Gələcəyə hesablanmış strategiyanın
uğurları
Ötən beş ildə Azərbaycanın
sosial-iqtisadi həyatında qazanılmış nailiyyətlər
həm də qarşıdakı illər üçün
etibarlı zəmindir
Müstəqil
respublikamızın qurucusu və memarı,
xalqımızın ümummilli lideri Heydər Əliyev siyasi
kursunun layiqli davamçısı cənab İlham Əliyevin
birinci dəfə ölkə Prezidenti vəzifəsinə
seçildiyi 2003-cü ilin oktyabrından bizi beş illik bir
zaman fasiləsi ayırır. Əlbəttə, 5 il zaman
nöqteyi-nəzərindən elə də uzun bir müddət
deyil. Bununla belə, artıq tarixə dönən son beş
ildə İlham Əliyevin rəhbərliyi altında həyata
keçirilən işlərin miqyası, daxili və xarici
siyasətdə qazanılan uğurlar onu deməyə əsas
verir ki, Azərbaycan xalqı 2003-cü ildə və 2008-ci il
oktyabrın 15-də keçirilən prezident seçkilərində
öz tarixi seçimini düzgün etmişdir.
Bu il oktyabrın 15-də
müstəqil respublikamızda azad, şəffaf və
demokratik keçirilən prezident seçkilərində cənab
İlham Əliyevin alternativinin olmadığı bir daha
sübuta yetirildi. Bu seçki sınağından da xalqımız
çox uğurla çıxdı və seçkilərin nəticələri
xalqımızın növbəti beş il üçün
ümummilli liderimiz Heydər Əliyevin siyasi varisi, ən
layiqli davamçısı möhtərəm İlham Əliyevə
yüksək etimad göstərdiyini sübuta yetirdi.
Möhtərəm
İlham Əliyev hələ 2003-cü il oktyabrın 31-də
andiçmə mərasimində Azərbaycan seçicilərinə, Azərbaycan vətəndaşlarına,
bütün xalqımıza öz dərin təşəkkürünü
bildirərək, bəyan etmişdi: "Mən bu
böyük etimadı doğruldacağam, bu vəzifənin öhdəsindən
layiqincə gələcəyəm,
Heydər Əliyevin siyasətini davam etdirəcəyəm".
Son beş ildə
iqtisadi inkişaf, sosial tərəqqi, sabitliyin qorunub
saxlanılması və onun dönməzliyinin təmin edilməsi
yönümündə Azərbaycan Prezidenti cənab İlham Əliyevin
fəaliyyəti mühüm uğurlarla əlamətdar olub.
Bütün sahələrdə əldə edilən yüksək
nailiyyətlər ümummilli lider Heydər Əliyev tərəfindən
əsası qoyulmuş və uzun illərə
hesablanmış strategiyanın Prezident İlham Əliyev tərəfindən
yeni müstəvidə, yeni şəraitə uyğun müvəffəqiyyətlə
davam etdirilməsinin nəticəsidir. Çünki həyata
keçirilən iqtisadi islahatların, hər bir proqramın,
görülən işlərin fonunda xalqımızın
rifah halının yüksəldilməsi məsələsi
durur və dövlət başçısının fəaliyyət
prizmasında insan amili prioritet vəzifəyə
çevrilmişdir.
Məhz 15 oktyabr 2008-ci
ildə ölkəmizdə keçirilən prezident
seçkilərində xalqımızın birlik
nümayiş etdirib öz rəhbərinə səs verməsi
ötən 5 ildə görülən işlərin məntiqi
cəhətdən qiymətləndirilməsinin bariz nümunəsidir.
İlk növbədə
möhtərəm Prezidentimiz cənab İlham Əliyevin
2003-cü il oktyabrın 31-də Prezident Sarayında təntənəli
andiçmə mərasimindəki nitqində qarşıda
duran vəzifələrlə bağlı bir məqama diqqət
yetirək:
- Mən Azərbaycanın xoşbəxt gələcəyinə
inanıram. Əminəm ki, ölkəmiz
bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir.
Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi
plüralizm, söz azadlığı təmin olunacaqdır.
Ölkəmiz müasir
dövlətə çevriləcəkdir.
Bütün bunları etmək
üçün Azərbaycanda çox işlər görmək lazımdır.
Bəs verilən vədlər
necə doğruldu, ötən 5 il ərzində hansı
işlər görüldü?
Ötən 5 ildə
görülən işlərin və əldə olunan nəticələrin
təhlili onu deməyə əsas verir ki, cənab İlham Əliyev
2003-cü il oktyabrın 31-də andiçmə mərasimindəki
nitqində xalqımıza, Azərbaycan vətəndaşlarına
verdiyi bütün vədləri - sosial, iqtisadi, siyasi, mədəni
və digər bütün sahələr üzrə
qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə
yetirmişdir.
