Milli inkişafın qarantı

 

Yaxşı dövlət başçısı ölkə, xalq üçün həmişə qiymətli tapıntı sayılıb, cəmiyyətin inkişafını təmin edən meyil və təmayülləri stimullaşdıran fenomenal qüvvə kimi çıxış edib. Bu mənada, Azərbaycanın bəxti gətirib. Bu gün ulu öndərimiz Heydər Əliyev dühası həyatının mənasını xalqa və dövlətə təmənnasız xidmətdə görən, bu müqəddəs amal uğrunda ən çətin maneələrə mərdliklə sinə gərən millət atası kimi hər bir azərbaycanlının qəlbində yaşayır və dərin rəğbətlə yad edilir.

Müstəqil dövlətimizin banisi, ulu öndərimiz Heydər Əliyevin adı yeni dünya siyasətinin bütöv bir epoxasını təşkil etmiş siyasət titanlarının adları ilə bir cərgədə çəkilir. Böyük öndərimiz Heydər Əliyevin hakimiyyəti illərində əldə etdiyi uğurlar, imza atdığı nailiyyətlər ən qısqanc opponentlərdə belə inkar üçün əl yeri qoymur. Həmin nailiyyətləri möhkəmləndirən və dinamik səciyyə verən şərt isə onların sabitqədəmliyi və dönməzliyidir. Bu gün ümummilli liderimizin hər bir azərbaycanlının içində bir dünya böyüklüyündə kədər şırımları açmış fiziki yoxluğunda bizə təsəlli verən ideyaları, amalları, əməlləri, bir də ki, müstəqil Azərbaycandır. Lakin o insan, o lider həm də ona görə xoşbəxtdir ki, öz varisinə layiqli miras qoya bilir. Bu mənada da xalqımızın bəxti gətirib.

Görkəmli dövlət xadimi və siyasi lider kimi cənab İlham Əliyevi hansı xüsusiyyətlər səciyyələndirir? Bu məsələ uzun illərdir ki, politoloq, ekspert və ayı-ayrı tədqiqatçıların diqqət mərkəzində olsa da, cavab birmənalı və dəqiqdir: İlham Əliyev dünyada XXI əsrin meydana çıxardığı siyasi liderlərin və dövlət başçılarının ən görkəmliləri sırasındadır.

Həqiqətən də cənab İlham Əliyev dövlətə rəhbərlik etməyin şərəfini də, məsuliyyətini də özünün gündəlik əməli fəaliyyətində uğurla birləşdirir. O, müstəqil Azərbaycan dövlətini həm mükəmməl şəkildə idarə edir, həm də istənilən mötəbər məqamda böyük ləyaqətlə təmsil etmək vəzifəsini yüksək səviyyədə gerçəkləşdirir. Bunun nəticəsidir ki, Azərbaycan Respublikasında köklü, davamlı dövlətçilik ənənələrinin qorunub saxlanılması şərti ilə dövlət strukturu böyük sürətlə Avropa standartlarına uyğunlaşdırılır, ölkəmizdə dövlətin idarə olunmasının ən müasir forma və metodları uğurla tətbiq olunur. Ölkəmizdə demokratik cəmiyyətin, bazar münasibətlərinə əsaslanan iqtisadi siyasətin bərqərar olması proseslərinə ciddi fikir verilir. Ölkənin iqtisadiyyatında özəl sektorun üstünlük qazanması, neft gəlirlərinin məqsədyönlü idarə olunması ilə yanaşı, qeyri-neft sahələrinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməsi də cənab İlham Əliyevin siyasətinin əsasında dayanır. Azərbaycanda informasiya cəmiyyətinin formalaşdırılması, ən yeni texnologiyaların meydanının genişləndirilməsi də məhz cənab İlham Əliyevin önə çəkdiyi zəruri sahələrdəndir.

