Nəqliyyat infrastrukturu müasir tələblər səviyyəsində
qurulur
Ölkə iqtisadiyyatının sürətli
inkişafında yol-nəqliyyat sahəsi mühüm əhəmiyət
kəsb edir
Son beş il müstəqil
Azərbaycan dövlətinin hərtərəfli və dinamik
inkişafı baxımından keyfiyyət və məzmunca
yeni, daha önəmli mərhələsi
kimi tarixə düşüb. Azərbaycanın və bölgəmizin
yeni praqmatik lideri Prezident İlham Əliyevin rəhbərliyi
ilə xalqımız qısa bir zaman kəsiyində həyatımızın
bütün sahələrində möhtəşəm nailiyyətlərə
imza atıb. Daxili və xarici siyasətdə çox
böyük uğurlar əldə olunub. Neft-qaz sektoru ilə
yanaşı , qeyri-neft sektoru, xüsusən də nəqliyyat sistemi bu gün
sözün həqiqi mənasında özünün tərəqqi
dövrünü yaşayır. Təsadüfi deyil ki,
dünyanın enerji təhlükəsizliyi məsələlərinə
öz layiqli töhfəsini verən Azərbaycan hazırda
müasir yol-nəqliyyat kompleksinə, ölkəmiz
üçün həyati əhəmiyyətli bu mühüm
infrastrukturu daha da inkişaf etdirmək, onu dünya
standartları səviyyəsinə yüksəltmək
üçün möhkəm bazaya, lazımı maddi-texniki
imkanlara və güclü iqtisadiyyata malikdir. Bu möhkəm baza
ümummilli liderimiz Heydər Əliyevin
hələ ötən əsrin 70-ci illərinin əvvəllərindən
başlayaraq yaratdığı, müstəqillik illərində
isə qloballaşan dünyanın tələbləri nəzərə alınaraq nəzəri
və praktiki cəhətdən
daha da təkmilləşdirdiyi mükəmməl kolleksiyaya və iqtisadi potensiala söykənir. Odur ki, hayatımızın bütün sahələrində
olduğu kimi, nəqliyyat sektorunun dinamik inkişafı da məhz
ulu öndərimiz Heydər Əliyevin adı ilə
bağlıdır.
Geniş və
çoxşaxəli, mükəmməl infrastruktura malik,
müasir dövrün tələblərinə cavab verən nəqliyyat
yol şəbəkəsi olmayan hər hansı bir dövlətin
inkişafından söz açmaq qeyri-mümkündür.
Müasir yolu iqtisadiyyat, mədəniyyət, bir sözlə,
həyat adlandıran ulu öndər Heydər Əliyev
demişdir: "Yol iqtisadi inkişafın əsas amillərindən
biridir. Əgər müasir infrastruktur, yol olmasa, iqtisadiyyat
inkişaf edə bilməz".
Həqiqətən də
nəqliyyat-kommunikasiya kompleksinin inkişaf səviyyəsi, bu
sektora daxil olan dəmir yolu, avtomobil, mülki hava nəqliyyatı
sahəsində vəziyyət dövlətin qüdrətinin
mühüm göstəricilərindən biridir. Ulu öndərimiz
bu sahələrin hər birinin inkişafına xüsusi diqqət
və qayğı ilə yanaşıb. Şərqlə Qərb
arasında strateji körpü rolunu oynayan Azərbaycanın əlverişli
tranzit əhəmiyyətli dövlətlərdən biri kimi
bölgədəki lider statusunu təmin edib.
Tarixi İpək Yolunun
bərpası istiqamətində həyata keçirilən
kompleks tədbirlər əlverişli coğrafi mövqedə
yerləşən Azərbaycanın geosiyasi əhəmiyyətini
daha da artırıb. Dünya miqyaslı bu qlobal layihənin reallaşması
ulu öndərimiz Heydər Əliyevin gərgin fəaliyyətinin
və qətiyyətinin nəticəsidir. Bu günlərdə
Bakıda keçirilən TRASEKA-ya üzv dövlətlərin
nəqliyyat nazirlərinin yubiley konfransında da bu məsələyə
xüsusi toxunulmuş, nəqliyyat sahəsində inteqrasiya
prosesinin genişləndirilməsində mühüm rol
oynayan, dünya iqtisadi böhranının aradan
qaldırılmasına əlverişli imkan yaradan Qədim
İpək Yolunun yenidən həyata vəsiqə almasında
Heydər Əliyevin müstəsna rolu yüksək dəyərləndirilmişdir.