İlk öncə bu
sualı elə möhtərəm Prezidentimizin öz sözləri
ilə cavablandırmaq istərdim. Belə ki, 2008-ci il
oktyabrın 24-də andiçmə mərasimindəki nitqində
möhtərəm İlham Əliyev həm ötən 5 ildə
görülən işlərə, həm də növbəti
5 ildə qarşıda duran vəzifələrə
aydınlıq gətirərək demişdir: "Beş il
bundan əvvəl andiçmə mərasimində mən Azərbaycan
xalqına söz vermişdim ki, Azərbaycanın hərtərəfli
inkişafı üçün fəal çalışacağam.
Söz vermişdim ki, Azərbaycanda Heydər Əliyev siyasətini
davam etdirəcəyəm. Çünki bu, Azərbaycanın
bugünü və sabahı üçün, gələcəyi
üçün yeganə siyasətdir. Bu siyasət Azərbaycanı
böyük bəlalardan qurtardı. Ulu öndər Heydər Əliyevin
rəhbərliyi ilə Azərbaycan sürətlə
inkişaf etmişdir. Azərbaycan xaosdan, böhrandan,
anarxiyadan inkişafa, sabitliyə doğru böyük
addımlar atmışdır. Məhz onun rəhbərliyi
altında Azərbaycanda dövlətçilik ənənələri
qurulmuşdur, Azərbaycan öz dövlət müstəqilliyini
möhkəmləndirmiş, Azərbaycanda sabitlik
yaradılmış və inkişaf başlamışdır.
Bu gün bir daha demək istəyirəm ki, növbəti 5 il ərzində
mən bu siyasətə sadiq qalacağam və bu yoldan dönməyəcəyəm".
İqtisadçı-alim
kimi qeyd etməyi özümə borc bilirəm ki, ölkəmizdə
2003-cü ilin 15 oktyabrında keçirilən prezident
seçkilərində möhtərəm
İlham Əliyevin reytinqinin
yüksək olması, bu nüfuzun gündən-günə
artması Prezidentin son 5 ildə həyata keçirdiyi
uğurlu siyasi, iqtisadi və sosial islahatların,
bütövlükdə daxili və xarici siyasətin nəticəsidir. Bu gün Azərbaycan
iqtisadi artım sürətinə görə nəinki
bölgədə, bütün dünyada birinciliyi əldə saxlayır. Çünki
müasir Azərbaycan dövlətçiliyinin
banisi Heydər Əliyev tərəfindən
müəyyən edilmiş sosial-iqtisadi inkişaf
strategiyasının həyata keçirilməsi nəticəsində müstəqilliyimizin möhkəm iqtisadi təməli
yaradılmış, iqtisadi tərəqqi sahəsində böyük
uğurlar qazanılmışdır.
İqtisadiyyatda
aparılan əsaslı islahatlar, ölkənin makroiqtisadi
göstəricilərinin yaxşılaşması, dövlət
büdcəsinin artım tempinin yüksəlməsi, sərmayə
qoyuluşunun ciddi artımı, regionların və
sahibkarlığın, qeyri-neft sektorunun inkişafı bu sahədə
müsbət nəticələrin əldə edilməsinə,
əvvəlki illə müqayisədə ümumi daxili məhsulun,
sənaye və kənd təsərrüfatı
istehsalının, yük daşımalarının, rabitə
xidmətlərinin, əhaliyə göstərilən pullu xidmətlərin
həcminin artmasına, təhsilin, səhiyyənin tərəqqisinə
gətirib çıxarmışdır.
Son illər iqtisadi
artım sürətinə görə Azərbaycan dünyada
birinci yerə çıxmışdır. Statistikada göstərilir
ki, bütövlükdə son 5 ildə Azərbaycan
iqtisadiyyatı, ümumi daxili məhsul, sənaye istehsalı
2.7 dəfə artmışdır. Dövlət büdcəsinin
artımı isə 10 dəfədən çoxdur. Əgər
2003-cü ildə dövlət büdcəsi 1.2 milyard dollar təşkil
edirdisə, 2008-ci ildə icmai büdcə 15 milyard dollara bərabərdir.
2003-cü ildə valyuta ehtiyatları 1.6 milyard dollar səviyyəsində
idi. Noyabr ayına olan məlumata görə isə ümumi
valyuta ehtiyatları 17 milyard dollar təşkil edir. Son 5 ildə
Azərbaycan iqtisadiyyatına 44 milyard dollar sərmayə
qoyulmuşdur. Bu da bütün müstəqillik dövründə
qoyulan sərmayələrin 17 faizini təşkil edir. Azərbaycan
həm xarici investorlar üçün cəlbedici ölkə
kimi maraq doğurur, həm də ölkəmizə
böyük həcmdə daxili investisiyalar qoyulur.
