Biz çox güclü ordu potensialı yaratmaqla Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həllini
yaxınlaşdırırıq
Ümummilli liderimiz Heydər
Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə
hakimiyyətə gəldikdən sonra dövlət müstəqilliyimiz
möhkəmləndirilmiş, müasir tarixin yeni mərhələsinə
qədəm qoyaraq çox qısa müddət ərzində
dinamik inkişaf yolu keçmişdir. Cəmiyyətin
bütün sahələrində islahatlar aparılmış,
ölkəmizdə hüquqi, demokratik dövlət bərqərar
edilmiş və dünya birliyində layiqli yerini tutmuşdur.
Dünyanın ən mötəbər beynəlxalq təşkilatlarında
təmsil olunan Azərbaycanın mövqeyi dəstəklənmiş,
söz sahibi olmuşdur. Düzgün müəyyənləşdirilmiş
siyasi kursun son beş ildə qətiyyətlə və
uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan
dünyada analoqu olmayan sürətli inkişaf səviyyəsinə,
qlobal regional və dünya miqyaslı iqtisadi layihələrin
reallaşdırılmasına görə Yer kürəsinin
lider dövlətlərindən birinə çevrilmişdir.
Qarşısında
duran bütün problem və çətinlikləri müvəffəqiyyətlə
həll etmiş ölkəmizin yeganə çözülməmiş
problemi qalıb ki, o da torpaqlarımızın hələ də
erməni işğalı altında qalmasıdır. Ölkəmiz
bu problemi də həll etməyə qadirdir və
hazırdır. İstər danışıqlar, sülh yolu
ilə, istərsə də hərbi əməliyyatlar vasitəsilə
problemi həll etmək iqtidarında olan Azərbaycan birinci həll
variantına üstünlük verir. Məqsəd silah işə
salmamaq, qan tökülməsinə yol verməmək, regionda
sabitliyi pozmamaq, ölkənin iqtisadi inkişafını ləngitməməkdir.
Ölkəmizin rəhbərliyi
hesab edir ki, hələ sülh danışıqları
tükənməyib, problemin dinc yolla nizamlanmasına ümid
var. Ancaq Azərbaycan danışıqlarda diktə edən tərəf
olmaq üçün silahlı qüvvələrini və
ordusunu, iqtisadi qüdrətini və beynəlxalq səviyyədə
mövqeyini görünməmiş sürətlə gücləndirmişdir.
Dövlətimizin
başçısı İlham Əliyev andiçmə mərasimindəki
nitqində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
probleminə geniş yer ayırmış və demişdir:
"Azərbaycanda ordu quruculuğu prosesi bundan sonra da sürətlə
gedəcəkdir. Eyni zamanda, ordumuzun maddi-texniki bazasının
möhkəmləndirilməsi üçün çox
böyük işlər görülübdür. Sizin diqqətinizə
mən iki rəqəmi çatdırmaq istəyirəm.
2003-cü ildə Azərbaycanın hərbi xərcləri 163
milyon dollar idi, 2008-ci ildə bu rəqəm 1 milyard 850 milyon
dollara çatıbdır. Növbəti illərdə bu məbləğ
daha da artırılacaqdır. 2009-cu il dövlət büdcəsinin
layihəsində orduya ayrılan vəsait daha da böyük
olacaqdır. Beləliklə, biz çox güclü ordu
potensialı yaratmaqla Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həllini
yaxınlaşdırırıq".
Dövlət
başçımızın belə nikbin əhvali-ruhiyyədə
olmasının möhkəm əsasları var. Bunu Azərbaycanın
nail oduğu güclü mövqe - inkişafda olan
iqtisadiyyatımız, hərbi potensialımız, daxili
sabitliyimiz, fəal xarici siyasətimiz, dünyada artan imicimiz
şərtləndirir. Azərbaycan ordusunun və
iqtisadiyyatının qüdrətlənməsi, şübhəsiz
ki, Ermənistan tərəfi çox narahat edir. Çünki
bizim ardıcıl inkişafımızın əksinə
olaraq Ermənistan tənəzzül içərisindədir.