Özünün quruculuq və inkişafı missiyası ilə cənab İlham Əliyev artıq dünyada qəbul olunmuş görkəmli siyasi liderdir. Bəzən bir çox dövlət başçıları yalnız ölkəyə rəhbərlik vəzifəsini yerinə yetirməklə kifayətlənməli olurlar. Onların bir çoxunun tarixi missiyası praktik rəhbərlikdən başqa daha heç nəyi əhatə edə, yaxud əks etdirə bilmir. Cənab İlham Əliyev isə kamil dövlət xadimi olmaqla yanaşı, həm də geniş, qlobal dünyagörüşə, analitik təhlil bacarığına, praqmatik baxışlara malik olan mükəmməl siyasi xadimdir. O, mövcud siyasi reallıqları inkişafda olan ictimai proseslərlə böyük məharətlə uzlaşdırmağı bacarır. Siyasi gerçəklikləri dərindən, ətraflı və sistemli şəkildə dəyərləndirəndə də, yaxın və uzaq gələcəkdən söz açanda da, o nikbin və realist görünür. Nikbinlik, gerçəklik, müdriklik, dərin analitik düşüncə, aydın və yetkin məntiqi təfəkkür onun siyasi portretinin təməl prinsipləridir. Boş vədlərdən, süni populizmdən, keçici görüntüdən uzaq olmaq cənab İlham Əliyevin xarakteridir.

Onun siyasəti həyatidir, realdır, gerçəkçidir. Dünya ictimaiyyəti də, Azərbaycan xalqı da artıq çoxdandır ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevi böyük siyasətçi, siyasi idarəetməni həyati proseslərlə bütün incəliklərinə qədər uzlaşdırmaq vəzifələrini məharətlə gerçəkləşdirən kamil siyasi xadim kimi qəbul edir. Ona bir siyasətçi kimi yalnız Cənubi Qafqaz və ya ümumiyyətlə, Qafqaz müstəvisində yanaşma mövcud siyasi reallığı tam ifadə etmir. Yeni siyasi lider kimi İlham Əliyev postsovet məkanının sədlərini və miqyasını çoxdan aşmış, dünyanın ən nüfuzlu siyasi xadimlərindən biri titulunu qazanmışdır. Hələ Avropa Şurası Parlament Assambleyasında ölkəmizin nümayəndə heyətinə başçılıq edəndə yeni təfəkkür sahibi kimi parlaq çıxışlar edib, bəyanatlar verdiyi illərdə Avropa evi səviyyəsində düşünmək potensialına malik bir siyasətçi kimi dərk olunmuşdu.

Cənab İlham Əliyev siyasi-ideoloji xüsusiyyətlərinə görə də artıq böyük dövlətlərin rəhbərlərinin, təcrübəli siyasi xadimlərin səviyyəsi ilə bir sırada dayanır. O, böyük siyasətdə milli təfəkkürlə bəşəri düşüncəni birləşdirən, real gerçəkliklə qlobal baxışları uzlaşdıran görkəmli siyasi liderdir. Buna görədir ki, cənab İlham Əliyevin siyasi baxışları dərin nəzəri səviyyəsi, aydın məntiqi, fəlsəfi çəkisi ilə səciyyələnir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin müxtəlif məqamlardakı nitqləri zamanı müdrikliklə ifadə etdiyi yetkin siyasi tezislər dərin mənalı aforizmlər kimi səslənir. Böyük siyasətdə aforizm səviyyəsində düşünmək və özünü ifadə etmək yalnız və yalnız təcrübəli, uzun yol keçmiş, böyük məktəblər yaratmış siyasətçilərə nəsib ola bilir.

Cənab İlham Əliyev XXI əsrdə müstəqil Azərbaycanın yeni siyasətini müəyyən edən, yeni istiqamətlər açan, yol göstərən görkəmli siyasi liderdir. Bacarıqlı dövlət başçısında bu cür yüksək siyasətçi məharətinin olması dövlətin inkişafının və xalqın xoşbəxt həyatının böyük təminatıdır. Bu mənada yeni tarixi epoxada məhz cənab İlham Əliyev kimi böyük siyasətlə yüksək idarəçiliyi özündə cəmləşdirən görkəmli bir dövlət xadiminin və mahir siyasətçinin Azərbaycana rəhbərlik etməsi ölkənin və xalqın tarixi şansıdır.