Qeyri-neft sektorunun
inkişafında da uğurların sayı ildən-ilə
artır. İqtisadiyyatımız artıq çoxşaxəli
olmaqla neftdən asılılıq getdikcə azaldılır.
Bir sıra ərzaq məhsullarımız isə başqa
ölkələrə ixrac edilir. Hətta elə məhsullarımız
var ki, beynəlxalq və Avropa sertifikatlarına layiq
görülübdür. Bu bir daha onu təsdiq edir ki, Azərbaycan
iqtisadiyyatı gələcəkdə ancaq və ancaq enerji
resurslarından asılı olmayacaqdır. Regionların
inkişafına dair Dövlət Proqramının (2004-2008-ci
illər) uğurlu icrası sayəsində bölgələrdə
gedən quruculuq işləri, yeni iş yerlərinin
yaradılması, yeni zavod, fabrik, emal müəssisələrinin
açılması bütün bunlar görülən
işlərin məntiqi nəticəsidir.
Hər il
sahibkarlığın inkişafına böyük məbləğdə
vəsaitin ayrılması, güzəştli şərtlərlə
kreditlərin verilməsi, kənd təsərrüfatının
inkişafı üçün ayrılan subsidiyalar, alınan
texnika, dövlət tərəfindən verilən dəstək
qeyri-neft sektorunun inkişafında çox böyük
dönüş yaratmışdır.
Ölkəmizdə
qeyri-neft sektorunun inkişafında aqrar sektor prioritet sahə
hesab olunur. Bu gün respublikada daxili resurslar tam gücü ilə
işə salınıb, yerli istehsalın sürət tempi
artmış və nəticədə özümüzü ərzaq
məhsulları ilə təmin etmək imkanı əldə
edilmişdir. Xatırlatmaq yerinə düşər ki,
müstəqilliyimizin ilk illərində xarici ölkələrdən
almaq məcburiyyətində qaldığımız ət,
süd, yumurta, qənd və sair ərzaq məhsullarının
90-95 faizi hazırda ölkə daxilində istehsal olunur. Elə
2008-ci ildə də ötən ilin müvafiq dövründəkindən
8,9 faiz çox kənd təsərrüfatı məhsulları
istehsal edilib. Belə ki, bitkiçilik məhsulları istehsalı
12 faiz, heyvandarlıq məhsulları istehsalı 3,9 faiz
artıb.
Bu gün Azərbaycan nəinki
özünü bir sıra ərzaq məhsulları ilə təmin
edir, hətta başqa ölkələrə 100 min tonlarla meyvə
və tərəvəz, bitki yağları, süd, yumurta və
sair satır. Ərzaq təhlükəsizliyinin təminatı
sahəsində ən mühüm problemlərdən biri də
Azərbaycanın taxılla əlaqədar digər ölkələrdən
qismən asılılığının tamamilə aradan
qaldırılmasıdır. Bu il ölkəmizdə 2,5 milyon
ton taxıl istehsal edilmişdir. Təsəvvür edin ki,
torpaqlarımızın bir hissəsi düşmən
tapdağı altında olmasaydı, onda bu rəqəm daha da
yüksək ola bilərdi.
Bütün bunlar son 5
ildə regionlarda kənd təsərrüfatı məhsulları
emalı müəssisələrinin yaradılmasına və
bütövlükdə aqrar sahənin tərəqqisinə
göstərilən dövlət dəstəyinin bariz nümunəsidir.
Son illər bölgələrdə aqrolizinqlər, aqroservislər
yaradılır. Təkcə 2003-2008-ci illərdə dövlətin
xətti ilə xarici ölkələrdən 7 mindən
artıq kənd təsərrüfatı texnikası-traktorlar,
kombaynlar, dərmansəpən aqreqatlar, yükdaşıyan
maşınlar, digər avadanlıqlar alınıb. Aqrar sahədə
qazanılan nailiyyətlər bölgələrin
simasını kökündən dəyişib, rayon mərkəzləri
və qəsəbələr abadlaşıb, yeni sənaye
müəssisələri və emal müəssisələri
açılıb, yollar asfaltlanıb, park və xiyabanlar
salınıb.
Məlum olduğu kimi, 2009-2013-cü
illər üçün regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqramı hazırlanır.
