Ali baş Komandanın milli ordumuza daimi diqqət və
qayğısı
Azərbaycanın beynəlxalq
aləmdə artan nüfuzu ölkədəki ordu quruculuğu
işində də özünü qabarıq göstərməkdədir.
Bu, heç şübhəsiz, şəxsən Azərbaycan
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyevin diqqət və qayğısının, tələb
və tövsiyələrinin nəticəsidir. Ölkədə
ordu quruculuğu işinin prioritet elan olunması nəticəsiz
qalmamışdır. Ordu quruculuğu işində aparılan
islahatlar, vaxtında və yüksək səviyyədə həyata
keçirilən tədbirlər bu vacib qurumda zəruri irəliləyişlərin
əldə olunması üçün stimul rolunu
oynamışdır. Hərbi qulluqçuların sosial və
məişət şəraitinin daim
yaxşılaşdırılması, aylıq vəzifə
maaşlarının dəfələrlə
artırılması, təhsil, təlim və tibb sahəsində
yeni metodların tətbiq olunması gözlənilən
yüksək nəticələrə rəvac vermişdir. Son
bir neçə il ərzində Silahlı Qüvvələrin
hərbi qulluqçularına geniş yaşayış sahəsinə
malik yüzlərlə mənzillərin orderlərinin
paylanması şəxsi heyət arasında ruh yüksəkliyi
yaradan amillərdən biridir. Son illər Azərbaycanın
ordu quruculuğu sahəsində həyata keçirilən bir
sıra tədbirlərin keçmiş MDB məkanında belə
analoqu yoxdur. Məsələn, 2006-cı ildən Mərkəzi
Hərbi Klinik Hospitalın Cərrahiyyə Korpusu tikilib istifadəyə
verilmişdir. MDB məkanında analoqu olmayan bu 300
çarpayılıq cərrahiyyə korpusu 6 mərtəbədən
ibarətdir. Korpus 14800 kvadratmetr sahəyə, 26 bölməyə
və çoxsaylı yardımçı otaqlara malikdir. On
bir cərrahiyyə otağında
quraşdırılmış on dörd izləyici kamera cərrahiyyə
əməliyyatlarının həyata keçirilməsi
effektini ikiqat artırmışdır. Cərrahiyyə korpusu
hər cür tibbi avadanlıqla təchiz olunmuş yeddi
böyük, dörd kiçik tutumlu universal təcili
yardım maşını ilə təmin edilmişdir.
Bundan əlavə, hərbi
qulluqçuların və onların ailə üzvlərinin mədəni
istirahətinin daha yüksək səviyyədə təşkili
üçün Göradildə zabitlərin istirahət evi vətən
müdafiəçilərinin ixtiyarına verilmişdir.
Qaraheybət hərbi şəhərciyində isə
Silahlı Qüvvələrimizin beynəlxalq standartlara
uyğun ümumqoşun Təlim Mərkəzi müasir
dövrün ən yüksək tələbləri səviyyəsində
qurulmuşdur. Mərkəzi Klinik Hərbi Hospitalın Cərrahiyyə
Korpusunun, və Ümumqoşun Təlim Mərkəzinin
açılış tədbirlərində Azərbaycan
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyevin şəxsən iştirak etməsi, bir tərəfdən
dövlət rəhbərinin ordumuza inam və
etimadının ifadəsidirsə, digər tərəfdən
də dövlətin bu mühüm və vacib sahəyə
xüsusi önəm verməsinin ifadəsidir. Ümumiyyətlə,
Ali Baş Komandanın respublikanın müxtəlif bölgələrinə,
xüsusilə cəbhə xəttində yerləşən hərbi
hissələrə müntəzəm baş çəkməsi,
yeni korpusların açılış mərasimlərində
şəxsən iştirak etməsi və bir sıra hərbi
hissələrə Döyüş Bayrağı təqdim etməsi
şəxsi heyətdə böyük ruh yüksəkliyi
yaratmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin
cəbhə bölgəsində, səngərdə vətənin
keşiyində dayanan əsgər və zabitlərlə şəxsən
maraqlanması, onların hərbi xidmət şəraiti ilə
yerindəcə tanış olması, birbaşa səngərdən
cihazlar vasitəsilə düşmənin üzbəüzdəki
mövqelərini müşahidə etməsi hərbi
qulluqçuların xidmətdə uğur qazanması
üçün stimul rolunu oynayan faktlardandır. Cənab Ali
Baş Komandan xidmətdə fərqlənən hərbi
qulluqçulara elə səngərdəcə medallar və
qiymətli hədiyyələr təqdim etməklə, əsgər
və zabitlərlə birlikdə çay süfrəsi
arxasında əyləşməklə və onlarla səmimi
söhbət etməklə Silahlı Qüvvələrimizin
şəxsi heyətinin döyüş ruhunun yüksəlməsində,
əsgər və zabitlərimizdə qələbəyə
olan inam hissinin artmasında mühüm rol
oynamışdır. Təsadüfi deyil ki, ordu quruculuğu
işinə daim böyük diqqət və tələblə
yanaşan Ali Baş Komandan belə tədbirlərin birində
demişdir: "Ordu quruculuğunda işlər uğurla davam
edir. Ordumuz güclənir. Bu sahəyə xüsusi diqqət
var. Ümumiyyətlə, cəmiyyətdə bu sahəyə
böyük diqqət olmalıdır. İnsanlarımız, gənc
nəslimiz vətənpərvərlik ruhunda tərbiyə
edilməli, böyüməlidir. Hər bir vətəndaş
çalışmalıdır ki, orduya kömək etsin,
orduya öz dəstəyini versin".
