İnsan hüquqlarının təminatı sahəsində beynəlxalq əlaqələr genişlənir

 

Bu günlərdə Ombudsman Aparatının Elmi-analitik Sektorunun müdiri Zaur Əliyev Kazan şəhərində Tatarıstan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin, Tatarıstan Respublikası Prezidentinin Aparatı, Nazirlər Kabineti və Dövlət Şurası ilə birgə təşkil etdiyi Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 60 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransda "Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və Azərbaycan Respublikasında Ombudsman İnstitutunun inkişafı" mövzusunda məruzə ilə çıxış etmişdir.

Tədbirdə Tatarıstanın dövlət qurumları, Parlament üzvləri, Konstitusiya Məhkəməsi və Ali Məhkəmənin hakimləri, prokurorluq orqanlarının nümayəndələri, Rusiya Federasiyası subyektlərinin ombudsmanları, Kazan Dövlət Universitetinin hüquq fakültəsinin professor-müəllim heyəti və tələbələri, QHT təmsilçiləri və jurnalistlər iştirak etmişlər.

Ombudsman Aparatının əməkdaşı Z.Əliyev adı çəkilən bəyannamənin hüquqi təbiəti, beynəlxalq hüququn mənbələri sırasında yeri, bu universal sənəddə təsbit edilmiş hüquqların ümumbəşəri dəyərlər olması, beynəlxalq münasibətlər tarixində ilk dəfə olaraq məhz bu hüquqi aktda hamı tərəfindən əməl olunması nəzərdə tutulan əsas insan hüquqları və azadlıqlarının müəyyən edilməsi, əksər müddəalarının ümumməcburi normalara çevrilməsi, onun milli hüquqa və ümumilikdə insan hüquqlarının inkişafına təsiri haqqında danışaraq demişdir:

- Azərbaycanda insan hüquqlarının təmini dövlətin əsas prioritet məqsədləri sırasına daxil edilmiş, aparılan demokratik islahatlar insan hüquqlarının, beynəlxalq hüququn ümumqəbul olunmuş prinsipləri əsasında müdafiəsi sahəsində mühüm irəliləyişlərin əldə olunmasına şərait yaradıb. Ombudsman Elmira Süleymanovanın insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti, müvafiq mütərəqqi təcrübənin respublikamızda tətbiqi, Müvəkkili tərəfindən hər il Bəyannamənin qəbul edildiyi gün - dekabrın 10-da beynəlxalq qurumların, dövlət və qeyri- hökumət təşkilatlarının, KİV təmsilçilərinin iştirakı ilə tədbirlərin keçirilməsi bu baxımdan mühüm əhəmiyyət kəsb edib.

Azərbaycan Ombudsmanı tərəfindən Bəyannamənin 60 illiyi ilə bağlı insan hüquqları aylığı elan olunmuş, bu prosesə dövlət qurumları, ümumilikdə vətəndaş cəmiyyəti cəlb edilmiş, silsilə tədbirlər həyata keçirilmişdir. Eyni zamanda E.Süleymanovanın təşəbbüsü ilə bu il iyunun 18-19-da həmin sənədin əlamətdar ildönümünə və ölkəmizdə insan hüquqları gününə həsr olunmuş "Qloballaşan dünyada insan hüquqları" mövzusunda Ombudsmanların VI Bakı Beynəlxalq Konfransının yekunu olaraq, Bakı bəyannaməsi qəbul olunmuşdur.

Qeyd edək ki, Ombudsman Aparatının əməkdaşı Z.Əliyevin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 60 illiyinə həsr olunmuş beynəlxalq konfransdakı çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanmış, Müvəkkilin insan hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Planının həyata keçirilməsi sahəsində fəaliyyəti, insan hüquqları aylığı elan etməsi və silsilə tədbirlər keçirməsi yüksək qiymətləndirilmişdir.

Konfrans iştirakçıları, Rusiya Federasiyası subyektlərinin insan hüquqları üzrə müvəkkilləri Azərbaycan Ombudsmanının beynəlxalq əlaqələr sahəsinə fəaliyyətini yüksək dəyərləndirmişlər.

Azərbaycan Ombudsmanı ilə bir sıra ölkələrin insan hüquqları üzrə müvəkilləri, habelə Tatarıstan Ombudsmanı arasında insan hüquqlarının təmin edilməsi sahəsində ikitərəfli əməkdaşlıq haqqında saziş imzalanmışdır. Müvafiq sazişə əsasən, Azərbaycanda və Tatarıstanda vətəndaşların hüquqlarının müdafiəsi istiqamətində bir sıra işlər görülmüş, ombudsmanlar və hər iki təsisatın əməkdaşları qarşılıqlı səfərlər edərək təcrübə mübadiləsi aparmışlar.