Proqrama uyğun olaraq qeyri-neft sektorunun inkişafı bundan
sonra da dövlətimizin iqtisadi siyasətinin əsas istiqamətlərindən
biri kimi davam etdiriləcək. Eyni zamanda kənd təsərrüfatının
sürətli inkişafına güclü maliyyə
resursları cəlb olunacaq, dövlət tərəfindən
bu sahəyə dəstək nümayiş etdiriləcəkdir.
Məsələn, kənd təsərrüfatı
istehsalçılarına 2001-ci ildən tətbiq edilən
vergi güzəştlərinin müddətinin daha 5 il
artırılması haqqında Milli Məclisdə qanun qəbul
edilmişdir.
İqtisadi sahədə
göstərilən səylər və əldə edilmiş
nailiyyətlər dünya və beynəlxalq maliyyə
qurumları tərəfindən bəyənilir və dəstəklənir.
Aparıcı maliyyə qurumrı
olan Dünya Bankının 2008-ci
il üzrə hesabatında Azərbaycan
dünyada bir nömrəli
islahatçı ölkə kimi göstərilmişdir.
Bu qiymət qeyri-neft sektorunda
aparılan islahatlara görə verilib. Bu islahatlar biznesin
inkişafı üçün şərait yaradır və
Azərbaycan iqtisadiyyatının liberallaşmasına xidmət
edir. İslahatlar isə ölkəmizdə insanların daha da
yaxşı yaşamasına imkan verir.
Müstəqil
respublikamızda bazar iqtisadiyyatı prinsiplərinin tətbiq
olunması üçün çox böyük işlər
görülmüşdür. Hələ ümummilli liderimiz
Heydər Əliyevin 2002-ci ilin aprel və may aylarında yerli və
xarici iş adamları ilə görüşüb onların
problemləri ilə maraqlanması, bundan sonra özəl
sektorun tənzimlənməsi üçün bir sıra sərəncam
və fərmanların imzalanması, qanunsuz yoxlamaların və
müdaxilələrin aradan qaldırılması bu sahənin
inkişafına yeni təkan vermişdir. Bu bir faktdır ki,
hazırda ümumi daxili məhsulda özəl sektorun payı
84 faizdir. Növbəti illərdə də
sahibkarlığın inkişafını dəstəkləyəcəyini
deyən dövlət başçısı cənab İlham
Əliyev son çıxışlarının birində
demişdir: "Prezident kimi mən sahibkarlara siyasi dəstəyimi
verirəm. Bölgələrdə, Bakıda müxtəlif
özəl müəssisələrə baş çəkirəm.
Həmişə çalışıram ki, onları dəstəkləyim.
Yerli icra orqanlarına həmişə deyirəm ki, bizim hərtərəfli
inkişafımız sahibkarlığın inkişafı ilə
çox bağlıdır".
Ötən
5 ildə neft-qaz sektorunda qarşıya qoyulan bütün
vəzifələr uğurla icra edilir. Bütün nəhəng
beynəlxalq layihələr
müvəffəqiyyətlə reallaşır. Demək olar
ki, ölkəmizdə çox
böyük neft-qaz
potensialı yaradılıbdır. Əgər 2003-cü
ildə neft hasilatı 15.4 milyon ton idisə, bu il Azərbaycanda
neft hasilatının 50 milyon tondan çox olması gözlənilir.
2003-cü ildə 5.5 milyard kubmetr qaz hasil edilirdisə, 2008-ci ilin
sonuna 20 milyard kubmetrdən çox olacaqdır. Azərbaycanda
7 neft və qaz kəməri vardır. Onların hamısı
işlək vəziyyətdədir. Bakı-Tbilisi-Ceyhan neft kəməri
istismardadır və tam gücü ilə işləyir.
Bakı-Tbilisi-Ərzurum
qaz kəməri də fəaliyyət göstərir. Ötən
5 il ərzində Azərbaycan qaz idxal edən ölkədən
qazı ixrac edən ölkəyə çevrilmişdir. Yəni
həm özümüzü qazla təmin edirik, həm də
başqa ölkələrə satırıq. Məsələn,
artıq Gürcüstanı və Türkiyəni qazla təmin
edirik. Qazın müəyyən hissəsi isə Türkiyədən
Yunanıstana verilir.
Ölkə daxilində
bütün bölgələrin, hətta ən ucqar kəndlərin
qazlaşdırılması prosesi müvəffəqiyyətlə
gedir. Beş il ərzində respublika üzrə 14 rayonun qaz təchizatı
təmin olunmuşdur. Onlardan bir neçəsi heç sovet
dövründə də mavi yanacaq almamışdır.
Hazırda işğal
altında olanlardan başqa elə rayon yoxdur ki, ora qaz verilməsin.
