Bizim gücümüz birliyimizdədir
Böyük türk dünyasını birləşdirən
bizim tariximiz, ənənələrimiz, mədəniyyətimiz
və dilimizdir
200 milyondan çox
insanı birləşdirən türk dünyası
böyük gücə malikdir. Son illər türk
dünyasının əzəməti, dünyadakı rolu daha
da artıb, mövqeləri möhkəmlənib.
Türkdilli dövlətləri
bu gün dostluq, qardaşlıq və əməkdaşlıq
münasibətləri birləşdirir. Ən yüksək
zirvədə duran Türkiyə-Azərbaycan dostluğu və
strateji tərəfdaşlığı bu münasibətlərə
gözəl nümunədir. Bu münasibətləri birgə
tarixi köklərimiz, etnik mənsubiyyətimiz, dilimiz, dinimiz,
mədəniyyətimiz və ənənələrimiz kimi
çox mühüm amillər şərtləndirir.
Ötən ilin noyabr
ayında Bakıda Prezident İlham Əliyevin təşəbbüsü
ilə keçirilən Türk dövlət və cəmiyyətlərinin
XI dostluq, qardaşlıq və əməkdaşlıq
qurultayı bu münasibətləri daha da möhkəmləndirib.
Diasporlarımız arasında əlaqələri
qırılmaz tellərlə bir-birinə bağlayıb. Yeni
daha mütəşəkkil qüvvənin siyasi arenaya
çıxdığı, istər Qərbdə, istərsə
də Şərqdə cərəyan edən proseslərə
təsir etmək imkanında olduğu göz
qabağındadır.
Prezident İlham Əliyevin
qeyd etdiyi kimi, bizi birləşdirən bizim tariximizdir, ənənələrimizdir,
mədəniyyətimiz, dilimiz, kökümüzdür:
"Bu, gələcək inkişaf üçün çox
böyük bir əsasdır... Bu zəmin üzərində qurulan
münasibətlər xalqların bir-birinə bağlı
olmasından, maraqların üst-üstə düşməsindən
asılıdır. Bizim aramızda, Türkiyə ilə Azərbaycan
arasında dostluq, qardaşlıq münasibətləri
bütün sahələrdə özünü büruzə
verir. Həm xalqlarımız birdir, həm xalqlara rəhbərlik
edən insanlar dostdur, qardaşdır, həm də
qeyri-hökumət sektoru - millət vəkilləri,
bütün elm adamları, ziyalılar bir-biri ilə sıx
bağlıdır. Bu, bizim birliyimizi daha da gücləndirir".
Bu birlik ümumilikdə
bütün türk dünyasının güclənməsinə
böyük dəstək və töhfədir. Hazırda həm
Azərbaycan, həm də Türkiyə ən sürətlə,
dinamik inkişaf edən ölkələrdir, regionda
aparıcı rola, mühüm çəkiyə malikdirlər.
Ölkələrimizi eyni zamanda dünya miqyaslı qlobal enerji
layihələri birləşdirir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum
neft-qaz kəmərləri layihələri bölgənin
uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsi
baxımından olduqca böyük əhəmiyyət
daşıyır. Təbii ki, gələcəkdə bir
çox yeni möhtəşəm layihələrin
reallaşması türk dünyasının daha da möhkəmlənməsinə
xidmət edəcəkdir. Azərbaycanı və Türkiyəni
Orta Asiya ilə birləşdirən yollar, enerji dəhlizləri
barədə danışarkən dövlətimizin
başçısı bununla dünyada tamamilə yeni
situasiyanın yaranacağına əmin olduğunu bildirib:
"Artıq Türkiyə və Azərbaycanın təşəbbüsü
ilə ölkələrimiz və bütövlükdə
bölgə üçün önəmli bir sıra layihələr
həyata keçirilir. Onlardan biri də Bakı-Tbilisi-Qars dəmir
yolunun tikilməsidir... Bu, bizi Türkiyə ilə dəmir
yolu vasitəsilə birləşdirəcəkdir. Türkiyəni
Orta Asiya ilə, bizim dəhlizdən keçməklə
Asiyanı Avropa ilə birləşdirəcəkdir.
Şübhəsiz ki, bunun çox böyük, həm
iqtisadi, həm də siyasi önəmi var".
