Müasir Güney Azərbaycan ədəbiyyatı
O insan xoşbəxt
hesab olunur ki, ölümündən sonra da yaşayır.
Ölümündən sonra onu yaşadansa yaratdığı
əsərlər, yazdığı kitablar, böyüdüb
boya-başa çatdırdığı, şəxsiyyət
kimi formalaşdırdığı övladları olur. Onu
tanıyanların sadəcə "Mirzə müəllim"
deyə çağırdıqları böyük insan -
yazıçı, publisist, alim, vətəndaş, şəxsiyyət
olan Mirzə İbrahimov bu xoşbəxtliyə elə
sağlığındaykən qovuşmuşdu, çünki
çox-çox gərəkli alimlik fəaliyyəti boyunca həm
də onlarca mənəvi övlad yetişdirmişdi...
böyük əməllərini, misilsiz işlərini, arzu və
istəklərini bu dünyada olmadığı zamanlarda da
davam etdirə biləcək ağıl, savad və mərifətdə...
Mirzə müəllimin
Güney Azərbaycanın Sərab mahalının Eyvə kəndində
dünyaya göz açdığı o bəxtiyar gündən
düz yüz ilə - bir əsrə yaxın zaman keçir.
Bəxtiyar gün ifadəsi gəlişi gözəl
deyilmiş sözlər deyil. Düşünürəm ki, Vətənini,
doğulduğu müqəddəs torpağı - Ata yurdunu,
millətini, xalqını sevən, onu qoruyan, uğrunda
ölməyə belə hazır olan, hər bir fəaliyyətində
ona xidmət edə bilən şəxsiyyətlərin
doğulduqları gün bəxtiyar, eli bəxtiyar, yurdu bəxtiyar
olur. Bəxtiyar bir elin, ancaq taleyinə müsibətlər
yazılmış bir elin bəxtiyar oğlu Mirzə
İbrahimovun anım mərasiminə onun məhz mənəvi
övladları ruhunu şad edəcək, məzarını
nurla dolduracaq bir müqqədəs sovqatla gəliblər -
professor Teymur Əhmədov "Mirzə İbrahimov
haqqında xatirələr", millət vəkili, ədəbiyyatşünas
alim Elmira Axundova və AMEA Cənubi Azərbaycan ədəbiyyatı
şöbəsinin cəfakeş əməkdaşı Xuraman
Quliyeva "Cənubi Azərbaycan nəsri antologiyası"
(II cild) və filologiya elmləri doktoru Rəhim Əliyev
"Taleyin sözü" kitabları ilə...
Bu yazımda oxucularla
"Cənubi Azərbaycan nəsri antologiyası" (II cild)
kitabı ilə bağlı bəzi düşüncələrimi
bölüşmək istədim.
Nəsr antologiyası
"Cənubi Azərbaycan poeziyası
antologiyası"nın (I cild) davamıdır və burada nəsr
əsərləri əhatə olunub. Cənubi Azərbaycan ədəbiyyatının
poeziya və nəsr nümunələrinin küll halında
antologiyasını yaratmaq böyük Mirzə İbrahimovun
ideyası, həyata keçirməyə ömrünün vəfa
etmədiyi arzusu idi. Böyük alimin əziz xatirəsinə
ehtiram əlaməti olaraq tərtibçilər I və II cild
antologiyanı Mirzə İbrahimova ithaf ediblər. Əlbəttə,
müqəddimədə də qeyd olunduğu kimi, "qədim
zamanlardan və uzun əsrlərdən bəri hikmət irsini,
bilik xəzinələrini dünyada yadigar saxlayan bu əbədi
səadətin əlaqə vasitəsi isə kitabdır.
Ömürlərin, təfəkkürlərin, imtahan və təcrübələrin
toplandığı ehtiyatı yalnız kitab vərəqləri
asanlıqla, minnət qoymadan hamıya paylayır".
“Cənubi Azərbaycan nəsri
antologiyası”nda XIX əsrin II yarısından etibarən
Güneydə yaranmış böyük həcmli, monumental əsərlər,
roman və povestlər (təbii ixtisarla), eyni zamanda kiçik
həcmli qələm nümunələri də öz əksini
tapmışdır. Ümumiyyətlə, Şərqdə qədimlərdən
günümüzədək poeziya daha çox inkişaf edərək
möhtəşəm zirvələr fəth etmiş, nəsr
isə bir qədər kölgədə qalmışdır.
XIX əsrin II yarısından başlayaraq Güney Azərbaycanda,
eləcə də İranda kiçik əsərlərlə
yanaşı, böyük həcmli, monumental, sanballı
romanlar araya-ərsəyə gəlmişdir. Təbii ki, ədəbiyyatda
yeni janrlar adətən kiçik, yığcam əsərlərlə
təşəkkül tapır. Zeynalabdin Marağayinin
"İbrahimbəyin səyahətnaməsi", ümumiyyətlə,
İranda yaranmış ilk sosial romandır. Bircə faktı
qeyd etmək lazımdır ki, antologiyanın poeziyaya həsr
olunmuş cildində də vurğulandığı kimi,
Güneyin şair və yazıçıları fars dilində
yazıb-yaratmaq məcburiyyətində olmuşlar. Lakin
onların farsca yazdıqları əsərlərində
başdan-başa Azərbaycan ab-havası duyulur.
Mirzə Əbdürrəhim
Talıbovun əsərlərinin isə İran
üçün əhəmiyyəti fərqli səpkidədir.