Qarşıdakı illərdə daha çox kəndlər
mavi yanacaqla təmin ediləcək. Hazırda
Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə
başlanmış və bu iş davam edir. Bu layihənin
reallaşması həm Azərbaycan, həm də qonşu
ölkələr üçün böyük əhəmiyyət
daşıyır. Bir məsələni də qeyd edim ki, neft
strategiyasının əsası böyük öndər Heydər
Əliyev tərəfindən qoyulmuş və bu gün qətiyyətlə
davam etdirilir. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum
neft-qaz kəmərlərinin çəkilişini bir neçə
il əvvəl əfsanə adlandırırdılar. Amma bu
beynəlxalq əhəmiyyətli layihələr cənab
İlham Əliyevin apardığı uğurlu siyasət sayəsində
reallaşdı.
Müstəqil
respublikamızın uğurlu neft strategiyasının əsas
istiqamətlərindən biri də şəffaflıqdır.
Keçən il Azərbaycan Dövlət Neft Fondu Birləşmiş
Millətlər Təşkilatı tərəfindən şəffaflığa
görə mükafatla təltif olunmuşdur. Bu gün Azərbaycan
xalqı bilir ki, neftdən ölkəyə nə qədər
vəsait daxil olur və bu vəsait necə xərclənir.
Energetika sahəsində
də bir sıra mühüm işlər
görülmüşdür. Bu sahədə infrastruktur layihələri
uğurla həyata keçirilir. Əlbəttə,
güclü infrastruktura malik olan ölkələr
dayanıqlı inkişafını təmin edir. Azərbaycanda
bu sahəyə qoyulan vəsaitin həcmi də ildən-ilə
artır. Bunun sayəsində çoxlu elektrik stansiyaları
tikilib. 2003-2008-ci illərdə Azərbaycanda 700 meqavat gücündə
8 elektrik stansiyası istifadəyə verilibdir. 2009-cu ilin
birinci yarısına qədər yeni stansiyalar tikiləcək
və onların gücü 1000 meqavat olacaqdır.
Ölkə Prezidenti
İlham Əliyev "Xüsusi iqtisadi zonaların
yaradılması haqqında" sərəncam
imzalamışdır. Həmin sənədin birbaşa təyinatı
iqtisadiyyatın proporsional və dinamik inkişafını təmin
etməkdən ibarətdir. Sərəncam ölkə
iqtisadiyyatının hərtərəfli inkişafı
üçün xarici investisiyaların cəlb edilməsi, eləcə
də ölkədə müxtəlif infrastruktur və istehsal
xarakterli layihələrin maliyyələşdirilməsi məqsədilə
yerli sahibkarların sərmayə imkanlarının
stimullaşdırılması baxımından müstəsna əhəmiyyət
kəsb edir. Bu qəbildən ölkəmiz üçün
mühüm sayılan layihələr sırasında
Naxçıvanda və Səngəçalda modul tipli elektrik
stansiyalarını, Lənkəran və Zaqatalada hava
limanlarını, yeni metro stansiyalarını, paytaxt ətrafında
tikiləcək bərk məişət və sənaye
tullantıları emalı üzrə zavodu göstərmək
olar.
Azərbaycanda yerli və
xarici sərmayələrin daha da
stimullaşdırılması, bu sahədə həyata
keçirilən dövlət siyasətinin tənzimlənməsi
məqsədilə Dövlət İnvestisiya Şirkətinin
yaradılması və onun üçün 100 milyon dollar həcmində
nizamnamə kapitalının müəyyənləşməsi
olduqca mühüm addımdır.
Son illər ölkəmizdə
avtomobil yolları, dəmir yolu, hava, dəniz nəqliyyatı
bütün bunların inkişafı göz
qabağındadır. İqtisadiyyatımızın yüksək
sürətlə inkişafını təmin edən,
davamlı sabitliyə, tərəqqiyə və yüksəlişə
aparan uğurlu siyasət digər sahələrdə olduğu
kimi, nəqliyyat infrastrukturunun yeniləşməsi
üçün də böyük imkanlar
yaratmışdır. Böyük öndər Heydər Əliyev
ölkənin nəqliyyat sektorunda avtomobil yollarının
mühüm əhəmiyyət kəsb etdiyini qeyd edərək,
bu sahənin inkişafına xüsusi önəm vermişdir.
"Yol iqtisadi inkişafın əsas amillərindən
biridir. Əgər müasir infrastruktur, yol olmasa, iqtisadiyyat
inkişaf edə bilməz" kəlamı artıq bu sahədə
çalışanların devizinə çevrilmişdir. Bu
gün nəqliyyat-yol kompleksinin, hava, dəniz, dəmir yolu sahələrinin
fəaliyyəti möhtərəm Prezidentimiz İlham Əliyevin
rəhbərliyi altında əhalinin nəqliyyat xidmətlərinə
olan tələbatının ödənilməsinə, ölkəmizin
tranzit potensialının artırılmasına, nəqliyyat
infrastrukturunun yeniləşdirilməsinə yönəldilmişdir.
