Məktəbdənkənar tədris mərkəzləri
təhsilin inkişafında öz xidmətlərini əsirgəmir
Neftçala rayonunda məktəbdənkənar
təhsilin vəziyyəti ilə bilavasitə yerlərdə
tanış olarkən gördük ki, həmin tədris
ocaqlarının kollektivləri dövlətin ümumi təhsil
sistemində həyata keçirdiyi tədbirləri, xüsusən
ölkə başçısının 21 avqust 2004-cü il
tarixli sərəncam və fərmanından irəli gələn
vəzifələri layiqincə yerinə yetirmək
üçün əzmlə çalışırlar.
Rayon Texniki
Yaradıcılıq Mərkəzində olarkən öyrəndik
ki, 1984-cü ildən fəaliyyət göstərən bu tədris
müəssisəsində 120 dərnək var. Mərkəzin
direktoru, təcrübəli pedaqoq Salman Abdullayev bildirdi ki, cari
tədris ilində rayonun 22 məktəbində təşkil
edilmiş dərnəklərə 1800 nəfər şagird cəlb
olunmuşdur. Həmin dərnəklərə 76 nəfər rəhbərlik
edir ki, onların da 48 nəfəri ali, 28 nəfəri orta
ixtisas təhsilli müəllimlərdir.
Neftçala şəhəri,
Həsənabad, Xıllı və Bankə qəsəbə,
Astanlı, Mirqurbanlı, Kürkənd, Aşağı
Qaraimanlı, Kürqarabucaq, Aşağı Surra,
Qırmızıkənd, Xolqarabucaq, Xolqaraqaşlı, Xəzər
kənd məktəblərində, "Muğan" liseyində,
internat məktəbdə fəaliyyət göstərən dərnəklərin
işləri müasir tələblər səviyyəsində
qurulmuşdur. Şagirdlər gəmi, təyyarə və
avtomobil modelçiliyi, intellekt, foto, sağlam həyat tərzi,
informatika, elektrotexnika və radiotexnika, texniki ekologiya və digər
dərnəklərdə öz bilik və
bacarıqlarını artırırlar.
Son vaxtlar ərzində
Texniki Yaradıcılıq Mərkəzində uşaq,
yeniyetmə və gənclərin maraq, meyil və
yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi
məqsədilə əl işlərindən ibarət sərgi
yaradılmış, yarışlarda əldə edilmiş
mükafatların nümayişi təşkil olunmuşdur. Mərkəz
vaxtaşırı olaraq məktəblərdəki dərnəklərlə
əlaqə saxlayır, onların fəaliyyəti öyrənilib
müzakirə edilir, dərnək rəhbərlərinin
hesabatları dinlənilir, onlara əməli metodiki köməklik
göstərilir. Texniki Yaradıcılıq Mərkəzi
Zaqatala şəhərində keçirilən festivalda
yaxşı nümunə göstərərək xüsusi
sertifikat almışdır. Şagirdlərdən Adil Bəşirov,
Rüxsarə Ramazanova, Azad Dadaşov, Elman Babayev, Nurlan Əliyev,
Kənan Yoldaşov, Vüsal Mirzəyev, Elnur Cəfərov,
Aqil Ağahüseynov və Samir Fətullayev müxtəlif
növlər üzrə zona və respublika yarışlarında
qalib gələrək xüsusi mükafatlara layiq
görülmüşlər.
Rayondakı Uşaq
Yaradıcılıq Mərkəzi 1992-ci ildən fəaliyyətə
başlamışdır. Akif Həsənovun rəhbərlik
etdiyi bu tədris müəssisəsi şagirdlərin mənəvi
və fiziki tərbiyəsində, onların bədii və
texniki imkanlarının üzə
çıxarılmasında, asudə vaxtlarının təşkilində
əvəzsiz rol oynayır. Burada tədris üçün hər
cür şərait yaradılmış, nümunəvi metodiki
guşə təşkil olunmuş, ulu öndər Heydər Əliyevin,
Azərbaycanın Milli qəhrəmanlarının,
Böyük Vətən müharibəsi qəhrəmanlarının,
20 yanvar və Qarabağ müharibəsi şəhidlərinin,
tarixi şəxsiyyətlərin, görkəmli ədəbiyyat
və incəsənət xadimlərinin, alimlərin həyat və
fəaliyyəti barəsində sərgilər və fotostendlər tərtib
edilmişdir.
