Milli həmrəyliyi təmin edən lider

 

Ulu ondər Heydər Əliyevin böyük müdrikliklə irəli sürdüyü azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının milli-mənəvi birliyini təmin etmişdir

 

Tarix boyu şəxsiyyətlərin cəmiyyətdəki rolunu aydınlaşdırmağa çalışmış böyük mütəfəkkirlər daim bu fenomeni dərindən öyrənməyə, obyektiv elmi-politoloji nəticələr çıxarmağa çalışmışlar. Çoxsaylı nəzəriyyələrə, geniş fikir müxtəlifliyinə rəğmən ümumi qənaət bundan ibarətdir ki, hər bir xalqın milli inkişaf yolunu müəyyənləşdirərək onu dünya miqyasında tanıdan, layiqli mövqelərə çıxaran məhz xarizmatik liderlərdir. Müəyyən mürəkkəb və taleyüklü siyasi mərhələdə məsuliyyətdən çəkinməyərək dövlət idarəçiliyi missiyasını üzərinə götürmüş belə liderlər xalqlarının daim can atdığı azadlıq, müstəqillik və milli dövlətçilik kimi müqəddəs idealların gerçəkləşməsində əvəzsiz rol oynayır, tarixdə əbədiyaşarlıq hüququ qazanırlar.

Fransız filosofu Şarl Montöskye yazırdı ki, xalqlarının taleyində mühüm rol oynamış şəxsiyyətlər xilaskar missiyaları ilə yeni bir tarix yaradırlar. XX əsrdə xalqımızın yetirdiyi qeyri-adi və fenomen şəxsiyyət - ümummilli lider Heydər Əliyev də məhz belə liderlərdən biri olaraq müasir Azərbaycan dövlətinin ideoloji-siyasi əsaslarını milli irs və düşüncə əsasında yaradaraq praktik surətdə gerçəkləşdirmiş strateq kimi hər zaman böyük rəğbət və ehtiramla xatırlanır. Xalqımız qərinələr boyu qazandığı dövlətçilik ənənələrini məhz Heydər Əliyev epoxasında təkmilləşdirərək sistem halına salmış, millət kimi mövcudluğunu, dövlət qurmaq haqqını, özünü idarə etmək bacarığını ən yüksək həddə nümayiş etdirmişdir.

Xarizmatik liderlik keyfiyyətlərinə malik şəxsiyyətlər sosial-iqtisadi, ictimai-siyasi və mənəvi-mədəni kataklizmlər dövründə daim xalqa düzgün yolu göstərən böyük xilaskar missiyasında çıxış etmişlər. Ulu öndər Heydər Əliyev də belə fenomen liderlərdən biri olaraq insanları öz ideya və baxışları ətrafında toplamaq, onların iradələrinə, qərarlarına təsir göstərmək imkanında olmuş, bu qeyri-adi xüsusiyyəti sayəsində idarəçilikdə ciddi uğurlara imza atmış, cəmiyyətin həlledici qismini arxasınca apara bilmişdir. Heydər Əliyevin özünəməxsus liderlik keyfiyyətləri, siyasi prosesləri yönəltmək məharəti, cəmiyyətin maraq və mənafelərini ümumi bir nöqtədə birləşdirmək bacarığı Azərbaycan xalqının bu dahi şəxsiyyətə sonsuz etimadın əsas səbəblərindən biri kimi çıxış etmişdir. Ulu öndər müstəqil Azərbaycana rəhbərliyi dövründə xalqın milli məqsəd və mənafelər naminə səfərbər olunması, vətəndaş sülhü və həmrəyliyinin təmini, eləcə də diaspor quruculuğu sahəsində kompleks tədbirlər keçirmişdir.

