Vətəndaş maraqlarının təminatçısı

 

Dövlət başçısı İlham Əliyevin son beşillik fəaliyyəti xalqa və dövlətə layiqli xidmət nümunələri ilə zəngindir

 

Hər bir siyasi qüvvənin fəaliyyətinə verilən ictimai qiymət azad seçkilər əsasında müəyyənləşir. Məhz bu strateji seçimin nəticəsi olaraq hər bir xalq müəyyən zaman kəsiyində milli inkişaf yolunu, tərəqqi yönümünü müəyyən edir. Çoxluğun maraq və mənafeyini öz siyasətində ehtiva edən, rasional siyasət yeridərək cəlbedici proqram və ideyalarla silahlanan komandanın uğur qazanması isə labüd prosesə çevrilir. Azərbaycan xalqı 2008-ci il 15 oktyabr tarixli seçimi ilə təkamülə əsaslanan demokratik inkişaf tərəfdarı olduğunu, ölkənin taleyini yalnız konkret planlara malik, çevik, işlək və monolit komandaya etibar etdiyini bir daha nümayiş etdirmişdir. Azərbaycanı uğurlu inkişaf yoluna çıxarmış Heydər Əliyev siyasi kursunun davam etdirilməsi son prezident seçkilərində cəmiyyətin həlledici çoxluğunun prinsipial iradəsi kimi önə çıxmışdır.

Müdrik xalqımızın dəyişməz seçimi ölkədə həyata keçirilən strateji kursun şəksiz qələbəsinin və alternativsizliyinin əyani təcəssümü kimi yadda qalmış, yeni ictimai-siyasi münasibətlər sisteminin əsasını qoymuşdur. Bu seçim Azərbaycan cəmiyyətinin növbəti dəfə Heydər Əliyev ideallarına sədaqətinin, eləcə də ulu öndərin böyük uzaq-görənliklə müəyyənləşdirdiyi strateji inkişaf kursunu davam etdirməyə qadir olan cənab İlham Əliyevin parlaq şəxsiyyətinə sarsılmaz inamın təcəssümünə çevrilmişdir. Ölkə vətəndaşları alternativi olmayan sözügedən siyasi strategiyanın həyatımıza gətirdiyi nailiyyətlərə, dövlətçilik əsasları bu uğurlarla möhkəmlənən, özünün xoşbəxt sabahına doğru inamla irəliləyən, inkişaf edən Azərbaycana səs verdilər. Son prezident seçkilərinin nəticələrinə nəzərən bir daha təsdiqlənmişdir ki, Azərbaycan cəmiyyəti Heydər Əliyevin zəngin dövlətçilik irsini ölkənin milli təhlükəsizliyinin, iqtisadi maraqlarının və siyasi sistemin sabitliyinin təmin edilməsinə yönələn təkmil siyasi konsepsiya kimi qəbul edir.

Demokratik inkişafın leytmotivini çoxluğun iradəsinə söykənən fundamental qərarların qəbulu təşkil edir. 2008-ci ilin 15 oktyabr seçkilərinin nəticəsi olaraq da cəmiyyətin həlledici çoxluğu uzun illərin sərt sınaqlarından çıxaraq yüksək etimad qazanmış siyasətin davamlılığının təmin olunması, hər bir fərdin perspektiv mənafeyinə hesablanmış siyasi, hüquqi, sosial-iqtisadi, humanitar islahatların ardıcıl şəkildə davam etdirilməsi naminə ciddi siyasi iradə ortaya qoymuşdur. Heydər Əliyev siyasətinin alternativsizliyi qənaətini özü üçün tam yəqinləşdirmiş Azərbaycan xalqının cənab İlham Əliyevi strateji islahatlar kursunun layiqli davamçısı görməsi bir sıra reallıqlarla şərtlənmiş, obyektiv zərurətdən irəli gəlmişdir. 1995-2008-ci illərdə fəaliyyət göstərdiyi sahələrdə özünü sanballı, vətənpərvər, praqmatik, təşkilatçı və yüksək idarəçilik keyfiyyətlərinə malik şəxsiyyət kimi təsdiqləyən cənab İlham Əliyev cəmiyyətdə mütləq çoxluğun etimad və inamını qazanmaqla özünün şəksiz qələbəsini təmin etmişdir.