Böyük və professional bir siyasətçinin dövlət başçısı kimi uğurlu fəaliyyəti təkcə ölkənin və xalqın deyil, elə siyasətin də xeyrinədir. Çünki kamil, yetkin, lokal mənada da, qlobal səviyyədə də faydalı, gərəkli olan böyük siyasət özünüifadə, yaxud özünütəsdiq baxımından real platsdarm, münasib meydan tapa bilməyəndə bəzən mücərrəd, utopik, yaxud havadan asılı olan nəzəri-ideoloji təlim olaraq qalır. Ancaq böyük siyasətçi üçün siyasi fəaliyyət dövlətçilik işinin daşıyıcısına çevriləndə daim yeniləşir, təkmilləşir, aşkarlanır, zənginləşir və inkişaf edir.
Cənab İlham Əliyevin siyasəti də həm Azərbaycan məkanında, həm də beynəlxalq müstəvidə konkret məsələlərin, aktual problemlərin həllinə istiqamətləndirilmiş siyasi fəaliyyət kimi mütəmadi olaraq yeniləşir, zənginləşir və inkişaf edir. Ölkə başçımızın siyasi mövqeyi onun ölkəni irəli aparmaq, cəmiyyəti inkişaf etdirmək yollarındakı siyasi iradəsinin real təzahürüdür. Bu mənada inkişafda olan Azərbaycan və beynəlxalq miqyasda ölkə ilə əlaqədar aparılan gündəlik və ardıcıl iş, əldə olunan zəngin təcrübə tükənməz ideya mənbəyi kimi İlham Əliyev siyasətinin aktuallığını və müasirliyini təmin edir. Beləliklə, dövlət də, İlham Əliyevin siyasəti də ölkəmizlə birlikdə, həmahəng şəkildə daimi inkişafdadır.

Cənab İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin milli dövlətçilik təliminin, sınaqlardan çıxmış siyasi kursunun layiqli davamçısıdır. Heydər Əliyev siyasi kursu—Azərbaycan dövlətinin ümummilli inkişaf strategiyasının nəzəri-ideoloji əsasını təşkil edir. Heydər Əliyev təlimi—ölkəmizin və xalqımızın dirçəliş və tərəqqi yolunun kompasıdır. Heydər Əliyev fəlsəfəsi Azərbaycan idealının özünütəsdiqinin dialektikasından ibarətdir. Heydər Əliyev yolu—Azərbaycan dövlətinin və xalqının əbədiyyət yoludur. Heydər Əliyev siyasi kursunu bütün fəlsəfəsi ilə, görünən, bilinən və görünməyən cəhətləri ilə birlikdə mənimsəyib özündə cəmləşdirməklə cənab İlham Əliyevlə müqayisə edilə biləcək ikinci bir siyasi şəxsiyyət göstərmək çətindir, bəlkə də, mümkün deyildir. Həyatının, mövqeyinin ən müxtəlif məqamlarında ulu öndərimiz Heydər Əliyevin çoxcəhətli fəaliyyətini yaxından izləmək, yaşantılarını dərindən duymaq, siyasi gedişlərinin mahiyyətini öyrənmək baxımından bu böyük şöhrətə malik olan mötəbər ailənin üzvü kimi İlham Əliyevin imkanları hamıdan-hətta ən yaxın məsləkdaşlarından da çox olunmuşdur. Həm keçmiş sovet rejimi mərhələsində, həm də müstəqillik dövründə cənab İlham Əliyev həmişə görkəmli dövlət xadimi ulu öndərimiz Heydər Əliyevin böyük siyasətinin əhatəsində olan bir şəxsiyyət kimi mühüm dövlətçilik məktəbi keçmişdir. Məhz İlham Əliyev yeni dünya düzənində Azərbaycana başucalığı gətirən qüdrətli siyasətçidir. Yeni Azərbaycanın yeni mərhələdəki yeni həyatı cənab İlham Əliyevin yorulmaz fəaliyyətinin nəticəsidir. Respublikamızda paytaxtımız Bakı ilə yanaşı, regionlarımızın böyük sürətlə və hərtərəfli şəkildə inkişaf etdirilməsi hərəkatının başında Prezident İlham Əliyev dayanır. Bu mənada o, yeni Azərbaycan adlı möhtəşəm əsərin yaradıcısıdır. Cənab İlham Əliyev ümummilli lider Heydər Əliyev məktəbi əsasında yetişib formalaşan yetkin, təcrübəli, görkəmli dövlət xadimidir. Cənab İlham Əliyev analitik düşüncə sahibi kimi dərin məntiqə və aydın təfəkkürə malik olan, siyasi reallıqları nəzəriyyə ilə vəhdətdə ifadə edən mükəmməl siyasi xadimdir. O, XXI əsrin yeni tipli siyasi lideridir.

