Qayğı olan yerdə

 

Bu bir həqiqətdir ki, hansı sahədə çalışmasından və hansı vəzifəni tutmasından asılı olmayaraq, öz işinə məsuliyyət hissi ilə yanaşan və ona tapşırılan vəzifənin öhdəsindən layiqincə gələn şəxslər birmənalı şəkildə cəmiyyətin rəğbətini qazanır, nüfuz və hörmət sahibi olurlar. Belələrindən biri də Bakı Dövlət Universitetinin (BDU) "Tələbə şəhərciyi"nin direktoru Rza Cabbarovdur.

1967-ci ildə anadan olan Rza Cəfər oğlu Cabbarov ali təhsil aldıqdan sonra müxtəlif vaxtlarda ayrı-ayrı sahələrdə işləyib. 2008-ci ilin iyun ayından isə BDU-nun "Tələbə şəhərciyi"nin direktoru vəzifəsində çalışır.

Mübaliğəsiz demək olar ki, Rza Cabbarovun bu vəzifəyə təyin edilməsi sözün həqiqi mənasında "Tələbə şəhərciyi"nin həyatında dönüş yaradıb. Bu isə özünü, ilk növbədə BDU-nun 7 yataqxanasının yerləşdiyi və təxminən 7 hektar sahəni əhatə edən "Tələbə şəhərciyi"ndə daxili nizam-intizam və təmizlik qaydalarının gücləndirilməsində büruzə verir. Eyni zamanda, işğalçı Ermənistanın hərbi təcavüzü nəticəsində öz doğma yurdlarından didərgin düşmüş və BDU-nun yataqxanalarında müvəqqəti məskunlaşmış təxminən 3 mindən çox qaçqın və məcburi köçkünün sosial-məişət şəraitinin yaxşılaşdırılması və gündəlik həyatda qarşıya çıxan çətinliklərinin çevik müsbət həlli "Tələbə şəhərciyi" rəhbərliyinin fəaliyyətinin əsas mahiyyətini təşkil edir. Eləcə də ərazinin hər gün məişət tullantılarından təmizlənməsi, sanitariya-gigiyena qaydalarına ciddi əməl edilməsi üçün müvafiq dövlət təşkilatları ilə birlikdə lazımi əməli tədbirlər həyata keçirilir. Həmçinin universitetin yataqxanalarında yaşayan müəllim, tələbə və əməkdaşların qarşıya çıxan problemləri "Tələbə şəhərciyi" rəhbərliyinin qayğı və köməkliyi sayəsində dərhal öz həllini tapır. Şübhəsiz ki, "Tələbə şəhərciyi"ndə belə sağlam və işgüzar mühitin yaradılmasında, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasında xalqımızın vətənpərvər ziyalı oğlu, BDU-nun rektoru, Milli Məclisin üzvü, akademik Abel Məhərrəmovun böyük qayğı və diqqəti mühüm rol oynayır. Məcburi köçkün soydaşlarımız da bu qayğı və diqqətə görə Abel müəllimə öz dərin təşəkkürlərini bildirirlər.

Yeri gəlmişkən, bizimlə söhbət zamanı hazırda şəhərcikdə müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlər Rza müəllimin də onlara göstərdiyi həssas insani münasibət və qayğıdan böyük razılıq hissi ilə danışdılar və onun təşkilatçılıq qabiliyyətini yüksək qiymətləndirdilər.

 

          Yusifli R.

 

         Respublika.- 2008.- 23 dekabr.- S. 5.