Bu əsərlərdə yazıçı elmi-texniki yenilikləri,
qloballaşan dünyadakı mütərəqqi dəyişiklikləri
bədii dilin imkanları ilə oxucularına
çatdırır və bədii məqsədinə
çatmaq üçün müxtəlif yollar seçir. Bu
mənada, "Əhmədin kitabı" əsəri maraq
doğurur. Əsərdə yazıçı ata ilə
oğulun dialoqu vasitəsilə sanki atanın məsləhətləri,
tövsiyələri timsalında elmin yeniliklərini diqqətə
çatdırır.
"Kitab yüklü
eşşək" povestində isə daha orijinal yol
seçən M.Ə.Talıbov insan, həyat, təbiət,
insani münasibətlər haqqında fəlsəfi
düşüncələrini, nəsihət, öyüd və
əxlaqi fəzilətlər, adət və ənənələrlə
bağlı fikirlərini vermişdir.
Yazıçı “sadə
adamların zövqünəyaxın, uşaq hekayələrinə
daha uyğun şəkildə yazılmış əsərlərin"
daha çox oxunduğunu, geniş yayıldığını
düşünərək bu yolu seçmiş və nəticədə,
bu əsər daha çox sevilmişdir.
Həm Z.Marağayi, həm
də M.Ə.Talıbov təkcə Güney Azərbaycanda
deyil, bütün İranda realistik roman janrının baniləri
sayılırlar. Nəsr antologiyasında XX əsrin II
yarısında yaranmış nəsr əsərləri daha
dolğun, daha geniş əhatə olunmuşdur. Kitabı vərəqlədikcə
ədəbiyyatın, həm də Cənubi Azərbaycanın
və İranın tarixən keçdiyi uzun inkişaf yolu
gözlərimiz önündə canlanır. Təbii, tərtibçilər
çalışmışlar ki, elə əsərlər
seçilsin ki, onlarda həm müxtəlif janrlar, həm də
üslublar, dəstxətlər öz əksini tapsın.
Tamamilə realist
üslubda yazan H.F.Xoşginabi, Q.Qəhrəmanzadə ilə
yanaşı, lirik-romantik üslubda yazan Ə.Tudə, S.Tahirin
əsərlərini, Ruqiyyə Səfəri, Aqşin Ağkəmərli
və b. təfəkkürün məhsulları olan əsərlərini
təqdim edən tərtibçilər ədəbiyyatın hərtərəfli
əhatə olunmasına çalışmışlar.
Antologiyaya (II c.) daxil
olan müəlliflərin bəzilərini oxucular daha çox
şair kimi sevmişlər. Maraqlı cəhət
burasındadır ki, rus dilində nəşr olunan ikicildlik
rusdilli oxucular üçün tamamilə yeni təqdimat
olacaqdır. Həyatdan vaxtsız köçmüş, faciəli
tale yaşamış və hər birimizin şair kimi
tanıdığımız Mərziyə Üskuyinin
"İlk ölümün acıları" hekayəsinin
verilməsi, zənnimizcə, oxucuların qəlbində
kövrək duyğular oyadacaq.
XX əsr İran və
Azərbaycan ədəbiyyatının ən görkəmli
nümayəndələrindən biri görkəmli uşaq
yazıçısı Səməd Behrəngidir. Rusdilli
oxucular və bizlər onu orijinal dəst-xəttə malik bir
yazıçı kimi tanıyırıq, ancaq onun kitabda
verilmiş "Qar dənəcikləri" hekayəsi sanki
şeirdir, başdan-başa lirikadır. Təkcə o
taylı-bu taylı Azərbaycanda deyil, xarici ölkələrin
ədəbiyyatşünasları tərəfindən müsbət
qiymətləndirilən "Balaca qara balıq" povestinin
oxucuları, yəqin ki, daha çox olacaqdır. Bütün
bunlar antologiyanın rəngarəng və oxunaqlı
olmasıns təsir göstərir.
Qeyd edək ki, bu
kitabdakı bütün əsərlər yüksək bədii
tələblərə cavab vermir. Lakin Elmira xanım və
Xuraman Quliyeva bu addımı Cənubi Azərbaycan nəsrini hər
tərəfli əhatə etmək məqsədilə
atmışlar. Cənubi Azərbaycanın,
bütövlükdə Azərbaycan xalqının tarixi
çətin, qanlı-qadalı, kəşməkəşli
olsa da, optimistdir. Güney yazarları son dərəcə
humanist, həyata sıx surətdə bağlı, gələcəyə
böyük ümidlərlə baxan optimist düşüncəyə
malik nikbin insanlardır. Bu daxili aləmə malik qələm
sahiblərini yaratdığı nəsr də böyük bir
inkişaf yolu keçmişdir. Və bu əsərin
yaradılmasında müxtəlif ədəbi məktəblərin
təmsilçiləri, müxtəlif estetik siyasi nəzəriyyələrin daşıyıcıları olan,
müxtəlif janrlarda yazıb-yaradan yazarlar fəal iştirak
edirlər. Beləliklə də Cənubi Azərbaycan nəsri
formulunu yaradır və dünya ədəbiyyatında
özünə məxsus yer tuturlar.
Son olaraq bu fikri qüvvətləndirmək
üçün M.Ə.Talıbova istinad edirəm:
"İnsan güman edir ki, əşrəfi-məxluqatdır".
İnsanı güman etdiyi əşrəfi-məxluqat səviyyəsinə
qaldıransa kitablar, kitablar, kitablardır.
Fuad E.
Respublika.- 2008.- 17 dekabr.- S.6.