Dünyanın yeni reallıqları, beynəlxalq aləmdə gedən müasir proseslər zəminində yeni Azərbaycanın maraqlarını və mənafeyini ifadə etməkdə cənab İlham Əliyev zəngin təcrübəyə, dönməz siyasi iradəyə malikdir. Cənab İlham Əliyev yeni mərhələdə Azərbaycan ölkəsinin və cəmiyyətimizin müasirləşdirilməsinin baş memarıdır. Cənab İlham Əliyev yeni siyasi təfəkkürə və yeni, yaradıcı yanaşmaya malik novator dövlət xadimidir. Xalq amili, milli mənafe, ölkə maraqları cənab İlham Əliyev üçün müqəddəs meyarlardır. Cənab İlham Əliyev–yaxın və uzaq gələcəyi, bütün reallıqları incəliklərinə qədər görən və məharətlə proqnozlaşdırmağı bacaran dövlət xadimidir. Ölkəmizin və xalqımızın bundan sonrakı mərhələdə də İlham Əliyev kimi geniş formada, böyük masştabda düşünən, xalqına və dövlətinə ürəkdən bağlı olan, yüksək səviyyəli və enerjili dövlət xadiminə ciddi ehtiyacı vardır.

Göründüyü kimi, görkəmli dövlət xadimi və siyasi lider kimi cənab İlham Əliyev Azərbaycan reallığında prezidentliyə iddiaçı ola biləcək hər kəsdən müqayisə oluna bilməyəcək səviyyədə qat-qat ucada dayanır. Bütün bunlara görə, Azərbaycan xalqı 15 oktyabr 2008-ci ildə keçirilmiş növbəti prezident seçkilərində də seçimini etmiş və qəti mövqeyini müəyyənləşdirmişdir: Cənab İlham Əliyev atdığı hər bir addımla, etdiyi düşünülmüş gedişlərlə ümummilli liderimizin xalqımıza əbədilik ərməğan etdiyi müstəqil Azərbaycana şərəfli xidmət etməyin və ulu öndərimiz Heydər Əliyev siyasi kursuna sədaqətin əsl nümunəsini nümayiş etdirir. Sınaqlardan çıxmış siyasi kursa dərin sadiqliyin, böyük əməllərdə təcəssüm edən Vətən, dövlət, xalq sevgisinin İlham Əliyev modeli millətimiz üçün örnəkdir.

Ümummilli lider Heydər Əliyev siyasi kursunun davam etdirilməsinin labüdlüyünü şərtləndirən ən başlıca amil bu kursun bütünlüklə Azərbaycanın dövlətçilik maraqlarının həyata keçirilməsinə yönəlməsindən ibarət olmuşdur. Bu siyasətin varisliyinin qorunub saxlanılması zərurəti Azərbaycan cəmiyyətinin sosial sifarişi kimi ortaya çıxmaqla yanaşı, dünyanın bir çox fövqəlgüc dövlətlərinin, aparıcı mərkəzlərinin strateji maraq dairəsində olmuşdur. Cənab İlham Əliyevin bu siyasi kursa dair baxışlar sisteminin institutlaşmış xarakter daşıması, bu baxışların taktiki, strateji və perspektiv rakursunda ulu öndərimiz Heydər Əliyev siyasətinin ehtiva etdiyi prioritetlərin dayanması, ən əsası, ulu öndərimizin siyasət məktəbində yetişmiş peşəkar diplomat kimi təmiz keçmişə, praqmatik, müasir lider imicinə malik olması onun ictimai rəydə önə çıxmasını şərtləndirmişdir.