Sosial sahələrdə
nəzərdə tutulmuş proqramların həyata
keçirilməsi də iqtisadi potensiala söykənir.
İldən-ilə iqtisadi qüdrətimizin güclənməsi,
dövlət büdcəsinin artımı sosial məsələlərin
həllində mühüm rol oynayır. Nazirlər Kabinetinin
bu yaxınlarda keçirilmiş geniş iclasında giriş
nitqi söyləyən dövlət başçısı cənab
İlham Əliyev demişdir: "Ölkəmizdə sosial məsələlərin
həllinə çox böyük diqqət göstərilir.
Bu, bizim siyasətimizdir və bu ilin 9 ayında bu siyasət
özünü göstərmişdir. Son rübdə minimum əmək
haqqı və minumum pensiyaların baza hissəsi
artırılmışdır, çoxlu sosial təşəbbüslər
irəli sürülmüşdür. İnsanların həyat
səviyyəsinin yaxşılaşdırılması
üçün əməli-praktik tədbirlər
görülmüşdür. Humanitar sahədə bizim
bütün planlarımız icra edilir, məktəblər,
yeni xəstəxanalar tikilir. İnsanların yaxşı
yaşaması üçün bütün lazımi tədbirlər
görülür".
Qeyd
edək ki, son beş ildə Azərbaycanda minimum əmək
haqqı 8 dəfə artmışdır. Hazırda minimum əmək
haqqı 75 manatdır. Bu müddətdə minimum pensiya da 4 dəfə
yüksələrək 75 manata çatmışdır. Tələbələrin
təqaüdləri 15 dəfə artıb və indi bakalavr
pilləsində yaxşı qiymətlərlə oxuyan tələbə ayda 67 dollar təqaüd
alır.
2003-2008-ci illərdə
respublikamızda orta əmək haqqı 3.6 dəfə artaraq
313 dollara çatıb. Proqnozlar göstərir ki, ilin sonuna
orta əmək haqqı 335 dollara qalxacaqdır. Büdcə təşkilatlarında
çalışanlardan fərqli olaraq özəl sektorda fəaliyyət
göstərənlərin əmək haqları daha yüksəkdir.
Azərbaycanda 600 min nəfər ünvanlı sosial
yardımdan faydalanır. Orta hesabla hər ailəyə 122
dollar pul verilir. Bu, aztəminatlı ailələr
kateqoriyasından olan insanlara dövlət
qayğısının bariz nümunəsidir. Büdcədən
maliyyələşən təşkilatların işçilərinin
əmək haqları da son illər bir neçə dəfə
yüksəlibdir. Müəllimlərin və səhiyyə
işçilərinin əmək haqları bu ilin sentyabr
ayında yenidən 25 faiz qaldırılıbdır. İndi
orta məktəb müəllimlərinin orta aylıq əmək
haqqı 200 manat civarındadır. Hər iki sahədə
infrastruktur layihələri də həyata keçirilməkdədir.
Beş ildə 1600 yeni məktəb tikilib, köhnələrdə
təmir işiləri aparılıb. 240-dan çox yeni tibb
müəssisəsi yaradılıb. Bu sahədə xüsusi
vurğulamaq lazımdır ki, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri, Heydər Əliyev Fondunun
prezidenti, millət vəkili Mehriban xanım Əliyeva son
üç ildə ölkəmizdə yüzlərlə məktəb
və səhiyyə ocaqlarının istifadəyə verilməsində
əlindən gələni əsirgəməmişdir.
Onu da nəzərə
çatdıraq ki, gələn ilin dövlət büdcəsində
elm və təhsilə yeni səviyyədə diqqətin
yetirildiyi görünür. Belə ki, büdcədə təhsilə
1,3 milyard manat, elmə 105 milyon manat vəsait
ayrılmışdır. Ümumiyyətlə,
respublikamızda təhsil sahəsi üçün ayrılan
vəsait inkişaf etmiş ölkələr səviyyəsindədir.
Yeni iş yerlərinin
açılması dövlətimizin diqqət mərkəzində
olmaqla, yoxsulluğun səviyyəsinin azalmasına təkan
verir. Son 5 ildə respublikamızda 741 min yeni iş yerləri
açılmışdır ki, onlardan da 531 mini daimidir.