Daxili böhran, iqtisadiyyatın iflic vəziyyətə
düşməsi, iri iqtisadi layihələrdən kənarda
qalması, qonşularla pis münasibət, beynəlxalq
ictimaiyyətin Ermənistanı təcavüzkar kimi
tanıması və qınaq obyektinə çevirməsi və
digər amillər bu ölkəni çıxılmaz vəziyyətə
salıb. Bu ilin mart hadisələri və müxalifətlə
hökumət arasında baş verən qalmaqallar insan
hüquqlarının kobudcasına pozulduğu
işğalçı dövlətin mənfi imicini
formalaşdırıb. BMT-nin məlum dörd qətnaməsini
qulaqardına vuran nüfuzlu beynəlxalq təşkilatların
tələblərinə əməl etməyən,
xalqların dinc-yanaşı yaşamaq prinsipini pozan Ermənistan
təcavüzkar siyasəti ilə özünü beynəlxalq
aləmdən təcrid vəziyyətinə salıb.
Son vaxtlar yersiz
inadcıllıqla heç nəyə nail ola bilmədiklərini
anlayan Ermənistan rəhbərlərinin mövqelərindəki
"yumşalma" ondan xəbər verir ki, onlar
Dağlıq Qarabağla bağlı ölkələrində
yaranmış böhrandan yaxa qurtarmağa və qonşu
dövlətlərlə münasibətləri bərpa etməyə
çalışırlar. Rusiya Federasiyasının prezidenti
Dmitri Medvedevin iştirakı ilə Azərbaycan və Ermənistan
prezidentlərinin imzaladıqları Moskva Bəyannaməsi
fikrimizə sübutdur. Türkiyə ilə sərhədlərin
açılmasına can atan ermənilər məkrli xislətlərinə
sadiq qalaraq təcavüzkar niyyətlərindən əl
çəkmək istəmirlər. Onlar Azərbaycan
torpaqlarındakı işğalçı qüvvələrini
hələ də çıxarmır, hər hansı güzəşt
qoparmaq niyyəti güdürlər.
Keçən illərin
nəticəsi aydın göstərir ki, əgər Ermənistan
itirə-itirə gedirsə, Azərbaycan qazana-qaza gəlir. Bu
mövzuya toxunan Prezident İlham Əliyev demişdir:
"Danışıqlar prosesində Azərbaycanın
mövqeyi, Azərbaycanın baxışları və bizim tərəfimizdən
irəli sürülmüş əsas təməl prinsiplər
çox böyük dəyər qazanmışdır. Bu
gün deyə bilərəm ki, danışıqların
mahiyyəti Azərbaycanın ərazi bütövlüyü əsasında
aparılır ki, bu, heç kimdə şübhə
yaratmır və yarada da bilməz".
Göründüyü
kimi, Azərbaycanın mövqeyi aydın, qəti və
möhkəmdir - Dağlıq Qarabağ problemi beynəlxalq
hüquq normalarına uyğun həll olunmalı, ədalət
bərpa edilməli, bir milyondan çox haqqı-hüququ
tapdanan soydaşımız öz evinə, yurduna
qayıtmalıdır.
İndi reallıq ondan
ibarətdir ki, Ermənistan heç bir sahədə rəqabət
aparmaq gücünə malik deyil. Deməliyik ki, tarix
özü Ermənistanı Dağlıq Qarabağ probleminin həllinə
məcbur edir. Əlbəttə, belə də
olmalıdır, tarix boyu işğalçılar sonda məğlub
duruma düşüblər, rüsvayçı məğlubiyyətlə
meydanı tərk ediblər. Belə aqibət Ermənistanı
da gözləyir və o gün çox da uzaqda deyil.
İlyasov V.
Respublika.- 2008.- 24 dekabr.- S.1.