Görkəmli Azərbaycan ərəbşünası professor Malik Mahmudov

 

Azərbaycan ərəbşünasları içərisində ən parlaq simalardan biri professor Mahmudov Malik Rüstəm oğlu bu il 70 yaşını qeyd etməli idi. Sədd heyf ki, o, yaradıcılığının çiçəkləndiyi bir dövrdə, 1991-ci ildə qəflətən dünyasını dəyişdi.

Malik müəllim 1938-ci ildə Ordubad şəhərində fəhlə ailəsində doğulmuş, erkən yaşlarında atasını itirmişdir. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində yeni açılmış ərəb şöbəsinə daxil olmuşdur. Burada müasir dövrdə ərəbşünaslığın banisi, sonralar ali və orta məktəblər üçün 30-dan çox dərslik yazmış, görkəmli alim və pedaqoq, əməkdar elm xadimi, professor Ələsgər Məmmədov ərəb dilini tədris edirdi. Malik müəllim təcrübə keçmək üçün Bağdad Universitetinə göndərilən ilk iki tələbədən biri olmuşdur. Qeyd etmək lazımdır ki, ərəb şöbəsinin 1962-ci il birinci məzunları arasından Malik müəllimdən başqa ölkəmizdə ərəb ədəbiyyatı üzrə ilk qadın elmlər doktoru, ölkəmizin hüdudlarından kənarda da şöhrət tapmış professor Aida İmanquliyeva, AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru Zakir Məmmədov, dosent Malik Qarayev kimi tanınmış şərqşünaslar çıxmışlar.

İraqdan qayıtdıqdan sonra Malik müəllim Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna kiçik elmi işçi kimi qəbul olunmuşdur. O, ərəb ədəbiyyatında şərh janrının banilərindən sayılan, Bağdaddakı məşhur "Nizamiyyə" Universitetinin aparıcı müəllimlərindən dahi Azərbaycan alimi Xətib Təbrizinin (1030-1109) həyat və yaradıcılığını dərindən araşdıraraq, 1967-ci ildə bu mövzuda namizədlik dissertasiyası müdafiə etmiş, həmin vaxtdan 1972-ci ilədək şərqşünaslıq institutunda ərəb ədəbiyyatı şöbəsinin müdiri işləmişdir.

1972-ci ildə Bakı Dövlət Universiteti şərqşünaslıq fakültəsinin yaxın şərq xalqları ədəbiyyatı kafedrasına baş müəllim kimi dəvət olunmuş, 1975-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək, professor, kafedra müdiri vəzifəsinə qədər yüksəlmişdir.

Professor M.Mahmudovun Azərbaycan ədəbiyyatşünaslığına göstərdiyi xidmətlər əvəzsizdir. O, dünya şərqşünaslığında ilk dəfə olaraq, VII-XII əsrlərdə yaşamış ərəbdilli azərbaycanlı ədib və şairlərin həyat və yaradıcılığını hərtərəfli tədqiq etmiş, bununla da mədəniyyət tariximizdə az öyrənilmiş bir sahəni öz dəyərli əsərləri ilə zənginləşdirmişdir. Onun orta əsrlərin görkəmli filoloqu haqqında tədqiqatları "Xətib Təbrizinin həyat və yaradıcılığı" (1972) və "Piyada...Təbrizdən Şama qədər" (1982) kitablarında öz əksini tapmışdır. O, Xətib Təbrizinin dövrümüzədək gəlib çatmış əsərlərini dəqiqliyi ilə təhlil edərək, onu IX-X əsrlərdə meydana gəlmiş şərh janrının böyük nümayəndələri Əbu Bəkr əs-Suli (öl.946), İbn Cinni (932-1002), Əbu Hilal əl-Əsgəri (öl.1005), Əbülhəsən ibn İsmayıl (öl.1066), Abdullah ibn Əhməd Səmani (öl.1082), əl-Mərzuqi (öl.1030) və başqaları ilə müqayisə nəticəsində belə bir düzgün qənaətə gəlmişdir ki, Xətib Təbrizi özündən əvvəlki alimlərdən fərqli olaraq, "əsərləri həm dilçilik, həm də ədəbiyyatşünaslıq, həm tarixi, - ictimai mühitlə, həm fəlsəfə, həm etnoqrafiya, həm də folklorla bağlı şəkildə tədqiq edən ilk şərhçi idi". Müəllif bu iki kitabında alimin ədəbi-tənqidi görüşlərini və yaradıcılığının əsas xüsusiyyətlərini təfsilatı ilə vermişdir.