Bildirilmişdir ki, məhz ümummilli liderimizin təşəbbüsü
və Avropa Komissiyasının dəstəyi ilə 1998-ci ildə
Bakıda keçirilmiş "TRASEKA - Tarixi İpək
Yolunun bərpası" beynəlxalq konfransının qərarları
Avropanın Qafqaz vasitəsilə Asiya ilə birləşdirən
nəqliyyat infrastrukturunun formalaşmasında, dəhliz
üzrə yerləşən ölkələr arasında
iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli
rol oynamışdır.
Bu gün TRASEKA dönmədən
inkişaf edən və təkmilləşdirilən qlobal
miqyaslı proqramdır. Sazişin iştirakçısı
olan dövlətlər dəhlizi möhkəmləndirərək,
özlərinin geosiyasi və iqtisadi imkanlarından
mümkün qədər geniş istifadə etmək məqsədilə
ümumi strategiya yaradıblar. Təsadüfi deyil ki, layihənin
bəşəri əhəmiyyətini nəzərə alaraq,
hazırda bir çox dövlətlər və beynəlxalq
regional təşkilatlar TRASEKA nəqliyyat dəhlizinə
qoşulmaq niyyətini bildirir.
Cənab İlham Əliyev
2003-cü ildə seçkiqabağı platformasında bəyan
etmişdir ki, qarşıdakı 5 ildə Azərbaycanda 600
min yeni iş yerləri açılacaq, beləliklə
ölkədə işsizlik probleminə son qoyulacaqdır.
Ötən beş il dövlətimizin
başçısı cənab İlham Əliyevin xalqa verdiyi
bütün vədlərin həyatda öz real təsdiqini
tapması ilə yadda qaldı. Beş il ərzində 741 min
yeni iş yerləri açılıb ki, bunun da əksəriyyəti
qeyri-neft, o cümlədən nəqliyyat sektorunun payına
düşür. Ölkəmizdə yol-nəqliyyat kompleksinin
dinamik inkişafı, həm də yeni iş yerlərinin
açılması, əhalinin maddi rifah halının daha da
yaxşılaşdırılması ilə müşahidə
olunur.
Ümummilli liderimiz Heydər
Əliyevin əsasını qoyduğu,
formalaşdırdığı və müəyyənləşdirdiyi
daxili və xarici siyasət kursu bu gün möhtərəm
Prezidentimiz İlham Əliyev tərəfindən uğurla və
qətiyyətlə həyata keçirilir. Son beş il Azərbaycanın
iqtisadi-sosial həyatında görünməmiş,
dünyada analoqu olmayan sıçrayışlı
inkişafla müşayiət olunur. Bu gün ölkə başçısının
şəxsi qayğısı və rəhbərliyi ilə
müstəqil Azərbaycan dövlətinin hərtərəfli
və davamlı inkişafı üçün nəhəng
irimiqyaslı işlər, dövlət proqramları və
islahatlar böyük uğurla həyata keçirilir.
Dövlətimizin
başçısı cənab İlham Əliyevin diqqət və
qayğısı iqtisadiyyatın bütün sahələrində
olduğu kimi, nəqliyyat-yol kompleksinin dinamik inkişafı
üçün böyük imkanlar yaradır. Bu sahənin
inkişafının dövlətimizin siyasətinin prioritet
istiqaməti kimi önə çəkən möhtərəm
İlham Əliyev deyib: "Neft sektorundan sonra nəqliyyat
ölkə üçün ən mühüm sahədir və
burada inkişaf perspektivləri çox gözəldir. Biz
bütün imkanlarımızdan istifadə edərək nəqliyyat
sektorunu daha sürətlə inkişaf etdirəcəyik. Azərbaycan
Şərqlə Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri
layihələrinin həyata keçirilməsində fəal
rol oynayır. Hesab edirəm ki, gələcəkdə tranzit
ölkə kimi bizim bölgədəki və dünyadakı
mövqelərimiz daha da güclənəcəkdir. Beləliklə,
indi Azərbaycanda bütün sferaların, o cümlədən
nəqliyyatın inkişafı üçün kifayət qədər
münbit şərait var".
Son illər
ölkəmizin nəqliyyat
kompleksi - dəmir yolu, avtomobil, mülki hava nəqliyyatı
yolları sahəsində gedən quruculuq işləri Azərbaycanın
son illərdə qazandığı möhtəşəm
iqtisadi nailiyyətlərin bəhrəsi kimi diqqəti çəkir.