Moskva Beynəlxalq Münasibətlər İnstitutu kimi bütün dünyada tanınan nüfuzlu ali təhsil müəssisəsində diplomatiya elminin incəliklərinə dərindən yiyələnmiş, bu sahədəki nəzəri biliklərini Heydər Əliyevin siyasət və idarəçilik məktəbində qazandığı təcrübi vərdişlərlə ümumiləşdirərək peşəkar dövlət xadimi kimi formalaşmış cənab İlham Əliyevin yüksək intellekti, istedadı, şəxsiyyəti, dövləti idarə etmək məharəti ümumi vəhdət təşkil edir. Onun fəaliyyətində, siyasi davranışında ciddi nizam-intizam, məsuliyyət hissi, ən əsası məqsədyönlülük və prinsipiallıq var.
Cənab İlham Əliyevin siyasi portretinin xarakterik cizgiləri onun uğurlu siyasi lider olduğunu birmənalı sübuta yetirmişdir. O, yeni dövrün siyasətçisi kimi öz simasında Qərb standartlarının —kübar rəftarın, sadəliyin, rasional düşüncə tərzinin, sarsılmaz vətənpərvərliyin, praqmatizmin milli mentalitetlə uğurlu sintezini yaratmış, bu keyfiyyətləri ilə Azərbaycan siyasətinə müasirlik gətirmişdir. Liderlik xüsusiyyətinin əksəriyyət tərəfindən qəbul edilmək, geniş siyasi spektrin inamını qazanmaq, elektoral dəstəyə malik olmaq kimi politoloji məqamları özündə ehtiva etdiyini nəzərə alsaq, bu termini bütün kateqoriyalar üzrə cənab İlham Əliyevə şamil etmək mümkündür. Dövlət başçısı müasir dünyadakı qloballaşma, yeni geosiyasi reallıqlardan irəli gələn mənzərənin tələblərinə cavab verən siyasi xəttin daşıyıcısıdır. Milli maraqları və mənəvi dəyərləri ümumbəşəri ideallarla ahəngdar şəkildə uzlaşdırmaq bacarığı, intellektual səviyyə, universal bilik və akademik təhsil, dəmir məntiq və möhkəm iradə—məhz bütün bunlar cənab İlham Əliyevin siyasi obrazını tamamlayan mühüm keyfiyyətlərdir.

Milli dövlətçilik təfəkkürünə bağlı olan cənab İlham Əliyev əsrlərin süzgəcindən keçərək günümüzə gəlib çatmış mənəvi-əxlaqi sərvətlərimizə pozitiv anlamda mühafizəkarlıq prizmasından yanaşır. Bu mənada, millilik onun siyasi düşüncəsinin, təfəkkürünün əsas mənbəyidir. Onun öz xalqının ruhuna uyğun, eləcə də Avropa və Qərb təmayüllü siyasəti Azərbaycanın əbədi və əzəli milli maraqlarından qaynaqlanır. Cənab İlham Əliyevin müasir azərbaycanlı təfəkküründə Vətən və xalq təəssübkeşliyi, Şərqin pozitiv ənənəçilik meyilləri, türk mənəvi-əxlaqi dəyərləri, habelə Qərb və Avropa təmayülləri sintez təşkil edir. Cənab İlham Əliyev klassik siyasətdən XXI yüzilliyin modern siyasətinə uğurlu keçid formulunu ilk dəfə, özü də müvəffəqiyyətlə sınaqdan çıxaran siyasətçi obrazını yaradaraq siyasətdə, diplomatiyada eyni dərəcədə mühafizəkar, ənənəçi və yenilikçi, liberal olmaqla mötədil dəyərləri uzlaşdırmağı bacarır. Bütün bu vacib keyfiyyətlər isə Azərbaycanın yeganə nicat ünvanına çevrilmiş ulu öndərimiz Heydər Əliyev siyasi kursunun məhz cənab İlham Əliyevin rəhbərliyi altında davam etdirilməsini sosial sifarişə çevirmişdir.

