Şəmkir: Təhsilimiz gələcəyimizə aparan yoldur

 

Son bir neçə ildə respublikamızın əksər rayonlarında müasir tələblərə cavab verən ümumtəhsil məktəbləri tikilərək lazımi texniki inventarlarla, müasir tələblərə cavab verən kompüter sistemləri ilə təmin olunmuşdur. Məhz bu diqqət və qayğının nəticəsidir ki, gənc nəslin təhsilə marağı daha da yüksəlmişdir. Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2006-cı il tarixli sərəncamı ilə "Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)" təsdiq edilmişdir. Proqramın icrası ilə bağlı təhsil nazirinin müvafiq əmrinə əsasən Bərdə, Xaçmaz, İmişli, Zərdab, Ağdam, Sabirabad, Şəmkir, Tovuz, Kürdəmir rayonlarında adları saxlanılmaqla orta məktəblərin nəzdində lisey siniflərinin açılması qərara alınmışdır. Bununla əlaqədar Şəmkir şəhərində Məhəmməd Füzuli adına şəhər orta məktəbində təbiət və humanitar təmayüllü lisey sinifləri yaradılıbdır. Bu qəbildən VII-VIII-IX siniflərdə rayonda xususi bacarığa və qabiliyyətə malik fənn müəllimləri seçilərək tədrisin aparılmasına dəvət olunmuşlar. Eyni zamanda rayon üzrə müsabiqə keçirilmiş və müxtəlif məktəblərdə oxuyan VII-VIII-IX sinif şagirdləri test imtahanı verib yüksək qiymət alanlar həmin siniflərə qəbul olunmuşlar.

Hazırda   Füzuli   adına Şəmkir şəhər orta məktəbində VII-VIII-IX “t” sinifləri lisey sinfi olaraq fəaliyyət göstərir.

Şagirdlərin təlim-tərbiyəsi və dərsə davamiyyətin təşkili gənclərin çağırışaqədərki hazırlıq rəhbəri, məktəb direktorunun hərbi işlər üzrə müavini Çingiz Cəfərova tapşırılmışdır. Təqdirəlayiq haldır ki, valideyn və şagirdlər Çingiz müəllimin yaratdığı işlərin təşkilindən çox razıdırlar.

Liseydə Şəmkir rayonunda xüsusi rəğbət qazanmış, Təhsil Nazirliyi və RTŞ tərəfindən dəfələrlə əməyi qiymətləndirilmiş müəllimlər də dərs deyirlər. Bunlardan Azərbaycan dili və ədəbiyyatı müəllimi Səkinə Məmmədova "Tərəqqi medalı"na, Biologiya fənn müəllimi Rahilə Qurbanova "Əməkdar müəllim" adına layiq görülüblər.

Müəllimlərdən Ramin Cabbarov, Zülfüqar Abbasov, Adilə Seyidova, Sveta Nağdıyeva, Şirin Məmmədov, Sevda İsmayılova, Cəmilə Məmmədova, Güleydə İsmayılova və Rahilə Həsənova liseydə tədrisin keyfiyyətinin yüksəldilməsinə əzmlə çalışırlar.

Məktəbin direktoru Taryel Məmmədov lisey şagirdlərinin dərsə davamiyyətindən və bütün fənlərə məharətlə yiyələnmələrindən məmnunluğunu ifadə edib, bunu diqqət və qayğıya, onlara göstərilən etimada cavab kimi dəyərləndirir.

 

        Həmid E.

 

        Respublika.- 2008.- 20 dekabr.- S. 5.