Dövlətə rəhbərlik missiyasını üzərinə götürən liderin şəxsiyyətcə bütöv, iradəli və sarsılmaz olması xalqın özünə inamını təmin etməklə bahəm, hər bir vətəndaşın sabit və istiqrarlı yaşam tərzinə imkan yaradır. Bu mənada cənab İlham Əliyev elə ilk saatlardan dövlət maraqları ilə bağlı həlledici məqamlarda qətiyyətli mövqe tutduğunu, bir çoxları üçün çətin və riskli görünən siyasi gedişlərdən belə çəkinmədiyini sübuta yetirmişdir. 2003-cü ilin məluım 15-16 oktyabr iğtişaşlarının qarşısını xalqın iradəsi ilə alan dövlət başçısı ictimai-siyasi sabitliyin etibarlı təminatçısı olduğunu bir daha nümayiş etdirmiş, üzləşdiyi ilk dövlətçilik imtahanından üzüağ çıxmışdır. İfrat radikal qüvvələrin dağıdıcı addımlarını zərərsizləşdirən Prezident İlham Əliyev ilk növbədə, xalqa dövlətçiliyin etibarlı əllərdə olduğu mesajını vermişdir. 2003-cü ilin 15 oktyabr seçkiləri eyni zamanda respublikamızda möhkəm, heç bir qüvvənin sarsıtmağa gücü çata bilməyəcək siyasi həmrəyliyin, dövlət idarəçilik mexanizmlərinin mövcudluğunu göstərmişdir.

Konseptual əsasları ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş sosial-iqtisadi inkişaf strategiyasını yeni mərhələdə inamla davam etdirən dövlət başçısı ötən beş ildə qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin artırılması, regionların tarazlı və davamlı inkişafı, yerlərdə yeni istehsal müəssisələrinin açılması, işsizlik probleminin aradan qaldırılması, əhalinin sosial rifahının gücləndirilməsi naminə bir sıra mühüm addımlar atmışdır. Respublikada inamla reallaşdırılan neft strategiyasının yeni dövrün tələbləri səviyyəsində davam etdirilməsi, Azərbaycanı regionda lokomotiv dövlətə çevirən enerji layihələrinin ardıcıl surətdə həyata keçirilməsi, iqtisadiyyatın liberallaşdırılması, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, ölkədə əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması kimi vacib məqamlar cənab İlham Əliyevin iqtisadi siyasətinin prioritet istiqamətləri sırasında xüsusi vurğulanmalıdır.

Dövlət başçısı İlham Əliyevin ötən beş ildə imzaladığı bir sıra dövlət proqramları, ilk növbədə, regionların tarazlı və davamlı inkişafını, onların potensialının bir-birinə kömək mexanizmi üzərində qurulmasını, qeyri-neft sektorunun möhkəmlənməsini, iqtisadiyyatın neftdən asılılıq dərəcəsinin azaldılmasını, infrastrukturun yeniləşdirilməsini təmin edən komleks proqram sənədləri olmaqla yanaşı, bölgələrdə özəl sektorun və sahibkarlığın inkişafına xüsusi diqqət ayırmışdır. 11 fevral 2004-cü ildə dövlət başçısı tərəfindən imzalanaraq qüvvəyə minmiş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı" bu baxımdan xüsusi aktuallıq kəsb etməklə, regionlarda intibah mərhələsinin əsasını qoymuş, iqtisadi, sosial və mədəni yüksəlişə zəmin yaratmışdır.