Respublikada ictimai-siyasi sabitlik əleyhinə yönəlmiş xarici və daxili təzahürlərin qətiyyətlə aradan qaldırılması dövlət başçısının xalqın dəstəyinə arxalanan, dövlətçiliyin müdafiəsi üçün zəruri keyfiyyətlərə malik lider olduğunu sübuta yetirmişdir. 2003-cü ilin 15 oktyabr seçkilərindən ötən 5 il dünya şöhrətli siyasətçi və dövlət xadimi ulu öndərimiz Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin yüksəlişi, öz hədəflərinə yetişməsi üçün zərrə-zərrə formalaşdırdığı böyük potensialın bütün əzəməti ilə reallığa çevrildiyi möhtəşəm bir dövrdür. Bu mənada Azərbaycan xalqının 5 il öncə inanıb öz taleyini etibar etdiyi cənab İlham Əliyev ümummili liderimizin siyasi irsinin təkcə ən layiqli varisi deyil, həm də bu zəngin dövlətçilik irsində müəyyən olunmuş böyük amalları həyat gerçəkliyinə çevirən qüdrətli siyasi fenomendir. Dövlət başçısının yürütdüyü siyasətin məqsədyönlülüyü, ardıcıllığı, obyektiv gerçəkliyə adekvatlığı, bu siyasətin ökənin milli mənafelərini əks etdirməsi respublikanın hər bir vətəndaşında gələcəyə böyük inam və əminlik yaratmışdır.

Müasir qloballaşma dövründə dövlətlərin demokratiklik əmsalı sosial-iqtisadi inkişaf göstəriciləri ilə yanaşı, həm də siyasi hakimiyyətin xalqa xidmət səviyyəsi, cəmiyyət qarşısında götürdüyü öhdəliklərə sadiqliyi ilə müəyyənləşir. Xalqdan mandat almış hakimiyyət fəaliyyəti ilə daim ictimai etimadı doğrultmağa, hər bir vətəndaşın mənafeyinə hesablanan siyasi-hüquqi və sosial-iqtisadi islahatlar kursunun həyata keçirməyə çalışır. Bu prinsip ulu öndərimiz Heydər Əliyevin dövlətçilik irsini inamla davam etdirən və daha da möhkəmləndirən cənab İlham Əliyevin fəaliyyətinin başlıca qayəsini təşkil edir.

Dövlət idarəçiliyinə yeni ruh və müasirlik çalarları gətirmiş cənab İlham Əliyev hökumətin müntəzəm olaraq xalq qarşısında hesabat verməsini sosial-iqtisadi sahədə qazanılan nailiyyətlərin mühüm şərti hesab etməklə yanaşı, bu mütərəqqi ənənəni son 15 ildə müstəqil Azərbaycanın davamlı, dönməz inkişaf yoluna çevrilmiş demokratikləşmə və vətəndaş cəmiyyəti quruculuğu prosesinin keyfiyyətcə yeni mərhələsi kimi dəyərləndirir.
Cənab İlham Əliyev liberal dəyərləri üstün tutan bir sıra beynəlxalq siyasi dairələrin “daha çox demokratiya, daha az dövlət” çağırışlarına cavab olaraq Azərbaycanın yerləşdiyi coğrafi-siyasi regionda, həmçinin ictimai inkişafın mövcud pilləsində dövlətçilik prinsipinin dominantlıq qazanması zərurətini ustalıqla əsaslandırmağı bacarmışdır. Şübhəsiz, dövlət olmadan vətəndaşların demokratik hüquq və azadlıqlarını həyata keçirmək mümkün deyildir, lakin başqa tərəfdən insanların hüquq və azadlıqlarını qoruya bilmədikləri dövlət də son nəticədə cəmiyyətin inkişafı üçün buxov və əngəl rolunu oynamağa məhkumdur. Dövlət başçısı bu iki siyasi ideyanın eyni dərəcədə düzgün olduğunu qəbul etmiş, onlar arasında uğurlu harmoniya yaratmışdır. Bunun nəticəsi olaraq nə dövlət vətəndaşların, nə də vətəndaşların hüquq və azadlıqları dövlətçilik təmayülünün labüd inkişafına xələl gətirmir. Məhz bu amil İlham Əliyevin milli xüsusiyyətləri nəzərə almaqla irəli sürdüyü demokratik və hüquqi dövlət ideyasının başlıca xəttini təşkil edir.