Xatırlatmaq yerinə düşər ki, cənab İlham Əliyev
hələ 2003-cü ildə prezident seçkiləri ərəfəsində
söz vermişdi ki, yaxın 5 ildə ölkədə 600 min
yeni iş yerləri açılacaqdır. Bu vəd
vaxtından əvvəl, 4 ildə yerinə yetirilmişdir. Bu
iş yerləri həm insanların rifah halının
yaxşılaşmasına xidmət göstərir, həm də
bölgələrdə gedən proseslərə güclü
təkan verir. Qeyd edək ki, bu iş yerlərinin çoxu
regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramı çərçivəsində bölgələrin
payına düşür. Belə ki, bölgələrdə
yenidən qurulan köhnə müəssisələrin, təzə
istifadəyə verilən sosial-məişət obyektlərinin
sayəsində minlərlə insan işlə təmin
olunmuş, əhalinin kənddən şəhərə
axınının qarşısı alınmışdır.
Həyata keçirilən
bu tədbirlərin sayəsində insanların güzəranı
yaxşılaşmış, rifah halı yüksəlmişdir.
Əgər 2003-cü ildə Azərbaycanda yoxsulluğun səviyyəsi
49 faiz idisə, 2008-ci ildə rəqəm 16 faizə
düşmüşdür.
"Azərbaycan
Respublikasının 2009-cu ilin dövlət büdcəsi
haqqında" Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev tərəfindən 10 dekabr 2008-ci il tarixdə
fərman imzalanmışdır. Gələn ilin dövlət
büdcəsinin gəlirləri ümumi daxili məhsulun 27,9
faizi səviyyəsində və ya 12 milyard 177 milyon manat, xərcləri
isə ümumdaxili məhsulun 28,3 faizi və ya 12 milyard 355
milyon manat həcmində
proqnozlaşdırılmışdır. Əvvəlki illərdə
olduğu kimi, gələn ilin büdcəsi də sosial və
investisiyayönümlüdür. Belə ki, gələn il
sosialyönümlü xərclərin büdcədə
xüsusi çəkisi 4 milyard 24 milyon manatdır (33 faiz). Bu,
cari illə müqayisədə 24,4 faiz çoxdur. Sənədə
əsasən 2009-cu ildə yaşayış minimumu ölkə
üzrə adambaşına orta hesabla 84 manat, əmək
qabiliyyətli əhali üçün 92 manat,
pensiyaçılar üçün 65 manat, uşaqlar
üçün 69 manat nəzərdə tutulmuş, ehtiyac
meyarı 60 manat həcmində müəyyənləşdirilmişdir.
Ümumiyyətlə, Azərbaycanda
iqtisadiyyat sosialyönümlü siyasətin üzərində
qurulur. Bu siyasətin həyata keçirilməsinin əsas
amili dayanıqlı iqtisadiyyatın inkişaf etdirilməsidir.
Əhalinin həyat səviyyəsinin yüksəldilməsi
iqtisadi artıma, iqtisadi sabitliyə də müsbət təsir
göstərir. Aydın məsələdir ki, insanların
rifahı nə qədər yaxşı olarsa, nə qədər
ədalətli bölgü sistemi yaradılarsa, iqtisadi
artımdan bəhrələnənlərin sayı çox
olarsa və nə qədər sosial ədalət prinsipləri
möhkəmlənərsə, cəmiyyət də bir o qədər
möhkəm olar. Ona görə də sosial siyasət istər-istəməz
ölkə iqtisadiyyatının əsas konseptual istiqamətinə
çevrilir. Sosial siyasətin həyata keçirilməsi
istehsal olunan məhsulların, neft gəlirlərinin və digər
daxilolmaların artması hesabına mümkündür. Bu gəlirlərin
artması pensiyaların, təhsil, səhiyyə, mədəniyyət,
elm sahələrinə xərclənən vəsaitlərin
artmasına gətirib çıxarır. Azərbaycan dövləti
və hökuməti də öz sosial siyasətində bu
prinsipi üstün tutaraq belə bir addım atır.
Dövlət büdcəsində
2009-cu ilin əvvəlindən əmək haqlarının,
müavinətlərin, pensiyaların yenidən
artırılması nəzərdə tutulub. Bu gözlənilən
artımlar isə əhalinin yaşayış durumunun daha da
yaxşılaşdırılması istiqamətində
atılan daha bir addım olacaqdır.
Əmək haqqı,
pensiya və maaşların artırılması ilə
yanaşı, sosial sahələrdə infrastruktur layihələrin
icrası da davam etdiriləcəkdir. Bir sözlə, Nazirlər
Kabinetinin son hesabatında dövlət
başçısının yekun nitqində dediyi kimi, sosial məsələlərin
həlli həmişə olduğu kimi, bundan sonra da diqqət
mərkəzində olacaqdır.