Azərbaycan Prezidentinin 5 illik fəaliyyətinin üstün cəhətlərindən biri də imzaladığı hər bir fərman və sərəncamın icrasını şəxsi nəzarətdə saxlaması, verdiyi tapşırıqlara xüsusi tələbkarlıqla yanaşmasıdır. Cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasının gedişi, yeni iş yerlərinin açılması ilə əlaqədar qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi, ümumiyyətlə, regionlardakı vəziyyətlə tanışlıq məqsədilə 2004-2008-ci illərdə respublikanın əksər rayon və şəhərlərinə səfərlər etməsi bunu bir daha təsdiqləyir. Bu səfərlərin nəticəsi kimi bölgələrdə canlanma yaranmış, abadlıq, tikinti və quruculuq işləri geniş vüsət almış, infrastrukturun  yeniləşməsi, rentabelli istehsal müəssisələrinin, daimi iş yerlərinin açılması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir.

İqtisadi inkişaf göstəricilərinə görə dünya miqyasında lider mövqelərə çıxan Azərbaycanda həyata keçirilən siyasət bütün çalarları ilə məhz insan amilinin yüksəlişinə xidmət etmiş, sosialyönümlü mahiyyət kəsb etmişdir. Cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi altında ölkədə işsizlik probleminin həlli, yeni sosial infrastruktur obyektlərinin - təhsil, mədəniyyət, səhiyyə, rabitə müəssisələrinin qısa müddət ərzində tikilərək istifadəyə verilməsi, yeni yolların, su, qaz, elektrik, rabitə xətlərinin çəkilişi son nəticədə Azərbaycan insanının mədəni-intellektual səviyyəsinin yüksəlməsinə, mənəvi-əxlaqi dəyərlərin cəmiyyətdə əsas meyara çevrilməsi məqsədi daşıyır. Dəniz səviyyəsindən 3000 min metr hündürlükdə yerləşən Xınalıq kəndinə yolun, sovet dövründən mavi yanacaq üzü görməyən Lerik və Yardımlıya qaz kəmərinin çəkilməsi, eləcə də Naxçıvanın davamlı olaraq elektrik enerjisi və qazla təmin olunması, Bakıya Oğuz-Qəbələ zonasından su kəmərinin çəkilməsi, paytaxtda yeni körpülərin, yolötürücülərinin, piyada keçidlərinin istifadəyə verilməsi, respublika əhəmiyyətli yollarda əsaslı yenidənqurma işlərinin aparılması, rayonlarda yeni təhsil, səhiyyə, mədəniyyət, olimpiya idman komplekslərinin tikintisi, qaçqın düşərgələrinin ləğvi - bütün bunlar məhz Azərbaycan vətəndaşlarının firavan, rahat yaşamasına xidmət edən qlobal investisiya layihələridir. Bütün bunlarla yanaşı, ölkədə sosialyönümlü siyasətin davam etdirilməsi, müntəzəm olaraq dövlət büdcəsində maliyyələşən təşkilatlarda əmək haqqının, habelə pensiya və təqaüdlərin artırılması vətəndaşların layiqli həyat səviyyəsinin təmin olunmasına, yoxsulluğun aradan qalxmasına xidmət etmişdir.

Son beş ildə ölkədə uğurla həyata keçirilən siyasət eyni zamanda Azərbaycan üçün taleyüklü bir sıra layihələrin gerçəkləşməsini, respublikamızın bütövlükdə Cənubi Qafqaz regionunda lokomotiv dövlətə çevrilməsini təmin etmişdir. Ümummilli lider Heydər Əliyevin neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri 2006-cı ilin iyulunda tam istifadəyə verilmiş, vaxt ilə bir çoxlarının əfsanə hesab etdiyi bu layihə reallığa çevrilərək Xəzərin karbohidrogen ehtiyatlarını dünya bazarlarına daşımağa başlamışdır. BTC ilə yanaşı, Azərbaycan qazını dünya bazarlarına çatdıracaq Bakı-Tbilisi-Ərzurum qaz kəməri də istifadəyə verilmiş, Azərbaycanın mavi yanacağı Türkiyə və Yunanıstan ərazisindən keçməklə Avropaya çatdırılmışdır. Strateji əhəmiyyətli bu layihələrin həyata keçirilməsi nəticəsində Azərbaycan Avropanın enerji təhlükəsizliyinin başlıca təminatçısına çevrilmiş, ölkəmizin dünya üçün önəmi daha da artmışdır. Eyni zamanda Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi istiqamətində də mühüm razılaşmalar əldə olunmuş, heç bir ölkədən iqtisadi-enerji asılılığı olmayan Azərbaycanın Cənubi Qafqaz regionundakı lider mövqeyi daha da möhkəmlənmişdir.