Ümummilli lider cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görmüş, ümumxalq birliyinin dərin politoloji və nəzəri əsaslarını irəli sürmüşdür. Ulu öndər Heydər Əliyev özünəməxsus uzaqgörənlik və müdrikliklə ilk gündən xarici siyasətdə strateji hədəfləri düzgün müəyyənləşdirərək demişdir ki, müasir dövrdə hər bir dövlətin qüdrəti yalnız iqtisadi resurslarla deyil, həm də onun xaricdə formalaşdırdığı diaspor və lobbinin gücü ilə ölçülür. Bu sahəyə xüsusi diqqət yetirmədən xarici siyasətdə hansısa ciddi nailiyyətlər qazanmaq, habelə milli məsələlərin beynəlxalq müstəvidə qaldırılmasına nail olmaq mümkün deyil. Məhz bu səbəbdən də Azərbaycan hakimiyyəti son 10 ildə dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaq üçün üzərinə düşən tarixi missiyanı məsuliyyətlə yerinə yetirməyə, bu sahədə sistemli və ardıcıl siyasət yeritməyə çalışmışdır. Xarici ölkələrdə yaşayan soydaşlarımızla çoxşaxəli münasibətlər qurmaq, onları ideoloji-siyasi müstəvidə silahlandırmaq və ümummilli mənafelər naminə səfərbər etmək Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən birinə çevrilmişdir. Bu sahədə dövlət siyasətinin məqsədi xaricdə yaşayan soydaşlarımızın milli özünəməxsusluğunu qorumaq və inkişaf etdirmək, Azərbaycanla əlaqələrini genişləndirmək, habelə digər hüquqlarını reallaşdırmaqdan ibarətdir.

Ümummilli lider Heydər Əliyev dövlətin təkcə öz ərazisində yaşayanlar üçün yox, həm də bütün dünyadakı azərbaycanlılar üçün çalışmalı olduğunu özünün əsas qayəsinə çevirən şəxsiyyət olmuşdur. Şübhəsiz, harada yaşamasından asılı olmayaraq, Azərbaycanı özlərinin tarixi vətəni sayan bütün insanlar ölkəmizin müstəqilliyini qoruyub saxlamaq naminə dövlətçilik ideyaları ətrafında sıx birləşməli, sarsılmaz həmrəylik nümayiş etdirməlidirlər. Vətənin, dövlətin taleyi hər bir soydaşımızı qayğılandırmalı, bütün azərbaycanlılarda azərbaycançılıq, vətənpərvərlik hissləri, tarixi torpağımıza, yurdumuza və milli irsimizə dərin məhəbbət aşılanmalıdır. Ümummilli lider Heydər Əliyev bu məsələləri daim önə çəkərək özünəməxsus müdrikliklə demişdir: "Biz hesab edirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların hər biri yaşadığı ölkədə həyatını özü istədiyi kimi qurub yaşayır. Yaşadığı ölkənin vətəndaşıdır, onun qanun-qaydaları ilə yaşamalıdır və istədiyi yol ilə getməlidir. Ancaq eyni zamanda indi azərbaycanlıların bir müstəqil dövləti mövcud olduğu halda, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların bir-biri ilə daha da sıx əlaqə qurması, öz həmrəyliklərini bəyan etməsi və müstəqil Azərbaycan dövləti ilə əlaqələr yaratması tarixin bu mərhələsində çox əhəmiyyətli bir vəzifə kimi meydana çıxır. Bizim vəzifəmiz, Azərbaycan dövlətinin vəzifəsi ondan ibarətdir ki, bütün ölkələrdə yaşayan azərbaycanlılara mümkün olan qayğını, diqqəti göstərsin, onların həyatı ilə maraqlansın və dövlətimiz də ayrı-ayrı ölkələrdə olan Azərbaycan icmaları arasında əlaqələri daha da inkişaf etdirsin. Azərbaycanın xaricində yaşayan azərbaycanlılar isə gərək indi müstəqil Azərbaycan ilə daha da sıx əlaqələr qursunlar. Bunlar hamısı dünyada olan bütün azərbaycanlıların birliyinin, həmrəyliyinin təmin olunması üçün əsas şərtlərdir".