Geniş və
işıqlı məşğələ otaqlarında 11 adda
59 dərnək fəaliyyət göstərir. Bu dərnəklərə
1485 uşaq və yeniyetmə cəlb olunmuşdur. Qruplar
texniki, bədii yaradıcılıq və metodiki şöbələr
üzrə təşkil olunmuşdur. Mərkəzin
binasındakı 7 dərnəkdə 105, 17 ümumtəhsil məktəbindəki
53 dərnəkdə 1380 şagird məşğələlərə
cəlb edilmişlər. Diyarşünaslıq, ölkəşünaslıq,
sağlam həyat tərzi, informatika, bacarıqlı əllər,
bədii qiraət və başqa dərnəklərdə uşaqlar
daha həvəslə məşğul olurlar.
Müəssisədə
ciddi əmək intizamı var, proqramlar və iş
planları dəqiq yerinə yetirilir, məşğələ
jurnalları vaxtında və dürüst tərtib edilir.
Şagirdlər IV
uşaq musiqi festivalında, əl işləri və
"Ekologiya uşaqların gözü ilə" respublika
müsabiqələrində layiqli nəticələr əldə
etmişlər. Təşkil olunan viktorinalar, disputlar, yubiley
gecələri, görüşlər həmişə maraqla
qarşılanır.
22 il bundan əvvəl
yaradılmış Ekoloji Tərbiyə və Təcrübəçilik
Mərkəzi rayonun təhsil sistemində ən qabaqcıl
müəssisələrdən hesab olunur. Mərkəzin
binası bu yaxınlarda keyfiyyətlə təmir olunub, yeni
avadanlıqlarla təchiz edilmişdir.
Diktor Vaqif Həsənlinin
məlumatına görə burada 12 adda fəaliyyət
göstərən 31 dərnəyə 465 şagird cəlb
edilmişdir. Dərnəklərdən 9-u orta məktəblərdədir.
"Akvarium-balıqçılıq",
"Bitkiçilik", "Əhali və ətraf mühit,
"Bitkilər və ətraf mühit", "Xəzərin
ekologiyası", "Gülçülük", "Məişət
ekologiyası", "Dərman bitkiləri",
"Heyvanların mühafizəsi",
"Gülçülük və ailə" dərnəkləri
xüsusilə fərqlənirlər.
Mərkəzdə
geniş miqyasda maarifləndirmə işi aparılır,
bacarıqlı və istedadlı şagirdlərin aşkar
edilməsinə xüsusi diqqət yetirilir, müntəzəm
olaraq müsabiqələr keçirilir. Xəzər-sahili
rayonların məktəbliləri arasında Ümumdünya
Yer Gününə həsr olunmuş müsabiqədə
rayonun 29 məktəblisi sertifikat və diplomlara layiq
görülmüşdür. Ümumtəhsil məktəblərində
"Su həyatdır", "Vətənimizi
yaşıllıqlar diyarına çevirək" devizi
altında keçirilən tədbirlər, ekoloji tərbiyə
mövzusunda rəsm müsabiqəsi maraqlı və cəlbedici
olmuşdur. İçməli suya qənaət,
yaşıllaşdırma sahəsində aparılan işlərin
əksəriyyətinin təşəbbüsçüsü
də məhz bu məktəbdənkənar müəssisənin
kollektivi olmuşdur. Son vaxtlar mərkəzin
yaşıllıq zonası xeyli genişləndirilmişdir.
Rayon Uşaq Gənclər
İdman Məktəbinin qazandığı uğurlar da
sevindiricidir. Məktəbin direktoru Abdulhəsən Dadaşov
söhbət əsnasında bildirdi ki, burada 90 qrupda 53 məşqçinin
rəhbərliyi altında 1082 şagird idmanın müxtəlif
növləri ilə məşğul olur. Məşqlər əsasən şəhər stadionunda, Bankə
qəsəbəsindəki boks üzrə idman zalında,
ümumtəhsil məktəblərinin idman bazalarında
keçirilir.
