Özbəkistandakı soydaşlarımız mütəşəkkil qüvvəyə çevrilmişlər

 

Bu gün fəxrlə deyə bilərik ki, dünya azərbaycanlılarının əsl milli özünüdərk və ümummilli ideya - azərbaycançılıq, müstəqil dövlətçilik və milli-mənəvi dəyərlər ətrafında birləşməsi prosesi başlanmışdır. Dünyanın müxtəlif yerlərində məskunlaşmış həmvətənlərimizin mütəşəkkil diaspor kimi formalaşması lobbi quruculuğu sahəsində Azərbaycan Respublikasının xarici siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Vurğulamaq lazımdır ki, soydaşlarımızın vahid ideya və məqsəd ətrafında birləşməsi, mütəşəkkil və çevik diasporun, güclü lobbinin yaradılması istiqamətində qardaş Özbəkistanın Azərbaycan Mədəni Mərkəzlər Assosiasiyasında məqsödyönlü iş aparılır, həmvətənlərimizin doğma Vətənlə əlaqələrinin inkişafı, onların müxtəlif maraqlarının hüquqi müstəvidə təminatı üçün əsas yaradılır.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində assosiasiyanın sədri, Özbəkistan Milli Olimpiya Komitəsinin mədəniyyət şöbəsinin rəisi Akif Ağatalıbov redaksiyamızın qonağı oldu, yaradıcı kollektivlə görüşdü. Daşkənddə müxtəlif qəzet və jurnallarda Azərbaycan diasporunun fəaliyyətinə həsr olunmuş müxtəlif səpkili yazıları, kitabları, fotoları bizə təqdim etdi. Şübhəsiz ki, qürbətdə milli birliklə bağlı görülən operativ işlər bizdə xoş ovqat yaratdı. Nəhayət, əsl məqsədə keçdik. Ensiklopedik biliyə malik olan Akif Ağatalıbov yaşadığı ölkədə milli diasporumuzun təşəkkül tapması ilə bağlı görülən işlərdən geniş söhbət açdı və ürək sözlərini ifadə edərək dedi:

- Milli həmrəylik öz fəlsəfi və tarixi mahiyyətinə görə bir qədər yeni anlayışdır. Milli həmrəylik konkret bir xalqın təmsilçilərinin ümumi ideya və məqsədlər uğrunda birgə mübarizəsini stimullaşdıran, onları vahid istiqamətə səfərbər edən amillərin təsiri ilə ortaya çıxan ictimai xarakterli  hadisədir.

Məhz buna görə də fəaliyyətimizdə milli həmrəyliyin təmin olunmasına maksimum səy göstəririk. Milli ideologiya reallığı dərk etmək imkanlarını formalaşdırır, soydaşlarımız arasında mənəvi birlik yaradır, ümumi məqsəd ətrafında birləşməyə təkan verir.

Milli dövlətçilik ideyası, dövlət müstəqilliyimizin əbədiliyi və dönməzliyi, Azərbaycan Respublikasının bütün azərbaycanlıların milli sərvəti, bu gün harada yaşamasından asılı olmayaraq, Azərbaycanda dünyaya göz açmış bütün soydaşlarımızın Vətəni kimi dərk edilməsi azərbaycançılığın mühüm meyarlarındandır. Bu konseptual ideya özlüyündə əhəmiyyətli olmaqla yanaşı, xaricdə yaşayan soydaşlarımızın Vətənlə əlaqələrinin inkişafı, onların müxtəlif maraqlarının hüquqi müstəvidə təminatı üçün də fəlsəfi əsas yaradır.