Milli-mənəvi dəyərlərə dövlətçilik mövqeyindən qiymət verilməsi ölkəmizdə azərbaycançılığın qorunub saxlanması və inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Heydər Əliyev azərbaycançılığın bütün tərkib hissələrini milli ideologiyamızın strukturuna daxil etməklə mənəviyyat və dövlətçiliyin sintezindən çıxış etmişdir. Azərbaycançılığın əsas komponentlərindən biri milli dövlətçilik, digəri isə milli-mənəvi dəyərlərdir. Ulu öndərin xaricdə yaşayan soydaşlarımıza digər əsas tövsiyəsi bundan ibarət idi ki, milli dövlətçiliyin qorunması və sonsuza qədər yaşaması üçün ilk növbədə, hamı milli-mənəvi dəyərlərin, adət-ənənələrin keşiyində durmalı, milli kimliyini istənilən ölkədə yaşatmalıdır.

Xalqımızın milli-mənəvi birliyinin əlamətdar rəmzinə çevrilmiş 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi hər il yüksək səviyyədə qeyd olunması ulu öndərin necə böyük və uzaqgörən şəxsiyyət olduğunu bir daha təsdiqləyir. Məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi 1991-ci il dekabrın 16-da "Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik Günü haqqında" qərar qəbul etməklə yenicə müstəqillik elan etmiş Azərbaycanda milli həmrəylik ideyasının möhkəmlənməsinə əvəzsiz töhfə vermişdir.

Ulu öndər Heydər Əliyev Azərbaycanı hərtərəfli inkişafa aparan strateji siyasi kursun alternativsizliyini əməli nəticələrlə sübuta yetirməklə bərabər, banisi olduğu dövlətçilik irsinin əbədiliyini, dönməzliyini təmin edəcək qüdrətli varisi və lideri də yetişdirmişdir. Ümummilli liderin müəyyən etdiyi strategiyanı uğurla həyata keçirən Azərbaycan Prezidenti İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə, onun xalqına, dövlətinə necə bağlı lider olduğu bir daha təsdiqini tapır. Azərbaycan Prezidenti zaman etibarilə qısa, mahiyyətcə böyük 5 illik dövr ərzində yeni əsrin lideri kimi sübuta yetirdi ki, xalq öz taleyini ona etibar etməkdə qətiyyən yanılmamışdır. Dövlət başçısının idarəçilik keyfiyyətlərindən ən mühümü şübhəsiz, uzun illər boyu zərrə-zərrə formalaşaraq sabitləşmiş milli dövlətçilik ənənələrinə sadiqlikdir. Cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində son illər əldə etdiyimiz uğurlar da elə bu amilə əsaslanır. Siyasi illüziyalardan, populizmdən uzaq olması, problemlərə rasional mövqedən və real situasiyadan yanaşması, gerçəkliyi təhrif etməməsi, praqmatizmi cənab İlham Əliyevin yetkin və peşəkar siyasətçi portretini formalaşdırır. Bütün bu keyfiyyətləri dövlət başçısının malik olduğu yüksək qətiyyət, intellekt, enerji, potensial, işgüzarlıq, novatorluq və birləşdiricilik məziyyətlərini tamamlayır.

Azərbaycan Prezidenti İlham Əliyev ötən beş ildə hər bir vədini əməli işi ilə doğrultmuş, milli birlik və həmrəyliyə xidmət edən çoxşaxəli siyasət yeritmişdir. Məhz bu siyasətin məntiqi nəticəsi olaraq da cənab İlham Əliyev son seçkilərdə ümumilikdə 50 milyonluq dünya azərbaycanlılarının dəstəyini almış, onların alternativsiz namizədi olmuşdur. Bu da təsadüfi deyildir - ümummilli lider Heydər Əliyevin diaspor quruculuğu sahəsindəki fəaliyyətini uğurla davam etdirən Prezident İlham Əliyev ötən beş ildə ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəldilməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında konsolidasiyasına çalışmışdır. Dövlət başçısı dəfələrlə bildirmişdir ki, yalnız güclü diaspora malik xalqlar xarici siyasətdə mühüm uğurlar qazanır, dünya miqyasında mənafelərini hər zaman layiqincə qoruyur, ümummilli problemlərinin həllinə nail olur, öz dilini, mədəniyyətini, incəsənətini, tarixini lazımi səviyyədə təbliğ edirlər.

