Milli mənəvi dəyərlər qorunub saxlanılır

 

Son illər respublikamızda mədəni-maarif müəssisələrinin işində mühüm göstəricilərə nail olunmuşdur. İmişli rayonunda da yeni il ərəfəsində mədəni-maarif ocaqlarının fəaliyyəti daha da canlanmışdır. Bölgə müxbirimiz rayon mədəniyyət və turizm şöbəsinin müdiri Hasil Tağıyevlə görüşərək həyata keçirilən tədbirlər haqqında məlumat verməyi xahiş etmişdir.

- Hər yeni il gələndə işlərimiz qat-qat çoxalır, qayğılarımız artır. Yeni il tədbirlərinin keçirilməsi birbaşa mədəni-maarif kollektivləri ilə bağlıdır. Bayrama aid tədbirlərin əksəriyyəti mədəniyyət müəssisələri tərəfindən, onların bilavasitə rəhbərliyi və iştirakı ilə keçirilir. Yeni ilin qarşılanmasına və yola salınmasına, şənliklərin yanvar günlərində davam etdirilməsinə yaxşı hazırlıq görmüşük. Rayon mərkəzində, bütün yaşayış məntəqələrində yeni il tədbirləri yüksək səviyyədə həyata keçirilir, mədəniyyət evlərinin, klub və kitabxanaların, öz fəaliyyət kollektivlərinin, musiqiçilərin əsas işi bayramın daha maraqlı, şən keçirilməsinə yönəlmişdir.

Belə bir əlamətdar vaxtda bütün ictimaiyyətimiz, o cümlədən mədəniyyət işçiləri ilk növbədə ümummilli liderimiz Heydər Əliyevi yada salırlar. Respublikamızın mədəni həyatında son illərdə əldə edilmiş nailiyyətlər ulu öndərimiz Heydər Əliyevin adı ilə qırılmaz surətdə bağlıdır.

Xalqımızın mədəni həyatında baş verən yeniliklərin təşkilatçısı olmuş böyük şəxsiyyətin xidmətləri xalqımızın yaddaşından heç vaxt silinməyəcək, biz onu hər zaman hörmət və ehtiramla yad edəcəyik.

Hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycan mədəniyyətinə, incəsənətinə, istedadlı insanlara böyük qayğı göstərir, tez-tez mədəni-maarif ocaqlarında onlarla görüşərək problemlərini həll edir, onun təşəbbüsləri ilə yeni mədəniyyət xidməti müəssisələri tikilərək istifadəyə verilir. Sənət adamlarının əməyinin layiqincə qiymətləndirilməsi, xalqımızın milli-mədəni sərvətlərinin qorunub gələcək nəsillərə çatdırılması YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyətinin timsalında özünü daha bariz şəkildə nümayiş etdirir.

Rayonumuzun şəhər, qəsəbə və kəndlərində 8 mədəniyyət evi, 27 klub, 66 kitabxana, bir neçə muzey, rəsm qalereyası, musiqi və incəsənət məktəbləri, mədəniyyət və istirahət parkları, kino-video müəssisəsi fəaliyyət göstərir, vətəndaşların asudə vaxtının təşkilində, maddi-mədəni sərvətlərimizin mühafizəsində öz səylərini əsirgəmirlər. Həmin mədəniyyət ocaqlarında vaxtaşırı olaraq dövlət bayramlarına, əlamətdar və tarixi hadisələrə, görkəmli insanlara həsr olunmuş tədbirlər həyata keçirilir. Yola saldığımız ildə mədəni-maarif ocaqlarında yeni il şənlikləri, 20 Yanvar və Xocalı faciələri, 31 Mart Dünya Azərbaycanlılarının Soyqırımı Günü, 8 Mart Qadınlar Günü, 9 May Qələbə Günü, 28 May Respublika Günü, 26 iyun Silahlı Qüvvələr Günü, Müstəqillik Günü, Konstitusiya Günü və bir sıra digər əlamətdar tarixlərə həsr olunmuş tədbirlər əhali tərəfindən maraqla qarşılanmışdır. Rayonda ilk dəfə "Kitab bayramı" keçirilmiş, "Qarabağın dünəni, bu günü və sabahı" mövzusunda təşkil edilmiş tədbir ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir.