Milli dövlətçilik tariximizdə ilk dəfə olaraq məhz ümummilli liderimiz Heydər Əliyevin simasında siyasi prinsiplərlə milli-mənəvi meyarlar vəhdət şəklində təzahür etmişdir. Heydər Əliyevin rəhbərliyi ilə dünya azərbaycanlılarını doğma Vətənə xidmət edən mütəşəkkil qüvvəyə çevirmək yolunda dövlət səviyyəsində mühüm işlər görülmüşdür. Milli öndərimiz Heydər Əliyevin 19 iyun 1997-ci ildə Özbəkistana rəsmi səfəri çərçivəsində Azərbaycan diasporunun nümayəndələri ilə görüşündə onun dediyi bu sözləri yada salmaq yerinə düşərdi: "Müstəqilliyimiz bizə çox şey veribdir. Amma müstəqilliyimizin bizə verdiyi ən böyük nemətlərdən, ən böyük müsbət nəticələrdən aydın olur ki, indi dünyanın hər yerində yaşayan azərbaycanlılara soydaşlarımız kimi qayğı göstərmək, həm onlarla əlaqə yaratmaq, həm də onların hüquqlarının qorunması haqqında düşünmək və onlarla tez-tez görüşmək imkanlarımız var".

Milli birliyin ideoloji əsası olan azərbaycançılıq ideyası məhz milli öndərimiz Heydər Əliyev tərəfindən formalaşdırılmışdır. Dünya azərbaycanlılarının mənəvi birliyini, Vətənlə bağlılığını təmin edən bu məfkurənin mühüm müddəaları Heydər Əliyevin "Yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə" Azərbaycan xalqına müraciətində öz ifadəsini tapmışdır. Xalqımızın tarixi keçmişinə, müasir dövrə konseptual qiymət verən, mənəvi dəyərlərimizi ümumiləşdirən, milli ideyaları əks etdirən bu tarixi sənəd bir çox önəmli cəhətləri ilə yanaşı, dünya azərbaycanlıları ilə iş üzrə fəaliyyət perspektivlərini müəyyənləşdirməsi ilə diqqəti cəlb edir.

Vurğulamaq lazımdır ki, 2006-cı ilin mart ayında dünya azərbaycanlılarının Bakıda keçirilən II qurultayından sonra Özbəkistanda yaşayan soydaşlarımız arasında geniş əlaqələr yaradılmış, Azərbaycan haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında rolunun artırılması, həmvətənlərimizin təşkilatlanması prosesinin təkmilləşdirilməsi, milli-mənəvi dəyərlərimizin, həmvətənlərimizin hüquq və azadlıqlarının qorunması və monolit qüvvəyə çevrilməsi sahəsində mühüm işlər görülmüşdür.

Bu gün Özbəkistan Respublikasında 60 min azərbaycanlı yaşayır. Daşkənd, Səmərqənd, Buxara, Sırdərya, Cizax, Fərqanə və digər vilayət və şəhərlərdəki Azərbaycan diasporunun fəaliyyəti ürəkaçandır. Özbəkistan Respublikasındakı Azərbaycan Mədəni Mərkəzlər Assosiasiyası dünya azərbaycanlılarının I qurultayından sonra - 2002-ci ildə yaradılıb.

2004-cü ildə Daşkənd şəhərində Heydər Əliyev adına Azərbaycan Mədəni Mərkəzlər Assosiasiyasının binasının açılışı oldu. Həmin geniş mərasimdə Azərbaycan Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva iştirak etmişlər. Həmin binanın qarşısında ümummilli liderimiz Heydər Əliyevin əzəmətli büstü ucaldılmışdır.

Azərbaycan Mədəni Mərkəzlər Assosiasiyasında mütəmadi olaraq Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Novruz bayramı, Müstəqillik Günü, Respublika Günü və digər bayramlarla bağlı yaddaqalan tədbirlər keçirilir, milli adət-ənənələrimiz ləyaqətlə qorunub saxlanılır. Bu tədbirlərdə Kökəb Əliyevanın başçılıq etdiyi "Azəri" qızlar ansamblı maraqlı proqramla çıxış edir.