Hazırda müasir standartlara cavab verən avtomobil və dəmir
yollarının, yeni aeroportların tikilməsi, yenidən
qurulması, əsaslı təmiri və yolların səmərəli
istismarının təmin edilməsi üçün
mühüm tədbirlər həyata keçirilir. Ölkəmizdə
dünya əhəmiyyətli magistralların inşası,
Bakıda və bölgələrimizdə yol-nəqliyyat
infrastrukturunun təkmilləşdirilməsi, müasir yol
qovşaqlarının, avtomobil və piyada keçidlərin
salınması dinamik inkişafımızın əyani təsdiqi
olmaqla, nəqliyyat-tranzit şəbəkəmizin beynəlxalq
tələblərə cavab verdiyinin bariz göstəricisidir.
Nəqliyyat naziri Ziya Məmmədovun
rəhbərliyi ilə uğurla həyata keçirilən
genişmiqyaslı tədbirlər sayəsində son illər
yol-nəqliyyat kompleksi müasir səviyyəyə yüksəlmiş,
çox böyük nailiyyətlər əldə
olunmuşdur. Bu gün Nəqliyyat Nazirliyi 22.134 kilometr avtomobil
yollarına xidmət göstərir ki, bunun da 1.684 kilometri beynəlxalq
magistrallar, 3.669 kilometri respublika, 13.000 kilometri isə yerli əhəmiyyətlidir.
Son iki il ərzində avtomobil yollarının istismarı və
saxlanması üçün ayrılmış vəsaitin həcmi
üç dəfə artaraq 2008-ci ildə 162 milyon manata
çatmışdır. Yolların, körpülərin,
keçidlərin tikilməsi, yenidən qurulması və bərpası
üçün daxili investisiya qoyuluşunun məbləği
də son illər on dəfələrlə artaraq 2004-cü ildəki
16,3 milyon manatdan 2008-ci ildə 522 milyon manata yüksəlmişdir.
Nəqliyyat Nazirliyi rəhbərliyinin
işgüzarlığı, hər bir konkret sahəyə
ciddi və məsuliyyətlə yanaşması, maliyyə
imkanlarının daha da artması təbii olaraq çox
geniş proqram və layihələrin reallaşmasına güclü
təkan verib. Son illər ərzində Azərbaycanda inşa
edilən, yenidən qurulan yolların ümumi uzunluğu 3650
kilometrdən çoxdur. Hazırda beynəlxalq əhəmiyyətli
Bakı-Ələt-Qazax, Bakı-Quba-Rusiya, Ələt-Astara
dövlət sərhədi avtomobil yollarının ən
müasir dünya standartları səviyyəsində yenidən
qurulması işləri uğurla davam etdirilir. Bakı-Ələt-Qazax
avtomobil yolunun Ələt-Hacıqabul, Hacıqabul-Kürdəmir
istiqaməti, Kürdəmir dairəvi hissəsinin
inşası başa çatdırılıb. Kürdəmir-Ucar,
Ucar-Yevlax yolunun tikintisi 2009-cu ildə, Bakı-Ələt
istiqaməti üzrə bütün işlər isə 2010-cu
ilin birinci yarısında başa
çatdırılacaqdır.
Avropa Yenidənqurma və
İnkişaf Bankının maliyyə dəstəyi ilə
reallaşan Bakı-Quba-Rusiya avtomobil yolunun böyük bir ərazisinə
beton örtük salınır. Magistral boyu 21 körpü və
yolötürücüsü, 10 qovşaq, 15 mal-qara
keçidi, 5 xidmət məntəqəsi olacaqdır. Yolun
Bakı-Gəndöv hissəsinin bu il, Xaçmaz-Quba və Gəndöv-Quba-Qusar-Xudat
hissəsinin isə 2009-2011-ci illərdə başa
çatdırılması nəzərdə tutulur. Həmçinin
Azərbaycanı İranla birləşdirən 195 kilometrlik Ələt-Astara
beynəlxalq əhəmiyyətli yolun tikintisində də
işlər sürətlə gedir və bu yolun tam istismara
verilməsi 2010-cu ilə planlaşdırılıb. Ələt-Masallı
yolunun 22 kilometrlik hissəsinin inşası bu il başa
çatdırılacaqdır.
Ötən dövr ərzində
Bakı şəhərində müasir körpü və
keçidlərin inşası uğurla davam etdirilib.
