Görkəmli
yazıçı, ictimai xadim
(Yusif Səmədoğlu
yaradıcılığına baxış)
Xalq
yazıçısı Yusif Səmədoğlu XX əsr Azərbaycan
ziyalılığının ən ali keyfiyyətlərini
öz şəxsiyyətində daşıyan, mənsub
olduğu nəsli təmsil edən bir insan olmuşdur. O, həyatı
boyu, həm ədəbi, həm də ictimai-siyasi fəaliyyətində
azərbaycançılıq mövqeyində durmuş,
azadlıq, demokratiya, müstəqillik duyğusu ilə
yaşamışdır. Yazıçının 70 illik
yubiley mərasimində Heydər Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyeva demişdir: "Y.Səmədoğlunun
fəaliyyəti Azərbaycan mühitində ədəbiyyatda
böyük maraq yaratmaqla bərabər, həm də ictimai
fikri formalaşdırmağa xidmət edirdi. Onun özü
demokratik düşüncə sahibi olduğundan bütün
yaradıcılığı bu ruha köklənir və ondan
qidalanırdı".
Y.Səmədoğlu XX əsr
Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus
yer tutaraq, həyata, gerçəkliyə fərqli münasibəti,
dünyagörüşü ilə seçilmişdir.
Millilik, milli-mənəvi dəyərlərimizin qorunub
saxlanılması, milli mədəniyyətin, milli əxlaqın
gənc nəslə çatdırılması
baxımından onun əsərlərinin dəyəri və
ibrət dərsləri güclüdür.
Y.Səmədoğlu
azad, müstəqil və mədəni həyat yolu
keçmişdir. Onda milli hiss, Vətən sevgisi güclü
idi. O, həyati mövzular yazmış, zamanın nəbzini
tutaraq günün mühüm məsələlərinə
toxunmuş, mənəvi-ictimai problemləri ön plana çəkmiş,
dövrün, yaşadığı mühitin eybəcərliklərini
ifşa və tənqid hədəfinə çevirmişdir.
Onun əsərləri azərbaycançılıq ideyası
əsasında qurulduğundan hər dövr üçün
aktual səslənir. Məlumdur ki, xalqın milli-fəlsəfi
fikri öz əksini bədii ədəbiyyatda tapır. Milli
xüsusiyyətlərin, milli keyfiyyətlərin, milli ruhun, adət-ənənələrin
yaşanmasında bədii ədəbiyyatın böyük
rolu vardır. Bu baxımdan Y.Səmədoğlunun əsərlərində
milli ideyanın təlqin və təbliği
güclüdür. O, hələ sosializm cəmiyyətinin,
avtoritar rejimin ən şiddətli çağlarında sovet
ideologiyasının prinsiplərinə zidd olan əsərləri
ilə seçilmiş, bu quruluşun
formalaşdırdığı insanların faciəsini əks
etdirmişdir.
Yazıçı
1959-cu ildə "Yaddan çıxmış sözlər"
novellasında, "Xəzri" hekayəsində cəsarətlə
Vətənimiz üçün faciə olan mühüm
tarixi hadisəni qələmə alaraq, "Türkmənçay
- 1828-ci il" müqaviləsini yada salmış,
oxucularını bu hadisəni unutmamağa, bu barədə
düşünməyə çağırmış,
torpaqlarımızın iki yerə parçalanması dərdi-acısı
ilə Təbriz harayı qaldırmışdır. Bu haray azərbaycançılıq
harayı, Azərbaycanın bütövlüyü uğrunda
mübarizəyə çağırış idi. Azərbaycanın
başına gələn bəlaların nəticəsi olaraq
1990-cı ildə son nəfəsini yaşayan
qırmızı imperiya sovet ordusunu Bakıya yeritdi, tarixdə
görünməmiş qırğına yol açdı, I
Pyotrdan başlanan anti-türkçülük siyasəti
torpaqlarımızın iyirmi faizinin işğalı ilə nəticələndi.
Y.Səmədoğlunu həmişə
xalqın taleyi, mənəviyyatı
düşündürdüyündən onun əsərləri
xalqın ürəyinə yol tapmış və bu əsərlər
Y.Səmədoğlunun görkəmli Azərbaycan
yazıçısı kimi tanınmasına və xalq tərəfindən
sevilməsinə gətirib
çıxarmışdır. O, əsərlərində
Azərbaycan həyatının mənəvi-ictimai-əxlaqi
problemlərini açıb göstərmiş, milli keyfiyyətlərimizi
nümayiş etdirmiş, əsas bir ideyanı ortaya qoymuşdur-bu
da Azərbaycana, onun mənəvi dünyasına, mədəni
sərvətlərinə sevgidir.
"Qətl
günü" romanı Y.Səmədoğlunun vətəndaşlıq
qayəsinin, Vətən üçün yanan qəlbinin, azərbaycançılıq
mövqeyinin bədii təcəssümüdür.