Müqayisə
üçün deyək ki, 2003-cü ildə Azərbaycanda hərbi
xərclərə 135 milyon dollar xərclənirdisə, 2007-ci
ildə bu məbləğ bir milyard dollara çatıb.
Ümumiyyətlə götürdükdə isə, orduya aid
xərclər təkcə son dörd ildə 8 dəfədən
çox artıb. Bu onu göstərir ki, Azərbaycanın
dövlət büdcəsində hərbi xərclər birinci
yeri tutur. Göründüyü kimi, dövlətin əsas məqsədi
real əməllə, yenilik və islahatlarla xalqın
etimadını qazanmaq və doğrultmaqdır. Yalnız belə
bir dövlətin yaşamaq hüququ var. Yalnız belə bir
Prezidentin iradəsini ifadə etdiyi xalqın gücünə,
qüdrətinə güvənməyə haqqı
çatır. Elə məhz bu səbəbdən də Ali
Baş Komandanın bölgələrə, xüsusilə cəbhə
xəttində yerləşən hərbi hissələrə
hər səfəri böyük bir təntənəyə,
böyük bir irəliləyişə və bayrama
çevrilir.
Dövlətin orduya
qayğısı artdıqca bu mühüm və strateji sahədə
əldə olunan uğurların miqyası da genişlənir.
Bu gün Azərbaycanın ordu quruculuğu planlı surətdə
həyata keçirilir. Qoşunların döyüşə və
səfərbərliyə hazırlığı,
döyüş və mənəvi-psixoloji
üstünlüyü idarəetmə orqanlarının təşkili,
maddi-texniki təminat və digər əsas direktiv sənədlər
vasitəsilə gerçəkləşdirilir. Silahlı
Qüvvələrin bütün növlərində, hərbi
hissə və birləşmələrdə komanda-qərargah
təlimləri və real döyüş şəraitinə
yaxınlaşdırılmış səhra təlimləri
planlı surətdə keçirilir, qoşunların
döyüşə və səfərbərliyə
hazırlığı daim yüksək səviyyədə nəzarət
altında saxlanılır. Əsas komanda-qərargah vəzifələrinə
peşəkar, mənəvi, psixoloji cəhətdən
hazırlıqlı, döyüş təcrübəsinə
malik peşəkar zabitlərin təyin olunması hərbi
hissələrdə xidmətin səviyyəsini ikiqat
artırmışdır. Bildiyimiz kimi, Silahlı Qüvvələrin
təhsil ocaqlarında məzunların
buraxılışı müasir standartlara uyğun yeni
proqramlarla həyata keçirilir. Bu da xidmətin ümumi
keyfiyyətini artıran əsas amillərdəndir.
Silahlı Qüvvələrin
fəaliyyətinin əsas istiqamətlərindən biri də
onun beynəlxalq əlaqələrinin genişləndirilməsi
və qabaqcıl dünya dövlətlərinin təcrübəsindən
bəhrələnərək inkişafından ibarətdir. Bu
gün Azərbaycan zabitləri NATO-nun mənzil qərargahında
və müxtəlif komandanlıqlarında ölkəmizi
uğurla təmsil edirlər. Azərbaycan Respublikasının
Silahlı Qüvvələrinin tərkibində sülhməramlı
tabor yaradılıb. Bu taborun bölmələri hazırda Əfqanıstanda
beynəlxalq terrorizmə qarşı sülhməramlı əməliyyatlarda
öz missiyalarını layiqincə yerinə yetirirlər. Təsadüfi
deyil ki, Azərbaycanın müdafiə naziri general- polkovnik Səfər
Əbiyevin ünvanına bir sıra beynəlxalq təşkilatlardan
müntəzəm olaraq minnətdarlıq məktubları
daxil olur. Məsələn, Əfqanıstanda Təhlükəsizliyə
Yardım üzrə Beynəlxalq Qüvvələr
Komandanı, Amerika Birləşmiş Ştatları Quru
Qoşunları generalı Dən Mak Nelil tərəfindən
göndərilən məktubda sülhməramlılarımızın
nümunəvi xidmətindən yüksək razılıq
hissi ifadə olunub. Məktubda deyilir: "Sizin Əfqanıstandakı
qoşunlarınız yerləşdiyi yerdən asılı
olmayaraq hər gün təhlükəsizliyə öz
töhfəsini verir və hər bir
tapşırığın yerinə yetirilməsində
böyük çeviklik və qəhrəmanlıqlar göstərir.