Hər ayın sonunda mədəniyyət işçilərinin seminar-müşavirələrində görülən işlər ətraflı təhlil olunmuş, qarşıda duran vəzifələr müəyyənləşdirilmiş, aşkara çıxan nöqsanların operativ surətdə aradan qaldırılması üçün tədbirlər görülmüşdür. Mədəni-maarif ocaqlarının işçilərinə lazımi metodiki köməklik göstərilmiş, onların sərbəst fəaliyyət göstərmələrindən ötrü hər cür şərait yaradılmışdır. Musiqi və incəsənət məktəblərində fəaliyyət göstərən tar, qarmon, saz, nağara, klarnet, təsviri sənət şöbələrində 575 şagird təhsil alır, onlarla 89 müəllim məşğul olur. Dərnəklər və özfəaliyyət kollektivləri istedadı olan hər bir adam üçün açıqdır. Onlar vaxtaşırı olaraq kollektivlərdə maraqlı proqramlarla çıxış edir, öz bacarıqlarını nümayiş etdirirlər.

Hazırda rayon mərkəzi kitabxanasının fondunda 399 min nüsxəyə yaxın ədəbiyyat vardır ki, onların da 57 min nüsxəsi latın qrafikalıdır. İl ərzində 13 min nüsxəyə yaxın yeni ədəbiyyat almışıq. Hazırda kitabxana sistemində oxucuların sayı 27750 nəfərdən çoxdur. Kitabxanalarda müntəzəm olaraq ədəbi-bədii gecələr, səhnəciklər, oxucu konfransları, müharibə və əmək veteranları ilə görüşlər keçirilir. Görkəmli elm, ədəbiyyat və incəsənət xadimlərinin yubileyləri ilə bağlı tədbirlər də həmişə maraqlı olur. Sağlam həyat tərzinin təbliği sahəsində görülən işlər xüsusilə cəlbedicidir. "Narkomaniya—ağ ölüm deməkdir", "Yaşıllığı qoruyaq" mövzularında keçirilən tədbirlərdə çoxlu vətəndaş iştirak etmişdir. Qızılkənd, Aranlı, Sərxanlı kənd mədəniyyət evlərinin, Qaralar, Məmmədli, Göbəktala, kənd klublarının, İmişli şəhər, Bəhramtəpə qəsəbə, Çaxırlı, Muradalılı, Cavadxanlı kənd kitabxanalarının işçiləri bütün tədbirləri yüksək səviyyədə təşkil etmək üçün var qüvvələrini sərf edirlər.

İmişli rayonunun təbii coğrafi şəraiti, tarixi abidələri, abad yolları burada turizmin inkişaf etdirilməsi üçün əlverişli imkan yaradır. Biz bu məsələ üzərində daim işləyirik və tədbirlər planı tərtib etmişik.

Son vaxtlar mədəniyyət müəssisələrinin maddi-texniki bazası xeyli möhkəmləndirilmişdir. Rayonun 3 kəndində yeni kitabxana binaları tikilib istifadəyə verilmiş, mədəni-maarif ocaqlarının əksəriyyətində əsaslı və cari təmir işləri aparılmış, bütün guşələr müasir və rahat avadanlıqla təmin olunmuşdur. Rayon mədəniyyət sarayında 9 min manatlıq təmir işləri görülmüş, buraya 1942 manatlıq inventar alınmışdır.

İl ildən uğurlu gəlir və İmişli rayonunun iqtisadi, sosial-mədəni həyatında bunu daha aydın görmək mümkündür, Qəti bir inamla söyləmək olar ki, 2009-cu il də el-obamız üçün uğurlu olacaqdır.

 

Mustafayev S.

 

Respublika.- 2008.- 23 dekabr.- S.4.