Biz Avropa Şurası ilə Azərbaycan arasında mövcud olan əməkdaşlıqdan çox razıyıq

 

Azərbaycanın Qərbə inteqrasiya prosesi son illər sürətlə gedir. Ölkəmiz bir çox nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən Avropa Şurasının üzvüdür. Bu mötəbər qurumla əlaqələrimiz daim inkişaf edir, möhkəmlənir.

Dövlətimizin başçısı İlham Əliyev bu ay Bakıda Avropa Şurasının üzvü olan dövlətlərin mədəniyyət nazirlərinin iştirakı ilə "Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır" mövzusunda keçirilən beynəlxalq konfransdakı çıxışında dünyanın bir sıra nüfuzlu təşkilatları, o cümlədən Avropa Şurası ilə Azərbaycan arasında mövcud olan əlaqələri yüksək qiymətləndirərək bəyan edib ki, "...Azərbaycan səkkiz ilə yaxındır Avropa Şurasının üzvüdür. Bu dövr ərzində ölkəmizdə gedən siyasi və iqtisadi islahatlar, Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi nəticəsində Azərbaycan demokratik inkişaf baxımından çox sürətlə irəli getmişdir. Ölkədə aparılan siyasi və iqtisadi islahatlar, qanunun aliliyinin bərqərar olunması, Azərbaycanda mütərəqqi təcrübənin tətbiq edilməsi bütün bunlar son illər ərzində baş vermiş mühüm hadisələrdir. Biz Avropa Şurası ilə Azərbaycan arasında mövcud olan əməkdaşlıqdan çox razıyıq. Əminəm ki, bu əməkdaşlıq gələcəkdə uğurla davam etdiriləcək və bizə əlavə imkanlar yaradacaqdır".

Ümummilli liderimiz Heydər Əliyevin ardıcıl və məqsədyönlü siyasəti nəticəsində ölkəmizin 2001-ci il yanvar ayının 25-də Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi olduqca əhəmiyyətli və tarixi hadisə idi. Bu tarixi hadisəni 2001-ci il yanvarın 25-də Avropa Şurasının binası önündə Azərbaycan bayrağının qaldırılması mərasimində iştirak və çıxış edən ümummilli liderimiz Heydər Əliyev belə qiymətləndirmişdi: "Az sonra Azərbaycan bayrağı Avropa Şurasının önündə dalğalanacaqdır. Bu bayrağın rənglərindən birinin mənası müasirləşmək, yəni avropalılaşmaqdır. Xoşbəxtik ki, hamımızın ümumi səyləri ilə bayrağımız bir daha öz həqiqi mənasına qovuşur, öz həqiqi yerini tutur".

Azərbaycan bu mötəbər təşkilata üzv olmaqla öz sözünü birbaşa demək, erməni millətçilərinin əsl simasını açıb göstərmək, əsl həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq imkanı əldə etdi. Həmin dövrdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinə rəhbərlik edən cənab İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində 2001-ci ilin aprelində AŞPA-nın yaz sessiyasında "Ermənilərin azərbaycanlılara qarşı törətdiyi genosidin tanınması" haqqında sənəd qəbul edildi, 2002-ci ildə isə bu mötəbər qurumun payız sessiyasında həm Ermənistan, həm də Azərbaycanla bağlı qəbul olunmuş yekun sənədlərində Ermənistanın işğalçı dövlət olması faktı öz əksini tapdı. 2003-cü ildə nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyevin AŞPA-nın sədr müavini və Büro üzvü seçilməsi Azərbaycan diplomatiyasının dünya miqyasında etirafı və qələbəsi idi.