Son 10 ildə ölkədə uğurla gerçəkləşdirilən yeni neft strategiyası nəticəsində Azərbaycan bölgədə hansısa ölkədən enerji asılılığı olmayan, tələbatını daxili imkanlar hesabına ödəməyə qadir yeganə respublika kimi çıxış edir. Bu gün Azərbaycan Türkiyə və Gürcüstanın mavi yanacağa olan tələbatının əhəmiyyətli qismini ödəyir. Xatırladaq ki, 2006-cı ilin dekabrında Gürcüstanın baş nazirinin başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfəri zamanı Azərbaycan hökuməti qonşu dövlətə mavi yanacaq satışına razılıq vermiş və bununla əlaqədar ikitərəfli saziş imzalanmışdır. Gürcüstanın dövlət başçısı M.Saakaşvili Azərbaycan Prezidenti İlham Əliyevin bu qətiyyətli qərarını alqışlamış və qəhrəmanlıq nümunəsi kimi qiymətləndirmişdir.

Nazirlər Kabinetinin 2008-ci ilin 9 ayının yekunları ilə bağlı keçirilən iclasında dövlət başçısı İlham Əliyev respublikamızın son illərdə qaz idxalçısından qaz ixracatçısına çevrildiyini razılıqla qeyd etmişdir: "Neft hasilatı 2003-cü ildə 15,4 milyon ton idi, 2008-ci ildə 52 milyon ton təşkil edibdir. Bu, böyük nailiyyətdir, beş il ərzində neft hasilatımızı 3 dəfədən çox artıra bilmişik. Bütün layihələr uğurla icra edilibdir və 2009-cu ildə neft hasilatı daha da çox olacaqdır. Qaz hasilatı 2003-cü ildə 5,5 milyard kubmetr qaz idi. 2007-ci ilə qədər biz xaricdən qaz alırdıq və böyük məbləğdə vəsait ödəyirdik. Ancaq ondan sonra görülən tədbirlər nəticəsində biz idxaldan tamamilə imtina etdik. Baxmayaraq ki, bunu etmək o qədər də asan məsələ deyildi. Biz xaricdən 4,5 milyard kubmetr qaz alırdıq. Bir gündə mən qərar verdim ki, biz bu idxaldan imtina etməliyik. Ancaq əlbəttə, bilirdim ki, biz vəziyyətdən çıxacağıq. Çətin də olsa, vəziyyətdən çıxdıq. Bu gün Azərbaycanda qaz hasilatı artır və biz nəinki özümüzü təmin edirik, qazlaşdırmanı uğurla aparırıq, həm də xaricə qaz ixrac edirik".

Ölkədə cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən çoxşaxəli siyasətin davam etdirilməsi zərurəti həm də Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu ilə şərtlənir. Azərbaycan bütün geopolitik maraqların üst-üstə düşdüyü, beynəlxalq mübahisələrin daha çox diskussiya, anlaşma müstəvisinə yönəldiyi dialoq meydanı kimi bütün maraqları özündə bir araya gətirmiş, fərqli mədəniyyətlərə, milli-dini mənsubiyyətlərə tolerant münasibətlə bütün dünyada örnəyə çevrilmişdir. Bu müddətdə balanslı siyasət yeridən respublikamız bölgədə maraq və mənafelərini yüksək səviyyədə qorumuş, Avratlantik məkana inteqrasiya kursunu uğurla davam etdirmiş, eyni zamanda Türkiyə, Rusiya, İran kimi qonşu dövlətlərlə münasibətləri qarşılıqlı etimad və maraq prinsipi əsasında inkişaf etdirməyə çalışmışdır. Eyni zamanda son vaxtlar Ermənistanın təcavüzkar mövqeyindən geri çəkilməsi meyilləri də respublikamızın münaqişənin ədalətli, beynəlxalq hüquq normalarına uyğun həlli istiqamətində yeritdiyi siyasətin nəticəsidir.

