar Vahabzadənin adı təkcə respublikamızda deyil, onun sərhədlərindən çox-çox uzaqlarda mütəfəkkir şair, lirik dramaturq istedadlı alim və publisist, qeyrətli və cəsarətli ictimai xadim, sadə və səmimi insan kimi məşhurdur. Təsadüfi deyil ki, onun əsərləri-şeir kitabları, dramları və publisist yazıları dünyanın çox dillərində, o cümlədən ingilis, fransız, alman, türk, polyak, ispan, macar və köhnə sovet birliyinə daxil olan bir çox xalqların dillərinə tərcümə edilmiş və bu əsərlər çox böyük maraq və sevgi ilə qarşılanmışdır...

Bəxtiyar Vahabzadə bədii yaradıcılığa İkinci Cahan müharibəsi illərində başlamış, 1945-ci ildə Yazıçılar İttifaqının üzvlüyünə qəbul olunmuşdur. Məhsuldar bədii yaradıcılıqla yanaşı, B.Vahabzadə 40 ildən artıq universitetdə dərs demiş, 1990-cı ildən təqaüdə çıxmışdır. Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, sonra həqiqi üzvü seçilmişdir.

B.Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin müəllifidir. Bakı Akademik Dövlət Dram Teatrının səhnəsində onun "Vicdan", "İkinci səs", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad", "Hara gedir bu dünya", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı" pyesləri tamaşaya qoyulmuşdur. O, tarixi və müasir mövzuda 20-dən artıq irihəcmli poemanın müəllifidir.

O, 1974-cü ildə əməkdar incəsənət xadimi, 1975-ci ildə respublika, 1984-cü ildə isə SSRİ Dövlət Mükafatı laureatı adlarına layiq görülmüşdür. 1985-ci ildə ona "Xalq şairi" adı verilmiş, 1995-ci ildə isə Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsində xüsusi xidmətlərinə görə "İstiqlal" ordeni ilə təltif edilmişdir.

B.Vahabzadənin şeirləri obrazların kamilliyi, bədii vasitələrin müasirliyi və orjinallığı ilə seçilir. Onun bütün əsərlərində dünyaya fəlsəfi baxış əsas yer tutur.

Son 30-40 ildə Azərbaycan ədəbiyyatında B.Vahabzadə qədər ümumxalq məhəbbəti qazanmış ikinci bir şairin adını çəkmək çətindir.

Bədii, elmi, publisistik yaradıcılığını ictimai-siyasi fəaliyyətlə üzvi surətdə əlaqələndirən B.Vahabzadə 5 dəfə Azərbaycan Ali Sovetinə millət vəkili seçilmişdir (1980-2000).

O, hələ 60-cı illərdən başlayan milli azadlıq hərəkatının öncüllərindən biri olmuşdur. 1959-cu ildə yazdığı "Gülüstan" poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirmiş, rus və fars imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulmuşdur.

Bu poemaya görə 1962-ci ildə şair "millətçi" damğası ilə universitetdən çıxarılmış, yalnız 2 ildən sonra yerinə qaytarılmışdır. Sovet rejimində milli varlığı tapdanan, hər cür məhrumiyyətlərə məruz qalan millətin dərdlərini rəmzləri və müxtəlif əbədi üsullarla ifadə etmiş, irihəcmli poemaları və pyeslərində hadisələri ya tarixə, ya da başqa ölkələrə keçirərək öz millətinin dərdlərini dilə gətirmişdir. Birbaşa Sovet diktaturasını ifşa edən əsərlərini isə şair, Sovet İttifaqı dağılandan sonra "Sandıqdan səslər" başlığı altında nəşr etdirmişdir.

Bu vaxta qədər qüdrətli söz ustası, kəskin publisist, ədəbi-bədii prosesin təşkilatçısı kimi tanınan B. Vahabzadə son vaxtlar xalqı düşündürən bir çox məsələlərə, o cümlədən uydurma Qarabağ problemi ilə əlaqədar məsələlərdə ağsaqqal kimi ciddi fəaliyyət göstərir. Həmçinin o, ana dilimizin saflığı, təmizliyi uğrunda daim yorulmadan mübarizə aparır.

B.Vahabzadənin evi, bir növ, millətin ümid qapısına dönmüşdür. Belə ki, respublikanın müxtəlif kənd və rayonlarından hər gün onlarca məktub alır, neçə-neçə şikayətçini evində qəbul edir, onları dinləyir və imkan daxilində hər birinin dərdinə əlac etməyə çalışır. Respublika Ali Sovetinin sessiyalarında, ictimai-siyasi məclislərdə, kütləvi informasiya vasitələrindəki çıxışlarında o, xalq mənafeyinin əsl müdafiəçisi, həqiqi vətənpərvər və ictimai xadim kimi hamının dərin hörmət və məhəbbətini qazanmışdır. Yaradıcılığı boyu xalqın istək və arzularını tərənnüm edən, bu arzuların həyata keçməsinə çalışan şair üçün xalqın mənafeyi onun şəxsi mənafeyinə çevrilmişdir.

 

***

Bəli, qardaş Türkiyədə ötən ay sağlığında əməllərinə rəğmən əbədiyyət qazanan və heykəlləşən ustadın adına verilmiş prospektdə addımlamaq hər bir azərbaycansevər və bəxtiyarsevər üçün nə qədər şərəflidir. Çünki şair bu şərəfi məhz əməli işi, zəngin yaradıcılığı və xalqına olan böyük sevgiləri ilə qazanıb. Sağlığında əməlinə və əməlinlə qazandıqlarına eşq olsun, böyük ustad!

 

Məmmədli A.

 

Respublika.- 2008.- 16 dekabr.- S.5.