Yazıçı bu əsərlə xalqın
gözünü açmış, tarixi həqiqətləri
göstərmək üçün keçmişə
müraciət edərək, müasir dövrün problemlərinin,
ictimai bəlaların kökünü, səbəbini
arayıb axtarmağa çalışmışdır. O, belə
bir fikri açıqlamışdır ki, bəşəriyyət,
xalq öz inkişafında, mədəni-mənəvi tərəqqisində
irəliyə getsə də, şərin, mənfiliyin
kökü kəsilmir, böyük sənətkarlar,
ağıllı insanlar həmişə öz zamanında
anlaşılmazlıq bəlasına düçar olub, taleyin
qaranlıq yollarından keçməli olurlar. Lakin bu da həqiqətdir
ki, belə adamlar şərəfsiz, mənsəbpərəstlər
qarşısında öz ləyaqəti, mənliyi ilə
yüksəkdə durmuş, onların saf ideyaları həmişə
yaşamışdır. Bu əsərin gənc nəsildə
milli qürur və vətənpərvərlik hissi
aşılamaq baxımından böyük əhəmiyyəti
vardır. "Qətl günü" insanlıq dərsinin bədii
təcəssümüdür. Əsər başdan-ayağa
milli xarakter sərgisidir. Buradakı obrazlar öz
varlığında milli psixologiyanın əlamətlərini
daşıyır, öz təbiətlərində milli-mənəvi
zənginliyi əks etdirirlər.
Y.Səmədoğlu ədəbiyyatımızda
kamil, bütöv azərbaycanlı obrazları
yaratmışdır.
Bunlardan biri də onun
ssenari müəllifi olduğu "Yeddi oğul istərəm"
filmindəki Gəray bəy obrazıdır. O, Gəray bəyin
təbiətindəki azərbaycanlılığı məharətlə
əks etdirmişdir. Gəray bəyin faciəsi bizim milli faciəmizdir.
Onun simasında Azərbaycan mülkədarlarının, əsilzadələlərinin
əzmlə, qeyrətlə sovet quruluşuna qarşı
mübarizə aparması və sonda məğlub olmaları,
onların acınacaqlı taleyi kədər doğurur.
Y.Səmədoğlunun
Azərbaycan mədəniyyətinin inkişafında, milli
ideyanın genişlənməsində böyük xidmətləri
olmuşdur. Onun "Azərbaycan" və "Ulduz"
jurnallarının baş redaktoru, Yazıçılar
Birliyinin katibi kimi işləyərkən gənc nəslin
istedad və bacarıqlarının üzə
çıxarılmasında, onların milli ruhda
formalaşmasında, ziyalıların düzgün istiqamətləndirilməsində
müstəsna rolu olmuşdur.
80-ci illərin
axırları, 90-cı illərin əvvəllərində
Y.Səmədoğlu xalq hərəkatının
öncüllərindən birinə çevrildi. O, 1990-cı
ildə müstəqil Azərbaycanın ilk parlament
üzvü olmuş, parlamentin Xarici Əlaqələr
Komissiyasının rəhbəri kimi Azərbaycanın haqq
sözünün dünya ictimaiyyətinə çatdırılmasında
böyük işlər görmüşdür. Ulu öndərimiz
Heydər Əliyev Y.Səmədoğlunun 60 illik yubiley mərasimində
çıxış edərək onun Azərbaycan dövləti
və mədəniyyəti qarşısında olan xidmətlərini
yüksək qiymətləndirmişdir: "Yusif cəmiyyətimizə
təkcə yazıçı kimi, mədəniyyət xadimi
kimi yox, eyni zamanda görkəmli ictimai-siyasi xadim kimi daxil
olubdur. Azərbaycanın həyatı üçün və
xüsusən son illərdə Azərbaycanda milli azadlıq hərəkatının
inkişafı üçün, xalqımızda milli
dirçəliş, milli oyanış hisslərinin
yaranması və inkişafı üçün, Azərbaycanın
müstəqilliyi uğrunda mübarizə üçün
onun fəaliyyəti çox əhəmiyyətli, çox gərəkli
olmuşdur".
Bütün bu
ictimai-siyasi hadisələr yazıçı
üçün bədii materiala çevrilirdi.
Yazıçı "Deyilənlər gəldi başa"
adlı yarımçıq qalmış romanında son illərin
hadisələrini əks etdirmək istəyirdi, lakin əcəl
buna macal vermədi.
Y.Səmədoğlu
xalqın tarixi yaddaşını, mənəviyyatını
uca tutaraq, əsərlərində milli və bəşəri
dəyərləri məharətlə əks etdirmişdir.
Y.Səmədoğlunun
bütün fəaliyyəti azərbaycançılıq
ideyasına həsr olunmuşdu. Onun keçdiyi şərəfli
ömür yolu həqiqi mənada nəsillərə nümunədir.
Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi, biz azərbaycançılığı-Azərbaycan
dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini,
adət-ənənələrini yaşatmalıyıq.
Əliyeva L.
Respublika.- 2008.- 25 dekabr.- S.14.