Azərbaycan Cənubi Qafqazda siyasi cəhətdən
sabit, iqtisadiyyatı güclü ölkədir
Dünya və Avropa
Birliyində nüfuzu artan, siyasi və iqtisadi mövqeyi
möhkəmlənən Azərbaycanın imicinin yüksəlməsinin
səbəbi düzgün müəyyənləşdirilən,
balanslaşdırılmış daxili və xarici siyasətdir.
Başa çatmaqda olan 2008-ci il ərzində ölkə
iqtisadiyyatı dinamik inkişafını əvvəlki
yüksək templə davam etdirmişdir. Son dörd ildə
iqtisadi artım sürətinə görə, dünyada
birinci yeri tutan Azərbaycan bu il ümumi daxili məhsul
istehsalını 15 faiz artırmışdır. Sənaye
istehsalının artımı 12 faiz təşkil etmiş, kənd
təsərrüfatında artım 8 faizdən çox
olmuşdur.
2008-ci ildə ölkədə
bütün sahələrdə inkişaf sürətlə
gedib, regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramı uğurla başa çatdırılmışdır.
Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdir ki,
regionlarda böyük işlər görülüb, rayon,
şəhər və kəndlərimizin sosial mənzərəsi
tamamilə dəyişib. Son beş il ərzində əksər
rayonların iqtisadiyyatı iki dəfədən çox
artmışdır. Yüksəlişin əsas səbəbi
ilk növbədə qeyri-neft sektorunun sürətli
inkişafı ilə bağlıdır.
Dövlətimizin rəhbəri
müxtəlif səviyyəli tədbirlərdə dəfələrlə
vurğulamışdır ki, qeyri-neft sektorunun davamlı
inkişafı dövlətin diqqət mərkəzində
olacaqdır. Xatırladırıq ki, Prezident İlham Əliyevin
11 fevral 2004-cü il tarixli fərmanı ilə təsdiqlənən
"Regionların sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramı"nda neft gəlirlərindən səmərəli
istifadə və bunun nəticəsində qeyri-neft sektorunun
inkişaf etdirilməsi başlıca yer tutmuş, bu istiqamətdə
məqsədyönlü tədbirlər həyata
keçirilmişdir. Ümumi daxili məhsul istehsalında
özəl sektorun payının artması fikrimizə əyani
sübutdur.
Ölkəmizdə
sosial-iqtisadi məsələlərin həllinə xüsusi
fikir verilir. Məktəblər, xəstəxanalar,
poçt-rabitə, məişət, ictimai-iaşə,
uşaq bağçaları inşa olunur, yollar, körpülər
salınır, yaşayış binaları və inzibati idarə
obyektləri, idman kompleksləri, istehsal müəssisələri
və s. tikilib istifadəyə verilir.
Son rübdə minimum əmək
haqqı və minimum pensiyaların baza hissəsi artırılmışdır.
İnsanların həyat şəraitinin daha da
yaxşılaşdırılması üçün məqsədyönlü
tədbirlər həyata keçirilmişdir. Sənaye və
kənd təsərrüfatı sahələrinin inkişaf
etdirilməsi üçün dövlət tərəfindən
maliyyə dəstəyi göstərilir. İri iqtisadi layihələrin
reallaşdırılması üçün sərmayələr
qoyulur və kreditlər verilir.
Dövlət
sahibkarlıq fəaliyyətinin genişləndirilməsi
üçün özəl təsərrüfatla məşğul
olanlara lazımi şərait yaradır, onların texnika ilə,
toxumla, gübrələrlə təmin olunmasına kömək
göstərir. Artıq xeyli vaxtdır ki, özəl müəssisələrə
yersiz müdaxilələrin, əsassız yoxlamaların aradan
qaldırılması üçün müvafiq tədbirlər
görülmüşdür ki, bu da istehsalın daha da
yüksəlməsinə müsbət təsirini göstərmişdir.
Cəmiyyətin müxtəlif
sahələrinin sürətli inkişafı istiqamətində
görülən işlər, həyata keçirilən
islahatlar bəhrəsini verməkdədir. Azərbaycan Cənubi
Qafqazda lider dövlətə çevrilmişdir. Müəyyən
sahələrdə isə hətta Avropa və dünya ölkələri
arasında ən yüksək pillədə bərqərar
olmuşdur.
Dövlət büdcəsinin
neft gəlirlərindən asılılığını
aradan qaldırmaq üçün vaxtında
atılmış addımlar indi müsbət nəticəsini
göstərməkdədir. Məlumdur ki, son bir neçə
ayda dünya iqtisadi böhran keçirir.
İnflasiya, işsizlik,
istehsalın aşağı həddə düşməsi və
digər mənfi meyillər dünya ölkələrini və
xalqlarını sıxmaqdadır. Bu problemə münasibət
bildirən Prezident İlham Əliyev
vurğulamışdır: "Son üç ay ərzində
energetika və neft qaz sektorunda işlərimiz çox
uğurlu aparılmışdır. Baxmayaraq ki, bölgədə
yaranmış böhranlı vəziyyət bizim iqtisadi maraqlarımıza
ziyan vurmuşdur, ancaq Azərbaycan dövləti və
xalqı bunu hiss etmədi, yəni bu insanların gündəlik
həyatında özünü göstərmədi.
Düzdür, Azərbaycanın ixrac imkanları qısa
müddət müəyyən dərəcədə məhdudlaşmışdı,
ancaq bizim çevik hərəkətlərimiz və mövcud
olan bütün infrastruktur layihələrimiz və artıq
güclü olan imkanlarımız yol verdi ki, biz bu vəziyyətdən
minimum itkilərlə çıxaq".
Əlbəttə, burada
güclü iqtisadi imkanlar, möhkəm siyasi sistem və
dövlətçilik prinsiplərinin güclü olması ən
başlıca amillərdir. Hazırda biitün dünyada davam
edən maliyyə böhranı bir çox ölkələrin
iqtisadi potensialına ağır zərbə vursa da ölkəmiz
buna hazır olduğundan böhran o qədər də
ağrılı keçmir. Bu problemlə bağlı fikrini
davam etdirən dövlətimizin başçısı
demişdir: "Bütün bunlar çox narahatedici hadisələrdir.
Amma biz düşünülmüş siyasətlə və
yaradılan güclü iqtisadiyyatla özümüzü bu
böhranlı vəziyyətdən qoruyuruq. Nə Azərbaycan
dövləti, nə Azərbaycan iqtisadiyyatı, nə də
Azərbaycan vətəndaşı bu böhranı hiss edir.
Bu, böyük nailiyyətdir və bir daha onu göstərir
ki, bizim düşünülmüş iqtisadi siyasətimiz,
risklərə çox ehtiyatla yanaşmağımız ən
düzgün siyasətdir".
İlyasov V.
Respublika.- 2008.- 19 dekabr.- S. 1.