Məcburi
köçkünlərin problemlərinin həlli
üçün beş il ərzində görülən
işlər göz qabağındadır. 5 il ərzində Azərbaycanda bir dənə də
çadır şəhərciyi qalmamışdır. Məcburi
köçkünlərin yaşayış vəziyyətinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılmasına dair 2004-cü ildə qəbul
edilmiş Dövlət Proqramının icrası çox
uğurla aparılır və bu müddət ərzində 12
çadır şəhərciyi ləğv edilibdir.
Onların əvəzinə müasir binalar, evlər, məktəblər,
tibb məntəqələri tikilibdir. 36 yeni qəsəbə
salınıb və işğaldan əziyyət çəkmiş
on minlərlə soydaşımız yeni evlərə
köçürülübdür.
Qeyd etmək yerinə
düşər ki, hökumətin hesabatında göstərilir
ki, son 5 il ərzində çadır şəhərciklərinin
ləğvi üçün 1 milyard dollar xərclənib,
proqrama əlavələr hesabına əlavə minumum 500
milyon dollar xərclənəcəkdir. Bu vəsait də, əlbəttə
ki, Azərbaycan Dövlət Neft Fondunun hesabına
yaradılıb.
Möhtərəm
İlham Əliyev 1997-ci ildə Milli Olimpiya Komitəsinin
prezidenti seçildikdən sonra Azərbaycanda bədən tərbiyəsi
və idmanın kütləviliyinin inkişafında əsaslı
dönüşün bünövrəsi qoyulmuşdur. 2005-ci ildən etibarən ölkəmizdə hər
il martın 5-i bədən
tərbiyəsi və idman işçilərinin peşə bayramı kimi
qeyd olunur. Azərbaycan idmançılarının
uğurları ildən-ilə artır, onlar Avropa, dünya,
olimpiya çempionatlarında yeni-yeni nailiyyətlər
qazanırlar. Respublikamızın iqtisadi imkanları genişləndikcə,
idmanın maddi-texniki bazası da gücləndirilir,
idmançılara və onların məşqçilərinə
diqqət və qayğı yüksəldilir. 2003-2008-ci illərdə
respublikamızda 14 olimpiya idman kompleksi tikilib istifadəyə
verilmişdir. Hazırda idman komplekslərinin 17-də tikinti
işləri gedir. Bütün bunlar ona görə edilir ki,
komplekslərdən səmərəli istifadə olunsun, orada məşqlər,
yarışlar keçirilsin. Çünki idman kompleksləri,
sağlamlıq mərkəzləri gənc nəslin sağlam
böyüməsində, idmanın inkişafında
mühüm rol oynayır. Bütün bunlar cənab İlham Əliyevin
idmana, gənclərə göstərdiyi qayğının
bariz nümunəsidir. Məhz 15 oktyabr prezident seçkilərində
gənclərin fəallığının müşahidə
olunması, onların öz liderlərini dəstəkləməsi
dövlət başçısının idmana, gənclərə
yetirdiyi diqqətdən qaynaqlanır.
Son prezident seçkiləri
xalqımızın bu yola sədaqətini bir daha
nümayiş etdirdi. Çünki seçkilərədək
cənab İlham Əliyevin xalq arasında, seçicilər
arasında böyük nüfuzu və reytinqi vardı. Məhz
ölkə əhalisi də hələ prezident seçkilərindən
xeyli əvvəl seçimini etmişdi. Son 5 ildə
qazanılan uğurlar, iqtisadi inkişaf cənab İlham Əliyevin
böyük əksəriyyət tərəfindən dəstəkləndiyini
əsaslandıran şərtlərdir. Bu seçim həm də növbəti 5 ildə
Azərbaycanın bütün sahələrdə daha yüksək nailiyyətlər əldə etməsi, beynəlxalq
aləmdə nüfuzunun artması,
xalqımızın rifah
halının yüksəlməsi, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu
ilə öz xeyrimizə həll olunması və nəhayət, müstəqil
dövlətimizin gündən-günə çiçəklənməsi
deməkdir.
Ötən beş ilin
sonuncu 2008-ci ili də başa çatmaq üzrədir. Bu
dövr ərzində Azərbaycanın sosial-iqtisadi
inkişafında qazanılmış nailiyyətlər həm
də qarşıdakı illər üçün etibarlı
zəmindir. Bəli, dövlət
başçımızın bəyan etdiyi kimi, Azərbaycan
xalqını narahat edən bütün məsələlər sosial, iqtisadi, infrastruktur problemləri
2009-2013-cü illərdə öz həllini uğurla
tapacaqdır.
Atakişiyev M.
Respublika.- 2008.- 21 dekabr.- S.
3.