Dövlətin milli maraqlarının müdafiəçisi

 

Qloballaşmanın müasir prosesləri mütərəqqi ənənələrlə bərabər, özündə hər bir ölkə üçün səciyyəvi olan bəzi məhdudlaşdırmalar baxımından milli maraqları və təhlükəsizliyi əks etdirir. Etibarlı təhlükəsizlik sistemi olmayan ölkədə iqtisadi və demokratik inkişaf barədə danışmaq çox mürəkkəb bir prosesdir. Bu proses, xüsusilə, geostrateji nəqliyyat yolu üstündə yerləşən, Şərqlə Qərb arasında körpü rolunu oynayan, həmçinin qlobal enerji layihələrinin baş qarantı olan Azərbaycan üçün daha çox aktualdır. Bu aktuallıq, ilk növbədə, ölkəmizə qarşı Ermənistan tərəfindən hərbi təcavüzün başlanması və davam etdirilməsi, əhalinin ağır həyat tərzi ilə şərtlənir.

Strateji baxımdan mühüm olan bu konsepsiyanın yaradılması, heç də təsadüfi deyil: o, ölkənizin iqtisadi imkanlarının inkişafı, beynəlxalq arenada nüfuzunun yüksəlməsi, bölgə proseslərinə təsiretmə səviyyəsinin yüksəlməsi ilə şərtlənir. Məlum olduğu kimi, ölkələr dəyişiklik şəraitində, ayrı-ayrı dövlətlərin sürətli templə güclənməsi, xüsusilə, bütövlükdə bəşəriyyət terrorizmlə, etnik separatizm və münaqişələrlə, milli yönümdə təşkilatlanmış cinayətkarlığın artması, kütləvi qırğın silahlarının əldə edilməsi, təbii ehtiyatların məhv edilməsi, əhalinin sayının durmadan artması və kütləvi miqrasiyası, ətraf mühitin çirkləndirilməsi və s. arzuolunmaz hadisələrlə qarşılaşırlar. Bütün bu amillər vacib priotetləri, o cümlədən adekvat tədbirlər görmək, gərginliyi azaltmaq üçün risk göstərilməsini tələb edir. Azərbaycanın milli təhlükəsizlik konsepsiyasından irəli gələn əsas amil - siyasi prinsiplər, başqa sözlə desək, ölkəmizin müstəqilliyinin qorunub saxlanması, respublikamızın ərazi bütövlüyünün təmin edilməsi, Konsepsiya quruculuğunun təminatı, milli maraqlarımızın daxili və xarici təhlükələrdən müdafiəsi daim gündəmdə olmalıdır.

Azərbaycan Prezidenti İlham Əliyevin başlıca xidməti ondan ibarətdir ki, ölkəmizdə daimi və sabit milli təhlükəsizlik sistemi yaratmış, Azərbaycan Respublikasının qanunvericilik və hüquqi aktları bazasının işlənib hazırlanmasını, təhlükəsizlik məsələlərinə dair hakimiyyət orqanlarının funksiyalarının reqlamentləşdirilməsini təmin etmişdir. Belə ki, qısa müddət ərzində ölkə rəhbərliyi tərəfindən "Fövqəladə vəziyyət haqqında" (2004), "Milli təhlükəsizlik haqqında" (2004), "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" (2004), "Azərbaycan Respublikası polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair" (2004), "Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinin təşkili haqqında" (2006) və s. mühüm qanunlar və fərmanlar qəbul edilmişdir. Praktiki olaraq, bu normativ hüquqi aktlarda hakimiyyət orqanlarının funksiyası və əsas tapşırıqları müəyyənləşdirilmiş, onlardan güc strukturları tərəfindən xarici və daxili təhlükəsizliyin təmin edilməsi işində birinin digərini təkrar etməsinə yol verilməmişdir. Bu qanunlarda beynəlxalq müqavilə və sazişlərin əldə olunmuş nailiyyətləri - xarici dövlətlərlə, onların hüquq müdafiə orqanları, xüsusi xidmət və güc strukturları, həmçinin beynəlxalq təşkilatların qərarlarında terrorizmlə və fövqəladə hallarda mübarizə məsələləri nəzərdə tutulmuşdur.