Azərbaycan Ombudsman təsisatının əməkdaşı Zaur Əliyev konfransda iştirak etdiyi günlərdə insan hüquqları sahəsində səmərəli fəaliyyətinə görə Tatarıstan Respublikasının İnsan Hüqüqları üzrə Müvəkkili tərəfindən fəxri fərmanla təltif edilmişdir.

Qeyd etmək lazımdır ki, bu Z.Əliyevin Rusiyada təltif edildiyi ikinci fəxri fərmandır. Bundan əvvəl isə, Z.Əliyev Rusiya Beynəlxalq Hüquq Assosiasiyasının prezidenti, BMT Beynəlxalq Tribunalının hakimi, hüquq elmləri doktoru, professor A.L.Kolodkin tərəfindən fəxri fərmanla təltif edilmişdir. O bu ali mükafata assosiasiyanın işində aktiv, səmərəli fəaliyyətinə, həmçinin Azərbaycanla Rusiya Federasiyası arasında elmi əlaqələrin inkişafında xidmətlərinə görə layiq görülmüşdür.

Fəxri fərman assosiasiyanın illik konfransı çərçivəsində təqdim olunmuşdur. Qeyd edək ki, konfransda müxtəlif ölkələrdən nümayəndələr, həmçinin Rusiyanın nüfuzlu ali tədris müəssisələrinin (Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu, RF XİN-in Diplomatik Akademiyası, Moskva Dövlət Hüquq Akademiyası, Lomonosov adına Moskva Dövlət Universiteti, Rusiya Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutu, Rusiya Xalqlar Dostluğu Universiteti, Kazan Dövlət Universiteti və s.) professor-müəllim heyəti, Rusiyanın dövlət qurumlarının nümayəndələri, hakimlər və digər rəsmi şəxslər iştirak edirdi. Konfransda iştirak edən beynəlxalq hüquq sahəsində yüzlərlə tanınmış alimin sırasından yalnız Ombudsman Aparatının əməkdaşı Z.Əliyev fəxri fərmana layiq görülmüşdür.

Z.Əliyev 2002-ci ildən Rusiya Beynəlxalq Hüquq Assosiasiyasının üzvüdür. O, bu Assosiasiyasının ilk gənc azərbaycanlı üzvü olmuşdur. Adı çəkilən Assosiasiya 1957-ci ildən etibarən, əsası 1873-cü ildə qoyulan və mənzil qərargahı Londonda yerləşən beynəlxalq elmi təşkilat olan Ümumdünya Beynəlxalq Hüquq Assosiasiyasına daxildir. Assosiasiya EKOSOC, YUNESKO, İMO, YUNKTAD yanında məşvərətçi statusuna malikdir. Nizamnaməyə əsasən təşkilatın əsas məqsədlərindən biri beynəlxalq hüququn mütərəqqi inkişafı və məcəllələşdirilməsidir. Ümumdünya Beynəlxalq Hüquq Assosiasiyasının 5 minə qədər fərdi üzvü vardır. Bunlar əsasən tanınmış alimlər və diplomatlardır.

Xatırladaq ki, Rusiya Beynəlxalq Hüquq Assosiasiyasının üzvləri tanınmış beynəlxalq hüquqşünas alimlərdən, müxtəlif ölkələrdən olan diplomatlardan, eləcə də gənc hüquqşünaslardan ibarətdir. Assosiasiyanın bir sıra üzvləri nüfuzlu beynəlxalq qurumlarda, BMT Beynəlxalq Məhkəməsində, BMT Beynəlxalq Hüquq Komissiyasında, Dəniz Hüququ üzrə BMT Beynəlxalq Tribunalında, Uşaq Hüquqları üzrə Komitədə, Avropa İnsan Hüquqları Məhkəməsində və digərlərində təmsil olunurlar. Rusiya Beynəlxalq Hüquq Assosiasiyasının üzvlərinin sayı 800 nəfərə yaxındır. Assosiasiyanın beynəlxalq hüquq elminin inkişafında, o cümlədən beynəlxalq konvensiyaların və digər beynəlxalq-hüquqi sənədlərin işlənib hazırlanmasında əvəzedilməz rolu olmuşdur və assosiasiya bu gün də bu prosesdə əhəmiyyətli rol oynamaqdadır.

 

Cabbarov X.

 

Respublika.- 2008.- 25 dekabr.- S.10.