Prezident İlham Əliyev eyni zamanda uğurlu daxili siyasət yeridərək dünya azərbaycanlılarının həmrəyliyi xəttini kamil elmi-nəzəri konsepsiya səviyyəsinə qaldırmağa müvəffəq olmuşdur. Bu da təsadüfi deyildir - müasir dünyada yalnız güclü diaspora malik xalqlar xarici siyasətdə mühüm uğurlar qazanır, dünya miqyasında mənafelərini hər zaman layiqincə qoruyur, ümummilli problemlərinin həllinə nail olur, öz dilini, mədəniyyətini, incəsənətini, tarixini lazımi səviyyədə təbliğ edirlər. Hazırda bu yöndə aparılan dövlət siyasətinin mahiyyəti dünya azərbaycanlılarının potensial imkanlarını müstəqil dövlət quruculuğu prosesində meydana çıxan müxtəlif problemlərin həlli naminə səfərbər etmək, milli birliyə, həmrəyliyə və mütəşəkkiliyə nail olmaqdır.

Dövlət başçısı ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəldilməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında konsolidasiyasına çalışır. Cənab İlham Əliyev dəfələrlə vurğulamışdır ki, ümummilli liderin irəli sürdüyü azərbaycançılıq ideologiyası milli mənsubiyyəti, milli-mənəvi dəyərləri qoruyub saxlamağa, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnməyə, hər bir insanın inkişafını təmin etməyə yönəlmiş universal və milli-fəlsəfi dünyagörüşü formasıdır. Azərbaycançılıq dövrün, zamanın tələbindən irəli gələn, bu günümüzün gerçəkliklərini özündə əks etdirən hakim dövlət ideologiyadır. Bu ideya möhkəm dayağa çevrilərək son 10 ildə Azərbaycan diasporunun təşkili işini sürətləndirmiş, xaricdə fəaliyyət göstərən müxtəlif ictimai birliklərin, cəmiyyətlərin, dərnəklərin ideoloji-siyasi cəhətdən təmərküzləşməsini stimullaşdırmışdır.

2006-cı ilin mart ayında Prezident İlham Əliyevin təşəbbüsü ilə dünya azərbaycanlılarının II qurultayının keçirilməsində məqsəd hesabat dövründə diaspor quruculuğu istiqamətində görülmüş işləri dəyərləndirmək, habelə xaricdə yaşayan soydaşlarımızın üzləşdiyi problemləri, yaşadıqları ölkələrin iç siyasətinə təsir imkanlarını öyrənmək, onların tarixi Vətənlə daha geniş əlaqələrinin qurulmasına xidmət edən tədbirlərin hazırlanmasını təmin etməkdən ibarət olmuşdur. Qurultayda Azərbaycan diasporunun hazırkı vəziyyəti müzakirə edilmiş, bu sahədə çalışan təşkilatların fəaliyyətinin əlaqələndirilməsi işinin təkmilləşdirilməsi, ölkə həqiqətlərinin, xalqımıza qarşı törədilmiş terror və soyqırımı aktları ilə əlaqədar çoxsaylı faktların dünya ictimaiyyətinə çatdırılmasının daha müasir metodlarının hazırlanması, digər xalqların diaspor təşkilatları ilə əlaqələrin gücləndirilməsi məsələləri xüsusilə önə çəkilmiş, bir sıra istiqamətlərdə fəaliyyət strategiyası müəyyənləşdirilmişdir.