Hazırda Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində beynəlxalq aləmdə Azərbaycanın imici köklü surətdə dəyişmişdir. Azərbaycanın artan nüfuzu dünya ictimaiyyəti tərəfindən etiraf olunmuşdur. Azərbaycan dünya sivilizasiyasına layiqincə daxil olmuş, bölgədə beynəlxalq təhlükəsizliyin yaradılması üçün böyük ideyalar və layihələrin təşəbbüskarı olmuşdur. Xalq öz Vətəni ilə fəxr edir, öz gələcəyinə inanır.

Müasir və müstəqil Azərbaycan indi tarazlaşdırılmış uğurlu xarici siyasət həyata keçirərək beynəlxalq aləmdə söz sahibinə, bölgənin lider dövlətinə çevrilmişdir. Bu inkişaf konsepsiyasının özülü ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyev isə yetkin siyasi məntiq üzrə özünün taktiki xəttini - Vətən diplomatiyasını yaratmışdır. Onun məqsədi, siyasi fəaliyyəti, əsas etibarilə ölkə həyatının bütün sahələrində, o cümlədən də xarici siyasət sahəsində sabitliyə nail olmaqdan ibarətdir. Əgər, Prezidentimiz İlham Əliyev fəaliyyətinin ilk mərhələsində ölkənin siyasi kursunun saxlanmasının qarantı kimi çıxış edirdisə, artıq indi o, Azərbaycanın bölgənin lideri olaraq, inkişaf etmiş dövlət kimi tanınmasının dünyada etiraf edilməsinə çalışır.

Prezident İlham Əliyev buna nail olmaq üçün dünya siyasətinin başlıca amillərini, həmçinin tarixi reallıqları və milli maraqları əsas götürmüşdür. Faktiki olaraq, dövlətimizin başçısının bütün rəsmi görüşlərdə çıxışlarının əsas mövzusunu xalqın milli maraqlarının diktə etdiyi siyasət təşkil edir. "Azərbaycanın dövlət müstəqilliyi daimi və əbədidir" - Prezident ölkənin milli maraqlarını belə ifadə etmişdir. İlham Əliyevin doktrinasının əsasını bir neçə prinsip təşkil edir: milli müdafiə, xarici dövlətlərlə milli maraqlara xidmət edən müqavilələr, sazişlər bağlamaq və razılaşmalar əldə etmək. Xarici siyasət hücumçu olmalı və uzunmüddətli perspektiv əsaslara söykənməlidir.

Prezident İlham Əliyev nəinki Azərbaycanın xarici siyasət kursunun prinsipial əsaslarını qoymuş, həmçinin təcrübədə ondan geniş şəkildə bacarıqla istifadə etmişdir. O, geniş elmi dünya görüşə malik olmaqla diplomatik manevrlərdən məharətlə istifadə edərək, beynəlxalq hüquq məsələlərinin həllində kompromis, tarixi, fəlsəfi, psixoloji, coğrafi amillərdən bacarıqla bəhrələnərək dünya miqyasında ölkəmizi layiqincə təmsil etmişdir və edir.

Suveren dövlətin Prezidenti vəzifəsində İlham Əliyevin fəaliyyəti Azərbaycanın beynəlxalq aləmdə yerinin və nüfuzunun möhkəmləndirilməsi, yaxın və uzaq xarici ölkələrlə qarşılıqlı əlaqələrin gücləndirilməsi, beynəlxalq və regional təşkilatlarla fəal əməkdaşlığın yeni səviyyəyə qaldırılması ilə fərqlənir. Bu mərhələ Azərbaycanın sivilizasiya yolu ilə dövlətlərarası yeni münasibətlər sisteminə daxil olması dövrüdür.

Müstəqil Azərbaycanın rəhbərinin yeritdiyi sülhsevər xarici siyasət kursu beynəlxalq aləmdə etiraf olunmuşdur.