Məktəbin
idmançıları son vaxtlar bir sıra
yarışların qalibi olmuşlar. Gənclər arasında
boks üzrə respublika yarışlarında Həsənağa
Həsənov, Murad Novruzov, Qurban Qurbanov, Vüqar Həziyev,
Samir Əcəmov, Təbriz Musayev və başqaları
müxtəlif çəki dərəcələrində
çıxış edib mükafata layiq
görülmüşlər. Bu il futbol üzrə zona
yarışlarında birinci yeri tutan rayon məktəblilərinin
komandası final yarışlarına vəsiqə
almışdır. May ayında Bakı şəhərində
keçirilən atletika turnirində Rüfanə Həsənova
200 metr məsafəyə qaçışda ikinci yeri
tutmuşdur. Ümumiyyətlə, məktəbin 200 nəfərə
yaxın yetirməsi idmanın müxtəlif növləri
üzrə kütləvi idman dərəcəsi və birinci
dərəcə idman normalarını yerinə yetirmişdir.
Şəhərin mərkəzində
yenicə təmirdən çıxmış
yaraşıqlı Uşaq Gənclər Şahmat Məktəbinin
binası diqqəti xüsusilə cəlb edir. Resublika
Prezidenti cənab İlham Əliyev və onun xanımı
Mehriban Əliyeva rayonda olarkən bura baş çəkmiş,
məktəblə tanış olmuşlar. Bu görüş
məktəbin kollektivinin xatirəsində silinməz izlər
buraxmışdır.
Məktəbdə
bütün məşğələlər təkmilləşdirilmiş
proqramlar üzrə aparılır. Zəngin kabinet sistemi,
geniş akt zalı, yarış zalı, əyani vasitələr,
maqnit lövhələri, şahmat saatları, müxtəlif
dərslik və metodiki ədəbiyyat, qəzet və jurnallar
məşqçi müəllimlərin və şagirdlərin
ixtiyarındadır. Sürətli internet kanalı, elektron
poçtu şagirdlərin yaxın köməkçisidir.
Müntəzəm olaraq qarşılıqlı dərslərin
keçirilməsinə xüsusi diqqət yetirilir,
respublikanın və xarici ölkələrin analoji məktəbləri
ilə sıx əlaqə saxlanılır, onların
qabaqcıl təcrübəsindən geniş istifadə
olunur.
Burada kiçik
yaşlı uşaqlar arasında şahmatın öyrədilməsinə
başlanılmışdır. Məktəbin direktoru
İmanbaxış Şirəliyev qeyd etdi ki, cari tədris
ilində 44 qrupda 593 şagird məşğələlərdə
iştirak edir, onlarla 21 məşqçi müəllim məşğul
olur.
Əlamətdar və
tarixi günlərə həsr olunmuş turnirlər müntəzəm
olaraq keçirilir. Son vaxtlarda Şirvan, Salyan, Biləsuvar,
Masallı, Astara və digər rayonların komandaları ilə
keçirilmiş yoldaşlıq yarışlarında
şagirdlər yüksək yerləri tutaraq
mükafatlandırılmışlar. Məktəbin yetirməsi
Zaur Nəsirov respublika yarışlarında fərqlənmişdir.
Bakı, Lənkəran, Zaqatala, Quba, Astara, Ucar, Masallı rayonlarında
təşkil olunmuş zona yarışlarının nəticələri
də Neftçalanın gənc və yeniyetmə
şahmatçıları üçün uğurlu
olmuşdur.
Bir sözlə,
Neftçala rayonunun təhsil işçiləri məktəbdənkənar
tədris ocaqlarını milli təhsilimizin inkişaf etdirilməsində
müstəqil respublikamızın adına layiq gənc nəsil
yetişdirməkdə rolunu yüksək qiymətləndirirlər.
Rayonun məktəbdənkənar müəssisələrin
kollektivləri təhsil islahatının həyata
keçirilməsində qarşıya qoyulmuş vəzifələri
layiqincə yerinə yetirmək həvəsi ilə işləyir,
bütün imkanlardan maksimum istifadə etməyə
çalışırlar.
Mustafayev S.
Respublika.-
2008.- 17 dekabr.- S.5.