Onu da qeyd edək ki, xalqımız ilk dəfə bu sevinc hissini ümummilli liderimiz Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək vəzifəyə seçilərkən yaşamışdı. Əminliklə söyləmək olar ki, dövlətimizin başçısı İlham Əliyev xalqımıza ikinci sevinc hissini də yaşamağı bəxş edəcəkdir. Torpaqlarımızın işğaldan azad olunacağı və qaçqınlarımızın öz doğma yurdlarına qayıdacağı tarixi günün sevinc hisslərini yaşamaq səadəti isə o qədər də uzaq deyil. Dövlətimizin başçısının elə bir çıxışı, elə bir görüşü yoxdur ki, orada xalqımızın ən ağrılı problemini - Dağlıq Qarabağ problemini önə çəkməsin. Dövlətimizin başçısı beynəlxalq konfransdakı çıxışında da bu məsələyə xüsusi toxundu: "Bizim bölgədə ən böyük təhlükə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasıdır. Uzun illər ərzində bizim torpaqlarımız işğal altındadır. Ermənistanın Azərbaycana qarşı apardığı etnik təmizləmə siyasəti nəticəsində, təcavüzkar separatizm nəticəsində torpaqlarımızın 20 faizi işğal altına düşübdür. Bu işğaldan əziyyət çəkən 1 milyon azərbaycanlı öz doğma torpaqlarından didərgin salınıbdır. Azərbaycanın ərazi bütövlüyü pozulubdur".

Ermənistan silahlı qüvvələrinin torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmasını tələb edən Birləşmiş Millətlər Təşkilatının qərarlarının, Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, bu ilin mart ayında BMT Baş Məclisində Azərbaycan torpaqlarının işğal altında olması və bu işğala son qoyulması ilə bağlı qəbul edilmiş qərarın, bir neçə il bundan əvvəl Avropa Şurasının münaqişə ilə bağlı, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti ilə bağlı qəbul etdiyi qətnamənin, İslam Konfransı Təşkilatının buna oxşar qəbul etdiyi qərarların icra olunmamasını konfrans iştirakçılarının diqqətinə çatdıran dövlətimizin başçısı İlham Əliyev bu işğalın eyni zamanda mədəni irsimizə də ziyan vurduğunu bəyan etdi: "İşğal olunmuş torpaqlarda hər şey dağıdılıbdır. Bunu həm biz deyirik, həm də beynəlxalq təşkilatlar təsdiq edir. 2005-ci ildə ATƏT-in faktaraşdırıcı missiyası Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş bölgələrində monitorinq keçirmişdir. Bu monitorinq əsasında məruzə hazırlanmış və təqdim edilmişdir. Məruzədə göstərilir ki, orada hər şey dağıdılıb, bir dənə salamat bina qalmamışdır. Bütün binalar, bütün tarixi abidələr Ermənistan tərəfindən dağıdılıbdır. Mədəniyyət ocaqları dağıdılıbdır, bizim muzeylərimizdə nümayiş etdirilmiş bütün eksponatlar oğurlanıb, muzeylər talan edilibdir. Əcdadlarımızın qəbirləri, bizim məscidlərimiz dağıdılıbdır. Bütün bunları Ermənistan dövləti edibdir. ATƏT-in faktaraşdırıcı missiyası bütün bunları təsdiqləyib və öz məruzəsində göstəribdir".

BMT, Avropa Şurası, ATƏT, İslam Konfransı Təşkilatı kimi nüfuzlu qurumların Dağlıq Qarabağ da daxil olmaqla 7 rayonun Ermənistan tərəfindən işğal olunması faktı ilə bağlı müvafiq qərarlar və sənədlər qəbul etmələri beynəlxalq səviyyədə Azərbaycanın ərazi bütövlüyünün tanınması və haqq işimizin dəstəklənməsi deməkdir. Bu həm də Qərbdə güclü dayaqları olan erməni lobbisinə qarşı Azərbaycan diplomatiyasının qələbəsi, Azərbaycan həqiqətlərinin dünya miqyasında dərk edilməsi deməkdir. Bütün bunlar söyləməyə əsas verir ki, dövlətimizin başçısı İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində torpaqlarımız tezliklə işğaldan azad olunacaq və qaçqınlarımız öz doğma yurdlarına qayıdacaqlar.

 

           Məhəmmədoğlu X.

 

          Respublika.- 2008.- 23 dekabr.- S. 4.