Azərbaycan diplomatiyasının geniş kursu, blokların və ittifaqların çoxvariantlılığı şəraitində yeni və ənənəvi tərəfdaşlar arasında tarazlaşdırılmış münasibətlər qurması dünyada etiraf olunmuş və alqışlanmışdır. Prezident İlham Əliyev praqmatik lider kimi qloballaşma çağırışını qəbul etmiş, onun dünya iqtisadiyyatının inkişafındakı rolunu dərindən duymuş və bildirmişdir ki, belə şəraitdə, hər şeydən əvvəl, milli maraqların təmin edilməsi mühüm amil olaraq, dövlətin əsas ideyasının və ənənələrinin, sınaqdan çıxmış mentalitet formalarının və qarşılıqlı siyasətin mədəni təcrübəsi dövlətin milli maraqları baxımından nəzərə alınmalıdır.

Qərb və Şərq ölkələrinin böyük liderləri birbaşa dialoq zamanı Azərbaycan Prezidentinin siyasi təcrübəsindən fəxarətlə danışır, güclü təfəkküründən, genişmiqyaslı islahatlar aparmasından söhbət açarkən, qeyd edirlər ki, o, beynəlxalq miqyasda çox nüfuzlu liderlərdən biridir.

Professional siyasətçi keyfiyyətləri, möhkəm iradəsi, güclü intellekti, geniş erudisiyası, natiqlik istedadı Prezident İlham Əliyevin dünyanın ən nüfuzlu siyasi liderləri sırasına çıxmasına imkan vermişdir.

Azərbaycanın son beş ildəki fəaliyyətinin nəticələri onun tarixi nailiyyətidir. Bu dövrdə dövlətin xarici siyasət prinsipləri əsaslı şəkildə işlənib hazırlanmış və qəti olaraq beynəlxalq aləmə çıxışı ilə möhkəmləndirilmişdir. Nəinki, yalnız strategiya müəyyənləşdirilmiş, həmçinin Azərbaycanın dünya sivilizasiyasına qovuşması, ölkənin milli maraqlarının müdafiəsi taktikası hazırlanmışdır.

Dövlətimizin başçısı İlham Əliyevin çoxşaxəli siyasi fəaliyyəti, onun müdrik diplomatiyası nəticəsində Azərbaycan dünya ictimaiyyəti tərəfindən sülhpərvər dövlət, etibarlı tərəfdaş kimi qəbul olunmuşdur. Bu gün Azərbaycan BMT-nin, ATƏT-in, Avropa Şurasının, İslam Konfransı Təşkilatının, MDB-nin, GUAM-ın, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının, Beynəlxalq Valyuta Fondunun, Dünya Yenidənqurma və İnkişaf Bankı kimi beynəlxalq maliyyə qurumlarının fəal üzvüdür. Həmçinin, Avropa İttifaqı Avropa Parlamenti, NATO və digər beynəlxalq təşkilatlarla tərəfdaşlıq münasibətləri yaradılmışdır. Bu təşkilatlarda ölkəmiz özünün maraqlarını qoruyur və qəbul olunan qərarlara təsir göstərir.

Bu gün Azərbaycan dünya ictimaiyyəti tərəfindən sülhsevər ölkə kimi qəbul olunur, beynəlxalq sülhyaratma proseslərində, transmilli cinayətkarlığa və terrorizmə qarşı mübarizədə fəal iştirak edir. Əlbəttə, bunun arxasında böyük əmək, hər şeydən əvvəl, yeni diplomatiyanın banisi Azərbaycan Prezidenti durmuşdur. Prezidentin xarici ölkələrə çoxsaylı rəsmi səfərləri Azərbaycanın xarici siyasət kursunun geniş mənzərəsini əks etdirir. Ötən beş ildəki fəaliyyəti nəticəsində Azərbaycan Prezidenti yalnız ölkəmizin deyil, bir çox dövlətlərin də rifahının yüksəlməsinə xidmət edən böyük layihələri həyata keçirməyə nail olmuşdur. Bu, hər şeydən əvvəl, neft strategiyasının uğurla həyata keçirilməsi Böyük İpək yolunun yenidən bərpa olunması və Qafqaz bölgəsində sülhün bərqərar edilməsi təşəbbüsü ilə bağlı olmuşdur.

