Azərbaycanın ərazi bütövlüyü bərpa
edilməli, beynəlxalq hüquq normaları tam şəkildə
bərqərar olunmalıdır
Azərbaycanda
aparılan islahatlar, güclü
iqtisadi inkişaf ölkəmızin
bölgədəki rolunu və
təsir imkanlarını
artırır. Azərbaycanın ikitərəfli və çoxtərəfli
iqtisadi və siyasi təşəbbüsləri
bölgədə əməkdaşlığın,
sabitliyin, sülhün bərqərar olunması işinə
xidmət edir. Bu, bütün Qafqaz regionunda Azərbaycanın əhəmiyyətini
artırır. Ölkəmiz
regionda inteqrasiyanın daha da güclənməsində
maraqlıdır və bunun üçün maksimum səy
göstərir. Azərbaycan
hazırda regionda yaranan gərginliyin azaldılmasına öz töhfəsini
verməyə hazırdır. Rəsmi
Bakı hesab edir ki, regionda fikir ayrılıqlarına səbəb
olan məsələlər dinc yolla, dialoq yolu ilə, təmas nöqtələri
tapmaq vasitəsilə və həm də yalnız beynəlxalq
hüquq normalarına əməl olunmaqla həll edilməlidir. Münaqişələrin
region üçün böyük təhlükə olduğuna
diqqət çəkən
Prezident İlham Əliyev bir daha bildirib ki, beynəlxalq
hüquq normaları tam şəkildə
bərqərar olunmalı və Azərbaycanın ərazi bütövlüyü
bərpa edilməli,
işğal olunmuş torpaqlar tezliklə
işğalçı qüvvələrdən
boşaldılmalıdır.
Azərbaycan bu gün də
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin sülh və danışıqlar yolu
ilə həlli prinsipinə sadiqdir. Həll yolunun
tapılması indi əvvəlkindən daha çox vacibdir.
Belə bir nəticənin əldə edilməsi regionda
sülhü və sabitliyi möhkəmləndirəcəkdir.
Cənab İlham Əliyev vurğulayıb ki, bölgədə
sülh tam şəkildə bərqərar olunmalıdır:
"Biz çox istəyirik ki, Qafqaz regionunda bütün
münaqişələr nəhayət, öz həllini
tapsın, sülh bərqərar olunsun və beləliklə,
bölgədə əməkdaşlıq üçün
imkanlar açılsın. Bu, hər bir ölkə
üçün çox önəmlidir".
Xüsusilə Cənubi
Qafqazda baş verən hadisələr bir daha onu göstərir
ki, beynəlxalq hüquq normaları tam şəkildə təmin
edilməlidir.
Beynəlxalq hüquq
normaları pozulduqda münaqişə ocaqları yaranır,
çox ciddi və təhlükəli proseslər baş
verir. Bu gün region üçün ən böyük təhlükə
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həllinin tapıla bilməməsidir.
Ermənistanın Azərbaycana qarşı apardığı
etnik təmizləmə siyasətinin nəticəsidir ki,
torpaqlarımızın 20 faizi işğal altındadır. 1
milyon azərbaycanlı öz doğma torpaqlarından didərgin
düşüb. Azərbaycanın əzəli torpağı
Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon
tamamilə işğal altındadır. Doğma
torpaqlarından deportasiya edilmiş soydaşlarımız
bundan çox əziyyət çəkirlər. Bunun
böyük ədalətsizlik olduğunu bəyan edən
dövlətimizin başçısı İlham Əliyev
bildirib ki, Birləşmiş Millətlər Təşkilatının
qərarları, Təhlükəsizlik Şurasının 4 qətnaməsi
Ermənistanın silahlı qüvvələrinin
torpaqlarımızdan qeyd-şərtsiz
çıxarılmasını tələb edir. Ermənistanın
buna əməl etmədiyini vurğulayan cənab İlham Əliyev
qeyd edib ki, bu ilin mart ayında BMT-nin Baş Məclisində qəbul
edilmiş qərarda deyilir: Azərbaycan torpaqları
işğal altındadır və bu işğala son
qoyulmalıdır. Buna da əməl olunmur. Dövlətimizin
başçısı daha sonra vurğulayıb: "Avropa
Şurası hələ bir neçə il bundan əvvəl
münaqişə ilə bağlı, Ermənistanın Azərbaycana
qarşı işğalçılıq siyasəti ilə
bağlı qətnamə qəbul edibdir. O da icra olunmur.
