Ölkəmizdə bütün insanlar müxtəlif dövrlərdə, ictimai-siyasi quruluşdan asılı olmayaraq, həmişə bir ailə kimi yaşamışlar

 

Müasir dövrdə sivilizasiyaların arasında dialoq qlobal səviyyədə bəşəriyyətin ən vacib ehtiyaclarından birinə çevrilmişdir. Başqa sözlə desək, davamlı mədəniyyətlərarası dialoq cəmiyyətlərimizin içərisində ehtiyac duyulan bir sosial amildir. Elə buna görə də 2005-ci ildə dövlət və hökumət başçılarının 3-cü sammitində insan hüquqlarının, demokratiyanın və qanunun aliliyinin qorunması və təbliğ olunması, mədəniyyətlərarası dialoq siyasi prioritet elan olunmuşdur. Avropa Şurası ilə Azərbaycanın birgə təşkil etdikləri bu beynəlxalq konfransda üzv ölkələrin mədəniyyət nazirləri ilə yanaşı, müşahidəçi ölkələrin, Avropa Mədəniyyət Konvensiyasını imzalamış dövlətlərin, Avropanın qonşu regionlarını təmsil edən 10 ölkənin, Avropa Komissiyasının və YUNESKO-nun, İslam Ölkələri Elm, Təhsil Mədəniyyət Təşkilatının (İSESKO), Ərəb Dövlətləri Liqası ölkələrinin Elm, Mədəniyyət və Təhsil Təşkilatının (ALEKSO) yüksək rütbəli rəsmilərinin, müxtəlif fondların və qeyri-hökumət təşkilatları təmsilçilərinin iştirak etməsi bu məsələnin nə qədər vacib və əhəmiyyətli olduğunu bir daha təsdiqləyir.

Avropa Şurası kimi nüfuzlu bir təşkilatın bu mövzuda ilk konfransını məhz Azərbaycanın paytaxtında keçirməsi heç də təsadüfi deyil. Dövlətimizin başçısı İlham Əliyevin konfransdakı nitqində qeyd olunduğu kimi, "Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra, əlbəttə, millətlərarası münasibətlərə, milli və dini tolerantlığın möhkəmlənməsi işinə çox böyük diqqət verilmişdir. Bu gün Azərbaycan sözün əsl mənasında dostluq, qardaşlıq məkanıdır. Burada bütün xalqlar, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Mən əminəm ki, Azərbaycanın bu istiqamətdə əldə etdiyi təcrübə çox önəmlidir".

Məlumdur ki, monoetnik dövlətə çevrilən Ermənistandan fərqli olaraq Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri zaman-zaman mehriban və dostluq şəraitində yaşamış və bu gün də yaşayırlar. Onlar tarixin ağır sınaqlarına da birgə sinə gərmiş, çətin günlərdə bir-birilərinə arxa, dayaq olmuşlar. Bunu Azərbaycana gəlmiş avropalı nümayəndələrin təəssüratları da sübut edir, günümüzün və tariximizin reallıqları da. Dövlət başçımız İlham Əliyev konfransda bu tarixi həqiqəti bir daha dilə gətirməklə həm bəzi avropalı siyasətçilərə, həm də erməni millətçilərinə daha bir mesaj göndərdi: "Əslində, bizim ölkəmizdə bütün insanlar müxtəlif dövrlərdə, ictimai-siyasi quruluşundan asılı olmayaraq həmişə bir ailə kimi yaşamışlar. Burada bütün dinlərin nümayəndələri həmişə dostluq, qardaşlıq şəraitində yaşamışlar. Bir daha qeyd etmək istəyirəm ki, bu, bizim ölkəmizə xas olan çox mühüm bir amildir".

Bəli, bunu bütün dünyada yaxşı bilirlər. Bilirlər ki, Dağlıq Qarabağ məsələsi ermənilərin iddia etdikləri kimi heç də dini-etnik məsələ yox, Azərbaycana qarşı ərazi iddiasıdır. Əgər belə olmasaydı, Avropa Şurasının baş katibi Terri Devis bu fikri dilə gətirməzdi: "Bakı, Azərbaycan qeyri-adi bir məkandır. Bura tarix boyu müxtəlif mədəniyyətlərin qovuşma nöqtəsi, Şərq və Qərb, Şimal və Cənub arasında təbii bir körpü olubdur".

Azərbaycan mədəniyyəti dünya mədəniyyətinin, onun tərkib hissəsi olan islam mədəniyyətinin böyük daşıyıcılarından biri olduğuna görə Bakı şəhərinin  2009-cu il üçün "İslam mədəniyyətinin paytaxtı" elan edilməsi, milli və dini dözümlülüyə görə Azərbaycanın nümunə göstərilməsi də nəinki Avropa Şurasının, həm də bütün dünyanın mövqeyini əks etdirir.

Avropa Şurasının "Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır" mövzusunda ilk beynəlxalq konfransın Bakıda keçirilməsinə qərar verməsinin də əsası bundadır. Bu mötəbər təşkilatın rəhbərləri əmindirlər ki, Bakı konfransı mədəniyyətlərarası dialoqun davamlı inkişafına töhfə verəcəkdir. Prezident İlham Əliyev də konfransdakı çıxışında buna öz dərin inamını ifadə etdi: "Mən çox istərdim ki, bu gün başlanan "Bakı prosesi" uzunmüddətli olsun. Çox istərdim ki, bu konfransın keçirilməsindən sonra konkret mexanizmlər işlənilsin, konkret fəaliyyət planı hazırlansın. Belə tədbirlərin keçirilməsi həm Bakıda, həm də digər şəhərlərdə ənənəyə çevrilsin. Ümid edirəm ki, sizin müzakirələriniz çox uğurlu olacaq və biz qarşımıza qoyduğumuz məqsədə çatacağıq".

İstək və birlik olan yerdə isə uğur da var, qələbə də. Çünki artıq bütün dünya başa düşür ki, mədəniyyət müxtəlifliyi bəşəriyyət üçün vacibdir. Davamlı mədəniyyətlərarası dialoq dözümsüzlüyə, parçalanmaya və zorakılığa qarşı bir müalicə vasitəsidir. Biz müxtəlifliyin dəyərləndirildiyinə, müxtəlif fərdlərin bir-biri ilə ümumi ünsiyyət qurduğuna və insanların dialoq aparmaq üçün imkanlarının olduğuna əmin olsaq, onda hamımız, gələcək nəsillər üçün qarşılıqlı hörmət, ədalət və təhlükəsizlik şəraitində daha yaxşı dünyada yaşamaq imkanı olar.

Konfransdakı çıxışlar, söylənilən fikirlər təsdiq edir ki, belə bir imkan çox yaxın zamanlarda yaranacaq. Bu prosesə layiqli töhfə verən dövlət başçımız İlham Əliyevin bəşəri xidmətləri böyük minnətdarlıq hissləri ilə qeyd edilir.

 

         Məhəmmədoğlu X.

 

         Respublika.- 2008.- 18 dekabr.- S.1-2.