Diaspor fəallarının iştirakı ilə Özbəkistanda 20 yanvar, Xocalı faciələri, habelə Mart qırğını ilə bağlı anım mərasimləri də keçirilir. Həmin tədbirlərdə azsaylı xalqların nümayəndələri də iştirak edirlər. Mərasimlərdə zaman-zaman türk xalqlarına qarşı düşmənçilik mövqeyində dayanan erməni terrorçuları və onların havadarları ifşa olunur. Erməni vəhşiliklərindən bəhs edən filmlər, qəzet, jurnal və kitablar nümayiş etdirilir.

Azərbaycan Mədəni Mərkəzlər Assosiasiyasının nəzdində şənbə və bazar günləri fəaliyyət göstərən məktəblərdə soydaşlarımızın övladları ana dilimizi, tariximizi, coğrafiyamızı həvəslə öyrənirlər.

Qeyd etmək lazımdır ki, Azərbaycan diasporunun xətti ilə Daşkənd şəhərindəki 31 nömrəli kimsəsiz uşaq evinə həmişə maddi köməklik göstərilir. Onlar yay aylarında düşərgələrdə dincəlir, Səmərqənd və digər şəhərlərə ekskursiyalara aparılırlar.

Assosiasiyanın nəzdində gənclər təşkilatı, qadınlar və ağsaqqallar şurası fəaliyyət göstərir. Mütəmadi olaraq maraqlı tədbirlər keçirilir.

Özbəkistandakı diaspor təşkilatı dəfələrlə müxtəlif müsabiqə və tədbirlərdə çoxsaylı millətlər arasında birinci yerə çıxmış, diplom və qiymətli hədiyyələrə layiq görülmüşlər.

Qeyd etmək lazımdır ki, assosiasiyanın sponsorluğu ilə 2008-ci ildə azərbaycanlı şair Maqsud Şeyxzadənin şeirlər kitabı işıq üzü görmüşdür.

Hər bir xalqın mədəniyyəti onun tarixi keçmişini və milli şüurunun inkişaf səviyyəsini nümayiş etdirən çox mühüm amildir. Bu mənada, tam əminliklə demək olar ki, Azərbaycan xalqının zəngin tarixi-mədəni irsi dünya mədəniyyətinin ən qiymətli səhifələrindən biridir. Yüksək mədəni dəyərlərə, humanist ideyalara əsaslanan, dərin fəlsəfi məzmuna və estetik əhəmiyyətə malik olan, insanlara məhəbbət, dostluq, ədalət, gözəllik hisslərini aşılayan irsimizin öyrənilməsi, mənimsənilməsi, təbliği və inkişafı, ilk növbədə xalqımızın bütün dünyada tanınması və müstəqil dövlətimizin tərəqqisi baxımından xüsusi əhəmiyyət kəsb edir. Son illərdə Özbəkistanda soydaşlarımız arasında mədəni irsimizin, klassik ədəbiyyatımızın, folklorumuzun, müsiqimizin təbliğində məqsədyönlü iş aparılır.

Akif Ağatalıbov son olaraq vurğuladı ki, Özbəkistandakı Azərbaycan Mədəni Mərkəzlər Assosiasiyası fəaliyyət göstərdikləri ölkənin ictimai-siyasi həyatında daha fəal iştirak etməyə çalışır, siyasi partiya və təşkilatlarla əlaqələr qurur. Bu tendensiya lobbi quruculuğu istiqamətində uğurlar əldə etmək üçün zəmin yaradır. Tanınmış siyasət adamları, ictimai xadimlər, ziyalılarla əlaqələrin inkişaf etdirilməsi, Azərbaycana dost münasibət bəsləyən insanlarla əməkdaşlığın genişləndirilməsi, güclü Azərbaycan lobbisinin formalaşması istiqamətində bir sıra yaddaqalan tədbirlər keçirilir.

 

Aslan Q.

 

Respublika.- 2008.- 24 dekabr.- S. 3.