Sahibkarlar dövlətimizin iqtisadi siyasətini dəstəkləyirlər
"Strateji xəttimiz -
sərbəst iqtisadiyyat, özəlləşdirmə və
sosial inkişaf yoludur" tezisinin müəllifi olan
ümummilli liderimiz Heydər Əliyev əslində Azərbaycanın
gələcək uzunmüddətli strategiyasını müəyyənləşdirmişdir.
Demokratik həyat tərzinin diktə etdiyi reallıq, bazar
iqtisadiyyatının fundamental prinsipləri - xüsusi
mülkiyyətə, sahibkarlıq fəaliyyətinə yaranan
şərait və bu kimi vacib məsələlər həmişə
diqqət mərkəzində olmuşdur.
Sahibkarlarımızın
güzəştli kreditlə təmin olunması, onların fəaliyyətinə
qanunsuz müdaxilələrin qarşısının
alınması, özəl sektorun inkişafına mane olan
süni problemlərin həlli istiqamətində dövlət
tərəfindən atılan addımlar bunlara bariz nümunədir.
Hamımız yaxşı xatırlayırıq ki, 2004-cü
ilin fevralında Bakı Biznes Mərkəzində yerli
sahibkarlarla görüşən dövlət
başçısı İlham Əliyev onları narahat edən
məsələləri diqqətlə dinləmiş,
sahibkarları dəstəklədiyini, iş adamlarına gələcəkdə
də lazımi kömək göstərəcəyini
bildirmişdir.
Bundan əlavə,
sahibkarlığın hüquqi bazasının sistem halına
gətirilməsini təmin edən qanunlar, bir sıra
mühüm normativ sənədlər də qəbul
edilmişdir. Sahibkarlığa vergi yükünün
azadılması, bu sistemin xeyli dərəcədə sadələşdirilməsi,
ölkədə özəl sektorun inkişafına
yaradılan mühüm amillərdən biridir. Bunlar, ölkəmizin
Ümumdünya Ticarət Təşkilatına daxil olmaq
şansını artırmışdır.
Azərbaycanın bu
gün beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsi,
xarici siyasət sahəsində bölgədə lider dövlətə
çevrilməsi, heç şübhəsiz ki, uğurla
aparılan daxili və xarici siyasətin, iqtisadi əsaslara
söykənən amillərin nəticəsidir.
Respublikamızın dünyada nüfuzu və xüsusi çəkisi
davamlı olaraq artır. Ölkəmiz Qərbə, Avropaya
geniş inteqrasiya strategiyasını özünün ən
mühüm siyasi xətti hesab etmişdir.
Corc Vaşinqtonun belə
bir sözü var: "Demə Amerika mənim
üçün nə edib, söylə, sən Amerika
üçün nə etmisən?" Bəziləri elə
düşünürlər ki, iş adamı yalnız pul
qazanmaq, var-dövlət yığmaqla məşğul olur. Əsla
belə deyildir. Bu günkü iqtisadiyyatımızın
inkişafında və dirçəlməsində, ölkə
büdcəsinin artırılmasında iş
adamlarının çox böyük rolu vardır. Bir məqamı
da xatırlamaq yerinə düşərdi. İstərdik ki,
Azərbaycanın iş adamları ölkəmizdə
olduğu kimi, onun xaricində, ayrı-ayrı dövlətlərdə
də öz bizneslərini yaratsınlar, işləsinlər,
sahibkarlıq fəaliyyəti ilə məşğul olsunlar.
Dünya praktikasında bunların əhəmiyyəti olduqca
böyükdür.
Bu gün fəxrlə
deyə bilərik ki, Heydər Əliyevin xalq, Vətən
üçün etmək istədiklərini cənab İlham Əliyev
uğurla davam etdirir. O bu kursu qətiyyətlə, layiqincə
həyata keçirir və bu xəttin, ideoloji konsepsiyanın
qorunub saxlanılması, güclənməsi üçün
əlindən gələni edir. Bütün bu işlərdə,
təbii ki, biz möhtərəm Prezidentimizə kömək,
dayaq, arxa olmalıyıq. "Mən hər bir azərbaycanlının
Prezidenti olacağam"-deyən ölkə rəhbəri
verdiyi hər bir vədə layiqincə əməl edir. Bu
gün iqtisadiyyatımızda baş verən inkişaf, maliyyə
sabitliyi, dövlət büdcəsi gəlirlərinin
artması, əhalimizin həyat səviyyəsinin yüksəlməsi
və s. hər birimizi sevindirməyə bilməz.
"Medlayt" şirkəti
olaraq öz işimizi zamanın tələbinə uyğun
qurmuşuq. Əhalimizin sağlamlığı ilk növbədə
ən vacib məsələdir. Çox təəssüf ki,
ölkəmizə, hələ də saxta dərman
preparatları gətirilir və onlar bazara asanlıqla yol
tapırlar. Bütün bunlar insanlarımız
üçün xoşagəlməyən fəsadlar törədir.
Odur ki, şirkətimiz həmişə treninqlər
keçirir, xüsusi kurslar təşkil edirik ki,
insanlarımız ilk növbədə tibbi biliklərə
yönəlsinlər, bu sahədə maariflənsinlər. Gənc
əczaçılarımız əhaliyə satılan dərmanların
mənşəyini, hansı ölkənin məhsulu
olduğunu, o ölkənin kodunu bilməklə müəyyənləşdirə
bilsinlər.
Səhiyyə sahəsində
baş verən son yeniliklər - əhalinin
sağlamlığına olan diqqət, qayğı, bu sistemin
yenidən qurulması və buradakı köklü dəyişikliklər
respublikamızda həyata keçirilən sosial siyasətin tərkib
hissəsi kimi qiymətləndirilməlidir.
Cənab İlham Əliyev
dövlət başçısı kimi ötən beş ildə
ona göstərilən ümidləri ən yüksək səviyyədə
doğrultdu və özünün qətiyyətli, proqmatik
siyasətçi obrazını daha da gücləndirdi.
Yüksək intellekti, işgüzarlığı, mütərəqqi
idarəçilik prinsipləri, habelə, milli təəssübkeşliyi
və adi davranış qaydaları ilə cəmiyyətdə
böyük nüfuz qazandı. Ulu öndər Heydər Əliyev
kimi siyasət dühasından bəhrələnən Prezident
İlham Əliyev özünün yüksək keyfiyyətləri,
dövlət idarəçilik bacarığı sayəsində
ötən dövr ərzində siyasi varisliyə alternativsiz
lider olduğunu bir daha təsdiq və sübut etdi.
Əsgərov Ə.
Respublika.- 2008.- 23 dekabr.- S.5.