Görkəmli türkoloq alim

 

Samət Əlizadənin böyük tədqiqatçı-alim olmasını onun istənilən yazısının ilk cümləsindən, gözəl pedaqoq olmasını auditoriyada özünü aparmaq qabiliyyətindən, mühazirə planını düzgün qurmaq bacarığından, koloritli ziyalılığını isə daxildən gələn saflıq, qürur və şəxsiyyət bütövlüyündən hiss etmək mümkündür. O, sözün həqiqi mənasında MÜƏLLİM idi. "Müəllim" ona hörmət, yaxud peşəsinə diqqət əlaməti olaraq, edilən müraciət forması deyildi, Samət müəllim şəxsi nümunəsi ilə bu leksik vahidin mənasını genişləndirmiş, pedaqoji çərçivədən çıxarıb, ona alicənablıq məzmunu vermişdir.

S.Əlizadə ADU-nun (BDU-nun) necə deyərlər, daim "formada" olan müəllimlərindən idi, yəni müntəzəm olaraq elmi məqalə, resenziya, rəy yazan, kitab tərtib və nəşr etdirən, elmi konfranslarda məruzələr edən fəal pedaqoqlarından olmuşdur. Türkologiya sahəsində elmi sınaqdan çıxmış ən yeni faktlar operativcəsinə onun mühazirələrində səslənərdi. Bu baxımdan, o, XVIII əsrin sonu, XIX əsrin əvvəllərində yaranmış yeni tipli pedaqoqlar pleyadasına məxsus, ən gözəl ənənələri özündə yaşadan, tədqiqat üsulu, mühazirə mövzusunu tam mənimsətmək metodu ilə seçilən və nümunə olan şəxsiyyətli müəllim idi. Samət müəllimdəki təfəkkür genişliyi və anlamlı izahetmə metodu onunla təmasda olanları həmişə heyrətləndirirdi.

S.Əlizadə - azərbaycançı alimdir. Ona görə yox ki, onun tədqiqat obyekti dövründən və ilindən asılı olmayaraq, Azərbaycan dili materiallarına söykənir. "Öncə dil, sonra Vətən" filoloji düsturu S.Əlizadə təfəkkürü üçün itilik əlaməti deyil, faktın qələbə formuludur: "...Vətən ana dilinin neçə min il... əvvəl ağzıüstə torpaqda yatıb qalan daşdakı bir sözündən, bəlkə də bircə hərfdən başlanır..." Bu yığcam, lakin dərin elmi qənaət S.Əlizadəyə məxsusdur.

Filologiya elmləri doktoru S.Əlİzadə üçün dil-mentalitet göstəricisidir. O, ana dilimizin inkişaf prosesində mürəkkəb və yad söz və söz birləşmələrindən tədricən sadəliyə və doğmalığa keçmə prosesini xronoloji aspekdə deyil, ədəbi dildə xəlqilik elementlərinin artımında, canlı danışıq dilinə məxsus söz və ifadələri arayıb-tapıb üzə çıxarmaqda görürdü; məhz bunu ilk növbədə öz tədqiqatlarında ön plana çəkirdi. Onun elmi işlərində tarixi metodologiyaya filoloji tədqiqata əlavə güc verən element kimi müraciət olunur. O, şəxsən sınaqdan çıxardığı bu tip tədqiqatçılıq metodunu öz tələbələrinə də tövsiyə edirdi.

S.Əlizadənin, demək olar ki, bütün elmi yazılarında müqayisəli analiz xüsusi yertutur. Lakin pedaqoq-alimin fərqli fərdiliyi bunda deyil, ondadır ki, müəllif bir yaradıcı şəxsiyyəti digərinə, bir ədəbi mühiti başqa bir ədəbi mühitə qarşı qoymur, zəiflik uğurlu cəhətin önə çəkilməsi fonunda gözdən salınmır, dilin evolyusiyası sosial-siyasi mühit, xalqın durumu, mədəni səviyyəsi və başqa vacib elementlərlə dəstəklənir və beləliklə də, bütövlükdə "Azərbaycan dili" adlı elm yeni nəzəri fikirlə zənginləşir. Bu baxımdan təsadüfi deyil ki, Samət müəllim bir çox məqalə və mühazirələrində yeri düşdükcə orta əsrlər Azərbaycan dövlət dilinin, Azərbaycan diplomatiya dilinin, dəftərxana dilinin yaranmasına və inkişafına böyük diqqət yetirmişdir.

S.Əlizadənin sanballı tədqiqatçı-alim kimi elmi ictimaiyyət tərəfindən xoş qarşılanan xarakter xüsusiyyətlərindən biri də onun yazılarında akademik elmi üslubun deyil, elmi-publisistik təhkiyə ilə izah-isbat etmək formasının əsaslığıdır. O, bu üslub formatı daxilində özünü çox sərbəst hiss edir, məhz bu səbəbdən də tələbələri onun mühazirələrindən yayınmır, həmsöhbətləri isə onunla elmi ünsiyyətdə olmaqdan zövq alırdılar. Çünki onun əsas tədqiqat obyekti nisbətən qədim və orta əsrlər dövrünün dil-ədəbiyyat materialları olsa da, köhnə dövr onun qələminin gücü ilə çox müasir və anlaşıqlı dildə danışır.

S.Əlizadə bir il, bir ədib, bir kitab və s. "bir"lər üzərində tədqiqat aparan alim deyil. Onun tədqiqat obyekti yüzillik, qədim əlyazmalar, yaxud mətinlər keçmiş böyük dövrdür. O, asan, "hazır" mövzular üzərində elmi karyera quran alim-pedaqoq da olmamışdır.

Professor S.Əlizadə geniş düşünməyi bacarırdı. Tipik bir misal: "...ədəbi dilimizin (yazılı şeir qolunun) inkişaf tarixindəki mövqeyinə və roluna görə Xətai Nəsimi ilə Füzuli arasında körpüdürsə, Qövsi Füzulini Vaqifə birləşdirir". Fikir verin, o, bircə cümlə daxilində ədəbi-mədəni tariximizin 452 illik (İ.Nəsimi-1369-cu il; M.P.Vaqif-1717-ci il) dövrünün necə də usta filoloji təhlilini verə bilmişdir.

S.Əlizadə çox zəhmətkeş alim olmuşdur. XV-XVI əsrlərdə üzü köçürülən və ilk dəfə S.Əlizadənin sayəsində elmə məlum olan "Oğuznamə"nin, "Kitabi-Dədə Qorqud"un bir kitabda iki variantının-orijinala tam uyğun və müasirləşdirilmiş variantlarının (tərtib, transkripsiya, sadələşdirilmiş variant və müqəddimə F.Zeynalovla birgə, nüsxə fərqləri və şərhlərin müəllifi kimi tək) nəşri göstərir ki, adı çəkilən tədqiqatlardan hətta istənilən biri onun yaxşı alim olmasını sübut edərdi.

Bir sözlə, nə qədər ki, türkologiya elmi var, filologiya elmləri doktoru, əməkdar elm xadimi Samət Qürbət oğlu Əlizadə elmi-pedaqoji yaradıcılığı var olacaqdır.

 

Cabbarlı E.

 

Respublika.- 2008.- 24 dekabr.- S.6.