Avropa İttifaqı ilə bizim münasibətlərimiz həm qonşuluq siyasəti, həm də enerji əməkdaşlığı çərçivəsində çox inkişaf edir

 

Azərbaycan həm regional əməkdaşlıq, həm də Avropa və Avratlantik strukturlarına inteqrasiya yolunda böyük nailiyyətlər əldə edib. Avropa Şurası, Avropa Birliyi, NATO, ATƏT və başqa təşkilatlarla əlaqələr çox yüksək səviyyədədir. Rəsmi Bakı Azərbaycanın Avropa ailəsinə inteqrasiyasına xüsusi önəm verir və  bu, dövlətimizin strateji seçimidir. Ölkəmizin demokratikləşməsi və modernləşdirilməsi dövlət siyasətinin ən başlıca məqsədidir. Cənab İlham Əliyev bildirib ki, bizim Avropa strukturlarına inteqrasiyamızın əsas məqsədi həyat şəraitimizlə bağlı meyarlarımızı Avropada mövcud olan bir çox müsbət meyarlara yaxınlaşdırmaq istəyidir.

Son illər Azərbaycan Avropa strukturlarına inteqrasiya, ümumavropa dəyərlərinin milli maraqlarımıza uyğun formada tətbiqi, demokratiyanın aliliyi prinsipinin bərqərar olması istiqamətində mühüm addımlar atıb. Buna böyük önəm verən Prezident İlham Əliyev bildirib: "Azərbaycan 2001-ci ildə Avropa Şurasına daxil olduğu zaman başlıca məqsəd demokratik inkişaf və insan hüquqlarının qorunması sahəsində olan bütün nailiyyətləri ölkəmizə gətirməkdən ibarət idi. Biz Avropa İttifaqının yeni qonşuluq proqramına qoşulduqdan sonra eyni siyasət davam etdirildi. Bu halda yenə də əsas amalımız Azərbaycandakı meyarları Avropa İttifaqında mövcud olan meyarlara daha da yaxınlaşdırmaqdan ibarət idi".

Cənab İlham Əliyevin bəyan etdiyi kimi, Avropa İttifaqının yeni qonşuluq siyasətinin Azərbaycana aid olan hissəsinin həyata keçirilməsi çox uğurlu olmuşdur. Biz müxtəlif məsələlər ətrafında əməkdaşlıq edirik və əminik ki, gələcəkdə bu yeni sahələri əhatə edəcəkdir.

Avropa İttifaqı Azərbaycan ilə çox geniş, beşillik proqram çərçivəsində qonşuluq siyasətini davam etdirir. Proqramda Azərbaycanda iqtisadi və siyasi islahatların bundan sonra da həyata keçirilməsi nəzərdə tutulubdur. Bu proqramın icrası nəticəsində Azərbaycanda demokratikləşmə prosesi daha da sürətlə gedəcəkdir.

Hazırda Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlər ən yüksək səviyyədədir və keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında anlaşma memorandumu imzalanmışdır. Bu da Aİ-nin alternativ enerji mənbələrinə tələbatını ödəmək istiqamətində atılan önəmli addımdır və ölkəmizin bu qurumla əməkdaşlığına böyük töhfədir.

Aparıcı Qərb dövlətləri Azərbaycanın iştirakı olmadan Xəzər hövzəsi regionunda hər hansı transmilli layihənin gerçəkləşdirilməsini mümkünsüz sayır, respublikamızın mövqeyi ilə hesablaşırlar. Ekspertlərin fikrincə, Azərbaycan Xəzər dənizinin nəhəng enerji potensialını ilk mənimsəyən və regionun inkişafında keyfiyyətcə yeni iqtisadi modeli formalaşdıran, Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrinin genişləndirilməsində, Qafqaz nəqliyyat dəhlizinin inkişafında İNOQEYT, TRASEKA və digər nəhəng layihələrin gerçəkləşməsində Xəzəryanı və Qafqaz regionunda mühüm rol oynayan birdövlətə, dünyanın neft mərkəzlərindən birinə çevrilmişdir.

Azərbaycanın xarici siyasəti, layihələr, iqtisadi və enerji sahəsində təşəbbüsləri əməkdaşlıq, dostluq və tərəfdaşlığın, qarşılıqlı maraqların möhkəmləndirilməsinə yönəldilibdir.

Bakıda yüksək səviyyədə keçirilən IV enerji sammitinin nəticələri göstərir ki, enerji sahəsindəki regional əməkdaşlıq enerji təhlükəsizliyi ilə yanaşı, regional sabitliyə, sülhə və rifaha da töhvədir. Xəzər enerji mənbələrinin təhlükəsiz surətlə Avropa bazarlarına nəqli bütün bölgədə sabitliyin davamlılığına və ölkələrarası qonşuluq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir. Məlumat üçün bildirək ki, indiyədək keçirilmiş I enerji sammiti 2006-cı ilin mayında Polşanın Krakov şəhərində, II enerji sammiti 2007-ci ilin noyabrında Litvanın paytaxtı Vilnüsdə, III enerji sammiti isə bu ilin mayında Ukraynanın paytaxtı Kiyevdə baş tutmuşdur. Bakıda keçirilən IV enerji sammitində əvvəlkilərdən fərqli olaraq Bakı bəyannaməsi qəbul edildi.

Bu sənədin xüsusi dəyəri onun Avropa komissiyasının nümayəndələri tərəfindən imzalanmasındadır. Vilnüs, Krakov və Kiyevdə keçirilən əvvəlki üç enerji sammitində bu olmamışdır.

Azərbaycan Prezidenti İlham Əliyev bəyannamə üzərində apardıqları konstruktiv işə görə bütün iştirakçılara minnətdarlığını ifadə edərək, vurğulayıb: "Mühüm cəhət odur ki, bəyannaməyə qoşulanlar arasında Avropa İttifaqının üzvü olan 9 dövlət var, Avropa Komissiyası da var. Bu, Qafqaz və Xəzər regionu üçün mühüm amildir. Avropa İttifaqı ilə bizim münasibətlərimiz həm qonşuluq siyasəti, həm enerji əməkdaşlığı çərçivəsində çox müsbət inkişaf edir. Əlbəttə ki, gələcək uğurlar üçün biz həmin müsbət meyilləri davam etdirməliyik. Avropa İttifaqının 9 üzvünün - üçdə bir hissəsinin bu bəyannaməyə qoşulan ölkələr arasında olması faktı özlüyündə önəmlidir".

Beynəlxalq enerji təhlükəsizliyi problemlərinə həsr olunmuş, əsasən Xəzər hövzəsində hasil edilən enerji daşıyıcılarının Qara dəniz, Baltik dənizi regionlarına və Mərkəzi Avropaya çatdırılması üçün Odessa-Brodi neft kəmərinin yaradılması və digər məsələlərin müzakirəsinin aparıldığı sammitdə Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, bu cür geniş əməkdaşlıq, bu zirvə görüşü, həmçinin bir çox dövlət və hökumət başçılarının nümayədə heyətləri rəhbərlərinin iştirakı regionun gələcək inkişafına, regional əməkdaşlığa və tərəfdaşlığa böyük töhfədir.

 

Əlizadə Ş.

 

Respublika.-2008.- 25 dekabr.- S.10.