Azərbaycan memarlığı inkişafdadır

 

Bakının ümumi memarlıq panoramında təkcə çoxmərtəbəli deyil, aşağımərtəbəli evlərin də xüsusi yeri vardır. Təbii ki, onların layihələndirilməsi üçün hər zaman peşəkarlara ehtiyac hiss olunur. Bu sahədə çalışan mütəxəssislərdən biri də Azərbaycan Memarlıq və İnşaat Universiteti şəhərsalma və layihələndirmə kafedrasının müəllimi, Amerika Tikinti Dizayn İnstitutunun (AMERICAN INSTITUT OF BULDING DESING—AIBD), Memarlar İttifaqının üzvü İlqar Əliyevdir.

Memarlığa meyil və marağı İlqar müəllimi əvvəlcə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə istiqamətləndirib. Buradakı təhsili ilə kifayətlənmədiyindən, paralel olaraq, Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna (indiki Memarlıq və İnşaat Universiteti) da sənəd verib, imtahanlardan uğurla keçərək, memarlıq fakültəsinin (axşam şöbəsi) tələbəsi adını qazanıb. Doğrudur, iki yerdə təhsil aldığı üzə çıxanda həm dərsə davamiyyəti, həm də fənlərdən aldığı qiymətlər xüsusi komissiya tərəfindən yoxlanılıb. Lakin yüksək göstəriciləri sayəsində o zamankı Maarif Nazirliyi istisna hal kimi, İ.Əliyevin hər iki təhsil ocağında qalmasına icazə verib. Beləcə o, 1986-cı ildə rəssamlıq məktəbinin, 1990-cı ildə isə institutun diplomlarını alıb. Həmin ildən də fərdi qaydada aşağımərtəbəli evlərin layihələndirilməsi ilə məşğul olmağa başlayıb.

İlqar Əliyev işindən həvəslə danışır. Cənub şəhərinin xüsusiyyətlərinə uyğun cəhətləri nəzərə almağın vacibliyini vurğulayır. Onun layihələrində Şərq motivləri üstünlük təşkil edir. Bununla yanaşı, evlərin ətrafdakı tikililərlə ansambl yaratmasına diqqət verilir. İlqar müəllimin fikrincə, bu gün şəhərsalmada ilk növbədə çoxmərtəbəli evlər, necə deyərlər, göydələnlər məqbul sayılsa da, sahibinin bütün istək və arzularına uyğun gələn rahat, müasir üslublu fərdi evlərə də ehtiyac duyulur. Bu tendensiya Avropa ölkələrində, Amerikada da yüksələn xətlə inkişaf etməkdədir. İlqar müəllim həmin ölkələrin memarları ilə 1990-cı ildən yazışır. Fransa, Almaniya, İngiltərə, Yaponiya, ABŞ-da yaşayan həmkarlarının fikirlərinə, yeni layihələrinə münasibətini bildirir, onlarla təcrübə mübadiləsi edir.

1994-cü il gənc memar üçün daha əlamətdar oldu. Belə ki, o, ABŞ-da yerləşən Amerika Tikinti Dizaynı İnstitutuna maraqlı layihələrini göndərdi və 1995-ci il martın 2-dən AIBD-nin INTERN kateqoriyası üzrə üzvü seçildi. Elə həmin ildə bu institutun ABŞ-ın Cənubi Karolina ştatının Çarliston şəhərində keçirilən illik konfransına dəvət aldı. 1997-ci ildə AIBD-nin hər il təşkil etdiyi memarlar yarışında Azərbaycanın təmsilçisi kimi maraqlı dizayna malik layihəyə görə birinci yeri tutdu. Bir il sonra həmin nomanisiyada yenə birincilik qazandı.

2007-ci il mayın 22-dən İlqar müəllimə AIBD-nin professional kateqoriyada üzvlük sertifikatı təqdim edilib. Bu il o, həmin kateqoriyada illik yarışmaya qatılan tanınmış memarların arasında ikinci olub və kubok alıb.

İlqar Əliyev təcrübəsinə, səriştəsinə, bacarığına güvənərək yeni layihələr üzərində işləyir və deyir ki, bu gün ölkəmizdə hər sahədə olduğu kimi, memarlıqda da irəliləyiş vardır. Azərbaycan Prezidenti İlham Əliyev yaradıcı insanlar üçün hər cür imkanlar yaratmışdır. Bu münbit şəraitdən bütün sənət və mədəniyyət nümayəndələri bəhrələnirlər.

Qarşıda görüləsi işlər çoxdur. Ən başlıcası, İlqar müəllim Azərbaycanda Amerika Tikinti Dizaynı İnstitutunun Bakı Şöbəsini yaratmaq, həmkarlarını ora cəlb etmək, nəticədə onların layihələrini dünya memarlığına tanıtmaq istəyir.

 

       Nuriyeva T.

 

      Respublika.- 2008.- 19 dekabr.- S.5.