Dövlət başçısının beşillik fəaliyyəti həm də ölkənin inkişafı baxımından strateji sahə olan elm və təhsilə qayğı nümunələri ilə zəngindir. Bu sahələrdə ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin davamlılığını beş ildə inamla davam etdirən və onu yeni çalarlarla zənginləşdirən Azərbaycan Prezidenti İlham Əliyev praqmatik və rasional düşüncəli siyasətçi kimi xalqın gələcəyinin məhz elm və təhsillə bağlı olduğunu çıxışlarında dəfələrlə vurğulamış, fəal milli maarifçilik xətti yeridərək dünya təhsil sisteminə inteqrasiyanı vacib saymışdır. Müstəqil Azərbaycan dövləti də qloballaşan dünyanın bərabərhüquqlu subyekti kimi, öz inkişafını, sadəcə, təbii sərvətlərin gətirdiyi dividentlərə bağlamır və mövcud resurslarını sırf insan faktorunun prioritetə çevrilməsi yönümündə qurur. Respublika iqtisadiyyatının yüksək inkişaf tempi təhsilin və elmin dünya standartları səviyyəsinə qalxması üçün yeni dövrün tələblərinə cavab verən çevik islahatlar aparmağa imkan yaratmışdır. Ötən beş ildə elmin və təhsilin inkişafına diqqət artırılmış, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi, maliyyə təminatı, əsas fundamental və tətbiqi elmlərin inkişafı üzrə görüləcək tədbirlər müəyyənləşdirilmişdir. Büdcədə təhsil üçün nəzərdə tutulmuş xərclərin ildən-ilə artırılması, müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl addımların atılması da bu diqqətin əyani təzahürüdür.

Dövlət başçısı dünya təhsil sisteminə inteqrasiyanın təmin olunması, orta ümumtəhsil məktəblərinin maddi-texniki bazasının yaxşılaşdırılması, onların kompüter və informasiya texnologiyaları ilə təchizatı, tədrisin məzmun və formaca müasirləşdirilməsi, dünyanın qabaqcıl dövlətlərinin mütərəqqi təhsil ənənələrinin mənimsənilməsi, yeni məktəblərin tikintisi kimi fundamental sahələri əhatə edən müstəsna əhəmiyyətli fərman və sərəncamlar, dövlət proqramları imzalamışdır.

Cənab İlham Əliyev praqmatik siyasətçi olaraq Azərbaycan xalqının gələcəyini neft gəlirlərində, təbii sərvətlərin zənginliyində deyil, məhz yüksək elm və təhsildə, müasir biliklərin, informasiya və kompüter texnologiyalarının geniş tətbiqində, insan kapitalının formalaşmasında görür: "Biz istəyirik ki, gənc nəsil bilikli, savadlı olsun, eyni zamanda, vətənpərvərlik ruhunda tərbiyə alsın. Gələcəkdə həm özlərini təmin etsinlər, cəmiyyətdə özlərinin yerini tutsunlar, eyni zamanda, ölkəmizin ümumi inkişafına öz töhfələrini versinlər. Çünki ölkənin inkişafı təkcə iqtisadi amillərlə ölçülmür, iqtisadi amillər də öz növbəsində insanların cəmiyyətə verdiyi töhfədən asılıdır".

İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, cəmiyyətin demokratik inkişafının əsas şərtlərindən biri də məhz dövrün tələblərinə cavab verən kadr potensialının formalaşdırılması, çevik və işlək mexanizmlər üzərində dövlət idarəçilik sisteminin yaradılmasıdır. Xalq hakimiyyətinin optimal modeli sayılan demokratiya məhz hər bir fərdin hüquq və azadlıqlarının uca tutulduğu dövlətdə özünə möhkəm intişar tapır. İctimai maraqların ifadəçisi olan hakimiyyət fəaliyyətində daim mütərəqqi ruhlu qanunlara əsaslanır, xalqa təmənnasız xidməti ümdə məqsədə çevirir. Bu məqsədlərin reallaşdırılması, ilk növbədə, monolit, güclü və peşəkar komanda formalaşdırılması yolu ilə dövlət idarəçiliyinə yeni ruh, müasirlik və demokratizm elementlərinin gətirilməsindən keçir. Azərbaycan Prezidenti İlham Əliyev ötən beş ildə ulu öndərin kadr siyasətini də yeni dövrün tələblərinə uyğun, böyük uğurla davam etdirir. Dövlət başçısı seçildikdən sonra hökumət üzvləri ilə keçirdiyi ilk toplantıda xalqa xidməti əsas tələb, vəzifə kimi müəyyənləşdirən cənab İlham Əliyevin irəli sürdüyü bu prinsip indi də öz qüvvəsindədir. "Tutduğu vəzifədən asılı olmayaraq, hər bir rəhbərin başlıca vəzifəsi xalqa, millətə xidmət etməkdir. Mən vəzifəli şəxslərə onların gördükləri işlərə, xalqın onlara olan münasibətinə görə qiymət verəcəyəm. Əgər siz ondan razı olacaqsınızsa, mən onu tərifləyəcəyəm. Əgər razı olmayacaqsınızsa, mən onu işdən çıxaracağam" - deyən cənab İlham Əliyevin hökumətin vaxtaşırı olaraq xalqa hesabat verməsini milli dövlətçilik tariximizdə mütərəqqi ənənəyə çevirməsi isə dövlət başçısının demokratik dəyərlərə hörmətinin, ictimai rəyə həssas münasibətinin ifadəsi kimi qəbul edilməlidir.

Müstəqil Azərbaycanın son illərdə yüksək templə inkişaf etməsi, Avropa Şurası, ATƏT, habelə insan hüquq və azadlıqları sahəsində ixtisaslaşmış digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığının aktiv fazaya qədəm qoyması məhkəmə-hüquq islahatlarının keyfiyyətcə yeni mərhələdə davam etdirilməsi zərurətini meydana çıxarmışdır. Son 5 ildə Prezident İlham Əliyevin yeritdiyi siyasətin mahiyyətində insan və vətəndaş hüquq və azadlıqlarının qorunması məsələsi prioritetlik təşkil etmişdir. Ötən müddətdə respublikamızda uğurla həyata keçirilən məhkəmə-hüquq islahatlarının qayəsində insanpərvərlik, humanizm, şəxsiyyətə hörmət, vətəndaşa həssas münasibət kimi ali dəyərlər dayanmışdır. Ötən müddətdə "Məhkəmələr və hakimlər haqqında" qanuna bir sıra mütərəqqi dəyişikliklər olunmuş, "Məhkəmə-Hüquq Şurası haqqında" yeni qanun qəbul edilmişdir. Məhkəmə-hüquq islahatlarının davamı olaraq Azərbaycan Prezidenti İlham Əliyev 19 yanvar 2006-cı il tarixdə "Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə fərman imzalamışdır. Regionların sosial-iqtisadi inkişafı sahəsində son üç ildə həyata keçirilmiş bir sıra təşkilati-hüquqi, sosial tədbirlərin mahiyyətindən irəli gələn bu mühüm fərmanda bölgələrdə yeni apellyasiya və iqtisad məhkəmələrinin yaradılması məsələsi başlıca vəzifə kimi qarşıya qoyulmuşdur. Ötən müddətdə yeni apellyasiya və iqtisad məhkəmələrinin bir qismi formalaşaraq fəaliyyətə başlamışlar.

Azərbaycan Konstitusiyası insan hüquq və azadlıqlarına təminat yaradan, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə hüquqi zəmin olan ali sənəddir. Konstitusiya ali qanun kimi uzunmüddətli qüvvədə olması nəzərdə tutulan və hüquqi xüsusiyyəti, məzmun sabitliyi ilə səciyyələnən əsas normativhüquqi aktdır. Fəqət, Konstitusiyanın sabitliyi onun daimi dəyişməzliyi kimi də başa düşülmür. Konstitusiya qəbul olunduğu andan onun tənzimləmə predmetini təşkil edən ictimai münasibətlərin inkişafı, sosial, iqtisadi və siyasi şəraitin dəyişməsi bu qanunvericilik sənədinə müvafiq dəyişiklik və əlavələr edilməsi zərurətini yaradır.