İslam Konfransı Təşkilatı da buna oxşar qərarlar
qəbul edibdir. Yəni bölgədə biz onun şahidi
oluruq ki, beynəlxalq hüquq normaları tamamilə pozulur və
əfsuslar olsun ki, beynəlxalq təşkilatların,
xüsusilə çox mötəbər təşkilatların
qərarları icrasız qalır. Bu, bölgədə gedən
proseslərə ən böyük təhlükədir".
Aydındır ki, Azərbaycan
regionda sülhün, sabitliyin təmin olunmasına töhfə
verməyə hazırdır. Rəsmi Bakı bunun
üçün önəmli olan konstruktiv mövqedən
çıxış edir, beynəlxalq norma və prinsiplərə
əsaslanan qəti addımlar atır. Odur ki, sülh
sazişinin hazırlanmasına çağırışlar
da güclənməkdədir. Belə ki, Helsinkidə mətbuat
qarşısında verdikləri bəyanatda ATƏT-in Minsk
Qrupunun həmsədri olan ölkələrin - Rusiya və
Fransanın xarici işlər nazirləri Sergey Lavrovla Bemer
Kuşner, həmçinin ABŞ dövlət katibinin
müavini Daniel Frid münaqişə tərəflərini
prezidentlərin Moskva görüşündə yaranan
konstruktiv və pozitiv impulsdan istifadə etməyə
çağırıblar: "Moskvada imzalanmış Bəyannamə
bölgədə sülh əldə olunması
baxımından çox şey vəd edən yeni mərhələ
açıb. Bəyannamədə prezidentlər
münaqişənin Madrid təklifləri əsasında dinc
yolla həllinə bağlılıqlarını təsdiqləyiblər.
Biz tərəfləri yaxın aylarda baza prinsipləri üzərində
işi başa çatdırmaq üçün səy
göstərməyə və daha sonra bu təməl əsasında
sülh razılaşması layihəsini hazırlamağa
başlamağa səsləyirik".
ATƏT Parlament
Assambleyasının Cənubi Qafqaz və Dağlıq
Qarabağ münaqişəsi üzrə xüsusi nümayədəsi
Qoran Lenmarker, eksklüziv müsahibəsində bildirib ki, həll
olunmalı məsələlər, fikir ayrılığı
olan məqamlar var, amma tərəflər bu məsələləri
həll edə bilərlər. 2008-ci il münaqişənin
nizamlanması baxımından uğurlu il oldu. Mən tez-tez
qızıl imkan ifadəsini işlədirəm, son
görüşdən sonra mənə elə gəlir ki, baza
prinsipləri üzərində iş gələn yazda
başa çatacaq və sülh sazişi üzərində
iş başlanacaq.
Münaqişənin həlli
istiqamətində ciddi irəliləyiş əldə
edildiyini vurğulayan ATƏT-in fəaliyyətdə olan sədrinin
münaqişələr üzrə xüsusi nümayəndəsi
Heyki Talvitie prezidentlərin Moskva görüşü və
imzalanan Bəyannamənin əhəmiyyətini xüsusi qeyd
edib.
Təhlilçilər
Azərbaycan və Ermənistanın dövlət
başçılarının keçiriləcək növbəti
görüşünü yeni mərhələnin
başlanğıcı hesab edirlər.
Bir daha qeyd edək ki, Azərbaycanın
ərazi bütövlüyü münaqişənin tənzimlənməsi
üçün əsasdır. Ermənistan bunu qəbul etməli,
bölgədə sülhün, sabitliyin təmin olunması
üçün zəruri iradə nümayiş etdirməlidir.
Əlizadə Ş.
Respublika.- 2008.- 20
dekabr.- S.3.