Dövlət başçısı cənab İlham Əliyev ölkə diplomatlarının iştirakı ilə keçirdiyi müşavirədə diaspor təşkilatlarının qarşısına yeni vəzifələr qoymuşdur: "Xaricdə yaşayan azərbaycanlılar bu və digər məsələlərdə səfirliklərə öz köməyini göstərə bilərlər. Mən demək olar ki, səfər etdiyim əksər ölkələrdə Azərbaycan diasporunun nümayəndələri ilə görüşlər keçirmişəm. Biz bir tərəfdən onları qorumalıyıq, müdafiə etməliyik. Çalışmalıyıq ki, onlar yaşadıqları ölkələrin bütün təbəqələrində təmsil olunsunlar. Həm icra orqanlarında, həm qanunvericilik orqanlarında, həm də biznes sahəsində onların mövqeləri daha da güclənsin. Yəni bu, bizim vəzifəmizdir. Eyni zamanda onlar da öz doğma vətənlərinə xidmət etməli, kömək göstərməlidirlər. Ona görə də səfirliklər Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi ilə sıx əlaqədə olmalıdırlar və xaricdə yaşayan soydaşlarımızla işlər daha yüksək səviyyədə qurulmalıdır".

Son beş ildə bu istiqamətdə ardıcıl və sistemli tədbirlərin həyata keçirilməsini təmin edən Prezident İlham Əliyev müxtəlif ölkələrə səfərləri çərçivəsində soydaşlarımızla keçirdiyi görüşlərdə milli diaspor təşkilatlarının vahid, mütəşəkkil qüvvə kimi təşkilatlanması zərurətini önə çəkmiş, bunun ideoloji-siyasi konturlarını müəyyənləşdirmişdir. Ötən illərin büdcə zərfində diaspor quruculuğuna ayrılan vəsaitlərin ildən-ilə artırılması da bu yüksək diqqət və qayğının bariz nümunəsi kimi diqqəti çəkir.

2006-cı ilin mart ayında Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsində məqsəd hesabat dövründə diaspor quruculuğu istiqamətində görülmüş işləri dəyərləndirmək, habelə xaricdə yaşayan soydaşlarımızın üzləşdiyi problemləri, yaşadıqları ölkələrin iç siyasətinə təsir imkanlarını öyrənmək, onların tarixi Vətənlə daha geniş əlaqələrinin qurulmasına xidmət edən tədbirlərin hazırlanmasını təmin etməkdən ibarət olmuşdur. Qurultayda Azərbaycan diasporunun hazırkı vəziyyəti müzakirə edilmiş, bu sahədə çalışan təşkilatların fəaliyyətinin əlaqələndirilməsi işinin təkmilləşdirilməsi, ölkə həqiqətlərinin, xalqımıza qarşı törədilmiş terror və soyqırımı aktları ilə əlaqədar çoxsaylı faktların dünya ictimaiyyətinə çatdırılmasının daha müasir metodlarının hazırlanması, digər xalqların diaspor təşkilatları ilə əlaqələrin gücləndirilməsi məsələləri xüsusilə önə çəkilmişdir.

Qurultayda bu sahədə həyata keçirilən kompleks tədbirləri razılıqla vurğulayan Azərbaycan Prezidenti İlham Əliyev xaricdəki soydaşlarımıza və müvafiq dövlət qurumlarına görülmüş işlərdə arxayınlaşmamağı, daha böyük nəticələrə nail olmağı tövsiyə etmişdir. Dövlət başçısı eyni zamanda diaspor quruculuğu işinin digər ölkə və qitələr üzrə də davam etdirilməsi, proses başa çatdıqdan sonra isə dünya azərbaycanlılarının vahid təşkilatının yaradılması üçün müvafiq addımların atılması zərurətini önə cəkmişdi. Cənab İlham Əliyevin dərin məzmunlu nitqi, dəyərli tövsiyələri əsasında qurultay iştirakçıları milli diaspor quruculuğu sahəsinə mühüm töhfə verəcək bir sıra vacib qərarlar qəbul etmişlər. Xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması prosesini keyfiyyətcə təkmilləşdirmək, diaspor təşkilatlarının fəaliyyətini daha səmərəli şəkildə əlaqələndirmək, Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işini müasir tələblər səviyyəsində qurulmasını təmin etmək məqsədilə Azərbaycan diasporunun fəaliyyət konsepsiyasının hazırlanması barədə qərarın qəbul olunması da qurultayın ən mühüm nəticələrindən biri kimi vurğulanmalıdır.