Bütün bunların fonunda Azərbaycanda Konstitusiyaya bir sıra mütərəqqi dəyişikliklərin edilməsi zamanın bir sıra reallıqları ilə şərtlənir. Bununla bağlı hazırlanmış referendum aktı layihəsinin Milli Məclisin qərarı ilə Konstitusiya Məhkəməsinə göndərilməsi də tamamilə qanunauyğundur. Referendum aktı layihəsində mühüm dəyişikliklərdən biri də bir nəfərin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyətin aradan qaldırılmasıdır. Ümumiyyətlə, prezidentlik müddətinin konkret müddəa ilə Əsas Qanunda əksini tapması müasir dövrdə demokratik dəyər və ideallar, habelə insanların azad seçim hüququ baxımından o qədər də aktual səslənmir. Deputatlara, bələdiyyə üzvlərinə belə məhdudiyyət qoyulmadığı halda, xalqın daha böyük qisminin öz taleyini etibar etdiyi Prezident üçün belə yasağın nəzərdə tutulması demokratik dəyərlərlə bir araya sığmır. Hazırda Qərb politoloqları da belə bir mülahizəni önə çəkirlər ki, əgər demokratiya çoxluğun hakimiyyətidirsə, deməli insanların mütləq əksəriyyətinin tamamilə azad, ədalətli və şəffaf şəraitdə keçirilən seçkilərdə istənilən şəxsi özünə rəhbər seçmək hüququ tanınmalı, prezidentlik üçün konkret müddət nəzərdə tutulmamalıdır. Üstəlik, prezidentlik müddətinin artırılması ilə bağlı hazırda bütün dünyada xoş niyyətli təşəbbüslər səslənir. Xatırladaq ki, demokratiyanın beşiyi sayılan bir çox Avropa ölkələrində də bu müddət 7 ildir. Bir çox postsovet respublikaları da analoji təklifləri dəstəkləyərək prezidentlik müddətinin artırılması təkliflərini nəzərdən keçirirlər.

Konstitusiya hər bir dövlətin ali qanunudur və bu, Azərbaycanda da belədir. Fəqət, bu ali sənəd də məhz xalqın azad siyasi iradəsi - referendum yolu ilə qəbul olunaraq qüvvəyə minir. Bu baxımdan Konstitusiyaya insan hüquq və azadlıqları ilə ziddiyyət təşkil etməyən təshihlərin edilməsi də xalqın suveren hüququdur.

Bu gün Azərbaycan ümumbəşəri dəyərlərə əsaslanaraq mütərəqqi yolla irəliləməklə, insan hüquq və azadlıqlarının təminatı, demokratikləşmə sahəsində yeni-yeni uğurlara imza atır. Dövlət başçısı Azərbaycanın sosial-iqtisadi inkişafına paralel gedən demokratikləşmə proseslərini bir-birindən təcrid olunmuş şəkildə götürmədən hər iki xətti Azərbaycanın gələcək yüksəlişinin vahid istinad nöqtəsi kimi əsaslandırır. Azərbaycan Prezidentinin bu barədə irəli sürdüyü fikirlər təkcə Azərbaycanın yox, ümumilikdə demokratiya yoluna yenicə qədəm qoymuş bütün müstəqil ölkələrin gələcək inkişafının təməl prinsipi kimi tətbiq edilə bilər. Cənab İlham Əliyev haqlı olaraq bəyan edir ki, hər hansı ölkənin inkişafı heç də təbii sərvətlərin zənginliyi ilə deyil, demokratikləşmə proseslərindən, qanunun aliliyinin qorunmasından, vətəndaş cəmiyyəti təsisatlarının inkişafından asılıdır. Azərbaycanın bugünkü dinamik iqtisadi inkişafı isə deməyə əsas verir ki, respublikamız yaxın gələcəkdə insan və vətəndaş hüquq və azadlıqlarının təminatı sahəsində ən qabaqcıl dövlətlərdən birinə çevriləcəkdir.

 

 

Abdullayev E.

 

Respublika.- 2008.- 25 dekabr.- S. 7.