İnşaat zamanı ən müasir, son dünya
texnologiyalarından istifadə edilir. 2009-2012-ci illərdə
Azərbaycanda daha 45 körpünün tikintisi və bərpası
planlaşdırılır. Regional İnkişaf Dövlət
Proqramı, "Bakı şəhərində nəqliyyat
sisteminin təkmilləşdirilməsi üzrə Tədbirlər
Planı"na uyğun olaraq Bakı şəhərində sərnişindaşımanın
təşkili, idarə olunması və təkmilləşdirilməsi
ilə əlaqədar mərhələli işlər həyata
keçirilir. İlk növbədə sərnişin vasitələrinin
təhlükəsiz, texniki və ekoloji normalara uyğun
istismarının təmin olunması, avtobus
dayanacaqlarının yeniləşdirilməsi və yeni
dayanacaq yerlərinin yaradılması, nəqliyyat
parkının iri tutumlu avtobuslar hesabına yeniləşdirilməsi
ilə bağlı böyük işlər
görülmüşdü. Bu tədbirlər bu gün də
davam etdirilir və paytaxt sərnişinlərinin
rahatlığının təmin edilməsində,
yollardakı tıxacların aradan qaldırılmasında
mühüm əhəmiyyət kəsb edir.
Ölkəmizin nəqliyyat
sektoru bu ilin doqquz ayında da uğurla inkişaf edib. Yük
daşıması 11,4 faiz, yük dövriyyəsi isə 22,2
faiz artıb. Nəqliyyat vasitələri ilə
daşınmış 134,5 milyon ton yükün 46,1 faizi
avtomobil, 31,8 faizi boru kəməri, 15,4 faizi dəmir yolu, 6,4
faizi dəniz nəqliyyatı vasitəsilə keçirilib.
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində
yanvar-avqust aylarında 31,9 milyon ton və ya ötən ilin
müvafiq dövrü ilə müqayisədə 28 faiz
çox yük, 125,9 milyon sərnişin daşınıb.
Dövlətimizin və
iqtisadiyyatımızın inkişafında xüsusi əhəmiyyətə
malik olan sahələrdən biri də dəmir yolu nəqliyyatıdır.
Nəqliyyat nazirinin və Dövlət Dəmir Yolu rəhbərliyinin
bu sahəyə göstərdikləri diqqət və
qayğı sayəsində dəmir yolunda da böyük
uğurlar qazanılıb. Bu ilin 9 ayında ADDY
stansiyalarından ümumilikdə 13 milyon ton yük göndərilmişdir
ki, bunun da 8 milyon 552 min tonu strateji əhəmiyyətli neft və
neft məhsulları olmuşdur. Ötən ilin müvafiq
dövrü ilə müqayisədə 3 milyon ton çox
tranzit neft daşınmış, dövlət
tapşırığına 122,9 faiz əməl edilmişdir.
Bütövlükdə ötən dövr ərzində
daşınmalar 20 milyon 996 min ton təşkil etmişdir ki,
onun da 93,5 faizi daxili yük daşınmaların payına
düşür. Həmin müddətdə ixrac 81,3 faiz, idxal
119,5 faiz, tranzit daşınma isə 112 faiz olmuşdur.
Doqquz ay ərzində dəmir
yolu vasitəsilə sərnişinlərin yola salınması
planı 103,9 faiz yerinə yetirilmişdir. Nəzərdə
tutulmuş 2421,6 min əvəzinə 2516,8 min sərnişin
yola salınmışdır. MDB ölkələrinə 208,1
min plana qarşı 234,4 min sərnişin, respublika ərazisində
isə 686,5 minə 741 min sərnişin
daşınmışdır.
Yol üzrə 9 ay ərzində
yük və sərnişin daşınmalarından əldə
olunan gəlir ötən ilin müvafiq dövrünə nisbətən
29,1 milyon manat və ya 122,5 faiz artaraq 58,5 milyon manat təşkil
etmişdir. Ümumiyyətlə, Dövlət Dəmir Yolunun
gəliri ötən 9 ayda 169,6 milyon manat olmuşdur ki, bunun da
135,8 milyon manatı yük 33,8 milyon manatı isə sərnişin
daşımalarından əldə edilmişdir. Son zamanlar dəmir
yolu ilə yükdaşıma həcminin artması beynəlxalq
əlaqələrin genişləndirilməsinə, İpək
Yolunun fəaliyyətinə geniş imkanlar açır. Bu
baxımdan Azərbaycanın təşəbbüsü,
bilavasitə iştirakı və maliyyə dəstəyi ilə
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşması
ölkəmizin dəmir yolu sektorunun hərtərəfli
inkişafına güclü təkan verib. Respublikada sürətli
sərnişin qatarlarının yaradılması məqsədilə
yolların yenidən qurulması prosesi başlanıb ki, bu da
Azərbaycan dəmir yolunda keyfiyyətcə yeni mərhələnin
başlanğıcıdır.