“Azərbaycanda siyasi islahatlar çox cəsarətlə aparılır. Bu da bizim prinsipial və düşünülmüş seçimimizdir. İqtisadi islahatlar və siyasi islahatlar ölkəmizin inkişafı üçün çox möhkəm zəmin yaradır. Biz bu iki amili bərabər, paralel şəkildə həyata keçiririk və gözəl zəmin əsasında güclü dövlət quruculuğu prosesi gedir. Bu zəmin əsasında Azərbaycanda güclü sosial siyasət aparılır” - deyən cənab İlham Əliyev hesab edir ki, cəmiyyət həyatındakı fundamental dəyişikliklər hüquqi-siyasi islahatların dərinləşdirilməsini, inkişaf etmiş Qərb dövlətlərinin mütərəqqi demokratik ənənələrinin mənimsənilməsinə xidmət edən fəal siyasətin həyata keçirilməsini aktual məsələ kimi önə çıxarır. Respublikamızın aktiv inkişaf fazasına daxil olduğu indiki mərhələdə demokratik normaların ictimai şüurda möhkəmlənməsinə və qəbul edilməsinə daha yaxşı imkanlar yaranmışdır.

Azərbaycan Prezidenti cənab İlham Əliyev çıxışlarında dəfələrlə bildirmişdir ki, müasir dövrdə hər bir xalqın, dövlətin gələcək taleyini təkcə onun malik olduğu zəngin təbii sərvətlər deyil, həm də elmi-mədəni və intellektual imkanları, bütün bunların da fövqündə dayanan insan kapitalı müəyyənləşdirir. Funksional imkanları elm və təhsilin ictimai həyatın ən müxtəlif sahələrində tətbiqi yolu ilə gerçəkləşdirilən bu əvəzsiz kapital hazırkı mərhələdə fərd və ictimai toplumların, geniş mənada, xalqların gələcək inkişafının, yaşayış səviyyəsinin, habelə qazandığı nailiyyətlərin mühüm rəhni kimi çıxış edir. Müstəqil Azərbaycan dövləti də qloballaşan dünyanın bərabərhüquqlu subyekti kimi öz inkişafını, sadəcə təbii sərvətlərin gətirdiyi dividentlərə bağlamır və mövcud resurslarını sırf insan faktorunun prioritetə çevrilməsi yönümündə qurur.

Ümummilli liderin müəllifi olduğu zəngin idarəçilik fəlsəfəsinə yeni, parlaq səhifələr yazan cənab İlham Əliyev prezident kimi fəaliyyət göstərdiyi ötən beş ildə ölkəmizdə sosial-iqtisadi yüksəlişə, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesinə layiqli töhfələr vermişdir. Azərbaycan beynəlxalq aləmdə öz mövqelərini daha da möhkəmləndirmiş, Cənubi Qafqazın lider ölkəsinə çevrilmiş, demokratik islahatların ardıcıllığını, dönməzliyini təmin etməklə fərqlənmişdir.

Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin böyük əzm və qətiyyətlə davam etdirdiyi sosial-iqtisadi siyasət strategiyası gündəlik həyatımızda yeni-yeni nailiyyətlərə yol açır. Hələ ümummilli liderimizin 2003-cü ilin prezident seçkiləri ərəfəsində “Mən ona özüm qədər inanıram” deməklə özünün layiqli davamçısı kimi cəmiyyətə təqdim etdiyi cənab İlham Əliyevin respublikaya rəhbərliyi dövründə əldə olunmuş böyük nailliyyətlər Azərbaycan xalqının öz seçimində qətiyyən yanılmadığını bir daha təsdiqləyir.