İlham Əliyev bölgədə Azərbaycanın sülhə nail olmaq kursunu inamla davam etdirmişdir. Prezidentimiz yaxın və uzaq ölkələrə səfərləri çərçivəsində keçirdiyi bütün görüşlərdə yorulmadan sülh ideyası üzərində dayanmışdır. Əvvəllər imperiya əsarətində olan Qafqaz artıq bu gün dünya siyasətində fəal rol oynayır. Beynəlxalq təşkilatlar və dünyanın aparıcı dövlətləri bu bölgədə təhlükəsizliyi və əməkdaşlığı təmin etmək üçün fəal şəkildə yollar axtarırlar.

Qafqaz amilindən böyük siyasətdə fəal şəkildə istifadə olunur. Azərbaycan Prezidentinin Avropa ölkələrinə səfərləri göstərdi ki, ölkəmizin potensial imkanları Şərq-Qərb oxu üzrə siyasi və iqtisadi əməkdaşlıq üçün böyük rola malikdir. Avropa ölkələri Azərbaycanı öz sıralarına qəbul etməyə hazırlaşırlar. Çünki onlar Azərbaycanda demokratiyanın və iqtisadiyyatın sürətli inkişafını görürlər. Öz növbəsində, Azərbaycan da qapılarını Avropaya açaraq, siyasi müstəqilliyini və dövlət suverenliyini möhkəmləndirmək üçün real imkanlardan istifadə etməyə çalışır.

Prezident İlham Əliyev bütün çıxışlarında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibət bildirərkən bəyan edir ki, problem beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması prinsipi əsasında həll olunmalıdır. Məlumdur ki, BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması barədə 4 qətnamə və 6 bəyanat qəbul etmişdir.

Bu sənədlərdə ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün toxunulmazlığı, Dağlıq Qarabağın Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olması təsdiq edilmişdir. Lakin bütün bu qərarlara Ermənistan məhəl qoymur və beynəlxalq hüquq normalarını pozmaqda davam edir.

Heç də sadə olmayan belə şəraitdə Azərbaycanın mövqeyi nədən ibarətdir? Bu suala Azərbaycan Prezidenti birmənalı olaraq, qısa və yığcam cavab vermişdir: "Azərbaycan gələcəkdə də sülh prosesini davam etdirəcəkdir. Ancaq erməni tərəfi, nəhayət, başa düşməlidir ki, müharibə onları daha ağır vəziyyətə salmışdır. Müharibə perspektivsizdir, ona görə ki, müharibə ümumilikdə qəbul olunmuş beynəlxalq hüquq normalarını pozur və Azərbaycan heç vaxt onun ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəkdir". Bu istiqamətdə fəaliyyətini yorulmadan davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin diplomatiyası 2004-cü ildə Avropa Şurası Parlament Assambleyasının, Ermənistanın təcavüzkar siyasətini pisləyən, 2007-ci ildə BMT-nin Baş Məclisində Azərbaycanın işğal olunmuş torpaqlarının boşaldılmasına dair qətnamələrin qəbul edilməsi ilə nəticələnmişdir. Beləliklə, Azərbaycan Prezidentinin mövqeyi AŞPA-nın və BMT Baş Məclisinin iclaslarında ciddi surətdə müdafiə olunmuşdur. Bu qətnamələrin qəbul olunması Prezident İlham Əliyevin böyük diplomatiyasının qələbəsidir.

Son illərdə Azərbaycan Respublikasının ictimai-siyasi və sosial-iqtisadi həyatında baş verən müsbət dəyişikliklər milli təhlükəsizliyin gücləndirilməsini və Silahlı Qüvvələrdə quruculuq işlərinin sürətləndirilməsini təmin etmişdir. Silahlı Qüvvələrin əsas növlərindən biri olan Hərbi Dəniz Qüvvələri üçün zabit kadrlarının hazırlanması da günün vacib vəzifələrindəndir. Ordu quruculuğu sahəsində aparılan islahatlar ixtisaslı hərbi dəniz zabitlərinə olan tələbatı kəskin şəkildə artmışdır. Bu da, ilk növbədə, bir tərəfdən hərbi-siyasi, hərbi-texniki və iqtisadi biliklərə dərindən və hərtərəfli yiyələnməyi; digər tərəfdən isə, hərbi-siyasi xarakterli müxtəlif problemlərin aradan qaldırılmasında fəal iştirak etməyi, kadr hazırlığının keyfiyyətinin yüksəldilməsini, ordu quruculuğunda doktrina tələblərinin tətbiqini ön plana çıxarmışdır. Bununla əlaqədar olaraq, ümummilli liderimiz Heydər Əliyevin xidmətlərini və ulu öndərin siyasi xəttinin layiqli davamçısı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı İlham Əliyevin Hərbi Dəniz Qüvvələri üçün zabit kadrları hazırlanması və ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi işindəki rolunu xüsusi qeyd etmək lazımdır.

Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən keyfiyyətli milli zabit kadrlarının hazırlanması ilə bağlı kompleks tədbirlər görülmüşdür. Bu da Hərbi Dəniz Qüvvələrinin və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin mühafizə gəmiləri dəstəsinin sürətlə təşkilinə imkan vermişdir.

Dövlətimizin başçısının Silahlı Qüvvələrin 90 illiyinə həsr olunmuş hərbi paraddakı nitqində qarşımızda mühüm vəzifələr qoyulmuşdur. Ali baş komandan demişdir ki, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, dəniz sərhədlərinin mühafizəsi üçün yüksək peşəkar, mənəvi və fiziki cəhətdən sağlam, xalqını sevən zabit kadrlarının hazırlanması, qarşıda duran başlıca vəzifədir.

Müharibə şəraitində olan ölkəmizdə ordumuzun təminatında yerli istehsalın genişləndirilməsini təmin etmək üçün ölkə başçısının 2005-ci il 16 dekabr tarixli Sərəncamı ilə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin yaradılması mühüm əhəmiyyətli məsələ oldu. Ölkənin müdafiə qüdrətinin yüksəldilməsi məqsədi ilə nazirlikdə yeni növ müdafiə təyinatlı məmulatların yaradılması və istehsalı istiqamətində intensiv işlər aparılaraq müsbət nəticələr əldə edilmişdir.

Azərbaycan Prezidentinin diqqət və qayğısı nəticəsində hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi onların hərbi işə maraqlarını və məsuliyyətini yüksəltmişdir. Ötən il Müdafiə Nazirliyinin hərbi qulluqçuları üçün 165 mənzilli iki yaşayış binası tikilmişdir. Ölkəmizin Prezidenti 2007-ci ilin iyun ayında hərbi məktəblərin gənc zabitlərinin buraxılışı mərasimində Müdafiə Nazirliyinin 25 zabitini orden və medallarla təltif etmiş, onlara yeni mənzillərin açarlarını təqdim etmişdir. Cari ildə Azərbaycan Prezidenti hərbi quluqçuların maddi təminatını yaxşılaşdırmaq barədə Sərəncam imzalamışdır. Gələn ilin dövlət büdcəsində hərbi xərclər daha da artırılmışdır.

Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası coğrafi və iqtisadi baxımdan Avropa və Asiya qitələri arasında yerləşdiyinə görə, dövlətimizin başçısı, əsas etibarilə, strateji vəzifələrdən ən ümdəsi olan sabit iqtisadiyyat və informasiya təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirir. Bu mənada, "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında" Prezident İlham Əliyevin 2008-ci il 4 noyabr tarixli Sərəncamı xüsusi əhəmiyyətə malikdir. Bu, heç şübhəsiz ki, Azərbaycanın bölgədə aparıcı dövlət olmasının parlaq təcəssümüdür.

Milli maraqları qorumaq, hər bir təcavüzü dəf etməyə hazır olmaq və Azərbaycanın müstəqilliyini möhkəmləndirmək müqəddəs və başlıca vəzifədir. Buna görə də, ordu quruculuğu və onun   təcrübədə reallaşdırılması Silahlı Qüvvələrin Ali baş komandanı İlham Əliyevin daim diqqət mərkəzindədir.

Xalqımızın etimadını qazanaraq ikinci müddətə Prezident seçilən İlham Əliyev zəngin təcrübəsi, yenilməz iradəsi, praqmatik liderlik keyfiyyətləri ilə dövlətimizin milli maraqlarının keşiyində layiqincə dayanmışdır.

 

    Əliyev N.

 

    Respublika.- 2008.- 21 dekabr.- S.4.