Müasir Azərbaycan
Respublikasının qurucusu, ümummilli liderimiz, Heydər Əliyevin
xalqımızın milli sərvəti
adlandırdığı Bakı Metropoliteni 40 ildən
artıqdır paytaxtın sərnişinlərinin və
qonaqlarının xidmətindədir. Hazırda Bakı
Metropoliteni şəhər nəqliyyatında mühüm rol
oynayır və gün ərzində 450 min, il ərzində
orta hesabla 120 milyondan çox sərnişinə xidmət
edir.
Bakı Metropoliteninin tikintisi, istismarı, yenidən
qurulması, inkişafı və burada
çalışanların sosial rifahının
yaxşılaşdırılmasında ulu öndərimizin əvəzsiz
xidmətləri olubdur. Bu işlər ölkə Prezidenti
möhtərəm İlham Əliyev tərəfindən bu
gün uğurla davam etdirilir. Bakının nəqliyyat
infrastrukturunun yenidən qurulması sahəsində ölkə
başçısının həyata keçirdiyi
genişmiqyaslı tədbirlər qədim tarixi olan
paytaxtımızın simasını daha da gözəlləşdirir.
Bakı Metropoliteninin istifadəyə verilməsinin 40 illiyi ilə
əlaqədar 2006-cı ildə Prezidentin imzaladığı
sərəncamla hər il noyabr ayının 8-nin Bakı
Metropoliteni işçilərinin peşə bayramı
günü qeyd olunması ölkə
başçısının bu xidmət sahəsinə diqqət
və qayğısının parlaq təzahürüdür.
Bakı metrosunun hər bir stansiyası funksional vəzifəsini
yerinə yetirməklə yanaşı, öz tərtibatı
baxımından Azərbaycan milli memarlıq sənətinin
gözəl bir nümunəsidir. Azərbaycan xalqının
tarixinə, onun sənət incilərinə müraciət edən
memarlar müasir dünya texnologiyalarından, miniatür kimi
milli ornament elementlərindən istifadə edərək
yaraşıqlı zalların yaradılmasına nail
olmuşdur.
Son beş ildə
Bakı Metropoliteninin həyatında yeni inkişaf mərhələsi
olmuşdur. Metropolitenin maddi-texniki bazasının gücləndirilməsi,
xüsusən vaqon parkının genişləndirilməsi
diqqətəlayiq nailiyyətlərdəndir.
Paytaxtımızın sürətli inkişafı ilə əlaqədar
ictimai nəqliyyatın işinin artdığı bir vaxtda sərnişinlərə
xidməti səviyyəsini yüksəltmək məqsədilə
2002-ci ildən bu ilin əvvəlinədək metropolitenə
100 yeni vaqon alınaraq istismara verilmişdir.
Onu da qeyd edim ki, ölkənin
sosial-iqtisadi inkişaf sürəti nəzərə
alınmaqla, hazırlanmış layihəyə əsasən
2040-cı ilədək paytaxtımızda metro
stansiyasının sayının 70-ə
çatdırılacağı nəzərdə tutulur.
Göründüyü
kimi, müstəqil Azərbaycan dövlətinin yol-nəqliyyat
sistemi hazırda dinamik inkişaf edir, ölkə
iqtisadiyyatının, xüsusən də qeyri-neft sektorunun tərəqqisinə
güclü baza formalaşdırır. Möhtərəm
Prezidentimiz İlham Əliyev Nazirlər Kabinetinin 2008-ci ilin 9
ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr
olunmuş iclasındakı nitqində bu məsələlərə
böyük önəm verərək deyib: "Bizim ilin əvvəlində
2008-ci il üçün nəzərdə tutduğumuz
bütün tədbirlər icra edilir və nəhəng
infrastruktur layihələri - nəqliyyat, energetika, tikinti və
digər sahələri əhatə edən infrastruktur layihələri
icra olunur. Bu, ölkəmizi böyük dərəcədə
gücləndirən amildir... Avtomobil yolları, dəmir yolu,
hava, dəniz nəqliyyatı - bütün bunların
inkişafı göz qabağındadır. Ölkəmizin hərtərəfli
inkişafı üçün həyata keçirilən
infrastruktur layihələri, eyni zamanda nəhəng, transmilli
layihələrlə tamamlanır".
Məmmədov M.
Respublika.- 2008.- 17 dekabr.- S.3.