Orta əsrlərin nüfuzlu filoloqu İbn Quteybə (828-889) özünün "Əş-şir va-ş-şuara" adlı məşhur kitabında yazır: "Mədinədə məvalilərdən (yəni islamı qəbul etmiş qeyri-ərəblərdən) elə bir şair yoxdur ki, o, əslən Azərbaycandan olmasın".

Professor M.Mahmudov "Ərəbcə yazmış azərbaycanlı şair və ədiblər (VII-XII əsrlər)" adlı kitabında məhz həmin məvaliləri dəqiqliklə izləmiş, çox-saylı təzkirələri ələk-vələk edərək, adda-budda qeydləri ustalıqla sistemləşdirmiş, ədəbiyyat tariximizin qaranlıq qalmış guşəsi barədə sanballı bir tədqiqat işi yaratmışdır. O, Azərbaycanın Ərdəbil, Marağa, Təbriz, Səlmas, Urmiyə, Miyanəc, Bərdə, Dərbənd, Beyləqan, Şamaxı, Bərdic, Xoy, Bakı, Gəncə və s. kimi şəhərlərindən çıxmış Harun ibn Ruh Bərdici (öl.914), Əbu Bəkr Məhəmməd Urməvi Azərbaycani (öl.1142), Osman Musəddəd Dərbəndi (öl.XI əsrin əvvəlləri), Əbu Nəcib Urməvi (öl.1042), Məhəmməd ibn Əbdüləziz Bərdəi (969-1032), Əbu Əli Bərdəi (öl.951), Yaqub ibn Musa Ərdəbili (öl.991), Hüseyn ibn Abdullah Urməvi (öl.1011), Məhəmməd ibn Bakuveyh Bakuvi (öl.1029), Musa ibn İmran Səlmasi (öl.990), Məhəmməd ibn Abdullah Maraği (öl.1194), İsmayıl ibn Əli Gəncəvi (öl.1191) və onlarla digər ilahiyyat alimləri, tanınmış şəxsləri haqqında mümkün olan bütün məlumatları toplamışdır.

M.Mahmudov VII-XII əsrlərdə yaranmış ərəbdilli Azərbaycan ədəbiyyatını araşdırmaq üçün nəinki orta əsrlər ərəb filoloqlarının təzkirə və antologiyalarına, həmçinin tarixi-coğrafi mənbələrə də müraciət etmişdir. Alim müasir tədqiqatları da nəzərdən qaçırmamış, mövzu ilə əlaqədar onlara obyektiv münasibətini bildirmişdir. Məhz belə bir gərgin əməyin sayəsində o, VIII əsrdə ərəb şovinizminə qarşı vüsət tapmış şüubiyyə hərəkatının banilərindən sayılan İsmayıl ibn Yəsar, şeirləri ilə şöhrət qazanmış Musa Şəhavat, Əbu-I-Abbas əl-Əma (öl.757), Mənsur Təbrizi (XI əsr), Xətibi Urməvi (XI əsr), Hüseyn Təbrizi (XI əsr), Əli Təbrizi (XI əsr), Xəttat Nizami Təbrizi (XI əsr), İskafı Zəncani, qüdrətli filosof Şihabəddin Suhrəvərdi (ÖI.1191), böyük ədib Eyn əl-Quzat (öl.1131) və dövrünün mövcud olan elm sahələrini hərtərəfli mənimsəmiş mahir alim Yusif ibn Tahir əl-Xuveyyinin (öl.1154) həyat və irsini daha geniş şəkildə işıqlandırmışdır. M.Mahmudov dərin elmi tədqiqatları nəticəsində sübut etmişdir ki, "VII-XII əsrlərdə ərəbcə yazıb-yaratmış azərbaycanlı şair və ədiblərin yaradıcılığı klassik Azərbaycan ədəbiyyatının inkişafında və formalaşmasında mühüm rol oynamışdır. Ərəb dilində yaranmış Azərbaycan ədəbiyyatı orta əsrlərin ümummüsəlman mədəniyyətinin ayrılmaz tərkib hissəsi olmaqla yanaşı, xalqımızın ədəbi-bədii təfəkkürünün məhsulu kimi milli səciyyədən də məhrum deyildir".