İldən-ilə daha
da sürətlə, hərtərəfli inkişaf edən
müstəqil Azərbaycan dövləti nəhəng türk
dünyasının mərkəzində, geostrateji məkanda yerləşir.
Bu baxımdan da Azərbaycan aparıcı mövqeyə
malikdir və Türk dünyasının birləşməsində,
möhkəmlənməsində lokomotiv rolunu oynayır. Bizim
gücümüz daim yüksələn siyasi çəkimizdə
və güclü iqtisadi potensialımızdadır. Təsadüfi
deyil ki, bütün bu potensial və güc ilk növbədə,
məhz Türk dünyasının tərəqqisinə
yönəldilib.
Dünya şöhrətli
yazıçı Oljas Suleymenovun təbirincə desək,
"dünyada 40-dan artıq türkdilli xalq var. Tarix bizi
Monqolustandan Aralıq dənizinədək əraziyə
yaymışdır. Epoxaların məkanları xalqlarımızı
bir-birindən ayırmışdır. Buna baxmayaraq, biz
başlıca amalları eyni cür başa
düşürük. Eləcə də ümumi bəlalarımızı
eyni ağrı ilə qavrayır və ümumi sevincimizlə
fəxr edirik. Ona görə də bütün türkdilli
xalqlar sanki böyük türk superetnosunun, böyük Türk
dünyasının diasporlarıdır. İndiki mərhələdə
bütün güclərin, qüvvələrin bir yerə
toplaşması vaxtı çatıb.
Xaricdə fəaliyyət
göstərən türk və Azərbaycan diaspor təşkilatlarının
əlaqələndirilməsinin, vətənlə
güclü tellərin saxlanılmasının vacibliyi, bu prosesin
daha da möhkəmləndirilməsi prioritet məsələ
kimi ortaya qoyulub, həllini tapmaqdadır. Digər prioritet məsələ
isə Türkiyə və Azərbaycana qarşı mütəşəkkil,
böyük maliyyə imkanlarına malik olan dünya erməni
lobbisi ilə mübarizədə qüvvələrin birləşdirilməsidir.
Bu gün ermənilər Azərbaycanın torpaqlarını hələ
də işğal altında saxlayırlar. Türkiyəyə
qarşı əsassız iddialar irəli sürür, qondarma
"soyqırımı"nı tanıtmağa cəhdlər
göstərirlər. Dünyaya meydan oxuyan, iki əsrdən
artıqdır ki, bütövlükdə türk xalqlarına
qarşı genosid və etnik təmizləmə siyasəti
yürüdən, Xocalıda əsl soyqırım törədən
vəhşi ermənilər təəccüblü də olsa
bizi soyqırımda ittiham edirlər. Təəssüf ki,
dünya ictimaiyyəti ya buna göz yumur, ya da ermənilərin
səsinə səs verirlər. Bunu ədalətsizliyin, mənəviyyatsızlığın
zirvəsi adlandıran Prezident İlham Əliyev bildirib ki,
bunun qarşısına ancaq öz gücümüzü
çıxarmalıyıq. Biz güclənməliyik, hərtərəfli
- hərbi, iqtisadi, siyasi cəhətdən, bütün cəhətlərdən
və birgə fəaliyyət göstərməliyik!
Bu gün dünya
birliyində və bölgədə Azərbaycan-Türkiyə
münasibətlərinin inkişafından çox şey
asılıdır. Ölkələrimizin birgə həyata
keçirdiyi layihələr bölgədə və
dünyada gedən proseslərdə həm Türkiyənin, həm
də Azərbaycanın mövqeyini daha da möhkəmləndirib.
Gələcək perspektivlərimiz də çox
böyükdür. Türkiyənin dövlət
başçısı Abdullah Gülün bu il Azərbaycana səfəri
də ikitərəfli əlaqələrin genişlənməsi
baxımından əhəmiyyətli rol oynayıb. Səfər
zamanı keçirilən danışıqlarda, aparılan
geniş və əhatəli müzakirələrdə
bölgədəki vəziyyətlə bağlı prezidentlərin
mövqeləri tamamilə üst-üstə düşüb.
Bildirilib ki, Türkiyə və Azərbaycanın bölgədəki
rolu və təsir imkanları genişlənir, gələcək
birgə səylər nəticəsində regionumuzda sülh və
sabitlik tamamilə bərqərar olacaqdır.
Cabbarov X.
Respublika.- 2008.- 17 dekabr.- S.1.