Uşaqlara qayğı xoşbəxt gələcəyə
stimul yaradır
Suraxanı rayonunun Yeni
Günəşli "V" yaşayış massivindəki
23 saylı körpələr evi-uşaq bağçası
paytaxtımızın nümunəvi müəssisələrdən
biri sayıla bilər. 1986-cı il 20 noyabrda tikilib istifadəyə
verilmiş körpələr evi-uşaq
bağçasının təcrübəli, uşaq
psixologiyasına dərindən bələd olan kollektivi ilə
tanışlıqdan sonra dərhal belə təəssürat
yaranır ki, burada müəssisənin rəhbərindən
tutmuş sıravi təsərrüfat işçisinədək
hamı gələcəyimiz olan körpələrin
qayğısına qalır, layiqli vətəndaş kimi
yetişmələri üçün zəngin bilik və
bacarıqlarını əsirgəmir, eyni zamanda üzərlərinə
düşən vəzifənin məsuliyyətini
yaxşı dərk edir.
Qarabağ torpağı
uğrunda döyüşlərdə qəhrəmancasına
həlak olmuş Fərhad Şirinovun adını
özündə əbədiləşdirən bu uşaq
müəssisəsinə təcrübəli pedaqoq Sevil
Balayeva rəhbərlik edir. Sevil xanım o zamankı Lenin
adına Azərbaycan Pedaqoji İnstitutunun (indi ADPU) ibtidai təhsilin
pedaqogikası və metodikası fakültəsini bitirdikdən
sonra iyirmi altı illik fəaliyyətini
balalarımızın təlim və tərbiyəsinə həsr
etmiş, səmərəli əməyi Bakı Baş Təhsil
İdarəsi tərəfindən dəfələrlə fəxri
fərmanlara layiq görülmüşdür. O, iyirmi iki ildən
artıqdır ki, 23 saylı körpələr evi-uşaq
bağçasının müdiri vəzifəsində
çalışır.
Uşaq
bağçasının böyük ərazisi var və həyət
qapısını açıb içəri daxil olan hər
kəs oradakı təmizliyin, abadlığın, səliqə-sahmanın
şahidi olar.
Gəlişimizdən
kollektivin xəbəri olmasa da, səhər saat onda həm
uşaqlar, həm də bütün işçilər öz
yerlərində idilər. Həkim Məlahət Abbasova və
tibb bacısı Ruqiyyə Məmmədova körpələri
müayinədən keçirib qurtarmış, tərbiyəçilər
böyük və orta qruplarda məşğələlərə
başlamışdılar. Məşğələ və
yataq otaqlarında səliqə-sahman və təmizlik diqqəti
cəlb edirdi.
Səkkiz qrupda 165
uşağın tərbiyə olunduğu bağçada tərbiyəçilər
Günay Rüstəmova, Rəna Qəhrəmanova, Tamella
Abbasova, Səbinə Quliyeva, Lalə İmanova və Səbinə
Əhmədova balacalara əsl ana qayğısı göstərirlər.
Məktəbə hazırlıq qrupunun tərbiyəçiləri
Məlahət Cəfərova, Minayə Almazova, Elnarə Məmmədova
və Larisa Çavkina uşaqlara riyazi anlayışlar, vətənpərvərlik
hissləri aşılayır, səsləri, musiqi, folklor
nümunələri, əmək vərdişləri öyrədirlər.
Uşaqlar dövlət rəmzlərini tanıyır, dövlət
himnimizi əzbər bilir və musiqi ilə oxumağı
bacarırlar. Beş yaşlı uşaqlardan Məryəm Fərzəliyeva,
Ruslan Cəfərzadə, Aytac Savziyeva və başqaları
gildən, plastilindən fiqurlar düzəldir, rəsmlər
çəkir, şeir və nağıllar söyləyir, bədii-estetik
zövqlərini nümayiş etdirirdilər. Onların
nümunəvi əl işləri seçilib saxlanılır.
Metodist Şəfiqə
Hüseynova məşğələlərin məzmunlu
keçirilməsi üçün təlimin və təhsilin
mütərəqqi metodlarını tətbiq edir, bu işlərin
Avropa standartları səviyyəsində aparılmasına
çalışır. Müəssisə rəhbərliyi və
tərbiyəçilər uşaqlarda təbiətə məhəbbət
oyatmaq, yol hərəkəti qaydalarını öyrətmək
məqsədilə onları Bakının görməli yerlərinə
aparır, paytaxt barədə məlumatlar verirlər.
23 saylı körpələr
evi-uşaq bağçasının müdiri Sevil Balayeva
uşaqlara yaradılan şəraitdən, dövlət rəhbəri
İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO
və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın
diqqət və qayğısından razılıqla
danışaraq bildirdi ki, gələcək nəslin yetişməsində
onların fəaliyyəti əvəzsizdir. Müstəqillik əldə
ediləndən sonrakı on beş ildə 1700-dən çox
təzə məktəbin və yüzlərcə uşaq
bağçasının tikilib istifadəyə verilməsi,
onların müasir avadanlıqlarla təchiz edilməsi buna əyani
sübutdur.
Sevil xanım fikrini davam
etdirərək söylədi ki, uşaqlara qayğı
göstərən ümummilli liderimiz Heydər Əliyev
onları xoşbəxt görmək istəyir, ona görə
də həmişə balacalara böyük himayə göstərirdi.
Ulu öndərin, nəhəng dövlət xadiminin müəyyən
etdiyi strateji xətti uğurla davam etdirən Azərbaycan
Prezidenti İlham Əliyevin bu sahəyə diqqəti bizi
sevindirir. Prezidentimizin dediyi "Biz maddi dəyərlərimizi,
iqtisadi potensialımızı insan kapitalına çevirməliyik"
sözləri bizim fəaliyyətimizin istiqamətini müəyyənləşdirir.
Prezident İlham Əliyevin
12 aprel 2007-ci ildə imzaladığı "Azərbaycan
Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi
Proqramı"nın (2007-2010-cu illər) təsdiq edilməsi
haqqında sərəncamı məktəbəqədər təhsil
müəssisələri qarşısında mühüm vəzifələr
qoyur. Ən mühüm vəzifə isə ondan ibarətdir
ki, uşaqlar bağçadan məktəbə müxtəlif
ilkin bilgilərə və anlayışlara malik olmaqla
hazır getsinlər.
23 saylı körpələr
evi-uşaq bağçasının kollektivinin də əsas
məqsədi budur. Uğur olsun!
İlyasov
V.
Respublika.-
2008.- 21 dekabr.- S.4.