M.Mahmudov ərəb ədəbiyyatının klassikləri haqqında da bir sıra məqalələr dərc etdirmişdir. Onlardan ənənəyə qayıdış cərəyanının baniləri Əbu Təmmam (804-846), Buhturi (821-897), şair-filosof Əbul-Əla əl-Məərri (973-1057) və başqaları ilə bağlı elmi əsərlərində digər şərqşünasların dediklərini təkrarlamamış, həmişə yeni söz söyləmək bacarığını nümayiş etdirmişdir. Ümumiyyətlə, alim iti zəkası, bəlağətli, səlis dili ilə fərqlənirdi. O, hansı mövzuya müraciət edirdisə, dayanmadan, düzəliş aparmadan bir neçə səhifə yazmağa qadir idi.

Professor M.Mahmudov "Klassik Azərbaycan ədəbiyyatı" toplusunun və “Azərbaycan sovet ensiklopediyası”nın həmmüəlliflərindən biridir. Bir sıra əsərləri İran və Türkiyədə nəşr olunmuşdur. Onun yetirdiyi neçə-neçə alimlər bu gün ərəb ədəbiyyatı sahəsində çalışırlar.

Şərqşünaslıq fakültəsində pedaqoji fəaliyyətə başladıqdan sonra alimin yeni xüsusiyyətləri üzə çıxdı. Yaxşı hafizəsi olan Malik müəllim mühazirələrini şifahi şəkildə aparar, imtahan zamanı tələbələrin bilik səviyyəsini obyektiv qiymətləndirərdi. Onun vəfatından sonra yetirmələrindən biri olan professor Aida Qasımova alimin mühazirələrini toplayıb, "Klassik ərəb ədəbiyyatı" (2001) dərsliyini nəşr etdirdi.

Elmi araşdırmalarında çox ciddi tədqiqatçı kimi səciyyələnən, professor M.Mahmudov məişətdə, ətrafdakılara qarşı münasibətdə həddən ziyadə səmimi bir insan idi. Əliaçıqlığı və qonaqpərvərliyi ilə adamı heyran qoyurdu. Tez-tez evində təşkil etdiyi məclislərdə süfrəsi Ordubad torpağının yetişdirdiyi məhsullarla, dadlı-ləzzətli təamlarla bol olardı. Ailəsində qayğıkeş ər və ata kimi tanınmışdı.

Malik müəllim həm də çox gözəl şahmat və nərd oynayırdı. Bir çatışmazlığı var idi ki, özünə arxayın olduğundan təsadüfən uduzanda əsəbiləşirdi.

Professor M.Mahmudov gələcək üçün çox ideyalar planlaşdırmışdı. Lakin vaxtsız əcəl onların həyata keçməsinə mane oldu. Biz dostları bununla təsəlli tapırıq ki, nisbətən qısa ömrü zamanı yaratdıqları onun adını Azərbaycan ərəbşünaslığı tarixində əbədiləşdirmişdir.

 

         Məmmədəliyev V.

 

         Əzizov E.

 

         Respublika.- 2008.- 19 dekabr.- S.5.