Onlar Azərbaycanın heyrətamiz nümayəndələridirlər.
Onlar əvvəllər də bu cür olmuş, gələcəkdə
də belə olmaqda davam edəcəklər. Əfqanıstanda
Təhlükəsizliyə Yardım üzrə Beynəlxalq
Qüvvələrin bir hissəsi kimi onlara komandanlıq etmək
mənim üçün şərəfdir".
Yeri gəlmişkən,
bu, sülhməramlılarımızın əldə etdiyi
ilk uğur deyil. NATO-nun "Əməliyyat İmkanları
Konsepsiyası" çərçivəsində Ortaq
Qüvvələr Birliyinə daxil edilmiş Azərbaycan
Silahlı Qüvvələrinin bölüyü birinci səviyyəli
NATO qiymətləndirməsi təlimini müvəffəqiyyətlə
başa çatdırmışdır. Niderland
Krallığının Brunsum şəhərindəki
NATO-nun Birləşmiş Qüvvələr
Komandanlığının altı zabiti qiymətləndiricilər
qrupunun üzvləri qismində iştirak edib. Təlimin şərti
ssenarisinə uyğun olaraq NATO qüvvələri ilə
birlikdə 15 tapşırıq yerinə yetirilib və Azərbaycan
bölüyü uğur qazanıb. NATO-nun Birləşmiş
Qüvvələr Komandanlığı hərbçilərimizdən
razı qalıb. Yeri gəlmişkən, sülhməramlılarımızın
onlarla hərbi qulluqçusu yüksək peşəkarlıq
və döyüş hazırlığı nümayiş
etdirdiyinə görə ABŞ "Dəniz
Piyadalarının Nailiyyət medalı" və digər
mükafatlarla təltif olunub.
Sülhməramlılarımız
eyni adlı mükafata bundan əvvəl də dəfələrlə
layiq görülüblər. NATO-nun Cənubi Qafqazda əlaqələndirici
zabiti Zbiqnev Rıbatski tərəfindən Azərbaycanın
Müdafiə Nazirliyinin ünvanına göndərilmiş
digər bir məktubda deyilir: "Sizin ölkənizin
Silahlı Qüvvələri hökumətinizin müəyyənləşdirdiyi
islahatlar üzrə məqsədləri müvəffəqiyyətlə
hazırlayır və yerinə yetirirlər. Azərbaycanın
hərbi qulluqçularının əldə etdikləri tərəqqi
NATO-nun əlaqələndirici zabiti kimi məndə
böyük təəssürat yaratmışdır. Mən
bu fürsətdən istifadə edərək Azərbaycanın
Silahlı Qüvvələrinə davamlı uğurlar
arzulayıram."
Bundan bir qədər əvvəl
isə SENTKOM-Mərkəzi Komandanlıqda keçirilən
toplantıda Koalisiya Qüvvələri Komandanının
müavini general Makkarti sülhməramlı
bölüyümüzün xidmətini yüksək qiymətləndirərək
demişdir: "Azərbaycan sülhməramlı
bölüyünün əsgərləri xidmət etdiyi
bölgədə xidməti çox yüksək səviyyədə
təşkil edir. Onların xidməti Amerika Dəniz
Piyadalarının xidmətindən üstündür."
İnanırıq ki, hərbi
qulluqçularımız xalqın və dövlətin
etimadını qazanmaq yolunda əllərindən gələni
bundan sonra da əsirgəməyəcək,
qazanacağımız böyük uğurlara yüksək
döyüş hazırlığı ilə öz töhfələrini
verəcəklər. Azərbaycanın ərazi
bütövlüyü və suverenliyi hər bir Azərbaycan əsgəri
üçün həyat amalıdır.
Azərbaycan Ordusunun əldə
etdiyi uğurların arxasında, heç şübhəsiz,
ölkə Prezidenti, Silahlı Qüyvələrimizin Ali
Baş Komandanı İlham Əliyevin gərgin əməyi və
davamlı qayğısı dayanır. Bu qayğı, əlbəttə
böyük tələb və etimadla müşayiət
olunur. Ölkəmiz üçün taleyüklü tarixi məsələlərin
həllinə yönəlmiş bu münasibəti Azərbaycan
ordusunun şəxsi heyəti də dərindən dərk
edir. Odur ki, gecə-gündüz əldə silah yurdumuzun
keşiyində dayanan hərbçilərimiz şəxsən
Ali Baş Komandanın və xalqımızın
etimadını doğrultmaq üçün bundan sonra da əlindən
gələni edəcək, ölkənin işıqlı
sabahı və bütövlüyü naminə öz
döyüş hazırlıqlarını daim artıracaqlar.
Rüstəmov İ.
Respublika.-
2008.- 23 dekabr.- S. 3.