“Azərbaycanın milli
dirçəlişində N.Nərimanovun rolu”
XIX əsrin 90-cı illərində
M.F.Axundovun ictimai maarifçilik ideyalarını həyata
keçirmək üçün əməli fəaliyyətə
qoşulan istedadlı gənclərdən biri də Nəriman
Nərimanov idi. Doğma xalqının siyasi fikir tarixinə milli
azadlıq uğrunda fəal mübariz, böyük siyasi xadim,
dövlət rəhbəri kimi daxil olan N.Nərimanovun Azərbaycan
tarixində, onun milli dirçəlişində xidmətləri
böyükdür. Nərimanov şəxsiyyətini mənəvi
irsimizin, tariximizin bir parçası kimi səciyyələndirmək,
onun fəaliyyət və məqsədini cəmiyyətə
düzgün çatdırmaq və təbliğ etmək bu
gün zəruri bir məsələ kimi qarşıda durur.
N.Nərimanovun xatirə
muzeyində keçirilən "Azərbaycanın milli
dirçəlişində Nəriman Nərimanovun rolu"
mövzusunda elmi konfrans iştirakçıları Nərimanov
irsini müxtəlif aspektlərdən təhlil etməyə,
onun tariximizdəki yerini, rolunu dəyərləndirməyə
çalışdılar. Xatirə muzeyinin direktoru Kamilə
Hüseynova tədbir iştirakçılarını
qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü münasibətilə təbrik
edib "Azərbaycanın milli dirçəlişində N.Nərimanovun
rolu" mövzusunda konfransın məhz bu gün
keçirilməsinin təsadüfi olmadığını
söylədi.
Tarix elmləri namizədi,
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının dosenti, nərimanovşünas
Firdövsiyyə Əhmədova XIX əsrin sonları, XX
yüzilliyin əvvəllərində milli dirçəliş
yolunun axtarışında olan N.Nərimanovun bütün
Şərq milli dirçəlişində böyük rol
oynadığını, müxtəlif yollarla xalqının
xidmətində durduğunu dedi: "Xalqın mədəni tərəqqisində
teatr sənəti ilə bərabər, xalqın ictimai
şüurunu oyandırmaq işində bədii ədəbiyyatın,
mətbuatın roluna böyük əhəmiyyət verir,
çoxşaxəli fəaliyyətində xalqın
inkişafına daha geniş yer ayırırdı".
Tibb elmləri doktoru, cərrah-ortoped
Məhəmməd Hüseyn Herisçi N.Nərimanovun həkimlik
fəaliyyətindən söz açdı: "Həştərxanda
yaşadığı illərdə Nərimanov əsasən
həkimliklə məşğul olur, vərəm
epidemiyasına qarşı ciddi mübarizə aparır, yerli
qəzetlərə məqalələr yazır, tibbi
mövzularda məruzələr oxuyaraq əhaliyə xəstəlikdən
qorunmaq yollarını başa salırdı. O, Azərbaycanda
səhiyyənin inkişafına böyük diqqət
yetirirdi".
Fəlsəfə elmləri
doktoru, AMEA-nın Fəlsəfə və Siyasi Hüquqi Tədqiqatlar
İnstitutunun aparıcı elmi işçisi Arzu Hacıyeva
"Qadın - N.Nərimanovun irsində milli mənəviyyatın
meyarı kimi" mövzusunda etdiyi məruzədə bu
böyük şəxsiyyətin qadınlara münasibətini
təhlil edərkən Nərimanovun bədii
yaradıcılığına əsaslandı: "Mən
millətimi sevirəm, ona görə ki, anamı sevirəm".
"Bahadır və Sona" pyesində Bahadırın dili ilə
deyilmiş bu ifadə Nərimanovun anası Həlimə
xanıma, bütövlükdə qadına olan münasibətini
çox aydın göstərir. O, bütün bəşəriyyəti
sevir, ana dilinə böyük önəm verirdi. O dilə ki,
bu dildə anamız bizə tərbiyə verib, laylay
çalıb, Allahımızı tanıdıb. Nərimanovun
qadın qəhrəmanlarının, demək olar ki
hamısı müsbət qəhrəmanlardır. Nərimanov
deyirdi: "Qadın tərəqqi, inkişaf etməlidir".
Yazıçılar
Birliyinin üzvü, dramaturq, tədqiqatçı Teyyub
Qurbanın "Cümhuriyyət tələbələrinə
N.Nərimanovun qayğısı", N.Nərimanov xatirə
muzeyinin elmi işçisi Rəna Qəhrəmanovanın
"N.Nərimanovun maarifçilik fəaliyyəti",
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun
böyük elmi işçisi, filologiya elmləri namizədi
Mənzər İbrahimovanın "N.Nərimanov və rus ədəbi
mühiti" mövzularında etdikləri məruzələr
böyük maraqla qarşılandı.
Elmi konfransda N.Nərimanovun
140 illik yubileyinə hazırlıqla əlaqədar "Nərimanov
ensiklopediyası"nın hazırlanması və bununla
bağlı maraqlı təkliflər irəli
sürüldü.
Qurbanqızı Z.
Respublika.- 2008.- 26 dekabr.- S. 7.