Azərbaycan Prezidenti İlham Əliyev xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını dövlətin başlıca vəzifəsi hesab edir. 2006-cı ildə Rusiyada miqrantlara qarşı münasibətin kəskin dəyişməsi və sərt qaydaların işə düşməsi ilə əlaqədar olaraq Moskvada ticarətlə məşğul olan azərbaycanlıların üzləşdiyi problemlərin aradan qaldırılması üçün xüsusi dövlət komissiyası yaradan cənab İlham Əliyev milli diasporumuzun etibarlı hamisi olduğunu bir daha təsdiqləmişdir. Bu addımı ilə dövlət başçısı Azərbaycan dövlətinin heç bir vətəndaşının taleyinə biganə olmadığını, onlara daim sahib çıxacağını izhar etdirmişdir.

Tarix boyu etnik, mədəni və mənəvi köklərə malik xalqların mürəkkəb tarixi mərhələlərdə bir-birinə arxa durması, qarşıya çıxan çətinlikləri birgə aradan qaldırması cəhdlərinə rast gəlinmişdir. Hərtərəfli təhlükəsizlik problemlərinin birgə həll edilməsi və qarşılıqlı inkişafın təmin edilməsi zərurəti türk dünyasını da birləşməyə sövq edir. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2007-ci il mart ayının 9-da Bakıda keçirilmiş Azərbaycan və Türkiyə diasporları rəhbərlərinin I forumu və noyabr ayının 17-dən 19-dək baş tutmuş Türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı isə birləşməyə doğru atılmış real addımlar olmuşdur. Qurultayda qardaş xalqlar və ölkələr arasında bütün sahələrdə qarşılıqlı əlaqələrin dərinləşdirilməsi, inteqrasiya proseslərinin gücləndirilməsi, təhlükəsizliyin və sabitliyin bərqərar edilməsi, türkdilli dövlətlərin beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsi naminə görüləcək işlərlə bağlı faydalı ideyalar ortaya qoyulmuş, dəyərli təşəbbüslər irəli sürülmüşdür.

Türk dövlət və cəmiyyətlərinin XI dostluq və qardaşlıq qurultayında çıxışı zamanı Prezident İlham Əliyev demişdir: "Bizim birliyimiz nə qədər güclü olsa, hər bir ölkə öz milli maraqlarını bir o qədər uğurla müdafiə edə bilər. İndi dünyada gedən qloballaşma prosesləri əlbəttə ki, bizim ölkələrdən də yan keçmir. Amma bununla bərabər, biz milli dəyərlərimiz üzərində dövlətlərimizi qururuq".

Bütün bunlar təsdiqləyir ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev xarici ölkələrdə yaşayan azərbaycanlıların problem və qayğılarını, onların birliyi və təşkilatlanması sahəsindəki mövcud vəziyyəti təhlil etmək, Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmlənməsi, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, diaspor quruculuğu işinin təkmilləşdirilməsi sahəsində əməli tədbirlər həyata keçirir. Görülən tədbirlər deməyə əsas verir ki, yaxın zamanlarda Azərbaycan diasporu daha da güclənəcək, milli maraq və mənafelərin qorunması, ümumilikdə respublikamızın beynəlxalq səviyyədə təbliği istiqamətində mühüm tədbirlər həyata keçirəcəkdir.

 

 

Paşayev Ə.

 

Respublika.- 2008.- 26 dekabr.- S. 4.