Həm 2003-cü il, həm də 2008-ci il prezident seçkilərində xalqın yüksək etimadını qazanaraq iki dəfə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilmiş cənab İlham Əliyev cəmiyyətin ona bəslədiyi böyük etimad və rəğbəti doğrultmuş, verdiyi bütün vədlərə sadiqlik nümayiş etdirməklə, hər bir azərbaycanlının Prezidenti olduğunu sübuta yetirmişdir. Ulu öndərimiz Heydər Əliyevin zəngin dövlətçilik fəlsəfəsindən bəhrələnən dövlət başçısı cənab İlham Əliyev ulu öndərimizin möhkəm təməllər üzərində fomalaşdırdığı idarəçilik ənənələrini davam etdirmək üçün zəruri liderlik keyfiyyətlərinə malikdir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəyə rəhbərlik etdiyi bu illər ərzində imzaladığı məqsədyönlü fərman və sərəncamlarla, qəbul etdiyi praqmatik qərarlarla, habelə obyektiv reallığa adekvat addımları ilə ölkəmizin dinamik yüksəlişini təmin etmiş, yeni dövrün tələbi kimi qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş, həyata keçirdiyi islahatlarla inkişaf mexanizminin daha da çevikliyinə, işləkliyinə nail olmuşdur. Bu gün Azərbaycan Prezidentinin rəhbərliyi ilə görülən işlər, əldə olunan uğurlu nəticələr hələ ötən əsrin 90-cı illərinin ortalarından ulu öndərimiz Heydər Əliyev tərəfindən başlanmış çoxşaxəli islahatlar kursunun məntiqi davamıdır.

Ümummilli liderimiz Heydər Əliyevin müəllifliyi ilə hazırlanmış yeni neft strategiyasının yüksək dinamizmlə həyata keçirilməsi, Azərbaycanı Cənubi Qafqaz regionunda əsas söz sahibi edən qlobal layihələrin reallaşdırılmasında ardıcıllığın təmin olunması, hərbi müdafiə potensialımızın güclənməsi, beynəlxalq aləmdə ölkəmizin mövqelərinin möhkəmləndirilməsi, tarazlaşdırılmış xarici siyasət kursu, iqtisadiyyatda liberallaşdırma, elm-təhsildə yeni informasiya texnologiyalarının tətbiqi Azərbaycan Prezidenti cənab İlham Əliyevin ən çox diqqət yetirdiyi məsələlərdəndir. Yalnız bir faktı vurğulayaq ki, son beş il ərzində müstəqil Azərbaycan dövlətinin müdafiə potensialı xeyli artmış, respublikamızın təkcə hərbi büdcəsi bütövlükdə işğalçı Ermənistanın dövlət büdcəsinə bərabər olmuşdur. İstər sosial-iqtisadi inkişaf göstəriciləri, istərsə də demokratik ənənələrin cəmiyyət tərəfindən əxz olunması baxımından “Avropa ailəsi” nin nüfuzlu üzvü kimi tanınan Azərbaycanın Cənubi Qafqaz regionunda çoxdan liderə çevrilməsi, respublikamızın bu coğrafi çevrədə hansı gücə sahib olması həqiqəti dəfələrlə öz təsdiqini tapmışdır.

Bu gün Azərbaycan Prezidentinin rəhbərliyi ilə görülən işlər, əldə olunan uğurlu nəticələr hələ ötən əsrin 90-cı illərinin ortalarından ulu öndərimiz Heydər Əliyev tərəfindən başlanmış çoxşaxəli islahatlar kursunun məntiqi davamıdır. Ən başlıcası, bu yolu ulu öndərimiz Heydər Əliyevin siyasi varisi, onun dövlətçilik məktəbinin layiqli yetirməsi davam etdirir. Bu isə özlüyündə ulu öndərimizin siyasət və dövlət idarəçiliyi məktəbinin alternativsizliyini bir daha aşkara çıxarır…

 

          Xudiyev N.

 

         Respublika.- 2008.- 24 dekabr.- S. 2.