Sosial müdafiə tədbirləri gücləndirilir
Ölkəmizin
sosial-iqtisadi qüdrəti artdıqca, iqtisadiyyatın
inkişaf templəri yüksəldikcə, əhalinin sosial
müdafiəsinin gücləndirilməsi, yoxsulluğun
minimuma endirilməsi sahəsində ardıcıl tədbirlər
həyata keçirilir. Respublika Prezidenti cənab İlham Əliyevin
son vaxtlar imzaladığı sərəncamlar əhalinin həyat
şəraitinin yüksəldilməsinə, insanların maddi
durumunun yaxşılaşdırılmasına yönəldilmiş
səmərəli addımlar kimi qiymətləndirilir.
Bölgə müxbirimiz Beyləqan rayonunda bu sahədə
görülən tədbirlər haqqında məlumat verməyi
rayon əhalinin sosial müdafiəsi mərkəzinin direktoru İnqilab
Tağıyevdən xahiş
etmişdir. İ. Tağıyev demişdir:
- Sosial sahəyə xüsusi diqqət
və qayğı ölkə başçısının bu
yaxınlarda imzaladığı yeni sərəncamlardan daha
aydın görünür. Həmin sənədlər əsasında
minimum əmək haqları, əmək pensiyaları, müxtəlif
növ pensiya və müavinətlər növbəti dəfə
artırılmış, bu sahədə xeyli sadələşdirmə
aparılmışdır. Həmin tədbirlər sosial
müdafiə sahəsində kompleks işlərin daha intensiv
templə davam etdirilməsinə stimul yaratmışdır. Vətəndaşlarımız
inanırlar ki, belə tədbirlər üzümüzə gələn
yeni 2009-cu ildə də davam etdiriləcəkdir.
2006-cı ilin aprel-may
aylarından əhalinin maddi cəhətdən
aşağı səviyyədə yaşayan hissəsinə
ünvanlı sosial yardımların verilməsi işlərinə
başlamışıq. Həmin il 602 ailənin 2594 nəfər
üzvünə sosial yardımlar təyin etdik. Əlbəttə,
müraciət edənlərin sayı çox idi. Ancaq real vəziyyəti
araşdıranda gördük ki, özlərinin maddi durumu
haqqında düzgün məlumat verməyənlər də
vardır. Bəzilərinin torpaq paylarının həcmi,
başqalarının müxtəlif sahələrdən maddi
gəlirləri, əmlak məsələlərindəki bəzi
uyğunsuzluqlar verilmiş ərizələrdə tam
reallığı ilə əks olunmurdu. Bu səbəbdən
elə həmin vaxt 132 ərizəyə müsbət cavab vermək
məsləhət bilinmədi. Bundan başqa, həmin tədbirin
əsl mahiyyətini lazımınca başa düşməyənlər
də vardı. Əhali arasında maarifləndirmə və
izahat işlərini həyata keçirdik, məsul
işçilərimizi rayonun ən ucqar kəndlərinə
yolladıq, bir sıra qeyri-müəyyənlik doğuran məsələləri
yerindəcə yoxladıq. Görülmüş tədbirlərin
nəticələri çox tez bir zamanda özünü
göstərdi. İndi tam əminliklə demək olar ki, bu
iş artıq nizama düşmüşdür.
Məlum olduğu kimi,
"Ünvanlı dövlət sosial yardımı
haqqında" Azərbaycan Respublikası qanununa dəyişikliklər
və əlavələrin edilməsi barədə" Azərbaycan
Respublikasının Qanunu 13 iyun 2008-ci il tarixdən qüvvəyə
minmişdir. Yeni reallığa əsaslanan bu sənəd əhaliyə
xidməti daha səmərəli təşkil etməkdən
ötrü bir sıra yeni vəzifələr irəli
sürmüşdür. Məsələn, əgər
2006-2007-ci illərdə yardımın verilmə müddəti
6 ay idisə, cari il iyulun 1-dən bu müddət 1 il müəyyən
edilmişdir. Bu o deməkdir ki, az təminatlı ailə ildə
iki dəfə yox, yalnız bir dəfə sənəd təqdim
edir və təqdim edilən sənədlərin sayı xeyli
azaldılır.
Hazırda rayon üzrə
2419 ailəyə, bu ailələrin 11000 nəfərdən
çox üzvünün hər birinə 85,2 manat məbləğində
ünvanlı sosial yardım ödənilir. Təyin
edilmiş yardımların 90 faizə qədəri öz
ünvanlarına bankomatlar vasitəsilə
çatdırılır, ilin sonunadək ünvanlı sosial
yardımların ödənilməsi bütünlüklə
bankomatlar vasitəsilə həyata keçiriləcək,
şəffaflıq, qarşılıqlı etimad və etibar
kimi prinsiplər tam təmin ediləcəkdir. Bununla
yanaşı, əhalinin müvafiq məzmunda ərizə və
şikayətlərinə həssaslıqla yanaşmağa
çalışırıq, vətəndaşlar maksimum 10
gün müddətində verilmiş ərizələrə
qənaətləndirici cavablar alırlar.
Mərkəz 3144 nəfər
müavinət alan insana xidmət göstərir. Milli qəhrəmanlara,
Böyük Vətən müharibəsi veteranlarına, şəhid
ailələrinə, əlillərə, kimsəsizlərə
və ahıllara da tərəfimizdən yüksək
qayğı və diqqətlə yanaşılır. Tənha
və kimsəsiz adamlara, xəstələrə öz evlərində
xidmət göstəririk, onlara əlamətdar günlərdə
və milli bayramlarda sovqatlar və pul yardımları veririk.
Bu iş vəzifə borcumuzdan savayı, həm də vətəndaşlıq
və insanlıq borcumuzdur. İnkişafımızın
müasir mərhələsində insana qayğı hər
şeydən öncül, prioritet məsələdir.
Fəaliyyətimizdə
rayon rəhbərliyinin, nazirliyimizin yaxından köməkliyini
daim hiss edirik. Bir neçə gün bundan əvvəl yeni
tikilmiş və hər cür müasir avadanlıqla təchiz
olunmuş binaya köçmüşük. Əvvəlkindən
daha yaxşı yaradılmış iş şəraiti bizi səylə
çalışmağa sövq edir.
Mustafayev S.
Respublika.- 2008.- 19 dekabr.- S. 3.